Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2013

Onlar Norveçdə özlərini könüllü olaraq təqdim etdilər

Onlar Norveçdə özlərini könüllü olaraq təqdim etdilər

TƏXMİNƏN 50 yaşları olan Roald Elsabet adlı ər-arvad bir neçə il bundan əvvəl Norveçin ikinci böyük şəhəri olan Bergendə rahat həyat sürürdülər. Onlar qızları İzabel və oğulları Febianla birlikdə öz yığıncaqlarında fəal xidmət edirdilər. Roald ağsaqqal, Elsabet pioner, İzabel və Febian isə təbliğçi idi.

Lakin 2009-cu ilin sentyabr ayında onlar ailəlikcə nəsə fərqli bir şey etmək — bir həftəlik uzaq ərazidə xidmət etmək qərarına gəldilər. Roaldla Elsabet 18 yaşlı Febianla birlikdə Şimal qütb dairəsinin hüdudlarından kənarda, Finnmark quberniyasında yerləşən Nordkin yarımadasına səyahət etdilər. Onlar burada, Xelleford kəndində, uzaq ərazidə xidmət etmək üçün gələn digər bacı-qardaşlarla çiyin-çiyinə təbliğ edirdilər. Roald xatırlayır: «Həftənin əvvəlində özümü çox xoşbəxt hiss edirdim, çünki bütün həftəni bu xüsusi fəaliyyət növündə iştirak etmək üçün işlərimi nizama sala bilmişdim». Həftəarası isə Roald özünü narahat hiss etməyə başladı. Görəsən, nə baş vermişdi?

 GÖZLƏNİLMƏZ SUAL

Roald deyir: «Finnmarkda Maryo adlı pioner qardaş Lakslev şəhərciyinə köçüb, 23 təbliğçidən ibarət yığıncağa kömək etməyə hazır olub-olmadığımızı soruşdu. Bu sual bizim üçün çox gözlənilməz oldu». Roald çaş-baş qalmışdı. O izah edir: «Düzdür, Elsabetlə mən daha çox tələbat olan yerdə xidmət etmək barədə düşünürdük, ancaq uşaqlar böyüyüb sərbəst həyata qədəm qoyandan sonra». Lakin uzaq ərazidə təbliğ etdikləri bu bir neçə günün içində Roald gördü ki, burada Yehova haqqında öyrənmək istəyən çoxlu insanlar var. Və onların sonra yox, məhz indi köməyə ehtiyacı var. O deyir: «Bu sual vicdanımı narahat etməyə başlamış, hətta bir neçə gecə yuxumu ərşə çəkmişdi». Sonra Maryo Roaldı və ailəsini Xelleforddan 240 kilometr cənubda yerləşən Lakselvə apardı. O istəyirdi ki, qonaqlar buradakı balaca yığıncağı öz gözləri ilə görsünlər.

Lakselvdəki yığıncaqda iki ağsaqqal xidmət edir. Onlardan biri, Andreas qonaqlara həmin ərazini və Padşahlıq zalını gəzdirdi. Yığıncaq üzvləri onları çox səmimi qarşıladılar və bildirdilər ki, onların ailəlikcə Lakselvə köçüb Padşahlıq işində kömək etmələri əla olardı. Üstəlik, Andreas gülümsəyərək dedi ki, Roald və Febian üçün iş tapıb və artıq görüş də təyin edib! Bəs indi onlar nə edəcəkdilər?

SEÇİM

Febianın ilk reaksiyası belə oldu: «Mən bura köçmək istəmirəm». Doğma yığıncağında bir yerdə böyüdüyü dostlarından ayrılıb bu balaca şəhərdə yaşamaq fikri ona cəlbedici görünmürdü. Üstəlik, o, elektrik peşəsinə yiyələnmək üçün aldığı təhsilini bitirməmişdi. İzabeldən (onda onun 21 yaşı vardı) isə köçmək barədə nə düşündüyünü soruşanda o, dərhal cavab vermişdi: «Əlbəttə, mən həmişə bunun arzusunda olmuşam!» Ancaq sonra demişdi: «Oturub bu barədə fikirləşəndə həmişə özümdən soruşuram: “Bu, həqiqətən də, yaxşı fikirdir? Dostlarım üçün darıxmayacağam? Hər şeyin rahat və sabit olduğu yığıncağımı nə üçün tərk edim?”» Bəs bu dəvətə Elsabet necə reaksiya göstərmişdi? O deyir: «Yehovanın ailəmizə təyinat verdiyini başa düşürdüm, eyni zamanda da yenicə təmir etdiyimiz evimiz və son 25 il ərzində nail olduğumuz şeylər barəsində düşünürdüm».

Elsabet və İzabel

Həmin xüsusi həftə sona çatanda Roald və ailəsi Bergenə qayıtdılar, ancaq təxminən 2100 kilometr aralıda yaşayan bacı-qardaşları unuda bilmirdilər. Elsabet deyir: «Mən Yehovaya çoxlu dua edirdim. Eyni zamanda da orada tanış olduğumuz dostlarımızla əlaqə saxlamağa davam edir, bir-birimizə şəkillər göndərir və xidmətdə baş vermiş maraqlı hadisələri bölüşürdük». Roald deyir: «Köçmək fikrinə alışmaq üçün mənə vaxt lazım idi. Həmçinin orada neyləyəcəyimiz, necə dolanacağımız barədə düşünməli idim. Yehovaya çoxlu dua edir, ailəmlə və təcrübəli qardaşlarla məsləhətləşirdim». Febian xatırlayır: «Bu barədə nə qədər çox fikirləşirdimsə, bir o qədər də yaxşı başa düşürdüm ki, əslində “yox” demək üçün mənim heç bir əsaslı səbəbim yoxdur. Çoxlu dua edirdim və köçmək istəyim get-gedə güclənirdi». Bəs İzabel? O, özünü buna hazırlamaq üçün pioner xidmətinə başladı. Altı ay pioner kimi xidmət etdikdən və Müqəddəs Kitabı dərindən araşdırmağa çoxlu vaxt sərf etdikdən sonra o, artıq özünü bu cür böyük dəyişikliyə hazır hiss edirdi.

MƏQSƏDLƏRİNƏ DOĞRU ADDIMLAYIRLAR

Təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etmək istəyi artdıqca bu ailə məqsədlərinə çatmaq üçün müəyyən addımlar atmağa başladı. Yüksək məvacibli işdə işləməsinə və öz işindən məmnun olmasına baxmayaraq, Roald birillik icazə almaq istədiyini müdirinə bildirdi. Lakin müdiri ona yarımştat işçi kimi — iki həftə işləyib, altı həftə istirahət etməsini təklif etdi. Roald deyir: «Məvacibimin azalmasına baxmayaraq, bununla razılaşdım».

Elsabet qeyd edir: «Ərim məndən Lakselvdə ev tapmağı və Bergendəki evimizi kirayə verməyi xahiş etdi. Buna çoxlu güc və vaxt getsə də, istədiyimizə nail olduq. Lakselvə köçdükdən bir müddət sonra uşaqlarımız yarımgünlük iş tapdılar. Bununla onlar yol və yemək xərclərini ödəməkdə bizə kömək edirlər».

İzabel deyir: «Köçdüyümüz şəhər kiçik olduğundan mənim üçün ən çətini pioner xidmətini davam etdirmək üçün iş tapmaq idi. Bəzən ümidsizliyə qapılırdım».  Lakin Lakselvə köçmələrinin birinci ilində o, doqquz müxtəlif yarımgünlük işlərdə işləməklə öz xərclərini ödəyirdi. Bəs Febianın işləri necə gedirdi? «Elektrik məktəbini bitirmək üçün mənə şagird kimi hansısa ustanın yanında işləmək lazım idi. Lakselvdə məhz belə də etdim. Bir müddət sonra mən imtahanları verdim və elektrik kimi yarımgünlük iş tapdım».

DİGƏRLƏRİNİN XİDMƏTLƏRİNİ GENİŞLƏNDİRMƏSİ

Marelyas və Kesya Norveçdə saamdilli qadına təbliğ edir

Marelyas və onun həyat yoldaşı Kesyanın da təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etmək arzusu vardı. 29 yaşlı Marelyas deyir: «Konqreslərdəki pioner xidmətilə bağlı məruzə və müsahibələr məni xidmətimi genişləndirmək barədə düşünməyə təşviq etdi». Onun 26 yaşlı həyat yoldaşı Kesya üçün isə ailəsindən uzaq yerə köçmək əsil sınaq idi. «Sevdiyim insanlardan uzaqda yaşamaq fikri məni qorxudurdu», — deyə o, öz hisslərini bölüşür. Üstəlik, evlərinin kreditini ödəmək üçün Marelyas bütün günü işləməli olurdu. O deyir: «Yehovanın köməyi və çoxlu duaların sayəsində, nəhayət ki, köçmək qərarına gəldik». Bu qərarı verməzdən öncə, ilk növbədə, onlar Müqəddəs Kitabı araşdırmağa daha çox vaxt sərf etdilər. Sonra evlərini satdılar, işdən çıxdılar və 2011-ci ilin avqust ayında Norveçin şimalında yerləşən Alta şəhərinə köçdülər. Burada pioner kimi xidmət etmək və özlərini dolandırmaq üçün Marelyas mühasibatçı, Kesya isə mağazada satıcı işləməyə başladı.

«İllik məcmuə»də Padşahlığın təbliğçilərinə ehtiyac olan ərazidə xidmət edənlər barədə oxuduqları təxminən 30 yaşlarında olan Knut Lisbetə güclü təsir bağışladı. Lisbet deyir: «Bu nümunələr bizi başqa ölkədə xidmət etmək barədə düşünməyə təşviq etdi, ancaq mən tərəddüd edirdim, çünki mənim kimi adi bir insanın bunu edə biləcəyinə inanmırdım». Bununla belə onlar müəyyən addımlar atdılar. Knut əlavə edir: «Biz mənzilimizi satıb anamın yanına köçdük ki, əlimizdə bir az pul qalsın. Sonra əcnəbidilli ərazidə xidmət edib-edə bilməyəcəyimizi yoxlamaq üçün birillik Bergendəki ingilisdilli yığıncağa köçdük və orada Lisbetin anasıgildə yaşadıq». Bir müddətdən sonra Knut və Lisbet bu addımı atmağa hazır olduqlarını görüb Uqandaya köçdülər. Onlar hər il işləmək üçün ikiaylıq Norveçə qayıdırdılar. Qazandıqları pul Uqandada il boyu yaşamalarına və pioner kimi xidmət etmələrinə bəs edirdi.

«DADIN, GÖRÜN RƏBB NƏ QƏDƏR ŞİRİNDİR»

Knut və Lisbet Uqandada bir ailə ilə Müqəddəs Kitabı araşdırırlar

Özlərini könüllü olaraq təqdim edən bu bacı-qardaşların cəhdləri hansı faydanı gətirdi? Roald deyir: «Biz bu uzaq ərazidə ailəlikcə daha çox vaxt keçirə bilirik, nəinki Bergendə. Ailə münasibətlərimiz daha da möhkəmlənib. Övladlarımızın ruhən inkişaf etdiklərini görmək əsil xeyir-duadır. İndi biz maddi şeylərə görə bir o qədər narahat olmuruq, çünki onlar bizim üçün əvvəlki kimi elə də böyük əhəmiyyət kəsb etmir».

 Elsabet başqa dil öyrənmək qərarına gəldi. Çünki Lakselv yığıncağının ərazisinə Karasyok kəndi də daxil idi. Bu kənd Norveçin, İsveçin, Finlandiyanın və Rusiyanın şimal hissəsində yaşayan yerli insanların danışdığı saam dilinin mərkəzidir. Bu insanlara xoş xəbəri çatdırmaq üçün Elsabet saam dilində kursa yazıldı. İndi o, sadə danışıq dilində danışa bilir. Bu yeni ərazi onun xoşuna gəlirmi? O, sevinclə bölüşür: «Mən altı nəfərlə Müqəddəs Kitab öyrənməsi keçirirəm. Burada xidmət etdiyim üçün çox xoşbəxtəm!»

Hal-hazırda xidməti köməkçi və pioner kimi xidmət edən Febian danışır ki, o, bacısı İzabellə birlikdə yeni yığıncaqlarında üç nəfər gəncin xidmətdə daha fəal olmalarına kömək etmişlər. İndi bu gənclərin hər biri xidmətdə fəaldır. Onlardan ikisi vəftiz olunmuş, 2012-ci ilin mart ayında isə köməkçi pioner kimi xidmət etmişdilər. Həqiqətdə zəifləyən həmin gənclərdən biri «yenidən ayağa qalxmasına» kömək etdikləri üçün Febianla İzabelə minnətdarlığını bildirmişdi. Febian deyir: «Onun sözləri mənə böyük təsir bağışladı. Kiməsə kömək etmək necə də sevindiricidir!» İzabel qeyd edir: «Bu təyinat sayəsində “dadın, görün Rəbb nə qədər şirindir” sözlərinin doğruluğuna əmin oldum. Hər şeydən əlavə, burada xidmət etmək mənim üçün çox maraqlıdır!» (Məz. 34:8).

Marelyas və Kesya indi sadə, eyni zamanda da zəngin həyat sürürlər. Onların köçdüyü Altadakı yığıncaqda indi 41 təbliğçi var. Marelyas deyir: «Arxaya baxıb həyatımızın nə qədər dəyişdiyini görmək bizi çox ruhlandırır. Burada Yehovaya pioner kimi xidmət etmək imkanımız olduğu üçün Ona minnətdarıq. İnsana heç nə bunun qədər məmnunluq gətirə bilməz». Kesya əlavə edir: «Mən Yehovaya daha çox etibar etməyi öyrəndim, bunun müqabilində O da bizim qayğımıza qalır. Həmçinin yaxınlarımdan uzaqda yaşamaq onlarla birgə keçirdiyim vaxtları daha çox qiymətləndirməyimə kömək etdi. Belə bir qərara görə heç vaxt peşman olmayacağam».

«Ailə münasibətlərimiz daha da möhkəmlənib» (Roald)

Bəs Uqandada xidmət edən Knutla Lisbetin işləri necə gedir? Knut deyir: «Yeni mühitə və mədəniyyətə öyrəşmək xeyli çəkdi. Vaxtaşırı su, elektrik və mədə ilə bağlı problemlərimiz olurdu, ancaq buna baxmayaraq, ürəyimiz istədiyi qədər Müqəddəs Kitab öyrənməsi keçirirdik». Lisbet deyir: «Yaşadığımız yerdən cəmi yarımsaatlıq məsafədə elə ərazilər var ki, orada insanlar xoş xəbəri heç vaxt eşitməyiblər. Biz burada Müqəddəs Kitabı oxuyan və onları öyrətməyimizi istəyən insanlarla rastlaşırıq. Bu cür təvazökar insanlara Müqəddəs Kitabı öyrətmək bizə bol sevinc bəxş edir».

Rəhbərimiz İsa Məsih göydən təbliğ işinə nəzarət edir. Çox güman ki, bir zamanlar onun təbliğ etməyə başladığı xoş xəbərin bu gün dünyanın hər bir guşəsinə çatdırıldığını görmək onun üçün çox xoşdur! Bəli, Allahın xalqı İsanın: «Gedin və bütün millətlərin içində şagird hazırlayın», — əmrinə könüllü olaraq tabe olduğu üçün böyük məmnunluq duyur (Mat. 28:19, 20).

Əlavə məlumat

Xüsusi təyinatlı müjdəçilər

What special training is provided for those who devote their full time to the Kingdom-preaching work?