Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2013

Peşmançılıq çəkmədən xidmət et

Peşmançılıq çəkmədən xidmət et

«Yalnız bunu deyə bilərəm ki, arxada qalan şeyləri unudub, irəlidəki şeylərə can atıram» (FİLİP. 3:13).

1-3. a) Peşmançılıq nədir və bu, bizə necə təsir edir? b) Pavelin nümunəsindən peşmançılıq çəkmədən xidmət etməyə dair nə öyrənə bilərik?

BİR şair yazmışdı: «Dildən və ya qələmdən tökülən kədərli sözlərin içində ən kədərlisi “kaş ki” ifadəsidir». Bu şairin adı Con Qrinlif Uiterdir. O, bu sözlərlə peşmançılığını çəkdiyimiz, dəyişmək və ya tamamilə başqa cür etmək istədiyimiz şeyləri göstərmək istəyirdi. «Peşmançılıq» — etdiyimiz və ya etmədiyimiz şeylərə görə keçirdiyimiz dərin təəssüf hissidir. Biz hamımız elə şeylərə yol veririk ki, sonradan geri qayıdıb nələrisə dəyişmək istəyirik. Sən də nə vaxtsa etdiyin işlərə görə peşman olmusanmı?

2 Bəzi insanlar həyatlarında ağır səhvlərə, hətta ciddi günahlara yol vermişlər. Digərləri bir o qədər pis işlər görməsələr də, həyatda verdikləri bəzi qərarların nə dərəcədə düzgün olub-olmadığına görə narahat olurlar. Başqaları isə keçmiş barədə düşünməyə son qoyub həyatlarına davam etməyi bacarırlar. Digərləri isə ömür boyu «kaş» deyə-deyə özlərini yeyib-bitirirlər (Məz. 51:3). Bəs sən? Keçmişdə etdiyin səhvlərə görə daim peşmançılıq çəkmədən Allaha xidmətdə əlindən gələni etmək istəyirsənmi? Bu sahədə nümunə götürə biləcəyimiz Müqəddəs Kitab personajları varmı? Əlbəttə ki, var. Bu, həvari Pavelin nümunəsidir.

3 Pavel həyatında həm ciddi səhvlərə yol vermiş, həm də müdrik qərarlar qəbul etmişdi. O, keçmişdə etdiyi səhvlərə görə çox peşman olmasına baxmayaraq, Yehova Allaha müvəffəqiyyətlə xidmət etməyi öyrənmişdi. Gəlin görək onun nümunəsindən peşmançılıq çəkmədən xidmət etməyə dair nə öyrənə bilərik.

PAVELİN KEÇMİŞİ

4. Həvari Pavel keçmişdə etdiyi hansı hərəkətlərə görə peşmançılıq hissi keçirirdi?

4 Gənc fərisey kimi Pavel sonradan peşman olacağı  hərəkətlərə yol vermişdi. Məsələn, o, Məsihin şagirdlərini güclü təqiblərə məruz qoyurdu. Allahın Kəlamında deyilir ki, Stefanın əzablı ölümündən dərhal sonra «[Pavel kimi tanınan] Şaul... yığıncağa zülm edirdi. O, evlərə soxulur, kişiləri və qadınları sürüyüb çıxarır və zindana atırdı» (Həv. iş. 8:3). Alim Albert Barnz deyir ki, «zülm etmək» kimi tərcümə edilən yunan ifadəsi «təqib edərkən [Şaulun] göstərdiyi şövqü və hiddəti göstərmək üçün istifadə olunan güclü bir ifadədir». O əlavə edir: «Pavel yığıncaqlara qarşı vəhşi heyvan kimi qəzəblənirdi». Qatı dindar olan Şaul məsihçiliyin kökünü kəsməyi Allahdan göstəriş kimi qəbul edirdi. Buna görə də o, qəddarcasına məsihçi kişi və qadınları təqib edərək onları məhv etmək istəyirdi (Həv. iş. 9:1, 2; 22:4) *.

5. Şaulu İsanın şagirdlərini təqib etməyə son qoyub onun haqqında təbliğ etməyə başlamağa nə vadar etmişdi?

5 Şaul Dəməşqə gedib İsanın şagirdlərini evlərindən çıxarmaq və Sinedrion tərəfindən cəzalandırılmaları üçün Yerusəlimə gətirmək niyyətində idi. Lakin heç nə alınmadı, çünki məsihçi yığıncağının Başı Məsih ona mane oldu (Efes. 5:23). Dəməşq yolunda İsa Şaulun yolunu kəsdi və göydən gələn işıq onun gözlərini kor etdi. Sonra İsa onu Dəməşqə göndərib orada növbəti göstərişləri gözləməsini tapşırdı. Daha sonra nələr baş verdiyi artıq bizə məlumdur (Həv. iş. 9:3—22).

6, 7. Keçmişdə Pavelin etdiyi hərəkətlərə görə dərin peşmançılıq hissi keçirtdiyini haradan bilirik?

6 Pavel məsihçiliyi qəbul edən kimi onun dəyərləri dəyişdi. O, məsihçilərin amansız düşmənindən qızğın tərəfdarına çevrildi. Hətta sonralar özü haqqında yazmışdı: «Siz, əlbəttə ki, mənim əvvəllər yəhudi dinində necə hərəkət etdiyimi eşitmisiniz. Mən Allahın yığıncağına olmazın zülm edir, onu viran qoyurdum» (Qalat. 1:13). Daha sonra isə Pavel korinflilərə, filipililərə və Timoteyə yazdığı məktublarda əvvəllər etdiyi şeylərə görə peşmançılıq çəkdiyini yenidən dilə gətirir. (1 Korinflilərə 15:9 ayəsini oxu; Filip. 3:6; 1 Tim. 1:13.) Pavel bununla nə fəxr edirdi, nə də belə bir şey olmamış kimi davranırdı. Ciddi səhvlərə yol verdiyini o, yaxşı başa düşürdü (Həv. iş. 26:9—11).

7 Müqəddəs Kitab alimi Frederik Farrar Şaulun məsihçiləri necə amansızcasına təqib etdiyi barədə yazır. Farrar qeyd edir ki, Pavelin həyatının həmin dövrünün dəhşətli məqamları barədə düşünsək, «onun nə dərəcədə güclü vicdan əzabı çəkdiyini və düşmənlərinin onu necə lağa qoyduğunu başa düşərik». Baş çəkdiyi yığıncaqlarda Paveli ilk dəfə görən qardaşlar, ola bilsin, belə deyirdilər: «Pavel?! Bizi təqib edən həmin Pavel?» (Həv. iş. 9:21).

8. Pavel Yehovanın və İsanın ona göstərdikləri lütf barədə nə düşünürdü və biz bundan nə öyrənə bilərik?

8 Ancaq Pavel xidmətini yalnız Allahın lütfü sayəsində yerinə yetirdiyini anlayırdı. O, yazdığı 14 məktubda Allahın lütfü haqqında təxminən 90 dəfə xatırlatmışdır. Pavel bu sözü Müqəddəs Kitabın digər yazıçılarından daha çox istifadə etmişdir. (1 Korinflilərə 15:10 ayəsini oxu.) Həvari ona göstərilən lütfü çox qiymətləndirir və bu lütfün əbəs olmadığını göstərmək üçün əlindən gələni edirdi. Buna görə də o, digər həvarilərin hamısından daha çox zəhmət çəkirdi. Pavelin nümunəsi aydın göstərir ki, əgər biz günahlarımızı etiraf edib səhv yoldan dönsək, Yehova hətta ən ağır günahlarımızı  belə İsa Məsihin fidyə qurbanlığı əsasında tamamilə silməyə hazırdır. Əgər sən günahlarının o qədər böyük olduğunu və Məsihin fidyə qurbanlığı vasitəsilə bağışlanmayacağını düşünürsənsə, Pavelin nümunəsinin sənə böyük köməyi dəyəcək. (1 Timoteyə 1:15, 16 ayələrini oxu.) Pavelin Məsihi amansızcasına təqib etməsinə baxmayaraq, o, Allahın Oğlunun onu sevdiyini və canını uğrunda fəda etdiyini yazır (Qalat. 2:20; Həv. iş. 9:5). Bəli, Pavel Allaha xidmətdə əlindən gələni edirdi ki, bir daha peşmançılıq çəkməsin. Bəs sən?

Pavel peşmançılıq çəkmədən xidmət etməyi öyrənmişdi

NƏYƏSƏ GÖRƏ PEŞMANSAN?

9, 10. a) Nəyə görə Yehovanın bəzi xidmətçiləri peşmançılıq çəkirlər? b) Keçmiş səhvlərə görə daim narahat olmaq nəyə görə yaxşı deyil?

9 Nəyinsə peşmançılığını çəkirsənmi? Səhv məqsədlərə çoxlu güc və vaxt sərf etdiyinə görə heyfsilənirsənmi? Hərəkətlərinin başqalarına zərəri olubmu? Bəlkə də, bu cür hisslər keçirməyinin başqa səbəbləri var. Belə vəziyyətdə nə edə bilərsən?

10 Bir çox insanlar daima narahatçılıq keçirirlər. Durmadan narahat olmaq özünə əzab-əziyyət vermək və özünü əldən salmaq deməkdir. Bu da, öz növbəsində, təlaşa səbəb olur. Bəs narahat olmaqla problemlər həll olunur? Əlbəttə, yox. Təsəvvür edək ki, sən harasa getmək üçün yırğalanan kresloya əyləşib saatlarla yırğalanırsan, ancaq bütün gücünü sərf etməyinə baxmayaraq, yerindən tərpənmirsən! Problem yaranan zaman oturub narahat olmaq əvəzinə, bəzi addımlar atmaqla müsbət nəticələr əldə etmək mümkündür. Məsələn, xətrinə dəydiyin adamdan üzr istəməklə yaxşı münasibətləri bərpa edə bilərsən. Səhv hərəkətlərinin üzərində düşünmək sənə gələcəkdə həmin səhvləri təkrarlamamağa kömək edəcək. Onda sənə müəyyən çətinliklərin öhdəsindən gəlmək asan olacaq. Narahatçılıqlar isə, əksinə, əl-qolunu yanına salaraq Allaha  tam xidmət etməyinə mane olacaq. Narahat olmaqla əlinə heç nə keçməyəcək!

11. a) Yehovanın mərhəmətini necə qazana bilərik? b) Müqəddəs Kitabın hansı məsləhəti keçmiş səhvlərimizə görə narahatçılığa son qoymaqda kömək edir?

11 Bəziləri keçmişdə etdikləri səhvlərə görə o qədər narahat olurlar ki, Allahın mərhəmətinə layiq olmadıqlarını düşünürlər. Onlara elə gəlir ki, həddən artıq ciddi və çoxlu günahlara yol veriblər. Əlbəttə, keçmişdə etdikləri səhvlərdən asılı olmayaraq, onlar tövbə edə, yollarından dönə və Allahdan onları bağışlamasını diləyə bilərlər (Həv. iş. 3:19). Yehova bir çoxlarına göstərdiyi kimi, onlara da mərhəmət və xeyirxahlıq göstərə bilər. Təvazökar, dürüst və səmimi qəlbdən peşman olan insanları Yehova ürəkdən bağışlayır. Allah: «Torpağın, külün içində tövbə edirəm», — deyən Əyyubu da bağışladı (Əyy. 42:6). Qəlb rahatlığı tapmaq üçün biz Müqəddəs Kitabın növbəti məsləhətinə riayət etməliyik: «Günahlarını ört-basdır edən uğur qazanmaz, onu etiraf edərək tərk edən mərhəmət tapar» (Sül. məs. 28:13; Yaq. 5:14—16). Allah qarşısında günahlarımızı boynumuza almalı, bizi bağışlaması üçün dua etməli və əməllərimizə görə peşman olduğumuzu göstərmək üçün əlimizdən gələni etməliyik (2 Kor. 7:10, 11). Əgər bunları etmişiksə, onda əfvi bol olan Allahın mərhəmətini qazanacağıq (Yeşaya 55:7).

12. a) Vicdan əzabının öhdəsindən gəlməkdə Davuddan nə öyrənə bilərik? b) Hansı mənada Yehova peşmançılıq duyur və bunu bilmək bizə necə kömək edir? (Çərçivəyə bax.)

12 Dua Allahın bizə kömək etməsi üçün ən güclü vasitədir. Davud Yehovanın onun dualarına cavab verdiyinə əminliyini məzmurlarda poetik dillə ifadə edir. (Məzmur 32:1—5 ayələrini oxu.) Davud etiraf edir ki, vicdanının səsini boğmaq onu əldən salmışdı. Görünür, o, günahını etiraf etmədiyi üçün mənəvi və fiziki cəhətdən əziyyət çəkirdi, həmçinin sevincini itirmişdi. Davud yalnız və yalnız günahlarını Allah qarşısında etiraf etdikdən sonra əfv edildi və qəlb rahatlığı tapdı. Yehova Davudun duasına cavab verdi və düzgün addımlar ataraq həyatına davam etməsi üçün onu ruhlandırdı. Eynilə, sən də ürəkdən dua edirsənsə, əmin ola bilərsən ki, Yehova sənin yalvarışlarına cavab verəcək. Əgər keçmiş səhvlərin ucbatından əziyyət çəkirsənsə, əlindən gəldiyi qədər dəyişməyə çalış və Yehovanın səni bağışlayacağına zərrə qədər də şübhə etmə! (Məz. 86:5).

İRƏLİYƏ DOĞRU BAX

13, 14. a) Hal-hazırda diqqətimizi nəyə cəmləməliyik? b) Hansı sualların köməyilə özümüzü yoxlaya bilərik?

13 Düzdür, keçmişimiz bizə çox  şeylər öyrədir. Lakin daim arxaya baxaraq yaşamaq əvəzinə, gəlin diqqətimizi indiki və gələcək şeylərə yönəldək. Özümüzdən soruşaq: «Bir neçə ildən sonra etdiyim şeylərə görə peşman olacağammı? Gələcəkdə heç nəyə görə peşman olmamaq üçün Yehovaya sədaqətlə xidmət edirəmmi?»

14 Böyük müsibətin astanasında olduğumuz bir vaxtda özümüzü bu kimi fikirlərlə yeyib-bitirmək istəməzdik: «Allaha daha çox xidmət edə bilməzdim? İmkanım olduğu halda nəyə görə pioner kimi xidmət etməmişəm? Xidməti köməkçi olmaqda mənə nə mane olurdu? Yeni mənliyi geyinmək üçün əlimdən gələni etmişəmmi? Yehovanın yeni dünyada görmək istədiyi insanların sırasına daxiləmmi?» Bu suallarla özümüzə əzab vermək əvəzinə, onların köməyilə Yehovaya xidmətdə əlimizdən gələni edib-etmədiyimizi yoxlaya bilərik. Əks təqdirdə, sürdüyümüz həyat tərzi bizə daha çox peşmançılıq gətirəcək (2 Tim. 2:15).

ALLAHA XİDMƏT ETDİYİN ÜÇÜN HEÇ VAXT PEŞMAN OLMA

15, 16. a) Allaha xidməti həyatlarında birinci yerə qoyan bir çoxları hansı qurbanları vermişlər? b) Yehovaya xidmətdə verdiyimiz qurbanlara görə nə üçün peşman olmamalıyıq?

15 Bəs sən Yehovaya tammüddətli xidmətdə qurbanlar vermisənmi? Ola bilsin, həyatını sadələşdirmək və Padşahlığın işinə daha çox vaxt ayırmaq üçün uğurlu işini və ya karyeranı atmalı olmusan. Yaxud Bet-Eldə, beynəlxalq tikinti işində, səyyar xidmətdə və ya digər tammüddətli xidmət növlərində iştirak etmək üçün subay qalmaq və ya uşaq sahibi olmamaq qərarına gəlmisən. Yehovaya xidmət etmək üçün verdiyin bu qərarlara görə peşmançılıq hissi keçirməlisənmi? Verdiyin qurbanların gərəksiz və vaxtsız olduğunu düşünməlisənmi? Əlbəttə, yox!

16 Sən Yehovanı çox sevdiyin və Ona xidmət etmək arzusunda olan insanlara kömək etmək istədiyin üçün bu qərarları vermisən. Düşünmə ki, başqa cür seçim etsəydin, həyatın daha yaxşı olardı. Verdiyin qərarın düzgün olduğuna və Yehovaya xidmətdə əlindən gələni etdiyinə əmin ol. O, sənin verdiyin qurbanları unutmayacaq. Əbədi həyatda isə ağlına belə gətirmədiyin xeyir-dualar biçəcəksən (Məz. 145:16; 1 Tim. 6:19).

PEŞMANÇILIQ ÇƏKMƏDƏN XİDMƏT ETMƏK

17, 18. a) Pavelə peşmançılıq çəkmədən xidmət etməyə hansı prinsip kömək etmişdi? b) Pavelin nümunəsini necə təqlid edə bilərsən?

17 Peşmançılıq çəkmədən Allaha xidmət etməkdə Pavelə hansı prinsip kömək etmişdi? O deyir: «Arxada qalan şeyləri unudub, irəlidəki şeylərə can atıram». (Filipililərə 3:13, 14 ayələrini oxu.) Pavel iudaizmin tərəfdarı olan zaman etdiyi səhvlər barədə daim düşünmürdü. Əksinə, o, var-gücü ilə çalışırdı ki, gələcəkdə əbədi həyat mükafatını alsın.

18 Pavelin sözlərindəki prinsipi hər birimiz tətbiq edə bilərik. Artıq dəyişə bilmədiyimiz keçmişimiz barədə narahat olmaq əvəzinə, gələcəyə doğru baxmalıyıq. Əlbəttə, bu, o demək deyil ki, biz etdiyimiz səhvləri tamamilə unudacağıq, yox, sadəcə biz onlarla daim özümüzə əzab verməyəcəyik. Buna görə də gəlin keçmişi arxada qoyub bacardığımız qədər Allaha xidmət edək və gözümüzü möhtəşəm gələcəyə dikək!

^ abz. 4 Şaulun təqib etdikləri arasında qadınların da olduğunun iki dəfə qeyd olunması göstərir ki, bu gün olduğu kimi, birinci əsrdə də qadınlar məsihçiliyin yayılmasında böyük rol oynayırdılar (Məz. 68:11).