Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2013

Yehovanı tanıyan ürəyə sahibsənmi?

Yehovanı tanıyan ürəyə sahibsənmi?

«Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım [olacaq]» (YER. 24:7).

1, 2. Nəyə görə əncir barədə öyrənmək bəziləri üçün maraqlı ola bilər?

YƏQİN, bir çoxları kimi, sən də əncir yeməyi xoşlayırsan. Qədim yəhudeyalılar əncir yetişdirməyi sevirdilər (Nah. 3:12; Luka 13:6—9). Bu gün də dünyanın bir çox yerlərində çoxlu əncir növləri geniş şəkildə becərilməkdədir. Əncirin tərkibi sellüloz, antioksidantlar və minerallarla zəngindir; eyni zamanda çoxları onun ürək üçün faydalı olduğunu deyir.

2 Bir dəfə Yehova ənciri ürəklə müqayisə etmişdi. Allah burada həqiqi mənada əncirin ürək üçün nə qədər faydalı olduğundan danışmırdı. Onun sözləri məcazi məna daşıyırdı. Yehovanın Yeremya peyğəmbər vasitəsilə dedikləri birbaşa sənin və əzizlərinin ürəyi ilə əlaqəlidir. Allahın dediklərini nəzərdən keçirdikcə bu sözlərin məsihçilər üçün hansı məna kəsb etdiyi barədə düşün.

3. «Yeremya» kitabının 24-cü fəslindəki əncirlər nəyi təmsil edirdi?

3 Gəlin əvvəlcə Allahın Yeremyanın günlərində əncir barədə dediklərinə nəzər salaq. Eramızdan əvvəl 617-ci ildə Yəhuda xalqı ruhani cəhətdən pis vəziyyətdə idi. Allah gələcəkdə nə baş verəcəyini görüntüdə iki növ əncirin — «çox yaxşı» və «çox pis» əncirlərin nümunəsi əsasında göstərmişdi. (Yeremya 24:1—3 ayələrini oxu.) Pis əncirlər Navuxodonosor padşah və onun adamları tərəfindən amansız rəftara məruz qalan Sidqiya padşahı və digərlərini təmsil edirdi. Bəs artıq Babildə olan Yezekel, Daniel və onun üç dostu, eləcə də tezliklə oraya aparılacaq bəzi yəhudilər barədə nə demək olar? Onları yaxşı əncirlərə aid etmək olardı. Onların qalığı geri qayıdıb Yerusəlimi və məbədi bərpa edəcəkdilər (Yer. 24:8—10; 25:11, 12; 29:10).

4. Allahın yaxşı əncirlər barəsində dedikləri bizi nəyə təşviq edir?

4 Yehova yaxşı əncirləri təmsil edən kəslər barədə demişdi: «Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu  bilsinlər. Onlar Mənim xalqım [olacaq]» (Yer. 24:7). Bu ruhlandırıcı ayə məqalənin əsas ayəsidir. Allah insanlara Onu tanıyan ürək verməyə hazırdır. Burada «ürək» insanın vəziyyətini təsvir edir. Şübhəsiz, sən bu cür ürəyə sahib olmaq və Allahın xalqının bir hissəsi olmaq istəyərdin. Bunun üçün Allahın Kəlamını araşdırmalı və tətbiq etməli, tövbə etməli və pis yolundan dönməli, həyatını Allaha həsr etməli, eləcə də Ata, Oğul və müqəddəs ruh naminə vəftiz olunmalısan (Mat. 28:19, 20; Həv. iş. 3:19). Ola bilsin, sən artıq bu addımları atmısan, yaxud da hal-hazırda Yehovanın Şahidləri ilə müntəzəm olaraq ünsiyyət etməklə bu addımları atırsan.

5. Yeremya, əsas etibarilə, kimlərin ürəyi barədə yazmışdı?

5 Bu addımların bəzilərini və ya hamısını atmağımızdan asılı olmayaraq, biz düşüncə tərzimizə və davranışımıza daima diqqət yetirməliyik. Bunun səbəbini Yeremyanın ürək haqqında yazdıqlarından öyrənmək olar. «Yeremya» kitabının bəzi fəsillərində ətraf xalqlardan bəhs olunsa da, əsas diqqət Yəhuda xalqına — beş padşahın idarə etdiyi dövrə yönəldilir (Yer. 1:15, 16). Bəli, Yeremyanın çatdırdığı xəbər, əsas etibarilə, Yehovaya həsr olunmuş kişilər, qadınlar və uşaqlar barədə idi. Onların əcdadları könüllü olaraq Yehovaya məxsus xalq olmağa razılıq vermişdilər (Çıx. 19:3—8). Yeremyanın günlərində yaşayan yəhudilər də Allaha həsr olunmuş bir xalq olduqlarını təsdiqləyərək demişdilər: «Budur, biz Sənə tərəf gəlirik, çünki Allahımız Rəbb Sənsən» (Yer. 3:22). Bəs səncə, onların ürəyinin vəziyyəti necə idi?

ONLARIN MƏCAZİ ÜRƏYİNİN ƏMƏLİYYATA EHTİYACI VARDI

6. Nəyə görə Allahın ürək barədə dedikləri bizim üçün xüsusi maraq kəsb etməlidir?

6 Müasir həkimlər qabaqcıl texnologiyanın köməyilə ürəyin vəziyyətini və funksiyasını görə bilirlər. Ancaq Yeremyanın günlərində olduğu kimi, Yehova bizim məcazi ürəyimizi də görməyə qadirdir. Onun nə dərəcədə təcrübəli olduğunu növbəti sözlərindən görürük: «İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur. Onu kim başa düşə bilər? “Mən Rəbb ürəyi yoxlayıram... ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim”» (Yer. 17:9, 10). «Ürəyi yoxlamaq» dedikdə 70—80 il ərzində təxminən üç milyard dəfə döyünən hərfi ürəyin tibbi müayinəsi nəzərdə tutulmur. Yehova məcazi ürəkdən danışırdı. Burada «ürək» sözü altında insanın daxili varlığı, onun arzuları, düşüncələri, xarakteri, əhval-ruhiyyəsi və məqsədləri nəzərdə tutulur. Sənin də belə bir ürəyin var. Allah onun nə vəziyyətdə olduğunu müəyyən etməyə qadirdir, müəyyən mənada bunu sən də edə bilərsən.

7. Yeremya onun dövründə yaşayan yəhudilərin ürəyi barədə nə demişdi?

7 Bu yoxlamaya hazır olmaq üçün biz növbəti sualın üzərində düşünə bilərik: «Yeremyanın günlərində yaşayan yəhudilərin əksəriyyətinin məcazi ürəyi hansı vəziyyətdə idi?» Bu suala cavab tapmaq üçün Yeremyanın istifadə etdiyi qeyri-adi ifadəyə nəzər salaq: «Bütün İsrail nəslinin də ürəyi sünnətsizdir». O, yəhudi kişilərin etdikləri sünnətdən danışmırdı. Bunu haradan bilirik? Çünki Yehova demişdi: «Gün gələcək ki, Mən yalnız bədəni sünnət olanları cəzalandıracağam». Hətta sünnət olunmuş yəhudi kişilərin belə «ürəyi sünnətsiz» idi (Yer. 9:25, 26). Bu nə deməkdir?

8, 9. Yəhudilərin əksəriyyətinin ürəyində hansı problem var idi və onlar nə etməli idilər?

8 «Ürəyi sünnətsiz» ifadəsinin məğzini başa düşmək üçün Allahın yəhudilərə dediyi sözlərə nəzər salaq: «Ey Yəhuda adamları və Yerusəlim əhalisi... ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə qəzəbim od kimi püskürüb yandıracaq». Onların pis əməlləri daxillərində, yəni ürəklərində baş qaldırmışdı. (Mark 7:20—23 ayələrini oxu.) Bəli, Allah Yeremya peyğəmbər vasitəsilə yəhudilərin pis  əməllərinin haradan qaynaqlandığını dəqiqliklə müəyyən etmişdi. Bu xalqın ürəyi inadkar və üsyankar idi. Onların düşüncə və niyyətləri Allaha məqbul deyildi. (Yeremya 5:23, 24; 7:24—26 ayələrini oxu.) Allah onlara demişdi: «Özünüzü Rəbb üçün sünnət edin, ürəyinizin sünnət ətini kəsin» (Yer. 4:4; 18:11, 12).

9 Beləliklə, Musanın günlərində olduğu kimi, Yeremyanın müasirləri olan yəhudilərin də məcazi ürəyinin əməliyyata, yəni «sünnət olunmağa» ehtiyacı var idi (Qanun. t. 10:16; 30:6). «Ürəyinizin sünnət ətini kəsin» ifadəsi o demək idi ki, onlar ürəklərini hissiyyatsız edən şeylərdən — Allahın əmrlərinə zidd gedən fikirlərdən, arzu və niyyətlərdən azad olmalı idilər (Həv. iş. 7:51).

ONU TANIYAN ÜRƏYƏ NECƏ SAHİB OLA BİLƏRİK?

10. Davudun nümunəsindən nə öyrənə bilərik?

10 Məcazi ürəyimizi anlamağa kömək etdiyi üçün biz Allaha çox minnətdarıq. Bəziləri: «Bəs bu gün bunun Yehovanın Şahidlərinə nə aidiyyəti var?» — deyə soruşa bilərlər. Bu, o demək deyil ki, qədimdəki yəhudilərin əksəriyyəti kimi, bu gün də yığıncaqdakı məsihçilərin çoxu pis yoldadır və ya «pis əncirlər»dir. Əksinə, bu gün Allaha xidmət edənlər sadiq və təmiz insanlardır. Bununla belə, gəlin Davudun duası üzərində fikirləşək: «Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi?» (Məz. 17:3; 139:23, 24).

11, 12. a) Nəyə görə hər kəs öz ürəyini yoxlamalıdır? b) Allah insanları nəyə məcbur etməyəcək?

11 Yehova hər birimizin Onu tanımasını və daim Ona məqbul olmasını istəyir. Yeremya saleh insanlarla bağlı etiraf edərək demişdi: «Ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, fikri və ürəyi görürsən» (Yer. 20:12). Əgər Külli-İxtiyar Allah hətta saleh insanın belə ürəyini sınayırsa, biz də özümüzü dürüstlüklə yoxlamalı deyilikmi? (Məzmur 11:5 ayəsini oxu.) Belə etməklə, ola bilsin, biz düşüncələrimizin, məqsədlərimizin və ya hisslərimizin düzəlişə ehtiyacı olduğunu aşkar edəcəyik. Biz ürəyimizdə laqeydliyin baş qaldırmasına səbəb olan şeyləri — ürəyimizin «sünnət ətini», başqa sözlə, özümüzdən xaric etməli olduğumuz şeyləri müəyyən edə biləcəyik. Bu cür məcazi ürəyi əməliyyat etmək lazım gələ bilər. Əgər məcazi ürəyinin yoxlanılmalı olduğunu düşünürsənsə, nəyə diqqət yetirməlisən? Və lazım olan dəyişiklikləri necə edə bilərsən? (Yer. 4:4).

12 Bir şeyə əmin ola bilərik: Yehova heç vaxt bizi dəyişməyə məcbur etməyəcək. Yehova «yaxşı əncirlər»lə müqayisə olunan insanlar barədə demişdi: «Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər». Axı O deməmişdi ki, insanları ürəklərini dəyişməyə məcbur edəcək. Onlar həssas ürəyə, Allahı tanıdıqlarını göstərən ürəyə sahib olmağı səmimi-qəlbdən arzulamalı idilər. Məgər bu cür istək bizdə də olmalı deyil?

Ürəyimizi yoxlamağın və düzgün olmayan arzuları silib atmağın sayəsində bol xeyir-dualar biçəcəyik

13, 14. Məsihçinin ürəyi hansı mənada onun üçün təhlükə yarada bilər?

13 İsa Məsih demişdi: «Pis fikirlər, qətl, zina, cinsi əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır» (Mat. 15:19).  Aydın məsələdir ki, əgər qardaş həssaslığını itirmiş ürəyinin təhriki ilə zinaya və ya əxlaqsızlığa yol veribsə və tövbə etmək fikri yoxdursa, o, Allahın lütfünü əbədilik itirə bilər. Lakin hətta bu cür ciddi günah işlətməyən insan belə ürəyində yanlış arzuların kök salmasına yol verə bilər. (Matta 5:27, 28 ayələrini oxu.) Daxilimizdə bu cür yanlış istəklərin olub-olmadığını yoxlamaq olduqca vacibdir. Əks cinsdən olan kiməsə qarşı ürəyində Allahın bəyənmədiyi nalayiq hisslər bəsləyirsənmi? Ürəyində hər hansısa dəyişiklik etməyə ehtiyac varmı?

14 Yaxud əslində heç bir «qatillik» törətməyən qardaş qəzəbin ürəyində o qədər dərin kök salmasına yol verə bilər ki, sonda bu, həmimanlısına qarşı nifrətin yaranmasına gətirib çıxarar (Lev. 19:17). O, ürəyini daşlaşdıran bu cür hisslərdən azad olmaq üçün var qüvvəsi ilə çalışmalıdır (Mat. 5:21, 22).

15, 16. a) Necə ola bilər ki, məsihçinin «ürəyi sünnətsiz» olsun? b) Nəyə görə düşünürsən ki, «ürəyin sünnətsiz» olması Yehovaya məqbul deyil?

15 Xoşbəxtlikdən, məsihçilərin əksəriyyətinin ürəklə bağlı bu cür problemləri yoxdur. Bununla belə, İsa insanda «pis fikirlər»in yarana biləcəyini demişdi. Bura həyatın bir çox sahələrini ləkələyəcək düşüncə tərzi və əhval-ruhiyyə daxildir. Məsələn, kimsə öz yaxınlarına qarşı sadiqliyə dair yanlış təsəvvürə malik ola bilər. Təbii ki, məsihçilər, «doğmalarını sevməyən» bu dünyanın insanlarından fərqli olaraq, öz yaxınlarına məhəbbət təzahür etdirmək istəyirlər (2 Tim. 3:1, 3). Ancaq məhəbbət təzahür etdirməklə bağlı ifrata varmaq da mümkündür. Çoxları öz yaxınlarını başqalarından üstün tuturlar. Əgər kimsə onların xətrinə dəyərsə, nəyin bahasına olursa-olsun, onların tərəfini tutaraq müdafiə edirlər. Məsələn, Dinanın qardaşlarının bu cür güclü hisslərə qapılmalarının nə ilə nəticələndiyi barədə düşün (Yar. 34:13, 25—30). Həmçinin Avşalomun ürəyindəki pis hisslər onu ögey qardaşı Amnonun qatilinə çevirdi (2 Şam. 13:1—30). Məgər bütün bu hərəkətlərin arxasında «pis fikirlər» durmur?

16 Aydındır ki, həqiqi məsihçilər qatillik etmirlər. Ancaq, ola bilsin, onlar yaxınlarından kiminləsə saymazyana davranan (yaxud onlara elə gələ bilər ki, yaxınları ilə saymazyana davranılıb) bacıya və ya qardaşa qarşı ürəklərində mənfi hisslərin yuva salmasına yol verirlər. Hətta bu insanların qonaqpərvərliyini rədd edir və ya heç vaxt onlara qonaqpərvərlik göstərmirlər (İbr. 13:1, 2). İnsanın bu cür kin saxlamasına və qonaqpərvərlik göstərməməsinə heç cürə  bəraət qazandırmaq olmaz, çünki bu, məhəbbətin çatışmadığından xəbər verir. Bəli, ürəkləri sınayan Yehova Allah belə ürəyə «sünnətsiz» diaqnozu qoya bilər (Yer. 9:25, 26). Gəlin Yehovanın: «Ürəyinizin sünnət ətini kəsin», — sözlərini heç vaxt unutmayaq (Yer. 4:4).

ALLAHI TANIYAN ÜRƏYƏ SAHİB OL VƏ ONU QORU

17. Yehova qarşısında qorxuya malik olmaq ürəyimizin daha həssas olmasına necə kömək edə bilər?

17 Məcazi ürəyini araşdırarkən onun Yehovanın məsləhətlərinə qarşı kifayət qədər həssas olmadığını və müəyyən mənada «sünnət» etmək lazım gəldiyini gördüyün halda nə etməlisən? Ola bilsin, sən özündə insan qorxusu, ad-san qazanmaq və cah-calal içində yaşamaq həvəsi, hətta inadkarlıq və ya azadlıq ruhu aşkar etmisən. Adətən, bu, başqalarının da diqqətindən yayınmır (Yer. 7:24; 11:8). Yeremya yazırdı ki, onun günlərində yaşayan xəyanətkar yəhudilərin «ürəyi inadlı və üsyankardır». O əlavə edmişdi: «Daha öz-özlərinə demirlər ki, payız və yaz yağışlarını vaxtında verən... [Allahımız Yehovadan qorxaq», Yeni Dünya tərcüməsi]» (Yer. 5:23, 24). Məgər bu ayədən görünmürmü ki, ürəyimizin «sünnət ətini» kəsib atmaq üçün Yehova qarşısında qorxu, yəni hörmət və minnətdarlıq hissi inkişaf etdirmək gərəkdir? Belə sağlam qorxu ürəyimizdə dəyişiklik etməyə və Yehovanın tələblərinə cavab verməyə kömək edəcək.

18. Yehova yeni əhdə daxil olanlara nə vəd edir?

18 Əgər daim səy göstərsək, Yehova bizə Onu tanıyan ürək bəxş edəcək. Üstəlik, O, yeni əhdə daxil olan məsh olunmuşlara belə bir vəd verib: «Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq». Bəs Allahı, həqiqətən də, tanımaq nə deməkdir? Yehova əlavə edərək deyir: «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Bəli, təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» (Yer. 31:31—34) *.

19. Həqiqi məsihçilərin hansı gözəl ümidləri var?

19 Yerüzü və ya göylər ümidinə malik olmağımızdan asılı olmayaraq, bizdə Yehovanı tanımaq və Onun xalqının bir üzvü olmaq istəyi olmalıdır. Bu cür xeyir-duaları almaq üçün İsa Məsihin fidyə qurbanlığı əsasında günahlarımız bağışlanılmalıdır. Əgər günahlarımızın bağışlanmasını istəyiriksə, hətta çətin olsa belə, biz də başqalarını bağışlamalıyıq. Biz qəzəb və nifrət hissini ürəyimizdən silib atmaq üçün əlimizdən gələni etməliyik. Bununla həm Yehovaya xidmət etmək, həm də Onu daha yaxşı tanımaq istədiyimizi göstərəcəyik. Belə etməklə, Yehovanın növbəti sözlərlə müraciət etdiyi insanlara bənzəyəcəyik. O demişdi: «Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız. Məni tapmağınıza izin verəcəyəm» (Yer. 29:13, 14).

^ abz. 18 Yeni əhd barədə əlavə məlumatı «Allahın Yeremya vasitəsilə bizə çatdırdığı xəbər» adlı kitabın 14-cü fəslindən (rus.) tapmaq olar.