Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  fevral 2013

Qoy heç nə şərəfə çatmağına mane olmasın

Qoy heç nə şərəfə çatmağına mane olmasın

«Təvazökar şərəfə çatar» (SÜL. MƏS. 29:23).

1, 2. a) Müqəddəs Kitabın orijinal mətnində «şərəf» və ya «izzət» sözünün mənası nədir? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?

«ŞƏRƏF» və ya «izzət» sözünü eşidəndə ağlınıza nə gəlir? Allahın yaratdığı varlıqların əzəmətli ehtişamı? (Məz. 19:1). Çoxlu var-dövlət, müdriklik və ya nailiyyət əldə edən insanlara verilən izzət və şərəf? Müqəddəs Kitabın orijinal mətnində «izzət» və ya «şərəf» kimi tərcümə olunan söz eynidir və əsas etibarilə «ağırlıq» mənasını daşıyır. Qədimdə pul dəyərli metaldan hazırlanır və ona ağırlığına görə dəyər verilirdi. Ağırlıq və ya çəkini vermək üçün istifadə olunan sözlər altında, məcazi mənada, xəzinə, parlaqlıq və ya dərin təəssürat bağışlayan bir şey nəzərdə tutulur.

2 İnsanların gücə, mövqeyə və ya ad-sana sahib olması bizə təəssürat bağışladığı halda, Allah insanlarda nəyə qiymət verir? Müqəddəs Yazılarda Allahın insanları şərəfə layiq gördüyündən bəhs olunur. Misal üçün, Süleymanın məsəlləri 22:4 ayəsində deyilir: «Təvazökarlığın və Rəbb qorxusunun nəticəsi sərvət, şərəf, həyatdır». İsanın şagirdi Yaqub da yazır: «Yehovanın qarşısında təvazökar olun və O, sizi ucaldacaq» (Yaq. 4:10). Bəs Yehova insanları hansı şərəfə layiq görür? Bu şərəfə çatmağa bizə nə mane ola bilər? Və biz başqalarının bu şərəfə çatmasına necə kömək edə bilərik?

3-5. Yehova bizi hansı şərəfə çatdırır?

3 Məzmurçu Yehovanın onun sağ əlindən tutacağına və şərəfə çatdıracağına əmin idi. (Məzmur 73:23, 24 ayələrini oxu.) Yehova bunu necə edir? Yehova təvazökar xidmətçilərini müxtəlif üsullarla şərəfə çatdırır: Öz iradəsini başa düşməkdə onlara kömək etməklə və sözünə qulaq asıb itaət edənlərə Onunla sıx münasibət qurmağa imkan verməklə (1 Kor. 2:7; Yaq. 4:8).

 4 Yehova həmçinin Öz xidmətçilərinə xoş xəbəri təbliğ etmək işini həvalə edib (2 Kor. 4:1, 7). Və bu xidmət onları şərəfə çatdırır. Bu şərəfdən Allaha həmd etmək və başqalarına fayda gətirmək məqsədilə istifadə edənlərə Yehova söz verir: «Mənə hörmət edənləri hörmətə çatdıracağam» (1 Şam. 2:30). Belə insanlar həm Yehovanın, həm də həmimanlılarının gözündə yaxşı ad qazanırlar (Sül. məs. 11:16; 22:1).

5 Bəs Rəbbi gözləyib Onun yolunu tutanları hansı gələcək gözləyir? «O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən», — deyə Müqəddəs Kitabda vəd edilir (Məz. 37:34). Onlar əbədi həyatı alacaqlarını böyük səbirsizliklə gözləyirlər (Məz. 37:29).

«MƏN İNSANLARDAN TƏRİF GÖZLƏMİRƏM»

6, 7. Nəyə görə çoxları İsaya iman etmək istəmirdilər?

6 Yehovanın bizi şərəfə layiq görməsinə nə mane ola bilər? İlk növbədə, Allahın normalarına uyğun yaşamayan insanların fikirlərinə həddən artıq önəm verməyimiz. Görək həvari Yəhya İsanın günlərindəki rəhbərlər haqqında nə deyir: «Rəhbərlərin içindən çoxları [İsaya] iman etdi, amma fəriseylərin qorxusundan bunu büruzə vermədilər, çünki sinaqoqdan qovulmaq istəmirdilər. Onlar insanların yanında qazandıqları şöhrəti, Allahın verdiyi şöhrətdən daha çox sevirdilər» (Yəh. 12:42, 43). Həmin insanların fəriseylərin fikirlərinə əhəmiyyət verməmələri daha yaxşı olardı.

7 Xidmətinin əvvəlində İsa çoxlarının onu nə üçün qəbul etməyəcəklərini və iman gətirməyəcəklərini açıq-aydın demişdi. (Yəhya 5:39—44 ayələrini oxu.) İsraillilər əsrlər boyu Məsihin gəlişini gözləmişdilər. İsa təlim verməyə başlayanda, ola bilsin, bəzi insanlar Danielin peyğəmbərliyindən Məsihin tezliklə zühur edəcəyini anlayırdılar. Bir neçə ay öncə, Vəftizçi Yəhya təbliğ edərkən çoxları: «Bəlkə Məsih budur?» — deyə soruşurdular (Luka 3:15). Onların həsrətlə gözlədikləri Məsih indi aralarında təlim verirdi. Lakin Qanunu bilənlər onu qəbul etmədilər. İsa bunun səbəbini vurğulayaraq onlardan soruşdu: «Siz bir-birinizi tərifləyirsiniz, lakin vahid Allahın tərifini qazanmağa çalışmırsınız. Belə halda mənə necə inana bilərsiniz?»

8, 9. İnsanların gözündə izzət qazanmaq istəyinin Yehovanın verdiyi izzəti necə kölgədə qoyduğunu nümunə əsasında izah et.

8 İnsanlar yanında izzət qazanmaq istəyi Yehovanın verdiyi izzəti necə kölgədə qoya bilər? Bunu başa düşmək üçün gəlin izzəti işıqla müqayisə edək. Bizim gözəl Kainatımız nurla doludur. Sayrışan ulduzların səpələndiyi aydın səmaya sonuncu dəfə nə zaman baxdığın yadındadır? Ulduzların calalı insanı valeh edir (1 Kor.15:40, 41). Bəs əgər şəhərin çilçıraqlı küçəsindən baxsaq, həmin səma eyni cür görünəcəkmi? Axı şəhərin işıqları ucbatından ulduzların parıltısını görmək, demək olar ki, mümkün deyil! Bu, yolların, stadionların və binaların işığının daha gur və gözəl olduğu üçünmü belədir? Xeyr. Sadəcə şəhər işıqlarının bizə daha yaxın olması Yehovanın yaratdıqlarını görməyimizə mane olur. Gecə səmanın gözəlliyini seyr etmək üçün bu cür süni işıqların olmadığı bir yerə getmək lazımdır.

9 Eynilə, əgər ürəyimizdə insanlar tərəfindən izzətləndirilmək istəyinin yaranmasına yol versək, bu, bizə Yehovanın verdiyi əbədi izzəti qiymətləndirməyə və sevməyə mane olacaq. Bir çoxları dost-tanışlarının və ya ailə üzvlərinin nə düşünəcəklərindən qorxaraq Padşahlıq xəbərini qəbul etmirlər. Bəs  insanlar yanında izzət qazanmaq istəyi Allahın xidmətçilərinə də təsir edə bilərmi? Təsəvvür edək ki, bir gənc qardaş təbliğ etmək üçün elə bir əraziyə təyin olunur ki, orada hamı onu tanıyır, ancaq onun Yehovanın Şahidi olduğunu bilmir. O həmin ərazidə təbliğ etməyə qorxacaq? Yaxud kimsə teokratik məqsədlərinə görə gülüş hədəfinə çevrilə bilər. Bəs ruhani gözləri olmayan bu insanların onun məqsədlərinə mane olmalarına yol verəcəkmi? Və ya, ola bilsin, hansısa məsihçi ciddi günaha yol verib. O, yığıncaqdakı mövqeyini itirməmək və ya sevdiklərini məyus etməmək üçün günahını gizlədəcəkmi? Ancaq əgər onun üçün ən önəmlisi Yehova ilə münasibətlərini bərpa etməkdirsə, o, «yığıncağın ağsaqqallarını» çağıracaq və onlardan kömək istəyəcək. (Yaqub 5:14—16 ayələrini oxu.)

10. a) İnsanların bizim haqqımızda nə fikirləşdikləri barədə həddən artıq narahat olmaq nəyə gətirib çıxara bilər? b) Əgər təvazökarlıq göstəririksə, nəyə əmin ola bilərik?

10 Ola bilsin, yetkin bir məsihçi olmaq üçün öz üzərində yetərincə işlədiyini düşünürsən, amma qardaş yenə də sənə məsləhət verir. Hərəkətlərinə bəraət qazandırmaqdan qaçınsan və qürurunu sındırıb verilən məsləhəti qəbul etsən, bu, sənə fayda gətirəcək. Yaxud təsəvvür et ki, bacı-qardaşlarla birgə işləyirsən. Sənin yaxşı ideyalarına və ağır zəhmətinə görə kimin tərif alacağı səni həddən artıq narahat edəcəkmi? Əgər sən də bu kimi vəziyyətlərlə üzləşmisənsə, unutma ki, «təvazökar şərəfə çatar» (Sül. məs. 29:23).

11. Başqaları bizi tərifləyəndə ürəyimizdə hansı hissləri keçirməliyik və nəyə görə?

11 Nəzarətçilər və bu məsuliyyətə «can atan»lar insanların onlara izzət verməsini gözləməməlidirlər (1 Tim. 3:1; 1 Salon. 2:6). Əgər qardaş hansısa işi yaxşı gördüyünə görə ünvanına tərif sözləri eşidirsə, nə etməlidir? Çox güman ki, o, Şaul padşah kimi, özünə abidə ucaltmayacaq (1 Şam. 15:12). Bəs o, əldə etdiyi nailiyyətlərin yalnız Yehovanın lütfü sayəsində mümkün olduğunu və gələcəkdə də müvəffəqiyyət qazanmasının Yehovanın xeyir-dualarından və köməyindən asılı olduğunu dərk edirmi? (1 Pet. 4:11). Ürəyimizdə tərifə göstərdiyimiz münasibət kimin tərəfindən izzətləndirilməyə can atdığımızı üzə çıxaracaq (Sül. məs. 27:21).

«SİZ ATANIZIN ARZULARINI HƏYATA KEÇİRMƏK İSTƏYİRSİNİZ»

12. Bəzi yəhudilərə İsanın sözlərinə qulaq asmağa nə mane olurdu?

12 Allahdan olan şərəfə çatmağımıza mane olan digər amil arzularımızdır. Yanlış arzularımız bizi Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətlərə itaətsizlik göstərməyə sövq edə bilər. (Yəhya 8:43—47 ayələrini oxu.) İsa bəzi yəhudilərə demişdi ki, onlar onun çatdırdığı xəbərə ataları İblisin arzularını həyata keçirmək istədikləri üçün qulaq asmırlar.

13, 14. a) Tədqiqatçılar beynimiz və insan səsləri barədə nə deyirlər? b) Kimə qulaq asacağımızı nə müəyyən edir?

13 Hərdən biz eşitmək istədiyimiz şeyləri eşidirik (2 Pet. 3:5). Yehova beynimizi istəmədiyimiz səsləri eşitməmək qabiliyyəti ilə yaradıb. Bir anlıq ayaq saxla və gör eyni vaxtda nə qədər aydın səs eşidirsən. Çox ehtimal ki, bir qədər əvvəl onların əksəriyyətinin fərqinə varmırdın. Müxtəlif səsləri eşitmə qabiliyyətinin olmasına baxmayaraq, beyindəki limbik sistemin köməyilə diqqətini yalnız bir səsə cəmləyə bilirsən. Lakin tədqiqatçılar aşkar etmişlər ki, insan eyni zamanda müxtəlif səsləri ayırd edə bildiyi halda, yalnız bir nəfəri dinləyə bilər. Bu o deməkdir ki, iki nəfər danışanda sən diqqətini onlardan yalnız birinə  cəmləyə bilərsən. Seçimin kimə qulaq asmaq istəyindən asılı olacaq. Yəhudilər ataları Şeytanın arzularını həyata keçirmək istədikləri üçün İsaya qulaq asmırdırlar.

14 Müqəddəs Kitabda deyilir ki, həm «hikmət», həm də «axmaq»lıq bizi daim öz tərəflərinə çəkməyə çalışırlar (Sül. məs. 9:1—5, 13—17). Bizim seçim etmək imkanımız var. Onlardan hansına qulaq asacağıq? Seçimimiz kimi razı salmaq istəyimizdən asılıdır. İsanın davamçıları onun səsinə qulaq asır və ardınca gedirlər (Yəh. 10:16, 27). Onlar «həqiqət tərəfində»dirlər (Yəh. 18:37). Onlar «yadların səsini tanımırlar» (Yəh. 10:5). Belə təvazökar insanlar şərəfə çatırlar (Sül. məs. 3:13, 16; 8:1, 18).

«BUNLAR SİZİN ŞƏRƏFİNİZDİR»

15. Pavelin çəkdiyi əziyyətlər hansı mənada efeslilərin şərəfi idi?

15 Yehovanın iradəsini yerinə yetirmək qətiyyətimiz başqalarına şərəfə çatmağa kömək edəcək. Pavel Efes yığıncağına yazmışdı: «Xahiş edirəm: qoy sizin uğrunuzda çəkdiyim əziyyətlər sizi ruhdan salmasın, çünki bunlar sizin şərəfinizdir» (Efes. 3:13). Pavelin çəkdiyi əziyyətlər hansı mənada efeslilərin şərəfi idi? Çətinliklərə baxmayaraq, o, Efesdəki həmimanlılarına xidmət etməklə göstərirdi ki, məsihçilər üçün ən dəyərli şey Allaha xidmət etməkdir. Əgər Pavel sınaqlar zamanı təslim olsaydı, qardaşlar Yehova ilə münasibətlərinin, xidmətlərinin və ümidlərinin bir o qədər də dəyərli olmadığını düşünməzdilərmi? Pavel sınaqlara tab gətirməklə həmimanlılarına göstərdi ki, Məsihin şagirdi olmaq hər bir qurbana dəyər.

16. Listra şəhərində Pavel hansı sınaqlarla qarşılaşdı?

16 Pavelin səy və dözümlülük göstərməsinin qardaşlara nə qədər fayda gətirdiyi barədə düşünün. Həvarilərin işləri 14:19, 20 ayələrində deyilir: «Antakiya və Konyadan gəlmiş yəhudilər camaatı qızışdırıb Paveli daşa basdılar və sonra onu ölmüş sanıb şəhərdən [Listradan] kənara atdılar. Şagirdlər onun başına yığışanda Pavel ayağa qalxıb şəhərə girdi. Ertəsi gün o, Barnaba ilə Derbiya şəhərinə yola düşdü». Ölümün pəncəsindən canını güc-bəla ilə qurtaran Pavel üçün bir gün sonra 100 kilometrlik yolu piyada qət etməyin nə dərəcədə çətin olduğunu təsəvvür edirsiniz?!

17, 18. a) Pavelin Listradakı əzab-əziyyətləri barədə Timoteyin haradan xəbəri var idi? b) Pavelin dözümlülüyü Timoteyə necə təsir etmişdi?

17 Kömək üçün Pavelin başına toplaşan «şagirdlər» arasında Timotey də vardımı? «Həvarilərin işləri» kitabında bu  haqda birbaşa deyilməsə də, ehtimal ki, o, orada idi. İkinci məktubunda Pavelin Timoteyə yazdığı sözlərə diqqət yetirək: «Sən isə mənim təlimimi, həyat yolumu... dözümümü izlədin. Antakiyada [şəhərdən qovulanda], Konyada [daşqalaq edilmək təhlükəsi ilə üzləşəndə] və Listrada [daşlananda] necə təqiblərlə qarşılaşdığımı, əzab çəkdiyimi də bilirsən. Ancaq Ağamız bütün bunlardan məni qurtardı» (2 Tim. 3:10, 11; Həv. iş. 13:50; 14:5, 19).

18 Pavelin bütün bu çətinliklərə tab gətirdiyindən Timoteyin xəbəri var idi. Bu, ona güclü təsir bağışlamışdı. Pavel Listraya gələndə Timotey artıq nümunəvi məsihçi idi, «Listra və Konya şəhərlərindəki qardaşlar Timotey haqqında ağızdolusu danışırdılar» (Həv. iş. 16:1, 2). Bir müddətdən sonra Timotey üzərinə daha böyük məsuliyyətlər götürməyə hazır idi (Filip. 2:19, 20; 1 Tim. 1:3).

19. Bizim dözümlü olmağımız başqalarına necə təsir bağışlaya bilər?

19 Bizim Yehovanın iradəsini yerinə yetirmək qətiyyətimiz də başqalarına, xüsusilə də gənclərə güclü təsir bağışlaya bilər. Bu gənclərdən bir çoxları ruhən inkişaf edə və Allahın dəyərli xidmətçiləri ola bilərlər. Gənclər bizi müşahidə edir, xidmətdə insanlarla necə söhbət etdiyimizə və həyatın bir çox çətinliklərinin öhdəsindən necə gəldiyimizə fikir verərək bizdən öyrənirlər. Pavel hər şeyə dözürdü ki, sadiq qalanların hamısı «xilasa və əbədi şöhrətə yetişə bilsinlər» (2 Tim. 2:10).

Gənclər yaşca böyük məsihçilərin dözümlülüyündən özlərinə nümunə götürürlər

20. Nəyə görə biz daim Allahın tərifini qazanmağa çalışmalıyıq?

20 Bəs onda biz daim «vahid Allahın tərifini qazanmağa» çalışmamalıyıq? (Yəh. 5:44; 7:18). Yehova əbədi həyatı şərəfə can atanlara nəsib edir (Romalılara 2:6, 7 ayələrini oxu.) Üstəlik, bizim mətanətlə yaxşı iş görməyimiz başqalarına möhkəm qalmağa və əbədi həyata qovuşmağa kömək edir. Buna görə də gəlin yol verməyək ki, Allahın tərifini qazanmağa bizə nəsə maneə olsun!