Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2013

Heç vaxt ümidini itirmə!

Heç vaxt ümidini itirmə!

Ola bilsin, sən uzun illərdir Yehovaya xidmət edir və həyat yoldaşının da səninlə bərabər Ona ibadət etməsini istəyirsən.

Bəlkə də, Müqəddəs Kitabı öyrətdiyin adam əvvəlcə səmimi maraq göstərib, sonradan həqiqətdə qalmayıb və sən buna görə məyus olursan.

 Britaniyada baş vermiş bir neçə hadisə ümidini nəyə görə itirməməli olduğunu görməyə kömək edəcək. Həmçinin sən «çörəyini suların üzünə burax»maq, yəni həqiqətə hay verməyənlərə kömək etmək üçün nə etməli olduğunu başa düşəcəksən (Vaiz 11:1).

TƏSLİM OLMA

Vacib amillərdən biri təslim olmamaqdır. Bunun üçün, ilk növbədə, həqiqətə bağlanmaq və Yehovaya sadiq qalmaq gərəkdir (Qanun. t. 10:20). Qeorqina məhz belə davrandı. O, 1970-ci ildə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda əri Kiryakos buna bərk qəzəblənmişdi. O, Qeorqinanın öyrənməsini dayandırmağa çalışır, Şahidləri evə buraxmır və Müqəddəs Kitaba əsaslanan bəzi ədəbiyyatları əlindən alırdı.

Qeorqina yığıncağa getməyə başlayanda Kiryakos lap hirsləndi. Bir gün o, mübahisə yaratmaq üçün Padşahlıq zalına getdi. Bir bacı Kiryakosun yunan dilini ingilis dilindən daha yaxşı bildiyini görüb başqa bir yığıncaqdan yunandilli qardaşa zəng etdi və köməyə çağırdı. Qardaşın xoş rəftarı Kiryakosa müsbət təsir bağışladı və o, bu qardaşla birgə bir neçə ay Müqəddəs Kitabı öyrəndi. Amma bir müddətdən sonra Kiryakos öyrənməni dayandırdı.

Qeorqina üç ildən çox təqiblərlə üzləşdi. Əri Kiryakos ona demişdi ki, nə vaxtsa vəftiz olunsa, onu tərk edəcək. Vəftiz olunan gün Qeorqina ərinin onu tərk etməməsi üçün Yehovaya hərarətlə dua etdi. Şahidlər onu konqresə aparmağa gələndə Kiryakos onlara belə dedi: «Siz qabaqda gedin, biz öz maşınımızla sizin arxanızca gələcəyik». O, konqresin səhər proqramında iştirak etdi və həyat yoldaşının vəftiz olunmasına baxdı.

Şahidlərlə ilk görüşündən təxminən 40 il sonra Qeorqinaya ərinin vəftizini görmək nəsib oldu

Sonralar Kiryakos get-gedə daha az müqavimət göstərməyə başladı və tədricən böyük dəyişikliklər etdi. Şahidlərlə ilk görüşündən təxminən 40 il sonra Qeorqinaya ərinin vəftizini görmək nəsib oldu. Kiryakosa nə kömək etdi? O deyir: «Mən çox xoşbəxtəm ki, Qeorqina təslim olmadı». Qeorqina isə qeyd edir: «Ərimin təqiblərinə baxmayaraq, mən heç vaxt Allaha ibadət etməyi dayandırmadım. Bu illər ərzində mən Yehovaya daima dua edir və ümidimi itirmirdim».

YENİ ŞƏXSİYYƏTİN VACİBLİYİ

Həyat yoldaşına kömək etməyin digər bir üsulu məsihçi xüsusiyyətlərinə yiyələnməkdir. Həvari Peter məsihçi qadınlara məsləhət vermişdi: «Ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz... davranışınızla sözsüz fəth edilsinlər» (1 Pet. 3:1, 2). Həyat yoldaşını qazanmaq üçün uzun illər gözləməli olsa da, Kristina bu məsləhətə uyğun yaşayırdı. 20 il bundan əvvəl o, Yehovanın Şahidi olanda həyat yoldaşı Con Allaha inanmırdı. Con heç bir dinə baş qoşmaq istəməsə də, Kristina üçün yeni qəbul etdiyi dinin nə dərəcədə önəmli olduğunu başa düşürdü. O deyir: «Mən həyat yoldaşımın xoşbəxt olduğunu görürdüm. O, möhkəm iradəli və etibarlı insan olmuşdu, bu isə, öz növbəsində, bir çox çətin vəziyyətlərin öhdəsindən gəlməkdə mənə kömək edirdi».

Kristina heç vaxt ərinə öz dinini qəbul etdirməyə çalışmırdı. Con təsdiq edərək deyir: «Kristina lap əvvəldən anlamışdı ki, ən yaxşısı bu məsələdə mənə heç nə danışmamaq və səbirlə hər şeyi öz axarına buraxmaqdır». Kristina «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarında Conu maraqlandıracaq mövzular, məsələn, elm və təbiətlə bağlı məqalələr olanda ona göstərib deyirdi: «Düşünürəm ki, bu məqalə sənin xoşuna gələcək».

Bir müddətdən sonra Con təqaüdə çıxaraq bağ işləri ilə məşğul olmağa başladı. Beləcə, həyati vacib sualların üzərində düşünmək üçün onun çoxlu vaxtı oldu və o, bəzi sualları götür-qoy etməyə başladı: «Biz təsadüf nəticəsində yaranmışıq, yoxsa müəyyən məqsəd üçün yaradılmışıq?» Bir dəfə Conun ünsiyyət etdiyi bir qardaş ondan Müqəddəs Kitabı öyrənmək istəyib–istəmədiyini soruşdu. «Artıq mən Allaha inandığım üçün onun təklifini qəbul etdim», — deyə Con qeyd edir.

Kristinanın heç vaxt ümidini itirməməsi necə də vacib idi! Onun 20 il ərzində etdiyi duaların sayəsində Con həqiqəti qəbul etdi və vəftiz olundu. İndi onlar birgə canla-başla Yehovaya xidmət edirlər. Con qeyd edir: «Mənə xüsusilə iki şey təsir bağışlayırdı. Şahidlərin xeyirxah və mehriban olmaları. Əgər Yehovanın Şahidi ilə evlisənsə, deməli, sənin sadiq, etibarlı və fədakar həyat yoldaşın var». Bəli, Kristina 1 Peter 3:1, 2 ayələrini əməldə tətbiq etdi və faydasını gördü.

 SƏPİLƏN TOXUM İLLƏR SONRA CÜCƏRİR

Bəs əvvəllər Müqəddəs Kitabı öyrənən, sonradan isə müəyyən səbəblərdən həqiqətə marağını itirən insan barədə nə demək olar? Padşah Süleyman yazmışdı: «Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq yoxsa sonrakı yaxud hər ikisi birlikdə» (Vaiz 11:6). Bəzən həqiqət toxumunun cücərməsi uzun illər çəkir. Buna baxmayaraq, nəticədə insan Allaha yaxınlaşmağın vacibliyini dərk edə bilər (Yaq. 4:8). Beləcə, bir gün gözlənilməz sürprizlə qarşılaşa bilərsən.

Gəlin Hindistandan İngiltərəyə köçən Alisanın nümunəsinə nəzər salaq. O, 1974-cü ildə Müqəddəs Kitabı öyrənməyə başlamışdı. Alisa hind dilində danışırdı, amma ingilis dilini yaxşılaşdırmaq istəyirdi. O, Müqəddəs Kitabı bir müddət öyrənməyə davam etdi və bir neçə dəfə ingilisdilli yığıncaqda iştirak etdi. Alisa öyrəndiklərinin həqiqət olduğunu bilsə də, buna bir xobbi kimi yanaşırdı. Bundan əlavə onun pula və əyləncəyə böyük marağı var idi. Bir müddətdən sonra o, Müqəddəs Kitabı öyrənməyi dayandırdı.

Alisa ilə Müqəddəs Kitabı öyrənən Stella bacı təxminən 30 ildən sonra ondan məktub alır. O yazırdı: «Mən əminəm ki, 1974-cü ildə Müqəddəs Kitabı öyrətdiyin insanın sonuncu vilayət konqresində vəftiz olunduğunu eşidəndə təəccüblənəcəksən. Sən mənim həyatımda vacib rol oynamısan, həqiqət toxumunu mənim ürəyimə səpmisən. Həmin vaxtlar özümü Allaha həsr etməyə hazır olmasam da, həqiqət toxumunu ürəyimdə və zehnimdə qoruyub saxladım».

Stellaya məktubunda Alisa belə sözlər yazmışdı: «Mən əminəm ki, 1974-cü ildə Müqəddəs Kitabı öyrətdiyin insanın sonuncu vilayət konqresində vəftiz olunduğunu eşidəndə təəccüblənəcəksən»

Bəs görəsən, sonra nə baş verdi? Alisa deyir ki, 1997-ci ildə ərinin ölümündən sonra güclü depressiyaya qapılmışdı. Bir dəfə o, Allaha dua etdi. On dəqiqədən sonra pəncab dilində danışan iki Şahid onun qapısını döydü və «Ölən əzizlərimiz üçün hansı ümid var?» traktatını ona verdi. Alisa duasına cavab aldığını düşünərək Yehovanın Şahidləri ilə əlaqə yaratmaq qərarına gəldi. Bəs onları haradan tapa bilərdi? O, köhnə bloknotunda Stellanın əvvəllər ona verdiyi pəncabdilli yığıncağın ünvanına rast gəldi. Alisa Padşahlıq zalına getdi. Orada pəncabdilli bacı-qardaşlar onu çox səmimi qarşıladılar. O deyir: «Onlar sonra da mənə səmimi maraq göstərdilər və depressiyadan çıxmağıma kömək etdilər».

Alisa müntəzəm olaraq yığıncaqlarda iştirak etməyə və Müqəddəs Kitabı öyrənməyə başladı, həmçinin pəncab dilində səlis oxumağı və danışmağı öyrəndi. 2003-cü ildə isə vəftiz oldu. Stellaya yazdığı məktubu Alisa belə yekunlaşdırır: «29 il öncə bu toxumu ürəyimə səpdiyin və mənə gözəl nümunə qoyduğun üçün sənə çox minnətdaram».

«29 il öncə bu toxumu ürəyimə səpdiyin və mənə gözəl nümunə qoyduğun üçün sənə çox minnətdaram» (Alisa)

Bu nümunələrdən nə öyrənirik? Bəzən öyrənən insanın ruhən inkişaf etməsi düşündüyündən uzun çəkə bilər, amma o, ruhən acdırsa, dürüst və təvazökar insandırsa, Yehova həqiqət toxumunun onun ürəyində inkişaf etməsinə kömək edəcək. İsanın nümunəsindəki sözləri yadına sal: «Toxum da cücərir, böyüyür, amma bu necə olur, o adamın bundan xəbəri yoxdur. Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir» (Mark 4:27, 28). Belə inkişaf «öz-özünə tədricən» baş verir. Mahiyyət etibarilə Padşahlığın heç bir təbliğçisi bunun necə baş verəcəyini bilmir. Beləliklə, bundan sonra da bol-bol əkin ki, bol-bol biçəsiniz.

Dua etməyin vacib olduğunu unutma. Qeorqina və Kristina daima dua edirdilər. Əgər sən daima dua etsən və heç vaxt ümidini itirməsən, suların üzərinə buraxdığın «çörəyi» «uzun müddət sonra» tapacaqsan (Rom. 12:12; Vaiz 11:1).