Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 6, 2016

 Bioqrafiya

Əlim-qolum olmasa da, Allahın Kəlamından bərk yapışmışam

Əlim-qolum olmasa da, Allahın Kəlamından bərk yapışmışam

İnsanın ayağı büdrəyəndə dərhal nədənsə yapışır. Ancaq mən bunu edə bilmirəm, çünki nə əlim var, nə də qolum. Yeddi yaşım olanda həyatımı xilas etmək üçün qollarımı çiynimdən aşağı amputasiya etdilər.

Mən 1960-cı ildə dünyaya gəlmişəm. Həmin vaxt anamın 17 yaşı var idi. Mən hələ dünyaya gəlməmiş atam bizi atıb getmişdi. Anamla mən Almaniya Demokratik Respublikasının Burq şəhərində anamın valideynlərinin yanında qalırdıq. Buradakı camaatın əksəriyyəti ateist idi. Elə bizim ailə də. Allahın olduğuna inanmırdıq.

Babam mənə çox vaxt ayırırdı. O, mənə ağacları budamaq kimi cürbəcür işlər tapşırırdı. Belə işlərdən çox xoşum gəlirdi. Həyatım qayğısız və şən keçirdi.

HƏYATIMI ALT-ÜST EDƏN BƏDBƏXT HADİSƏ

Bu xoşbəxtliyim yeddi yaşıma qədər çəkdi. İkinci sinfə təzəcə keçmişdim. Bir gün məktəbdən evə qayıdanda elektrik dirəyinə çıxdım. Haradasa səkkiz metr yuxarı qalxmışdım ki, birdən məni cərəyan vurdu. Gerisindən xəbərim olmadı. Gözümü açanda gördüm ki, xəstəxanadayam. Qollarımı hiss etmirdim, onlar çox pis yanmışdılar. Həkimlər dedi ki, əgər amputasiya olunmasa, qanıma zəhər keçəcək. Anamla babamgilin həmin vaxt nə keçirdiklərini yəqin təsəvvür edə bilərsiniz. Ancaq mən uşaq olduğum üçün bunun hansı fəsadlar gətirəcəyini dərk etmirdim.

Xəstəxanadan çıxandan sonra yenidən məktəbə getdim. Uşaqlar məni ələ salırdılar, itələyirdilər, qəsdən üstümə nəsə atırdılar, çünki bilirdilər ki, onlara heç nə edə bilməyəcəyəm. Onların belə qəddar münasibəti, məni alçaltmaları qəlbimi yaralayırdı. Axırda məni Birkenverderdəki fiziki qüsurlu uşaqlar üçün məktəbə göndərdilər. Məktəb evimizdən çox uzaq olduğu üçün anamgil yanıma gələ bilmirdi. Onları ancaq tətildən-tətilə görürdüm. Beləcə, on il anamdan və babamgildən uzaqda böyüdüm.

QOLSUZ YAŞAMAĞI ÖYRƏNİRƏM

Mən çox şeyi ayaqlarımla etməyi öyrəndim. Heç həyatınızda qaşığı və ya çəngəli ayaq barmaqları ilə tutub yemək yeyən insan görmüsünüz? Mən bunu birtəhər öyrəndim. Ayağımın köməyi ilə dişlərimi fırçalamağı və saçımı daramağı da öyrəndim. Hətta insanlarla danışanda da ayaqla jestlər edirəm. Bəli, ayaqlarım əllərimi əvəz etdi.

Yeniyetmə yaşlarında elmi fantastik ədəbiyyatlar oxumağı sevirdim. Bəzən öz-özümə təsəvvür  edirdim ki, guya hər bir işi görə bilən robot qollarım var. On dörd yaşım olanda siqaret çəkməyə başladım. Siqaret çəkmək özümə inamımı artırırdı, özümü hamı kimi normal hiss edirdim. Bununla sanki öz-özümə deyirdim: «Nə olsun ki, qolum yoxdur, mən də siqaret çəkə bilərəm. Mən də böyük insanam».

Həmişə hansısa işlə məşğul olurdum. İctimai fəaliyyətlərdə iştirak edirdim. Dövlətin dəstəklədiyi Azad Alman Gəncləri təşkilatının üzvü oldum. Orada katib kimi işləyirdim. Bu, çox hörmətli vəzifə idi. Həmçinin musiqi klubuna gedirdim, poeziya gecələri təşkil edirdim, fiziki qüsurlu insanlar üçün idman növləri ilə məşğul olurdum. Peşə məktəbini bitirəndən sonra şəhərimizdəki şirkətlərin birində işləməyə başladım. Vaxt keçdikcə protez qollarımı tez-tez taxırdım, çünki normal insan olmaq istəyirdim.

ALLAH HAQDA HƏQİQƏTİ QƏBUL EDİRƏM

Bir gün işə getmək üçün qatar gözləyəndə bir kişi mənə yaxınlaşıb soruşdu: «Siz bilirsiniz ki, Allah sizin qollarınızı geri qaytara bilər?» Onun bu sualını eşidəndə bir anlıq duruxdum. Düzdür, istəyərdim qollarım olsun, ancaq bu, heç vaxt mümkün ola bilməzdi. Ateist olduğum üçün əmin idim ki, Allah yoxdur. O vaxtdan həmin kişini görəndə yolumu dəyişirdim.

Bir müddət sonra iş yoldaşım məni öz evinə dəvət etdi. Süfrə arxasında valideynləri Yehova Allah haqda danışmağa başladılar. Allahın adının olduğunu ilk dəfə idi eşidirdim (Zəbur 83:18). Ürəyimdə dedim: «Adının nə olmasının fərqi yoxdur, çünki Allah onsuz da mövcud deyil. Onlara səhv olduqlarını sübut edəcəyəm». Allahın olmadığına tam əmin olduğum üçün bu mövzuda davamlı söhbət etməyə razılıq verdim. Lakin maraqlısı onda oldu ki, onlara bunu sübut edə bilmədim.

Müqəddəs Kitabdakı peyğəmbərlikləri araşdırdıqca Allahın varlığı ilə bağlı fikirlərim dəyişməyə başladı. Allahın yüzlərlə, hətta minlərlə il öncə dediyi sözlərin hamısı yerinə yetmişdi. Müqəddəs Kitab mövzusunda apardığımız söhbətlərin birində hal-hazırda dünyada cərəyan edən hadisələri Mətta 24, Luka 21 və 2 Timutiyə 3-cü fəsildəki peyğəmbərliklərlə müqayisə etdik. Necə ki həkim bir neçə simptom əsasında xəstəyə düzgün diaqnoz qoya bilir, eynilə, bu ayələrdə yazılanların hamısının eyni vaxtda baş verdiyini görmək «axırzamanda» * yaşadığımızı anlamağa kömək edir. Mən məəttəl qalmışdım: bütün bu deyilənlər mənim gözümün önündə yerinə yetirmiş.

Öyrəndiklərimin həqiqət olduğuna əmin oldum. Yehova Allaha dua etməyə başladım. Dəhşət siqaret çəkən olsam da, onu tərgitdim. Haradasa bir il ərzində Müqəddəs Kitabı öyrəndim. 1986-cı il aprelin 27-si vanna otağında gizlincə vəftiz olundum. Gizlincə vəftiz olmağımın səbəbi həmin vaxtlar Almaniyada Yehovanın Şahidlərinin fəaliyyətinin qadağa altında olması idi.

 BAŞQALARINA KÖMƏK EDİRƏM

Fəaliyyətimiz qadağan olunduğu üçün biz kiçik qruplar şəklində evlərdə yığışırdıq, buna görə də çox az adamı tanıyırdım. Gözlənilmədən dövlət mənə Qərbi Almaniyaya getməyə izin verdi. Orada Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunmamışdı. Həyatımda birinci dəfə Yehovanın Şahidlərinin böyük toplantısında iştirak etdim. Mən orada minlərlə dindaşımı gördüm. Keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm.

Berlin divarı aşırılandan sonra Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulmuş qadağa götürüldü. Nəhayət, biz Yehova Allaha azad şəkildə ibadət edə bilərdik. Mən həmişəkindən çox təbliğ etmək istəyirdim. Ancaq tanımadığım insanlarla ünsiyyət qurmaqdan çəkinirdim. Əlil olduğuma görə, həmçinin uşaqlıq illərimin çoxunu fiziki qüsurlu uşaqlar üçün internat evində keçirdiyim üçün özümü başqalarından aşağı hiss edirdim. Ancaq 1992-ci ildə qarşıma məqsəd qoydum ki, bir ay ərzində 60 saat başqalarına Allah haqqında təbliğ edəcəyəm. Bunu bacardım və çox sevinirdim. Beləcə, qərara gəldim ki, hər ay təbliğə bu qədər vaxt ayırım və bu, məndə düz üç il alındı.

Müqəddəs Kitabda yazılmış bir ayəni heç vaxt unutmuram: «Kim zəifdirsə, mən də onunla birlikdə zəifəm» (2 Korinflilərə 11:29). Nə olsun, əlim-qolum yoxdur, ağlımla səsim ki yerindədir. Buna görə də başqalarına bacardığım qədər kömək etməyə çalışıram. Əlil olduğum üçün fiziki qüsurlu insanların hisslərini başa düşürəm. Nəyisə etmək istəyib, lakin edə bilməməyin nə demək olduğunu yaxşı bilirəm. Bu səbəbdən belə hisslər keçirənlərə sözlərimlə qol-qanad verməyə çalışıram. İnsanlara bu cür kömək etmək məni xoşbəxt edir.

Başqalarına Müqəddəs Kitabdakı xoş xəbəri çatdırmaq məni xoşbəxt edir

YEHOVA ALLAH MƏNƏ HƏR GÜN DAYAQDIR

Etiraf edirəm ki, hərdən bədbinliyə qapılıram. Tək istədiyim, hamı kimi normal insan olmaqdır. Gündəlik işləri özüm görə bilirəm, ancaq buna çoxlu vaxtım, gücüm və enerjim gedir. Hər günümü bu şüarla yaşayıram: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Gündəlik işləri görmək üçün Yehova Allah mənə hər gün güc verir. Bir şey bilirəm ki, Yehova məndən heç vaxt köməyini əsirgəmir. Bəs mən niyə Ona ibadət etməyi dayandırım?

Yehova Allah mənə uşaqlığımdan bəri həsrətində olduğum ailə nəsib edib. Mənim Elka adında çox gözəl həyat yoldaşım var. O, çox mehriban və şəfqətlidir. Bundan əlavə, milyonlarla Yehovanın Şahidi mənim bacım və qardaşım olub.

Mən və həyat yoldaşım Elka

Allahın yer üzünü Cənnətə çevirməsi ilə bağlı vədi mənə təskinlik verir. Bu vədə əsasən, Allah hər şeyi təzələyəcək, elə mənim qollarımı da (Vəhy 21:5). İsa peyğəmbərin yer üzündə olarkən etdikləri üzərində düşünəndə bu sözləri daha yaxşı başa düşürəm. O, şikəst insanları sağaldırdı, hətta qulağı kəsilmiş insanın qulağını bərpa etmişdi (Mətta 12:13; Luka 22:50, 51). Yehova Allahın verdiyi vədlər və İsa peyğəmbərin göstərdiyi möcüzələr məni əmin edir ki, mən çox tezliklə normal insan olacağam.

Ən böyük nemət isə Yehova Allahı tanımaqdır. O, mənim üçün həm ata, həm də dostdur. Gücü və təsəllini Ondan alıram. Davud peyğəmbərin keçirdiyi hisslərə şərikəm: «Yehova gücüm, qalxanımdır... Onun köməyini gördüm, qəlbim sevincdən coşur» (Zəbur 28:7). Allahın Kəlamından öyrəndiyim bu möhtəşəm həqiqəti bütün ömrüm boyu qorumaq istəyirəm. Əlim-qolum olmasa da, ondan ikiəlli yapışmışam.

^ abz. 17 Axırzamanın əlamətləri haqda ətraflı məlumatı «Müqəddəs Kitab təlimləri» kitabının 9-cu fəslinin «Dünyanın sonu» adlı məqaləsindən tapa bilərsiniz. Kitab Yehovanın Şahidləri tərəfindən nəşr olunub və onu www.jw.org/az-latn saytından əldə edə bilərsiniz.