Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 6, 2016

Qeyri-adi kloun balığı

Qeyri-adi kloun balığı

Narıncı kloun-balıq

ÇOX AZ balıq növü tapılar ki, kloun-balıq (təlxək balığı) qədər diqqətimizi çəksin. Bəlkə də, bizə maraqlı gələn onun sirkdəki klounları xatırladan al-əlvan rəngdə olmasıdır. Ola bilsin, bizi onun aktiniyaların (dəniz anemonları) zəhərli bığcıqları arasında özünə ev seçməsi təəccübləndirir. Bu balığı əbəs yerə anemon balığı adlandırmırlar.

Əksər Hollivud aktyorları kimi, kloun-balıq da şəkil çəkdirməyin əleyhinə deyil. Dalğıclar kloun-balığın şəkil üçün «poza verəcəyini» gözləyirlər, çünki bu balıq qorxaq deyil və nadir hallarda öz təbii sığınacağından uzağa üzür.

Kloun-balığı qeyri-adi edən nədir? Bu balığın aktiniyaların zəhərli bığcıqları arasında yaşaması ilan yuvasında məskunlaşmaq kimi bir şeydir. Bununla belə, kloun-balıq aktiniyasız, aktiniyada kloun-balıqsız yaşaya bilməz. Onları bir-birindən asılı edən nədir?

«SƏNSİZ YAŞAYA BİLMƏRƏM»

İkizolaqlı kloun-balıq

Aktiniyalarla kloun-balıq simbioz (şərikli) həyat keçirirlər. Onların bu cür yaşamalarından  həyatları asılıdır. Dəniz bioloqları sübut ediblər ki, kloun-balıq aktiniyaların müdafiəsi olmadan yaşaya bilməz, çünki bu balıqlar zəif üzür və asanlıqla ac yırtıcıların yeminə çevrilə bilər. Aktiniyanı özünə sığınacaq seçməsi və təhlükə olan zaman orada gizlənməsi sayəsində bu balıqlar on il yaşaya bilir.

Aktiniyalar kloun-balığın təkcə müdafiə yeri yox, həmçinin evi sayılır. Kloun-balıqları kürülərini aktiniyanın içərisinə tökür. Burada onlar öz kürülərinin qayğısına qalırlar. Bir müddət sonra bütün ailəni bu aktiniyanın ətrafında üzən görmək olar.

Bəs kloun-balığın aktiniya üçün hansı xeyri var? Kloun-balıq aktiniyanı onun bığcıqları ilə qidalanmağı sevən kəpənək balığının hücumundan qoruyur. Azı bir aktiniya növü var ki, kloun-balıq olmadan yaşaya bilməz. Tədqiqatçılar onda məskunlaşan kloun-balığı götürəndən cəmi 24 saat sonra həmin aktiniya tamamilə yoxa çıxmışdı. Ehtimal ki, onu kəpənək balığı yemişdi.

Kloun-balıq öz sığınacağını hətta enerji ilə də təmin edir. Bu balığın ifraz etdiyi amonium adlı maddə aktiniyaların böyüməsinə kömək edir. Kloun-balıq bığcıqların arasında üzməklə ətrafındakı suyu hərəkət etdirir və beləcə, aktiniyanı oksigenlə təmin edir.

«HAMI QORXUR, MƏN QORXMURAM»

Çəhrayı kloun-balıq

Kloun-balığın əsas müdafiəsi onun dərisidir. Dərisində olan selik onu aktiniyanın zəhərindən qoruyur. Bu kimyəvi örtüyün sayəsində aktiniya kloun-balığı yad saymır. Bir dəniz bioloqunun təbirincə desək, «kloun-balıq, sanki, aktiniyanın cildinə girir».

Bəzi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kloun-balıq seçdiyi yeni sığınacağa uyğunlaşmaq üçün müəyyən mərhələdən keçməlidir. Balıq əvvəlcə fasilələrlə aktiniyaya toxunur. Bu proses bir neçə saat davam edir. Görünür, bu vaxt ərzində balığın qoruyucu örtüyü yeni aktiniyanın zəhərinə uyğunlaşır. Bu proses zamanı aktiniya istər-istəməz balığı sancır. Amma nəticədə onlar dostlaşırlar.

Bir yerdə işləyən insanlar bu fərqli canlıların əməkdaşlığından çox şey öyrənə bilərlər. Müxtəlif mədəniyyətdən və mənşədən olan insanlar resurslarını birləşdirərək möhtəşəm nəticələr əldə etmişlər. Kloun-balıq kimi, bizə də başqaları ilə əməkdaşlıq etməyi öyrənmək üçün bir az vaxt lazım ola bilər, lakin bunu etməyə dəyər!