Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 5, 2016

 KEÇMİŞƏ NƏZƏR

Aristotel

Aristotel

2300 il bundan öncə yaşamış Aristotel (Ərəstun) elm və fəlsəfəyə böyük töhfələr verib. Onun işləri uzun illər ərzində böyük kütlənin marağına səbəb olub, bir çox dillərə tərcümə edilib və tətqiq olunub. Tarixçi professor Ceyms Maklahlan yazmışdı ki, «Aristotelin təbiətlə bağlı baxışları 2000 ildən çox vaxt ərzində Avropa elmində hakim rol oynamışdır». Aristotelin bəzi fikirləri hətta katolik və protestant təlimlərinə, həmçinin İslam dininə sirayət etmişdi.

Maraq dairəsi geniş idi

Aristotel incəsənət, astronomiya, biologiya, etika, dilçilik, hüquq, məntiq, maqnetizm, metafizika, hərəkət, həzz, poeziya, siyasət, psixologiya, ritorika və ruhun ölməzliyi ilə bağlı əsərlər yazmışdı. Amma ona ən çox biologiya və məntiq sahəsində gördüyü işlər şöhrət gətirdi.

Qədim yunan alimləri ətraf aləmi öz müşahidələrinə, ehtimallarına və məntiqlərinə dayanaraq izah edirdilər. Onlar fikirləşirdilər ki, həqiqət olduğuna tam əmin olduqları şeylər üzərində yaxşıca düşünsələr, düzgün nəticələrə gələ biləcəklər.

Bu fəlsəfəyə əsaslanaraq, onlar bir sıra düzgün nəticələr əldə etmişdilər. Bu nəticələrdən biri o idi ki, Kainatda nizam-intizam var. Amma bir problem var idi: onlar hər şeyi müşahidə etmək iqtidarında deyildilər. Məhz bu məhdudiyyətə görə, Aristotel də daxil olmaqla, neçə dahi insan yanılmışdı. Məsələn, onlar inanırdılar ki, planetlər və ulduzlar Yer kürəsinin ətrafında fırlanır. Həmin dövrlərdə bu fikir sübuta ehtiyac duymayan həqiqət hesab olunurdu. Bir kitabda qeyd olunur: «Həm izahatlar, həm də təcrübə yunanların Yer kürəsinin Kainatın mərkəzi olduğuna  dair fikrini sanki sübut edirdi» («The Closing of the Western Mind»).

Kainat haqda bu yanlış təsəvvür təkcə elm sahəsi çərçivəsidə qalsaydı, elə də böyük ziyanı olmazdı. Amma bu, belə olmadı.

Katolisizm cərəyanı Aristotelə qucaq açır

Orta əsrlərdə «Xristian» Avropasında Aristotelin bəzi təlimləri həqiqət statusu aldı, yəni onlar kütlə tərəfindən qəbul olundu. Roma katolik ilahiyyatçıları, xüsusən də Tomas Akvinas (b. e. 1224—1274) Aristotelin yazılarını öz təliminə daxil etmişdi. Beləcə, Aristotelin Yer kürəsinin Kainatın mərkəzi olması nəzəriyyəsi katolik ehkamına çevrildi. Bu təlimi, Kalvin və Lüter də daxil olmaqla, protestant rəhbərləri də qəbul etdilər. Onlar bunun Müqəddəs Kitab təlimi olduğunu iddia edirdilər. (« Onlar Allahın Kəlamını yanlış izah edirdilər» adlı çərçivəyə baxın.)

Aristotelin bəzi təlimləri həqiqət statusu almışdı

Çarlz Friman yazır: «Bəzi təlimlərlə [Aristotelin təlimləri ilə] Katolisizmi ayırmaq mümkün deyildi». Buna əsasən deyirlər ki, Akvinas Aristoteli, sanki, katolik kimi «vəftiz» eləmişdi. Çarlzın sözlərinə görə, əslində, «Akvinas özü Aristotelizmi qəbul etmişdi». Müəyyən mənada kilsə haqda da eyni sözü demək olar. Buna görə də italyan astronomu və riyaziyyatçısı Qalileyo öz müşahidələrinə əsasən, Yer kürəsinin günəşin ətrafında fırlandığını deyərkən ondan İnkvizisiya məhkəmə qarşısına çıxmağı və dediklərini inkar etməyi tələb etmişdilər *. Qəribə olsa da, Aristotel başa düşürdü ki, elm daim inkişaf edir və düzəlişə ehtiyac duyur. Ancaq təəssüf ki, kilsələr bu cür düşünmürdü.

^ abz. 11 Daha çox məlumat almaq üçün «Oyanın!» jurnalının 2003-cü il 22 aprel sayındakı «Qalileo kilsəyə qarşı» (rus.) adlı məqaləsinə baxın.