Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 3, 2016

 KEÇMİŞƏ NƏZƏR

İqnas Zimmelveys

İqnas Zimmelveys

İQNAS ZİMMELVEYS. Bəlkə də, bu adı ilk dəfədir eşidirsiniz. Ancaq bu insanın gördüyü işlərin müasir ailələrə böyük xeyri dəyib. İqnas Zimmelveys Macarıstanın Buda şəhərində (indiki Budapeşt) anadan olub. 1844-cü ildə o, Vyana universitetində tibbi dərəcə alır. 1846-cı ildə Vyana Mərkəzi Xəstəxanasının birinci doğum şöbəsində professor köməkçisi kimi işləməyə başlayır. İqnas Zimmelveys orada dəhşətli bir faktla üzləşir: bu xəstəxanada dünyaya övlad gətirən anaların 13 faizdən çoxu sepsis (doğum qızdırması) adlı xəstəlikdən həyatını itirir.

Xəstəlik necə yayılırdı? Buna nə səbəb olurdu? Müxtəlif fərziyyələr irəli sürülsə də, bu suallar cavabsız qalırdı. Ölüm hallarını azaltmaq cəhdləri boşa çıxırdı. Saysız-hesabsız anaların əzablı ölümünü görən İ. Zimmelveys rahatlıq tapa bilmirdi. Buna görə o, xəstəliyin səbəbini tapmaq və qarşısını almaq qərarına gəldi.

İ. Zimmelveysin işlədiyi xəstəxananın iki ayrı doğum şöbəsi var idi. Maraqlıdır ki, birinci şöbədəki anaların ölüm sayı ikinci şöbədəkindən qat-qat çox idi. Bəs nəyə görə belə kəskin fərq var idi? Qeyd edək ki, bu şöbələr arasında yeganə fərq o idi ki, birincidə tələbələr təcrübə keçirdi, ikincidə isə mamaçalar təlim alırdı. Səbəbi tapmaq üçün İ. Zimmelveys bir-bir bütün ehtimalları araşdırırdı. Buna rəğmən, əsl səbəb tapılmırdı ki tapılmırdı.

Lakin 1847-ci ilin əvvəllərində baş verən bir hadisə həkim İqnasa bu sirri açmağa kömək etdi. Onun həmkarı və dostu Yakob Koletçka cəsədi yararkən barmağını kəsmiş və cəsəddən qanına zəhər keçdiyi üçün ölmüşdü. Koletçkanın cəsədi üzərində aparılan tibbi ekspertizanın nəticələrini oxuyarkən həkim İqnas Zimmelveys başa düşdü ki, doğum qızdırması xəstəliyindən ölən analar da müəyyən mənada bu səbəbdən ölürlər. O ehtimal  edirdi ki, hamilə qadınların ölümünə səbəb onun «zəhər» adlandırdığı cəsəddəki mikroblardır. Həkimlər və tələbələr doğuş palatasına çox vaxt cəsədləri yardıqdan sonra gedirdilər və beləcə, cəsəddəki zəhərli maddələri müayinə və doğuş zamanı hamilə qadınlara keçirmiş olurdular. İkinci şöbədəki ölüm hallarının sayı daha aşağı idi, çünki bu şöbədə təlim keçən mamaçalar meyit yarmırdılar.

İqnas Zimmelveys dərhal əllərin yuyulması qaydasını tətbiq etdi. Həkimlər hamilə qadınları müayinə etməzdən əvvəl əllərini xlorlu əhəngdə dezinfeksiya etməli idilər. Nəticə özünü dərhal göstərdi: ölüm hallarının sayı aprel ayında 18,27 faiz idisə, ilin sonunda bu rəqəm 0,19 faizə endi.

«Mənim nəzəriyyələrim doğum evlərini rüsvayçılıqdan, ərləri arvadsız, uşaqları anasız qalmaqdan qoruyur» (İqnas Zimmelveys).

Həkim İqnasın bu uğuruna heç də hamı sevinmədi. Onun əldə etdiyi nəticələr doğum qızdırması ilə bağlı müdirinin irəli sürdüyü nəzəriyyələrin yanlış olduğunu göstərdi. Üstəlik, Zimmelveysin bu qaydanın tətbiq olunmasını təkid etməsi müdiri daha da qıcıqlandırdı. Nəticədə, həkim İqnas Vyanadakı işini itirdi və Macarıstana geri döndü. O, Peşt şəhərində Müqəddəs Rokus xəstəxanasının doğum şöbəsinin müdiri oldu. Burada onun kəşfi ölüm hallarını bir faizə qədər azaltdı.

1861-ci ildə İ. Zimmelveys «Doğum qızdırmasının səbəbi, konsepti və profilaktikası» adlı monoqrafiya nəşr etdi. Onun bu kəşfi yalnız uzun illər sonra qəbul olundu. Bu illər ərzində isə saysız-hesabsız insan boş yerə həyatını itirdi, halbuki onlar xilas ola bilərdilər.

İqnas Zimmelveys rəhbərlik etdiyi tibb müəssisələrində gigiyena qaydaları təsis etmişdi (Şəkil Robert Tom tərəfindən çəkilib).

Nəhayətdə İ. Zimmelveysi müasir antiseptik qaydalarının təsisçilərindən biri kimi tanıdılar. Onun bu kəşfi sübut etdi ki, mikroskopik maddələr xəstəliyə səbəb ola bilər. «Tibb elmi və işi üçün ən vacib töhfə» sayılan mikroblar nəzəriyyəsinin tarixində Zimmelveysin payı var. Maraqlıdır ki, 3000 il bundan əvvəl Allah Musa peyğəmbər vasitəsilə verdiyi qanunda meyitlərlə necə davranmaq lazım olduğunu açıqlamışdı.