Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 2, 2016

Mavili-sarılı makao. Uzunluğu 85 sm

Füsunkar makaolar

Füsunkar makaolar

MEŞƏNİN yaşıl yarpaqları arasında birdən-birə gözoxşayan rənglər canlanır. Bu möhtəşəm mənzərə XV əsrin sonlarında Mərkəzi və Cənubi Amerikaya gələn avropalı tədqiqatçıları valeh etmişdi. Onların gördükləri Amerikanın tropik ərazilərində yaşayan uzunquyruqlu makao tutuquşuları idi. Bir müddət sonra xəritələrdə bu gözəl quşların şəkilləri yeni tapılmış cənnətin rəmzi kimi göstərildi.

Digər rəngli quşlardan fərqli olaraq, makao tutuquşusunun həm erkəyi, həm də dişisi rənglidir. Sürü halında yaşayan bu ağıllı quşlar qulaqbatıran səsə malikdir. Hər sürüdə təxminən 30 quş olur. Toxum və tropik meyvələr tapmaq üçün onlar yuvalarından sübh tezdən çıxırlar. Digər tutuquşular kimi, makaolar da yemlərini caynaqları ilə tutur, böyük, əyri dimdikləri ilə didirlər. Bu quşlar dimdikləri ilə hətta qozun möhkəm qabığını da sındırırlar! Qidalanandan sonra isə onlar gil yemək üçün birlikdə sıldırım qayalara və ya çayın qırağına uçurlar. Gil həm toksinləri məhv edir, həm də onları lazımi kimyəvi elementlərlə təmin edir.

«[Allah] hər şeyi vaxtında və gözəl etdi» (Vaiz 3:11)

 Adətən, makao ömründə cəmi bir quşla cütləşir; onlar bir-birlərinə kömək edərək balalarının qayğısına qalırlar. Cütlüklərin yuvalarına hər yerdə — ağac oyuqlarında, çay sahilindəki deşiklərdə və termit yuvalarında rast gəlinir. Orada onları bir-birlərinin lələklərini təmizləyərkən görmək olar. Bala quş altı aya tam böyüsə də, təxminən üç il valideynlərinin yanında qalır. Təbiətdə makaolar 30—40 il yaşayır, əhilləşdirilmiş makaoların arasında isə 60 ildən çox yaşayanları da olub. Makao tutuquşlarının 18 növü mövcuddur. Onlardan bəziləri bu səhifədədir.

Yaşıl qanadlı makao, həmçinin qırmızılı-yaşıllı makao kimi də tanınır. Uzunluğu 95 sm

Al-qırmızı makao. Uzunluğu 85 sm

Sünbül makao. Uzunluğu təxminən 100 sm. Ən böyük tutuquşu olan bu makaonun çəkisi 1,3 kiloqramdan çox ola bilər