Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2013

Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə

Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə

«Bu gün kimə qulluq edəcəyinizi özünüz seçin» (YEŞUA 24:15).

1-3. a) Həyatda düzgün seçim etmək istəyənlər üçün Yeşua nəyə görə gözəl nümunədir? b) Qərar verərkən nəyi yadda saxlamalıyıq?

«SEÇMƏK» — bu, çox güclü sözdür. Çünki seçim azadlığı olan insanın qarşısında müxtəlif variantlar olur və həyatını hansı səmtə yönəldəcəyi ən çox onun özündən asılı olur. Tutalım, bir nəfər yol gedir və birdən görür ki, yol iki istiqamətə ayrılır. O, hansı yolla gedəcək? Əgər onun konkret getmək istədiyi bir yer varsa, onda bu yollardan biri onu məqsədinə doğru aparacaq, digəri isə tamamilə uzaqlaşdıracaq.

2 Müqəddəs Kitabda oxşar vəziyyətlərlə üzləşən bir çox insanların nümunələri var. Misal üçün, Qabil qəzəbə yol vermək və ya onu cilovlamaq arasında seçim etməli idi (Yar. 4:6, 7). Yeşua da seçim qarşısında durmuşdu: həqiqi Allaha ibadət etməyə davam etsin, yoxsa yalançı allahlara üz tutsun (Yeşua 24:15). Yeşuanın məqsədi Yehovaya bağlı qalmaq idi; beləliklə, o, elə bir yol seçdi ki, bu, ona məqsədinə nail olmağa kömək etdi. Ancaq Qabilin belə bir məqsədi olmadığından onu Yehovadan uzaqlaşdıran bir yol seçdi.

3 Bəzən biz də düzgün yolda qalmaq üçün vacib qərarlar qəbul etməli oluruq. Belə olan halda, etdiyimiz hər şeydə Yehovaya izzət vermək və bizi Ondan uzaqlaşdıracaq hər bir şeydən kənar durmaq məqsədimiz barədə unutmamalıyıq. (İbranilərə 3:12 ayəsini oxu.) Bu və növbəti məqalədə biz həyatın yeddi sahəsinə və bu sahələrdə verdiyimiz qərarların bizi Yehovadan uzaqlaşdırmasına yol verməməli olduğumuza diqqət yetirəcəyik.

İŞ VƏ KARYERA

4. İşləmək nə üçün vacibdir?

4 Məsihçilər özlərini və ailələrini dolandırmalıdırlar.  Müqəddəs Kitab göstərir ki, əgər kimsə öz ailəsinin qeydinə qalmaq istəmirsə, o, imansızdan betərdir (2 Salon. 3:10; 1 Tim. 5:8). Aydın məsələdir ki, iş həyatın vacib bir hissəsidir, ancaq əgər diqqətli olmasan, iş və karyera səni Yehovadan uzaqlaşdıra bilər. Necə?

5. İş təkliflərini nəzərdən keçirərkən hansı amillərə diqqət yetirmək lazımdır?

5 Təsəvvür et ki, iş axtarırsan. Əgər sən iş tapmağın elə də asan olmadığı bir yerdə yaşayırsansa, qarşına çıxan ilk işi qəbul etmək istəyəcəksən. Bəs əgər həmin iş Müqəddəs Kitab prinsiplərinə zidd gedirsə, yaxud o qədər vaxtını alır ki, yığıncağa və ailənə kifayət qədər vaxt ayıra bilmirsən, onda necə? İşsiz qalmaqdansa, əlverişli olmayan işdə işləməyin daha yaxşı olduğunu düşünərək qarşına çıxan istənilən işi qəbul edəcəksən? Unutma ki, yanlış yolu seçməyin səni Yehovadan uzaqlaşdıra bilər (İbr. 2:1). Əgər iş axtarırsansa və ya işini dəyişmək istəyirsənsə, düzgün qərar qəbul etməkdə sənə nə kömək edəcək?

6, 7. a) İnsan işlə bağlı qarşısına hansı məqsədləri qoya bilər? b) Hansı məqsəd insanı Yehovaya yaxınlaşdırır və nəyə görə?

6 Artıq qeyd edildiyi kimi, ilk növbədə, əsas məqsədi yadda saxlamaq lazımdır. Özündən soruş: «İş seçimində nəyə üstünlük verirəm?» Əgər sən dünyəvi işə əsas məqsədə çatmaq, yəni Yehovaya xidmət edərək özünü və ailəni dolandırmaq üçün bir vasitə kimi baxırsansa, Allah sənin bütün cəhdlərini xeyir-dualandıracaq (Mat. 6:33). İşini itirəndə və ya maddi çətinlik çəkəndə Yehova sənin vəziyyətinə biganə qalmır (Yeşaya 59:1). O, «sadiq insanları sınaqlardan necə qurtarmağı... bilir» (2 Pet. 2:9).

7 Bəs əgər məqsədin sadəcə varlanmaqdırsa, onda necə? Ola bilsin, sən məqsədinə çatacaqsan. Ancaq unutma ki, buna nail olsan belə, bu cür «müvəffəqiyyət» sənə baha başa gələcək — sənin ona gücün çatmaz. (1 Timoteyə 6:9, 10 ayələrini oxu.) Əgər var-dövlət və karyera həyatında vacib yer tutursa, onlar səni Yehovadan uzaqlaşdıracaq.

8, 9. Valideynlər işə olan münasibətləri ilə bağlı nəyi nəzərə almalıdırlar? İzah edin.

8 Əgər sən valideynsənsə, sənin nümunənin uşaqlarına necə təsir etdiyi barədə düşün. Onlar həyatda sənin üçün nəyin daha vacib olduğunu görürlər — karyeranın, yoxsa Yehova ilə münasibətlərin? Əgər onlar yüksək mövqeyin, prestij və var-dövlətin sənin üçün həyatda birinci yerdə durduğunu görürlərsə, məgər onlar bu cür məhvə aparan yolda sizin nümunənizi izləməyəcəklər? Onların sizə olan hörməti itməyəcək? Bir gənc məsihçi qeyd edir: «Gözümü açandan bəri atamın başı həmişə işə qarışıq olub. Əvvəllər görünürdü ki, atam ailəni dolandırmaq üçün bu qədər gərgin işləyir. Çünki o istəyirdi ki, biz heç nəyin qayğısını çəkməyək. Lakin son bir neçə il ərzində bəzi şeylər dəyişdi. O, durmadan işləyir və bahalı-bahalı şeylər alır, halbuki ailəmizin buna ehtiyacı yoxdur. Nəticədə, biz başqalarını ruhani şeylərə təşviq edən yox, daha çox imkanlı bir ailə kimi ad qazandıq. Ümid edirəm ki, atam nə vaxtsa ailəmizə maddi cəhətdən çox, ruhani cəhətdən dəstək olacaq».

9 Valideynlər, həyatınızda karyeraya həddən çox önəm verməklə onun sizi Yehovadan uzaqlaşdırmasına yol verməyin. Öz nümunənizlə uşaqlarınıza göstərin ki, əldə edə biləcəyiniz ən böyük var-dövlətin maddi yox, ruhani sərvət olduğuna, həqiqətən də, inanırsınız (Mat. 5:3).

10. Karyera seçərkən gənclər nəyi götür-qoy etməlidirlər?

10 Bir gənc kimi, karyera qurmağı  planlaşdırırsansa, düzgün yolu necə seçə bilərsən? Artıq öyrəndiyimiz kimi, sənin seçimin həyatını hansı istiqamətə yönəltmək istəyindən asılı olacaq. Seçdiyin sahə üzrə təlim almağın və işləməyin Padşahlığın maraqları üçün daha çox xidmət etməyinə kömək edəcək, yoxsa, əksinə, Yehovadan uzaqlaşdıracaq? (2 Tim. 4:10). Sən də xoşbəxtliyi artan və azalan bank hesablarından və ya qiymətli kağızlardan asılı olan insanlara bənzəmək, yoxsa Davud kimi, Yehovaya güvənmək istəyirsən? O yazmışdı: «Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Məz. 37:25). Yadda saxla ki, bir yol səni Yehovadan uzaqlaşdırdığı halda, digəri ən yaxşı həyata doğru aparacaq. (Süleymanın məsəlləri 10:22; Malaki 3:10 ayələrini oxu.) Bəs sən hansı yolu seçəcəksən? *

İSTİRAHƏT VƏ ƏYLƏNCƏ

11. Müqəddəs Kitabda istirahət və əyləncə barədə nə deyilir və biz nəyi yadda saxlamalıyıq?

11 Müqəddəs Kitab nə deyib-gülməyi qadağan edir, nə də istirahət və əyləncənin vaxt itkisi olduğunu deyir. Həvari Pavel Timoteyə fiziki məşqin faydası olduğunu yazmışdı (1 Tim. 4:8). Hətta Müqəddəs Kitabda deyilir ki, «gülməyin öz vaxtı» var, «rəqs etməyin öz vaxtı», yəni bu, bizi istirahətə kifayət qədər vaxt ayırmağa təşviq edir (Vaiz 3:4; 4:6). Ancaq diqqətli olmasaq, istirahət və əyləncə bizi Yehovadan uzaqlaşdıra bilər. Necə? Düzgün olmayan əyləncə və istirahət növü seçməklə və onlara həddən artıq vaxt sərf etməklə.

Düzgün seçilmiş istirahət və ona kifayət qədər vaxt ayırmaq insana təravət gətirir

12. İstirahət və əyləncə növü seçərkən hansı amilləri nəzərə almalısan?

12 İlk növbədə, seçməli olduğun istirahətin və əyləncənin növünü müəyyən et. Bunun sənə düzgün seçim etməkdə mütləq köməyi dəyəcək. Qeyd etmək lazımdır ki, çoxları tərəfindən qəbul olunan əyləncə növlərinə Allahın nifrət etdiyi qəddarlıq, spiritizm və əxlaqsızlıq daxildir. Bundan əlavə, seçdiyin istirahət və əyləncə növünü hərtərəfli götür-qoy et. O, sənə necə təsir edir? Səndə qəddarlıq, güclü rəqabət və millətçilik ruhu yaradırmı? (Sül. məs. 3:31). Sənə baha başa gəlir? Başqalarını büdrətmir ki? (Rom. 14:21). Əhatəndə kimlər olacaq?  (Sül. məs. 13:20). Səndə pis işlərlə məşğul olmaq arzusu oyatmır ki? (Yaq. 1:14, 15).

13, 14. İstirahətə nə qədər vaxt ayıracağını götür-qoy edərkən nəyə diqqət yetirməlisən?

13 Eyni zamanda, istirahətə və əyləncəyə nə qədər vaxt sərf etdiyini də götür-qoy et. Özündən soruş: «İstirahətə çox vaxt sərf etdiyim üçün ruhani işlərə lap az vaxtım qalır?» Əgər istirahət və əyləncəyə həddən çox vaxt ayırsan, görəcəksən ki, asudə vaxtın bir o qədər də təravətli keçmir. Əslində, insan əyləncəyə lazımi qədər vaxt ayıranda bu, ona daha çox zövq verir. Nəyə görə? Çünki onlar, ilk növbədə, «daha vacib şeyləri» yerinə yetirdiklərinə görə hər hansı əyləncəyə vaxt ayıranda vicdanları onları narahat etmir. (Filipililərə 1:10, 11 ayələrini oxu.)

14 İstirahətə daha çox vaxt sərf etmək cəlbedici görünsə də, bu səni Yehovadan uzaqlaşdıra bilər. 20 yaşı olan Kim adlı bacı öz təcrübəsindən öyrəndikləri barədə belə deyir: «Mən hər həftəsonu — cümə, şənbə və bazar günləri keçirilən böyük şənliklərin hər birində iştirak edirdim. İndi isə başa düşürəm ki, etməli olduğum daha vacib işlər var. Misal üçün, pioner kimi xidmət etdiyim üçün səhər saat 6-da yuxudan durmalıyam, buna görə də gecə saat birə-ikiyə kimi şənliklərdə iştirak etmirəm. Bilirəm ki, şənliklərin hamısı heç də pis deyil, amma onlar diqqəti yayındıra bilər. Digər məşğuliyyətlər kimi, onun da yerini bilmək lazımdır».

15. Əyləncənin uşaqlara təravət gətirməsi üçün valideynlər nə edə bilərlər?

15 Valideynlər özlərinin və uşaqlarının maddi, ruhani və emosional tələbatlarının qayğısına qalmaq məsuliyyəti daşıyırlar. Bir valideyn kimi, bütün əyləncələrin pis olduğunu düşünmə. Eyni zamanda da övladlarını pis təsirlərdən qoru (1 Kor. 5:6). Ailən üçün əsil təravət gətirən istirahət və əyləncə növü seçməzdən əvvəl yaxşıca götür-qoy et *. Belə etməklə, ailəlikcə sizi Yehovaya yaxınlaşdıran bir yolu seçəcəksiniz.

AİLƏ MÜNASİBƏTLƏRİ

16, 17. Hansı vəziyyət bir çox valideynləri məyus edir və haradan bilirik ki, Yehova onların keçirdiyi ağrı hissini başa düşür?

16 Valideynlərlə uşaqların bir-birlərinə dərin məhəbbət bəsləmələri təbiidir. Hətta Yehova xalqına olan məhəbbətini ananın övladına olan məhəbbəti ilə müqayisə edir (Yeşaya 49:15). Bu səbəbdən ailə üzvlərimizdən kimsə Yehovanı tərk edəndə bizim dərin kədər hissi keçirməyimiz təbiidir. Qızı yığıncaqdan kənar edilən bir bacı deyir: «Daxilimdə dərin boşluq hiss edirdim. Mən onun Yehovanı nə üçün tərk etdiyini heç cürə başa düşə bilmirdim. Həmişə özümü günahlandırır və lənətləyirdim».

17 Yehova sənin keçirdiyin ağrı hissini başa düşür. O, Özü də ilk yaratdığı ailənin, eləcə də Daşqından əvvəl yaşamış insanların əksəriyyətinin qaldırdığı qiyama görə ürəyində kədərlənmişdi (Yar. 6:5, 6). Heç vaxt belə itkiylə üzləşməyənlər üçün bunun insana nə dərəcədə ağrı verdiyini başa düşmək çətin ola bilər. Buna baxmayaraq, ailə üzvlərindən kiminsə yığıncaqdan kənar edilməsinin səni Yehovadan uzaqlaşdırmasına yol vermə. Bəs belə olan halda yaşadığın ağrı-acının öhdəsindən necə gələ bilərsən?

18. Uşaqları Yehovanı tərk edən valideynlər nə üçün özlərini günahlandırmamalıdırlar?

18 Baş verən hadisələrə görə özünü günahlandırma. Yehova hər kəsə seçim  etmək imkanı verir və ailənin həsr olunmuş hər bir üzvü «öz məsuliyyət yükünü» daşıyır (Qalat. 6:5). Əvvəl-axır, Yehova səni yox, günah işlədən insanı məsuliyyətə cəlb edəcək (Yez. 18:20). Başqalarını da günahlandırmaq lazım deyil. Nizam-intizamı qorumaq üçün Yehovanın qərarına hörmət et. Yığıncağı müdafiə edən ağsaqqallara qarşı yox, İblisə qarşı dur (1 Pet. 5:8, 9).

Sevdiklərimizin Yehovaya qayıdacağına ümid etməkdə pis heç nə yoxdur

19, 20. a) Uşaqları yığıncaqdan kənar edilən valideynlər kədər hissinin öhdəsindən necə gələ bilərlər? b) Həmin valideynlər nəyə ümid edə bilərlər?

19 Digər tərəfdən, əgər Yehovanı kədərləndirən yolu seçsən, Ondan uzaqlaşacaqsan. Ailə üzvlərin Yehovanı hər şeydən, hətta ailə tellərindən belə üstün tutmağa qəti qərarlı olduğunu görməlidirlər. Belə bir vəziyyətlə üzləşəndə əminliklə öz ruhaniliyini qoru. Özünü sadiq məsihçi bacı-qardaşlarından təcrid etmə (Sül. məs. 18:1). Duada Yehovaya «qəlbini açıb boşalt» (Məz. 62:7, 8). Yığıncaqdan kənar edilmiş ailə üzvü ilə, hətta e-mail vasitəsilə olsa belə, ünsiyyət etmək üçün bəhanə axtarma (1 Kor. 5:11). Ruhani işlərlə məşğul ol (1 Kor. 15:58). Yuxarıda sözləri sitat gətirilən bacı deyir: «Bilirəm, Yehovaya xidmətimi davam etdirməli və ruhən möhkəm qalmalıyam ki, qızım Yehovaya qayıdanda ona kömək edə bilim».

20 Müqəddəs Kitabda deyilir ki, məhəbbət «hər şeyə ümid edir» (1 Kor. 13:4, 7). Sevdiyimiz insanın yenidən qayıdacağına ümid etməkdə səhv heç nə yoxdur. Yığıncaqdan kənar edilən xeyli insan hər il tövbə edib yenidən Yehovanın təşkilatına qayıdır. Tövbə edən insana Yehovanın qəzəbi sonsuz deyil. Çünki O, bağışlayan Allahdır (Məz. 86:5).

MÜDRİK SEÇİM EDİN

21, 22. İradə azadlığından necə istifadə etməyə qəti qərarlısan?

21 Yehova yaratdığı insanlara iradə azadlığı verib. (Qanunun təkrarı 30:19, 20 ayələrini oxu.) Amma biz bu azadlıqdan düzgün istifadə etmək məsuliyyəti daşıyırıq. Hər bir məsihçi özündən soruşmalıdır: «Mən hansı yolu seçmişəm? İş və karyeranın, istirahət və əyləncənin, yaxud ailə münasibətlərinin məni Yehovadan uzaqlaşdırmasına yol verirəmmi?»

22 Yehovanın xalqına göstərdiyi məhəbbət heç vaxt tükənmir. Amma əgər yanlış yol seçsək, özümüzü Yehovadan uzaqlaşdıra bilərik (Rom. 8:38, 39). Ancaq bunun bizimlə baş verməməsi üçün heç nəyin bizi Yehovadan uzaqlaşdırmasına yol verməməliyik. Növbəti məqalədə seçim edərkən diqqətli olmalı olduğumuz digər dörd sahə müzakirə olunacaq.

^ abz. 10 Karyera seçmək barədə əlavə məlumat almaq üçün «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 2-ci cildinin 38-ci fəslinə (rus.) bax.

^ abz. 15 Əlavə məlumat almaq üçün «Oyanın!» jurnalının 2011-ci il noyabr sayının 17-dən 19-dək səhifələrinə (rus.) bax.