Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2013

Yehova ilə yaxın münasibətlərini qoru

Yehova ilə yaxın münasibətlərini qoru

«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (YAQ. 4:8).

1, 2. a) Şeytan hansı fəndlərə əl atır? b) Allaha yaxınlaşmaqda bizə nə kömək edəcək?

YEHOVA ALLAH insanları Onunla yaxın münasibətlər qurmaq istəyilə yaradıb. Lakin Şeytan istəyir ki, onun kimi, biz də Yehovaya ehtiyacımız olmadığını düşünək. O, Eden bağında Həvvanı aldatdığı gündən bəri bu yalandan istifadə etməyə davam edir (Yar. 3:4—6). Tarix boyunca insanların əksəriyyəti bu səhvi təkrarlayır.

2 Xoşbəxtlikdən biz onun tələsinə düşməyə bilərik. Çünki «onun fəndlərindən bixəbər deyilik» (2 Kor. 2:11). Şeytanın məqsədi bizi yanlış seçimlər etməyə təhrik edərək Yehovadan uzaqlaşdırmaqdır. Ancaq əvvəlki məqalədən gördüyümüz kimi, bizim karyera, əyləncə və ailə münasibətlərində düzgün seçim etmək imkanımız var. Bu məqalədə isə Şeytanın bizi yoldan çıxarmaq üçün istifadə etdiyi texnologiya, sağlamlıq, pul və qürur kimi digər dörd sahə müzakirə olunacaq. Bu sahələrdə düzgün seçim etməyimiz Allaha yaxınlaşmağımıza kömək edə bilər (Yaq. 4:8).

TEXNOLOGİYA

3. Texnologiyadan hansı yaxşı və pis məqsədlər üçün istifadə etmək olar? İzah edin.

3 Müasir elektron cihazlar bütün dünyada geniş yayılıb. Onlardan düzgün istifadə etsək, bizə çoxlu faydası dəyə bilər. Yanlış istifadə etdikdə isə onlar bizi səmavi Atamızdan uzaqlaşdıran alətə çevrilə bilər. Götürək kompüteri. Hal-hazırda oxuduğunuz jurnal onun vasitəsilə yazılıb və çap edilib. Kompüter bizə axtarış aparmağa, ünsiyyət qurmağa kömək edə bilər, eyni zamanda biz onun sayəsində xoş vaxt keçirə bilərik. Ancaq əgər yol versək, bizdə kompüterdən asılılıq yarana bilər. Satıcılar insanları inandırmağa çalışırlar ki, onlar mütləq ən son texnologiyaları əldə etməlidirlər. Misal üçün, bir oğlan arzusunda olduğu kompüteri almaq üçün gizlincə bir böyrəyini satmışdı. Necə də düşüncəsiz hərəkətdir!

4. Bir məsihçi kompüterdən çox istifadə etmək vərdişinin öhdəsindən necə gəldi?

 4 Ən acınacaqlısı isə texnologiyanın Yehova ilə münasibətlərimizə zərər vurmasına yol verməkdir. 28 yaşı olan Con * adlı gənc məsihçi deyir: «Müqəddəs Kitabda ruhani şeylər üçün “əlverişli vaxtı satın alın” məsləhəti verildiyini bilirəm. Ancaq kompüter məsələsinə gəldikdə ən böyük düşmənim özüməm». Çox vaxt Con vaxtını gecəyarısına kimi kompüterin qabağında keçirirdi. O deyir: «Nə qədər çox yorulurdumsa, bir o qədər də yazışmaqdan və videoroliklərə baxmaqdan əl çəkmək çətin olurdu, hətta bəzən zərərli olsa belə». Bu vərdişin öhdəsindən gəlmək üçün Con kompüterini elə proqramlaşdırmışdı ki, yatmaq vaxtı gələndə avtomatik olaraq sönsün. (Efeslilərə 5:15, 16 ayələrini oxu.)

Valideynlər, uşaqlarınıza texnoloji vasitələrdən müdrikliklə istifadə etməyə kömək edin

5, 6. a) Valideynlər uşaqlarına qarşı hansı məsuliyyəti daşıyırlar? b) Valideynlər uşaqlarının faydalı ünsiyyət qurduqlarına necə əmin ola bilərlər?

5 Valideynlər, siz uşaqlarınızın hər bir addımına yox, sadəcə kompüterdən necə istifadə etdiklərinə nəzarət etməlisiniz. Onların əxlaqsız və spiritizmlə bağlı saytlara girmələrinə, zorakı oyunlar oynamalarına və İnternetdə pis insanlarla ünsiyyət etmələrinə yol verməyin. Belə bir şeyə icazə versəniz, onlar fikirləşəcəklər ki, əgər valideynlərimizin vecinə deyilsə, deməli, bunda pis heç nə yoxdur. Bir valideyn kimi, sizin vəzifəniz övladlarınızı, xüsusilə də yeniyetmələri Yehovadan uzaqlaşdıracaq hər bir şeydən qorumaqdır. Diqqət yetirmisinizsə, hətta heyvanlar belə balalarını təhlükədən qoruyurlar. Balaları üçün bir balaca təhlükə yaranan zaman ana ayının nə edəcəyini heç təsəvvürünüzə gətirirsiniz?! (Huşə 13:8 ayəsi ilə müqayisə edin.)

6 Uşaqlarınızın gənc və yaşlı nümunəvi məsihçilərlə faydalı ünsiyyət qurmalarına kömək edin. Və yadda saxlayın ki, övladlarınızın sizin onlarla birgə vaxt keçirməyinizə ehtiyacları var! Buna görə də birlikdə gülmək, oynamaq və Allaha yaxınlaşmağa kömək edən işlərlə məşğul olmaq üçün vaxt ayırın! *

SAĞLAMLIQ

7. Nəyə görə sağlam olmaq hamının arzusudur?

7 «Özünü necə hiss edirsən?» Tez-tez istifadə olunan bu sual acı həqiqəti əks etdirir. Ulu valideynlərimiz Şeytanın onları Allahdan uzaqlaşdırmasına yol verdikləri üçün biz hamımız xəstəliklərə mübtəlayıq. Xəstəliklər Şeytanın məqsədinə xidmət edir, çünki insan xəstələnəndə Yehovaya xidmət etmək onun üçün çətinləşir. Öləndə isə Ona ümumiyyətlə xidmət edə bilmir (Məz. 115:17). Buna görə də biz sağlamlığımızı qorumaq üçün əlimizdən gələni etmək istəyirik *. Biz həmçinin bacı-qardaşlarımızın da sağlamlığının və rifahının qayğısına qalmalıyıq.

8, 9. a) Sağlamlığımızla bağlı həddən artıq narahat olmamaq üçün nə edə bilərik? b) Sevincimizi qoruyub saxlamağın hansı faydası var?

 8 Lakin bu məsələdə ifrata varmamaq olduqca vacibdir. Bəziləri pəhrizlər, müalicə üsulları, sağlam və faydalı qida məhsulları barədə söhbətlərə daha çox vaxt sərf edirlər, nəinki Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğinə. Ola bilsin, onlar bununla başqalarına kömək etdiklərini düşünürlər. Ancaq Padşahlıq zallarımızda və ya konqreslərimizdə dərman məhsulları satmaq və müalicə üsulları reklam eləmək düzgün deyil. Nəyə görə?

9 Bizim bir yerə toplaşmağımızın məqsədi ruhani mövzular barədə danışmaq və Allahın müqəddəs ruhunun bəhrəsi olan sevinc xüsusiyyətini inkişaf etdirməkdir (Qalat. 5:22). Bizdən xahiş edib-etməmələrindən asılı olmayaraq, dərman preparatları təklif etmək və ya sağlamlıqla bağlı məsləhətlər vermək diqqəti ruhani şeylərdən yayındıra və başqalarını sevincdən məhrum edə bilər (Rom. 14:17). Hər bir kəs sağlamlığının qayğısına necə qalacağına özü qərar verməlidir. Üstəlik, heç kim xəstəliklərdən tamamilə azad ola bilməz. Hətta ən yaxşı həkimlər belə xəstələnir, qocalır və ölür. Həmçinin sağlamlığımıza görə narahat olmaqla ömrümüzü uzada bilmərik (Luka 12:25). Əksinə, Müqəddəs Kitabda deyilir ki, «ürək sevinci can üçün ən yaxşı məlhəmdir» (Sül. məs. 17:22).

10. a) Yehovanın fikrincə, insanı gözəl edən hansı keyfiyyətlərdir? b) Biz nə zaman tamamilə sağlam olacağıq?

10 Eynilə, xarici görünüşün qayğısına qalmaq da münasibdir. Ancaq biz yaşlılığın bütün əlamətlərini aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxmamalıyıq. Onlar yetkinliyin, ləyaqətin və daxili gözəlliyin əlamətləridir. Misal üçün, Müqəddəs Kitabda deyilir ki, «ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır» (Sül. məs. 16:31). Yehova bizim xarici görünüşümüzdən çox, daxili varlığımızın vacib olduğunu düşünür. Biz də özümüzə bu cür baxmağı öyrənməliyik. (1 Peter 3:3, 4 ayələrini oxu.) Buna görə də, sadəcə daha cəlbedici görünmək üçün cərrahi əməliyyatlara və tibbi prosedurlara məruz qalaraq özümüzü lazımsız təhlükələrə atmaq nə dərəcədə müdrik hərəkətdir? Yaşından asılı olmayaraq, əsil gözəlliyin mənbəyi «Rəbbin verdiyi sevinc»dir (Neh. 8:10). Biz yalnız yeni dünyada mükəmməl sağlamlığa qovuşacaq və gözəlləşəcəyik (Əyy. 33:25; Yeşaya 33:24). O vaxtacan biz müdrik seçimlər etməli və Yehovanın vədlərinə iman təzahür etdirməliyik. Bu, hal-hazırda həyatdan həzz almaqda və sağlamlığımıza görə həddən artıq narahat olmamaqda bizə kömək edəcək (1 Tim. 4:8).

PUL

11. Pul necə tələ ola bilər?

11 Pulda və dürüstlüklə pul qazanmaqda pis heç nə yoxdur (Vaiz 7:12; Luka 19:12, 13). Lakin pulpərəstlik sevdasına düşsək, bu, bizi Yehovadan mütləq uzaqlaşdıracaq (1 Tim. 6:9, 10). «Bu dövrün qayğıları» — gündəlik tələbatlarımıza görə həddən artıq narahat olmaq ruhani şeylərə olan marağımızı öldürə bilər. Buna görə də «var-dövlətin aldadıcı qüvvəsi»nə, yəni uzunömürlü xoşbəxtlik və təhlükəsizlik gətirəcəyinə inanmaq ağılsızlıqdır (Mat. 13:22). İsa aydın şəkildə demişdi ki, «heç kim» həm Allaha, həm var-dövlətə qulluq edə bilməz (Mat. 6:24).

12. Bu gün çoxları necə tez bir zamanda çoxlu pul qazanmağa çalışırlar və biz bu tələdən necə qaça bilərik?

12 Pula səhv yanaşma tərzi yanlış hərəkətlərə gətirib çıxara bilər (Sül. məs. 28:20). Tez və asan pul qazanmaq imkanına aldanaraq bəziləri lotereya biletləri alır və çoxsəviyyəli şəbəkə marketinqinə qoşulurlar, hətta yığıncağın üzvlərini də bu işlərə cəlb edirlər. Başqaları isə qoyduqları pullardan ağlasığmaz dərəcədə pul qazanacaqları vədinə aldanırlar. Səni aldatmalarına yol vermə. Uzaqgörən ol. Çünki bir göz qırpımında çoxlu pul qazanmaq xəyaldan başqa bir şey deyil.

13. Yehovanın pula olan nöqteyi-nəzəri dünyanınkından necə fərqlənir?

 13 Biz «padşahlığı və Allahın salehliyini» birinci yerə qoyanda Yehova əsas ehtiyaclarımızı ödəmək cəhdlərimizi xeyir-dualandırır (Mat. 6:33; Efes. 4:28). O istəmir ki, biz bütün günü işlədikdən sonra gəlib yığıncaqda ya yuxulayaq, ya da oturub pul barədə fikirləşək. Lakin bir çoxları düşünür ki, bütün vaxtlarını pul qazanmağa həsr etsələr, özlərini təhlükəsiz gələcəklə təmin edəcək və həyatlarını asanlaşdıracaqlar. Onlar çox vaxt uşaqlarına da eyni məqsədlərə can atmağı aşılayırlar. Ancaq İsa bu cür düşüncə tərzinin ağılsızlıq olduğunu göstərdi. (Luka 12:15—21 ayələrini oxu.) Bu düşüncə tərzi bizə Gehazini xatırladır. O həm acgözlüyünü təmin edəcəyini, həm də Yehova ilə yaxşı münasibətlərini qoruyub saxlayacağını düşünürdü (2 Pad. 5:20—27).

14, 15. Nəyə görə pulun bizi müdafiə edəcəyini düşünmək müdriklik deyil? Nümunə çəkin.

14 Deyilənə görə, qartalın caynağına götürdüyü balıq həddən artıq ağır olarsa və onu buraxmazsa, qartal boğula bilər. Buna bənzər bir şey məsihçilərin də başına gələ bilər. Hal-hazırda ağsaqqal olan Aleks adlı bir qardaş deyir: «Adətən, mən çox qənaətcil insanam. Çiməndə əlimə şampun bir az çox tökülərsə, onun yarısını geri qaba boşaldıram». Ancaq bir gün Aleks bir az artıq pul qazandıqdan sonra işdən çıxıb pioner xidmətinə başlaya biləcəyini düşünərək fond birjasında alğı-satqı ilə məşğul olmağa başladı. O hətta müxtəlif təklifləri və bazar qiymətlərini araşdırmağa başladı. Yığdığı və brokerlərdən borc aldığı pullara səhmlər aldı, çünki mütəxəssislər həmin səhmlərin qiymətinin qalxacağını proqnoz vermişdilər. Əfsuslar olsun ki, bu proqnozlar düz çıxmadı, səhmlərin qiyməti birdən-birə düşdü. Aleks deyir: «Mən pullarımı geri qaytarmağa qəti qərarlı idim. Düşünürdüm ki, səhmləri saxlasam, qiymətləri yenidən qalxacaq».

15 Bir neçə ay ərzində Aleks başqa heç nə barədə düşünə bilmirdi. O nə fikirlərini ruhani şeylərə cəmləyə bilirdi, nə də ki onun gözünə yuxu gedirdi. Səhmlərin qiyməti isə qalxmırdı ki qalxmırdı. Aleks yığdığı bütün pullarını itirdi, hətta evini satmaq məcburiyyətində qaldı. «Ailəmə çoxlu əzab-əziyyət çəkdirdim», — deyə o əlavə edir. Ancaq bu, onun üçün vacib bir dərs oldu: «İndi başa düşürəm ki, ümidlərini Şeytan sisteminə bağlayan hər kəs güclü məyusluğa düçar olacaq» (Sül. məs. 11:28). Həqiqətən də, ümidimizi bu sistemdə yığdığımız pullara, səhmlərə və pul qazanmaq bacarığımıza bağlamaq «bu dövrün allahı» Şeytana ümid bağlamaq deməkdir (2 Kor. 4:4; 1 Tim. 6:17). O vaxtdan bəri Aleks «xoş xəbər uğrunda» həyatını sadələşdirib. O deyir ki, bu, ona və ailəsinə xoşbəxtlik gətirdi və Yehova ilə münasibətlərini möhkəmləndirdi. (Mark 10:29, 30 ayələrini oxu.)

QÜRUR

16. Yaxşı və pis şeylərlə qürur duymaq arasında hansı fərq var?

16 Yaxşı şeylərlə qürur duymaq qəbahət deyil. Məsələn, biz Yehovanın Şahidi olduğumuz üçün hər zaman qürur duymalıyıq (Yer. 9:24). Bu səbəbdən biz həmişə yaxşı qərarlar verməyə və Allahın yüksək normalarına əməl etməyə çalışırıq. Ancaq özümüz haqda həddən artıq yüksək fikirdə olsaq, Yehovadan uzaqlaşa bilərik (Məz. 138:6; Rom. 12:3).

Yığıncaqda hər hansı mövqeyə sahib olmadığın üçün həddən artıq narahat olmaq əvəzinə, xidmətdən sevinc duy!

17, 18. a) Müqəddəs Kitabdan təvazökar və təkəbbürlü insanların nümunələrini çək. b) Bir qardaş qürurun onu Yehovadan uzaqlaşdırmaması üçün nə etdi?

17 Müqəddəs Kitabda həm qürurlu, həm də təvazökar insanların nümunələri var. Davud padşah həlimliklə Yehovanın rəhbərliyini axtarırdı, Yehova da onu xeyir-dualandırırdı (Məz. 131:1—3). Ancaq Babil padşahları Navuxodonosorun və Belşassarın isə qürurunu sındırdı (Dan. 4:30—37; 5:22—30). Bu gün də bizim təvazökarlığımızı sınağa çəkən vəziyyətlər yaranır. Yeni yığıncağa təyin edilən və xidməti köməkçi olan 32 yaşlı Rayan qardaş deyir: «Mən  tez bir zamanda ağsaqqal təyin ediləcəyimi gözləyirdim; bir il keçdi, ancaq mən hələ də ağsaqqal deyildim». Rayan ağsaqqalların ona lazımi hörmət göstərmədiklərini düşünərək acıqlandımı? O, yığıncaqlara getməyə son qoyaraq qürurun onu Yehovadan və Onun xalqından uzaqlaşdırmasına yol verdimi? Onun yerində olsaydın, sən nə edərdin?

18 Rayan xatırlayır: «Mən nəşrlərimizdən gecikən ümid barədə olan məlumatın hamısını tapıb oxudum» (Sül. məs. 13:12). «Başa düşdüm ki, səbir etməyi və təvazökarlıq göstərməyi öyrənməliyəm, eləcə də Yehovanın mənə təlim verməsinə yol verməliyəm». Rayan özü barədə həddən artıq düşünməkdən əl çəkib bütün diqqətini yığıncaqda və təbliğdə başqalarına kömək etməyə yönəltdi. Çox keçməmiş o, bir neçə nəfərlə Müqəddəs Kitab öyrənməsi başladı və həmin insanlar ruhani cəhətdən yaxşı inkişaf edirdilər. O deyir: «Bir il yarımdan sonra ağsaqqal təyin olunanda bu, mənim üçün gözlənilməz oldu. Çünki xidmətimdən böyük sevinc duyduğum üçün artıq narahatçılıq keçirmirdim». (Məzmur 37:3, 4 ayələrini oxu.)

YEHOVA İLƏ MÜNASİBƏTLƏRİNİ QORU!

19, 20. a) Gündəlik məşğuliyyətlərimizin bizi Yehovadan uzaqlaşdırmayacağına necə əmin ola bilərik? b) Yehova ilə yaxın münasibətləri olan hansı insanların nümunəsini təqlid edə bilərik?

19 Bu iki məqalədə müzakirə etdiyimiz yeddi sahənin hər birinin həyatımızda öz yeri var. Biz Yehovaya xidmət etməyimizlə fəxr edirik. Xoşbəxt ailə və sağlamlıq Yehovanın bizə bəxş etdiyi ən böyük ənamlardandır. Başa düşürük ki, iş və pul vacib ehtiyaclarımızı ödəməyə kömək edə bilər. İstirahət bizi təravətləndirə, texnoloji vasitələr isə çox faydalı ola bilər. Ancaq əgər bütün bunlara həyatımızda düzgün vaxt və düzgün yer ayırmasaq, ibadətimizə təsir edəcək və bizi Yehovadan uzaqlaşdıracaq.

Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə!

20 Əlbəttə, Şeytanın istədiyi də elə budur. Ancaq əlindən gələni edə bilərsən ki, səninlə və ailə üzvlərinlə bu cür fəlakət baş verməsin! (Sül. məs. 22:3). Yehova Allaha yaxınlaş və Onunla münasibətlərini qoru. Müqəddəs Kitabda buna dair çoxlu sayda gözəl nümunələr var. Məsələn, Xanok və Nuh «Allahla bir yol gedirdi» (Yar. 5:22; 6:9). Musa «Gözəgörünməz Allahı görürmüş kimi mətin idi» (İbr. 11:27). İsa Məsih həmişə Allahın bəyəndiyi işləri gördüyü üçün səmavi Atası daim ona dayaq olurdu (Yəh. 8:29). Bu insanlardan özünə nümunə götür və daim onları izləməyə çalış. Həmişə sevin. Daima dua et. Hər şeyə görə minnətdar ol (1 Salon. 5:16—18). Və heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə!

^ abz. 4 Adlar dəyişdirilib.

^ abz. 6 «Gözətçi qülləsi»nin 2008-ci il iyul—sentyabr sayının «Özbaşınalıq hökm sürən dünyada uşaqların tərbiyəsi» adlı məqaləsinə bax.

^ abz. 7 «Oyanın!» jurnalının 2011-ci il mart sayının «Sağlamlığın beş sirri» adlı silsilə məqalələrinə (rus.) bax.