Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 1, 2017

Ağıllı qadın vicdanının səsini boğmur

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Abort

Abort

Hər il on milyonlarla uşaq abort edilir. Bu say bir çox ölkənin əhalisindən çoxdur.

Abort şəxsi seçimdir?

İNSANLAR NƏ DEYİR?

Qadınlar müxtəlif səbəblərə görə abort etdirirlər. Buna iqtisadi çətinliklər, ailə problemləri, təhsil və karyeranı davam etdirmək istəyi, yaxud uşağını tək böyütmək qorxusu səbəb ola bilər. Ancaq bəzi insanlar abortun əxlaqi cəhətdən düzgün olmadığını — bununla hamilə qadının ona verilən əmanətə xəyanət etdiyini düşünür.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allahın gözündə insan həyatı müqəddəsdir (Yaradılış 9:6; Zəbur 36:9). Bu, uşağın inkişafı üçün Allahın yaratdığı ən təhlükəsiz yerdə — ana bətnində böyüyən uşağa da aiddir. «Anamın bətnində məni gizlətdin... Gözlərin rüşeymimi görmüşdü. Hələ heç biri yox ikən bədənimin bütün hissələri, onların əmələ gələcəyi günlər», — deyə peyğəmbər söyləmişdi (Zəbur 139:13, 16).

Hələ dünyaya gəlməmiş uşağın həyatının Allah üçün nə qədər dəyərli olduğunu Onun verdiyi qanunlardan və vicdan ənamından görmək olar. Allahın verdiyi qanunda deyilirdi ki, əgər kimsə hamilə qadına əl qaldırar və bətnindəki uşaq ölərdisə, həmin adama ölüm hökmü kəsilməliydi, yəni o, öldürdüyü canın qarşılığında öz canını verməliydi (Çıxış 21:22, 23). Əlbəttə, hakimlər bu zaman vəziyyəti və insanın niyyətini nəzərə almalı idi (Saylar 35:22—24, 31).

Allah insana vicdan verib. Qadın vicdanın səsinə qulaq asıb dünyaya gəlməmiş uşağının həyatına hörmət edirsə, vicdanı rahat olacaq *. Yox əgər o, vicdanının səsini boğub uşağının həyatına qıyarsa, vicdanı onu ittiham edəcək və rahat buraxmayacaq (Romalılara 2:14, 15). Tədqiqatlar göstərir ki, abort edən qadınlar daha çox narahatlıq keçirir və depressiyaya düşürlər.

Uşağı necə böyüdəcəyinin fikrini çəkən və ehtimal ki, istəmədən hamilə qalan analar haqda bəs nə demək olar? Görün Müqəddəs Kitabda Allahın qanunlarına sadiq qalan insanlara hansı vəd verilir: «Sadiq adamla sadiqsən, pak adama [qadına] qarşı paksan» (Zəbur 18:25). Orada həmçinin yazılıb: «Yehova ədaləti sevir, sadiq bəndələrini tərk etməz» (Zəbur 37:28).

«Bu adamların vicdanı onlarla bərabər şahidlik edir, düşüncələri onları ya ittiham edir, ya da onlara haqq qazandırır» (Romalılara 2:15).

 Əgər siz artıq abort etmisinizsə, onda necə?

İNSANLAR NƏ DEYİR?

Rut * adlı tənha bir ana deyir: «Onsuz da üç uşağım var idi, düşünürdüm dördüncü uşağa baxa bilməyəcəyəm. Amma abort edəndən sonra ağır bir günah işlədiyimi hiss elədim». Doğrudanmı, Allah onun etdiyi bu hərəkəti heç vaxt bağışlamayacaq?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

İsa peyğəmbər demişdi: «Mən salehləri yox, günahlıları tövbəyə çağırmağa gəlmişəm» (Luka 5:32). Bu sözlərlə o, Allahın günah işlədənlərə olan münasibətini ifadə etmişdi. Əgər biz etdiyimiz səhvə görə həqiqətən də peşmanıqsa, tövbə ediriksə və Allahdan əfv diləyiriksə, O hətta ciddi günahlarımızı da bağışlayacaq (Əşiya 1:18). «Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən, ey Allah», — deyə Zəbur 51:17 ayəsində yazılıb.

Əgər günah işləmiş şəxs təvazökarlıq göstərib Allahdan bağışlanmağı diləyərsə, Allah-Taala onun həm vicdanını sakitləşdirəcək, həm də qəlb rahatlığı verəcək. Müqəddəs Kitabda deyilir: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7) *. Rut Allahın Kəlamını mütaliə edəndən və duada ürəyini Allaha boşaldandan sonra daxilən sakitləşdi. O öyrəndi ki, Allah bağışlayan Allahdır (Zəbur 130:4).

«[Allah] bizimlə günahlarımıza görə rəftar etmir, təqsirlərimizə görə payımıza düşən cəzanı vermir» (Zəbur 103:10).

^ abz. 8 Ananın və ya uşağın sağlamlığı ilə bağlı təhlükənin olacağı ehtimal edilirsə, bu, abort etməyə haqq vermir. Əgər doğuş zamanı uşaqla ana arasında seçim etmək lazım gələrsə, buna ər-arvad özü qərar verməlidir. Amma bir çox inkişaf etmiş ölkələrdə tibdə əldə olunan nailiyyətlər sayəsində bu kimi vəziyyətlər nadir hallarda baş verir.

^ abz. 12 Ad şərtidir.

^ abz. 14 Ölülərin dirilməsi haqqında ümid də insana təsəlli verə bilər. «Gözətçi qülləsi» jurnalının 2009-cu il 15 aprel sayının «Oxucuların sualları» məqaləsinə baxın. Orada ana bətnində ölən uşağın dirilməsinin mümkünlüyünə dair Müqəddəs Kitab prinsipləri araşdırılır.