Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2013

Yehovanın qurtuluş vadisində qal

Yehovanın qurtuluş vadisində qal

«Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək» (ZƏK. 14:3).

1, 2. Hansı müharibənin astanasındayıq və həmin an Allahın xidmətçiləri nə etməyəcəklər?

BİRLƏŞMİŞ ŞTATLARDA 1938-ci il oktyabrın 30-da milyonlarla insanlar məşhur radio proqramında teatr tamaşasına qulaq asırdılar. O axşam «Dünyaların müharibəsi» adlı elmi-fantastik roman səhnələşdirilmişdi. Xəbərlər verilişini aparan aktyorlar Yer kürəsini məhv etmək məqsədi ilə Marsdan yadplanetlilərin gəlişini oynayırdılar. Bunun səhnələşdirilmiş roman olduğunu elan etsələr də, bir çox dinləyicilər bunun həqiqətən baş verdiyini düşünərək təşvişə düşmüşdülər. Bəziləri isə özlərini yadplanetlilərdən qorumaq üçün bəzi tədbirlərə əl atmışdılar.

2 Bu gün isə biz əsil müharibənin astanasındayıq. Lakin insanlar buna hazır deyillər. Bu müharibə barədə elmi-fantastik romanda yox, Allahın Kəlamında yazılmışdı. Har-Magedon adlanan bu müharibə zamanı Allah pis dünyaya qarşı çıxacaq (Vəhy 16:14—16). Həmin an Allahın xidmətçilərinin özlərini yadplanetlilərdən müdafiə etmələrinə ehtiyac olmayacaq. Bununla belə, onlar Allahın möhtəşəm gücü sayəsində etdiyi işləri görəndə heyrətə gələcəklər.

3. Hansı peyğəmbərliyi müzakirə edəcəyik və nəyə görə bu peyğəmbərlik bizi maraqlandırmalıdır?

3 «Zəkəriyyə» kitabının 14-cü fəslindəki peyğəmbərlik birbaşa Har-Magedon müharibəsinə aiddir. Bu peyğəmbərliyin təxminən 2500 il bundan əvvəl qələmə alınmasına baxmayaraq, bizim üçün olduqca vacibdir (Rom. 15:4). Bu peyğəmbərlik əsasən iki vəziyyətə: 1914-cü ildə Məsihin idarə etdiyi Padşahlıq qurulandan bəri Allahın xalqına təsir edən vəziyyətlərə və yaxın gələcəkdə  baş verəcək heyrətamiz hadisələrə aiddir. Bu peyğəmbərliyin səciyyəvi xüsusiyyəti «böyük bir vadi»nin əmələ gəlməsi və «həyat verən sular»ın axmasıdır (Zək. 14:4, 8). Yehovanın xidmətçilərinin mühafizəsi üçün bu vadi mühüm rol oynayır. Həyat sularının hansı məna kəsb etdiyini anladıqdan sonra biz bu sulardan ehtiyac duyduğumuz üçün yox, istədiyimiz üçün içəcəyik. Buna görə də bu peyğəmbərliyə diqqət yetirməyimiz bizə fayda gətirəcək (2 Pet. 1:19, 20).

YEHOVANIN GÜNÜ BAŞLAYIR

4. a) «Rəbbin günü» nə vaxtdan başlayıb? b) 1914-cü ildən xeyli əvvəl Yehovanın xidmətçiləri nəyi bəyan edirdilər və dünya liderləri buna necə yanaşırdılar?

4 «Zəkəriyyə» kitabının 14 fəsli «Rəbbin günü» ifadəsi ilə başlayır. (Zəkəriyyə 14:1, 2 ayələrini oxu.) Söhbət hansı gündən gedir? Bu, «dünya üzərində padşahlıq» etməyə başlayan Rəbbimizə və Onun Məsihinə məxsus olan Ağanın günüdür (Vəhy 1:10; 11:15). Bu gün 1914-cü ildə Məsihin Padşahlığı göydə qurulan zaman başlayıb. Həmin tarixdən onilliklər öncə, Yehovanın xidmətçiləri insanlara «millətlər üçün təyin olunmuş vaxt»ın 1914-cü ildə tamam olacağı və bu vaxt misli görünməmiş əzab-əziyyətlərin başlayacağını bəyan edirdilər (Luka 21:24). Bəs millətlər bu xəbərdarlığa necə hay verirdilər? Vaxtında verilən bu xəbərdarlığa diqqət yetirmək əvəzinə, siyasi və dini rəhbərlər məsh olunmuş səyli müjdəçilərə nifrətlə yanaşır və onları təqib edirdilər. Belə etməklə dünya liderləri Külli-İxtiyar Allaha rişxənd etmiş olurdular, çünki Padşahlığın məsh olunmuş bu səfirləri səmavi Yerusəlimi, yəni Məsihin Padşahlığını təmsil edirdilər (İbr. 12:22, 28).

5, 6. a) Millətlərin «şəhər»ə və onun vətəndaşlarına qarşı çıxacaqları barədə nə deyilmişdi? b) «Qalanlar» deyildikdə kimlər nəzərdə tutulur?

5 Zəkəriyyə peyğəmbər: «Şəhər [Yerusəlim] ələ keçiriləcək», — deməklə millətlərin nə edəcəyini qabaqcadan bildirmişdi. Burada «şəhər» Allahın Padşahlığını təmsil edir. Yer üzündə bu Padşahlığın vətəndaşları məsh olunmuşların qalıqlarıdır (Filip. 3:20). Birinci Dünya müharibəsi zamanı Yehovanın təşkilatının yer üzündəki hissəsinin nüfuzlu üzvləri «ələ keçirilmiş», yəni həbs olunmuş və Corciya ştatının (ABŞ) Atlanta şəhərindəki həbsxanaya göndərilmişdilər. Düşmənlər nöqsansızlıqlarını qoruyan bu və digər bacı-qardaşların evlərini haqsız olaraq talan edir, onlarla amansız davranırdılar. Yer üzündəki qalığın ədəbiyyatlarını qadağa etməklə və Padşahlığın müjdəçiləri kimi fəaliyyətlərinə məhdudiyyət qoymaqla, sanki, şəhərin evlərini qarət etmiş olurdular.

6 Allahın xalqının sayca az olmasına, yalan ittihamlara məruz qalmasına və düşmənlər tərəfindən təqib olunmasına baxmayaraq, həqiqi ibadət məhv edilməmişdi. Çünki «şəhərdən kökü»nün kəsilməsini istəməyən məsh olunmuşların qalığı var idi.

7. Yehovanın məsh olunmuş Şahidləri bizim üçün hansı nümunəni qoyurlar?

7 Bəs bu peyğəmbərlik Birinci Dünya müharibəsinin sonuna kimi tam yerinə yetdimi? Xeyr. Millətlər məsh olunmuşların qalığına və yerüzü ümidinə malik olan əməkdaşlarına daha çox hücum etməli idilər (Vəhy 12:17). İkinci Dünya müharibəsi buna bir sübutdur.  Nöqsansızlıqlarını qoruyan Yehovanın sadiq məsh olunmuşların nümunələri bu gün Allahın xidmətçilərini istənilən sınaqlara, məsələn, imanlarına şərik olmayan qohumların, iş və ya sinif yoldaşların rişxəndlərinə tab gətirməyə təşviq edir (1 Pet. 1:6, 7). Harada yaşamalarından asılı olmayaraq, indi həqiqi məsihçilər bir fikirdə olmağa və düşmənlərindən qorxmamağa həmişəkindən daha qətiyyətlidirlər (Filip. 1:27, 28). Bəs Yehovanın xalqı onlara nifrət edən bu dünyada təhlükəsizliyi harada tapa bilər? (Yəh. 15:17—19).

YEHOVA «ÇOX BÖYÜK BİR VADİ» YARADIR

8. a) Müqəddəs Kitabda bəzən dağlar nəyi təmsil edir? b) «Zeytun dağı» nəyi təmsil edir?

8 Yerusəlim, yəni «şəhər» səmavi Yerusəlimi təmsil etdiyi üçün onun önündə yerləşən Zeytun dağı da simvolik məna daşıyır. Bəs bu dağ nəyi təmsil edir? O, ortadan necə yarılacaq və iki dağ olacaq? Nəyə görə Yehova onları «dağlarım» deyə adlandırır? (Zəkəriyyə 14:3—5 ayələrini oxu.) Müqəddəs Kitabda dağlar bəzən padşahlıqları, ya da hökumətləri təmsil edir. Həmçinin Müqəddəs Kitabda deyilir ki, insanlar xeyir-duaları və müdafiəni Allahın dağından alırlar (Məz. 72:3; Yeşaya 25:6, 7). Buna görə də Yehovanın üstündə durduğu və Yerusəlimin şərq tərəfində yerləşən Zeytun dağı Onun ali hökmranlığını təmsil edir.

9. Zeytun dağı hansı mənada bölünür?

9 Zeytun dağının bölünməsi hansı mənanı kəsb edir? Yerusəlimin şərq tərəfində yerləşən dağın bölünməsi Yehovanın daha bir hökumət, yəni köməkçi hökumət yaratdığını göstərir. Bu ikinci hökumət İsa Məsihin başçılıq etdiyi Allahın Padşahlığıdır. Məhz elə bu səbəbdən Yehova «Zeytun dağının» bölünməsi nəticəsində yaranan iki dağı «dağlarım» adlandırır (Zək. 14:4). Hər ikisi də Ona məxsusdur.

10. İki dağ arasında yaranan «çox böyük bir vadi» nəyi təmsil edir?

10 Məcazi dağ iki yerə bölünəndə, yarısı şimala, yarısı da cənuba ayrılanda Yehovanın ayaqları bu dağın hər iki hissəsi üzərində idi. Yehovanın ayaqları altında «çox böyük bir vadi» yarandı. Allahın müdafiəsini təmsil edən bu məcazi vadidə Yehovanın xidmətçiləri Onun Ali hakimiyyəti və Oğlunun Padşahlığı altında özlərini təhlükəsizlikdə hiss edirlər. Yehova təmiz ibadətin məhv olmasına heç vaxt yol verməyəcək. Bəs Zeytun dağı nə zaman bölündü? Bu, 1914-cü ildə digər xalqların vaxtı başa çatan və Allahın Padşahlığı yaranan zaman baş verdi. Həqiqi xidmətçilər nə zaman məcazi vadiyə axışmağa başladılar?

ALLAHIN XALQI VADİYƏ AXIŞIR

11, 12. a) Məcazi vadiyə axın nə zaman başladı? b) Allahın qüdrətli əlinin hər zaman xalqının üzərində olduğunu nə sübut edir?

11 İsa öz davamçılarını xəbərdar etmişdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər» (Mat. 24:9). 1914-cü ildən başlayaraq bu pis sistemin son günlərində nifrət daha da artıb. Birinci Dünya müharibəsi zamanı düşmənlər məsh olunmuşların qalığına qəzəblə hücum etsə də, bu sadiq insanların kökünü kəsə bilmədilər. 1919-cu ildə onlar yalan dinlərin dünya imperiyası olan Böyük Babilin caynağından qurtuldular (Vəhy 11:11, 12) *. Məhz bu ildən vadiyə axın başladı.

 12 Allah dünyanın hər yerində olan həqiqi xidmətçilərini 1919-cu ildən bəri müdafiə edir. Onilliklər ərzində dünyanın müxtəlif yerlərində Yehovanın Şahidlərinin həm təbliğ işinə, həm də Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarına qadağalar və məhdudiyyətlər qoyulmuşdu. Bu cür məhdudiyyətlər bəzi ölkələrdə hələ də mövcuddur. Millətlər belə etməyə çalışa bilərlər, amma onlar heç vaxt həqiqi ibadəti sıxışdırıb aradan çıxara bilməyəcəklər. Yehovanın qüdrətli əli hər zaman xalqının üzərində olacaq (Qanun. t. 11:2).

13. Biz Yehovanın qurtuluş vadisində necə qala bilərik və nə üçün indi orada qalmaq daha vacibdir?

13 Əgər Yehovadan bərk-bərk yapışsaq və həqiqətdə möhkəm dursaq, onda O və Oğlu İsa Məsih heç kimin və heç nəyin bizi onlardan ayırmasına yol verməyəcək (Yəh. 10:28, 29). Ali Hökmdar kimi Ona itaət etməyimiz və Məsihin idarə etdiyi Padşahlığın sədaqətli təbəələri olmağımız üçün Yehova bizə lazımi köməklik göstərməyə hazırdır. Bu qurtuluş vadisində qalmağımız çox vacibdir, çünki sürətlə yaxınlaşan böyük müsibət zamanı həqiqi məsihçilər üçün bu vadi daha böyük məna kəsb edəcək.

MÜHARİBƏ GÜNÜ YAXINDIR

14, 15. Allah düşmənləri ilə müharibə edən zaman vadidən kənarda olan kəslərlə nə baş verəcək?

14 Bu pis sistem sona yaxınlaşdıqca Şeytan Allahın xalqına qarşı hücumlarını daha da sərtləşdirəcək. «O zaman Rəbb çıxıb müharibə günündə» Öz düşmənlərinə qarşı çıxacaq və onları məhv edəcək. Yehovanın əvvəllər etdiyi döyüşlərdən fərqli olaraq, həmin gün Kainatın Ali Hökmdarı Cəngavər olduğunu daha möhtəşəm şəkildə göstərəcək (Zək. 14:3).

15 Allahın müharibəsi zamanı Onun böyük qurtuluş vadisinə girməyən insanlarla nə baş verəcək? Zəkəriyyə demişdi: «O gün gur işıq olmayacaq, hər şey donub qalacaq» (Zək. 14:6, Yeni Dünya tərcüməsi). Yaxınlaşan bu döyüş günündə millətlərin hərbi sursatlarını təmsil edən «bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər» məhv ediləcək. Bu sursatlar «donub qalacaq», yəni yararsız vəziyyətə düşəcək. Yehova bəlalar göndərəcək. Bu bəlaların hərfi və ya məcazi məna daşıdığını bilməsək də, onlar hədələrin qarşısını alacaq. Həmin gün düşmənlərimizin «hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək», yəni onlar bizə nə hücum edə, nə də ki, Allahın əleyhinə danışa biləcəklər (Zək. 14:7, 12, 15). Dünya padşahları ilə qoşunları Şeytanın tərəfini tutacaqlar. Yer kürəsinin hansı ərazisində yaşamalarından asılı olmayaraq, onlar məhv ediləcəklər (Vəhy 19:19—21). «Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq» (Yer. 25:32, 33).

16. Allahın müharibəsinin astanasında yaşadığımız üçün hansı sualların üzərində düşünməliyik və nə etməliyik?

16 Müharibə hər zaman, hətta qələbə çalanlar üçün də çətinliklər törədir: qida çatışmazlığı yaranır, insanların əmlakına zərər dəyir, yaşayış tərzi çətinləşir və insan azadlığı məhdudlaşır. Əgər bu kimi şeylər bizimlə də baş verərsə, biz necə davranacağıq? Təşvişə düşəcəyik? Təzyiqlər altında imandan dönəcəyik? Ümidimizi itirib məyusluğa qapılacağıq? Böyük müsibət zamanı  Yehovanın bizi qoruyacağına iman etməyimiz və Onun qurtuluş vadisində qalmağımız olduqca vacibdir. (Habaqquq 3:17, 18 ayələrini oxu.)

«HƏYAT VERƏN SULAR AXACAQ»

17, 18. a) «Həyat verən sular» nədir? b) Şərq və Qərb dənizləri nəyi təmsil edir? c) Gələcəyi nəzərə alsaq, nə etməyə qəti qərarlısan?

17 Har-Magedondan sonra «həyat verən sular» arasıkəsilmədən Məsihin Padşahlığının taxtından axacaq. Bu sular həyatı qorumaq üçün Yehovanın təqdim etdiyi tədbirlərdir. Şərq dənizi Ölü dənizi — ölüm yuxusuna gedən insanları, Qərb dənizi isə həyatla dolu olduğu üçün Aralıq dənizini, yəni Har-Magedondan sağ çıxacaq böyük izdihamı təmsil edir. (Zəkəriyyə 14:8, 9 ayələrini oxu; Vəhy 7:9—15.) Beləliklə, hər iki qrup susuzluqlarını bu məcazi həyat suları ilə yatırdıqları üçün Adəmdən miras aldıqları ölümdən azad olacaqlar (Vəhy 22:1, 2).

Yehovanın təqdim etdiyi qurtuluş vadisində qalmaqda qəti qərarlı ol

18 Yehovanın köməyi ilə biz bu pis sistemin məhvindən sağ çıxacaq və Allahın yeni dünyasına daxil olacağıq. Millətlərin nifrət hədəfinə çevrilməyimizə baxmayaraq, gəlin Allahın Padşahlığının sadiq təbəələri olaq və Yehovanın qurtuluş vadisindən heç vaxt çıxmayaq.

^ abz. 11 «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» kitabının 169 və 170-ci səhifələrinə (rus., türk.) bax.