Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 1, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU

Baxışdan çox şey asılıdır

Baxışdan çox şey asılıdır

Sizin xoşbəxtliyinizə hansı amillər təsir edir?

  • şəraitiniz

  • genləriniz

  • baxışınız

KİMSƏ «xoşbəxtliyim şəraitimdən asılıdır» deyib belə mülahizə yürüdə bilər: mən xoşbəxt olardım, əgər...

  • pulum çox olsaydı.

  • uğurlu nikahım olsaydı.

  • daha sağlam olsaydım.

Əslində isə, xoşbəxtliyiniz şəraitinizdən və genlərinizdən yox, əsasən, vəziyyətə baxışınızdan asılıdır. Yaxşı ki, bu, belədir. Çünki şəraitiniz və ya genləriniz sizdən asılı olmaya bilər, ancaq vəziyyətə baxışınız öz əlinizdədir.

«CANA MƏLHƏMDİR»

Müqəddəs Kitabda yazılıb: «Şad ürək cana məlhəmdir, sınıq qəlb canı üzər» (Məsəllər 17:22). Başqa sözlə, baxışdan çox şey asılıdır! Baxışınız məqsədinizə çatıb-çatmamağınıza, bədbəxtlik üz verəndə yaxşı və ya pis cəhətinizin üzə çıxmasına təsir edə bilər.

Bəziləri bu fikirlə tam razı deyil. Onlar fikirlərini belə əsaslandırırlar:

  • «Problemim ola-ola özümü yalandan niyə nikbin göstərim?»

  • «Nikbin düşünməyim guya nəyisə dəyişəcək?»

  • «Xəyalpərəst olmaqdansa, realist olsam yaxşıdır».

İlk baxışdan bu fikirlər ağlabatan görünə bilər. Amma nikbin baxmağı öyrənməyin müsbət cəhətləri çoxdur. Nümunə üçün növbəti vəziyyətlərə baxaq.

 Arif Bəxtiyar işdə müxtəlif layihələrin üzərində işləyirlər. Müdirləri onların işini yoxlayandan sonra hər ikisinin buraxdığı ciddi səhvləri göstərir.

  • Arif: «Bu layihəyə canımı qoymuşdum! Amma nə xeyri? Onsuz da istədiyim kimi olmadı. Mən bu işə yaramıram. Nə qədər çalışıram çalışım, həmişə bir əmma çıxır. Özümü niyə bu qədər öldürürəm?»

  • Bəxtiyar: «Müdirim gördüyüm işdə xoşuna gələn məqamları vurğuladı. Lakin bir neçə ciddi səhvim də var idi. Bu, mənim üçün dərs oldu. Növbəti dəfə bunları nəzərə alıb işimi daha yaxşı görəcəyəm».

NECƏ DÜŞÜNÜRSÜNÜZ?

  • Altı ay sonra Arif daha yaxşı işçi olacaq, yoxsa Bəxtiyar?

  • Siz onların müdiri olsaydınız, kimi işdə saxlayardınız?

  • Bəs sizdə nəsə alınmayanda vəziyyətə Arif kimi baxırsınız, yoxsa Bəxtiyar kimi?

Aysu Billurə vaxtaşırı tənhalığa qapılırlar. Hərəsi bu vəziyyətin öhdəsindən fərqli yollarla gəlir.

  • Aysu bütün fikrini özünə cəmləyir. Başqaları ona yaxşılıq eləməyincə barmağını belə tərpətmir. O, belə düşünür: «Mənə heç bir xeyri dəyməyən insanlara vaxtımı niyə sərf etməliyəm?!»

  • Billurə hey çalışır ki, başqalarına yaxşılıq eləsin. Əvəzində isə heç nə ummur. O, Allahın Kəlamında yazılan vacib əmrə riayət edir: başqalarının onunla necə rəftar etməsini istəyirsə, onlarla elə rəftar edir (Luka 6:31). Billurə üçün savab iş görməyin özü mükafatdır.

NECƏ DÜŞÜNÜRSÜNÜZ?

  • Siz Aysuyla dost olmaq istəyərdiniz, yoxsa Billurəylə?

  • Bu iki qadından hansının başqaları ilə yaxşı münasibəti var?

  • Özünüzü tənha hiss edəndə Aysu kimi davranırsınız, yoxsa Billurə kimi?

Yəqin sizin Bəxtiyar və ya Billurə kimi tanışlarınız var. Bəlkə də onların simasında özünüzü görürsünüz. Onda öz təcrübənizdən deyə bilərsiniz ki, vəziyyətə baxışdan çox şey asılıdır. Bəs əgər siz Arifə və ya Aysuya bənzəyirsinizsə, onda necə? Allahın Kəlamı həyatın çətinliklərinə nikbin baxmağa kömək edir. Gəlin görək hansı üç addımla buna nail olmaq olar.

 1 BƏDBİNLİYƏ QAPILMAYIN

ALLAHIN KƏLAMINDA DEYİLİR: «Dar gündə ruhdan düşsən, gücün tükənər» (Məsəllər 24:10).

AYƏNİN MƏĞZİ. Bədbinlik insanı gücdən salır. Nəticədə o, nə problemə dözə, nə də onu həll edə bilir.

NÜMUNƏ. Culizanın uşaqlığı heç də gözəl keçməyib. Çox kasıb ailədə böyüyüb, atası əyyaş olub. Onlar tez-tez bir evdən başqa evə köçürdülər. Əvvəllər Culiza taleyindən narazı idi. Amma sonra hər şeyə başqa cür baxmağa başladı. Ona dəyişməyə nə kömək etdi? O bölüşür: «Hələ valideynlərim problemlərini həll etməmişdən qabaq mən Müqəddəs Kitabın köməyilə həyata baxışımı dəyişdim. İndinin özündə də Allahın Kəlamı məni bədbinliyə qərq olmaqdan saxlayır. İnsanlar xoşuma gəlməyən hərəkəti edəndə bunun səbəbini başa düşməyə çalışıram».

Culiza Allahın Kəlamındakı prinsiplərin gözəlliyini öz təcrübəsindən gördü. Oradakı məsləhətlər xoşagəlməz vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Məsələn, Efeslilərə 4:23 ayəsində deyilir: «Daima düşüncə tərzinizi yeniləşdirməlisiniz».

Bu sözlər göstərir ki, məsələyə başqa tərəfdən baxmaq mümkündür. Siz düşüncə tərzinizi yeniləşdirə bilərsiniz. Amma bu, daimi prosesdir. Elə buna görə də ayədə deyilir ki, «daima düşüncə tərzinizi yeniləşdirməlisiniz».

2 NİKBİNLİYƏ KÖKLƏNİN

ALLAHIN KƏLAMINDA DEYİLİR: «Məzlumun hər günü qaradır, amma könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15).

AYƏNİN MƏĞZİ. Hər şeyə mənfi tərəfdən baxsanız, özünüzü «məzlum» kimi hiss edəcəksiniz və hər gününüz sizin üçün qara olacaq. Yox əgər hər şeyə müsbət tərəfdən baxsanız, gününüz ağ, könlünüz şad olacaq. Seçim sizindir.

NÜMUNƏ. Yankonun beynində şiş var idi. Şişi götürmək üçün bir neçə dəfə əməliyyat olunandan sonra onun nitqində və hərəkətlərində qüsurlar yarandı. Belə vəziyyətdə məqsədlərinə çata bilməyəcəyini düşündükcə çox üzülürdü. Bu hisslər onda illərlə davam etdi. Amma sonra o, baxışını dəyişdi. Yanko bölüşür: «Fikrimi edə bilməyəcəyim şeylərə yox, ruhlandırıcı şeylərə cəmləməyi öyrəndim».

Bu sahədə Yankoya Müqəddəs Kitabı oxumaq kömək etdi. O deyir: «Bu, mənə nikbin qalmağa kömək edir. Böyük məqsədlərimdən tamamilə imtina etməmişəm, amma hələ ki, çata biləcəyim kiçik məqsədlərə can atıram. Bəzən ağlıma bədbin fikirlər gəlir. Lakin xoşbəxt olmağa çoxlu səbəblərim olduğu üçün onların üzərində düşünüb həmin fikirləri qova bilirəm».

Yanko kimi, siz də bədbin fikirlərlə mübarizə aparıb onları nikbin fikirlərlə əvəz edə bilərsiniz. Problemləriniz varsa, məsələn, Yanko kimi xəstəliyinizlə çarpışırsınızsa, özünüzdən soruşun: «Vəziyyətim doğrudan da çıxılmazdır? Bu dalandır, yoxsa sadəcə bağlı bir yol?» Əhvalınızı qaldıran şeylər haqda düşünərək bədbin fikirlərdən azad olun.

 3 SAVAB İŞLƏR GÖRÜN

ALLAHIN KƏLAMINDA DEYİLİR: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

AYƏNİN MƏĞZİ. İnsan başqalarına təmənnasız əl tutanda özünü xoşbəxt hiss edir. Çünki Allah bizi yalnız öz tələbatlarımızı təmin etmək üçün yaratmayıb (Filippililərə 2:3, 4; 1 Yəhya 4:11). Savab iş görməyin gətirdiyi sevinc problemlərimizi aşmağa kömək edir.

NÜMUNƏ. Hoşua adlı bir nəfər spina bifida (onurğa sütununda yırtıq) adlı xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik ucbatından o, çox vaxt ağrıdan qıvrılır. Amma Hoşua başqalarına kömək etməklə həyatdan zövq alır. O bölüşür: «“Bunu edə bilmərəm” deyib oturmuram, əksinə, savab iş görmək üçün fürsət axtarıram. Başqalarına kömək etmək həyatıma sevinc qatır».

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Fədakarlıq göstərmək üçün fürsət axtarın. Məsələn, bəlkə naxoşlayan qonşunuz üçün yemək bişirəsiniz? Ev işlərində köməyə ehtiyac duyan yaşlı insanlar tanıyırsınız? Onlara yardım əlinizi uzadın.

Bağa qulluq lazım olduğu kimi, baxışlarınıza da quluq etmək lazımdır. Bədbin, mənfi fikirləri alaq otlarıtək beyninizdən çıxardıb yerinə nikbin toxumlar əkin. Sizdə müsbət əhval-ruhiyyə yetişdirəcək işlərlə həyatınızı gübrələyin. Onda biçəcəyiniz hisslər həyatınızı daha mənalı edəcək. Bu, bir daha təsdiq edəcək ki, baxışdan çox şey asılıdır!

İnsanlar sağlamlıqları naminə bəzi qida məhsullarından imtina edirlər. Siz də bədbin fikirlərdən bu cür imtina edə bilərsiniz

Əlavə məlumat

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

İsa peyğəmbər rəhbərliyə nəyə görə ehtiyacımızın olduğunu və Müqəddəs Kitabdakı hansı iki prinsipin ən vacib olduğunu izah etdi.