Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2015

 ÜZ QABIĞINDAKI MÖVZU | UŞAQLARIN TƏRBIYƏSI NIYƏ KORLANIB?

İşə yarıyan tərbiyə

İşə yarıyan tərbiyə

VALİDEYN olmaq hələm-hələm asan iş deyil. Amma əgər valideyn uşağına yerində qulaqburması vermirsə, onda işi daha da çətinləşir. Çünki tərbiyə verilməsə, 1) uşaq yenə də öz bildiyini edəcək, bu isə valideyni əldən salacaq; 2) valideynlər hər dəfə bir hava çalacaq, bu da uşağı çaş-baş qoyacaq.

Amma məhəbbətlə, bir istiqamətdə verilən tərbiyə uşağın düşüncəsini işlədəcək və xasiyyətini düzgün formalaşdıracaq. Həmçinin bunun sayəsində uşaq təhlükəsiz mühitdə böyüyüb məsuliyyətli vətəndaş olacaq. Bəs uşaqlara düzgün tərbiyə vermək üçün etibarlı məsləhətləri haradan tapmaq olar?

Müqəddəs Kitabın dəyərli prinsipləri

Bu jurnalı dərc edən Yehovanın Şahidləri əmindirlər ki, Müqəddəs Kitab, orada da yazıldığı kimi, «təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır» (2 Timutiyə 3:16). Allahın Kəlamı sadəcə valideyn üçün göstəriş kitabı deyil, oradakı prinsiplər bütün ailə üçün gözəl rəhbərlikdir. Gəlin bir neçə prinsipi nəzərdən keçirək.

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Axmaqlıq uşağın ürəyində kök salar» (Məsəllər 22:15).

Uşaqlar diqqətcil və mülayim olsalar da, onlar axmaqlıq etməyə də meyillidirlər. Buna görə də uşaqların tərbiyəyə ehtiyacı var (Məsəllər 13:24). Bunu bilmək sizi valideynlik borcunuzu yerinə yetirməyə təşviq edəcək.

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Uşaqdan tərbiyəni əsirgəmə» (Məsəllər 23:13).

Qorxmayın ki, verdiyiniz sabit tərbiyə uşaqlarınıza mənfi təsir edəcək, ya da gələcəkdə onlar sizə kin saxlayacaq. Məhəbbətlə verilən tərbiyə uşaqlarınıza düzəlişləri təvazökarlıqla qəbul etməyə kömək edəcək. Bu xüsusiyyət onlara böyüyəndə də lazım gələcək (İbranilərə 12:11).

 MÜQƏDDƏS KİTABDA YAZILIB: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

Təbii ki, valideynlər uşaqlarını qorumaq istəyir. Amma burada da ifrata varmaq lazım deyil. Uşağınızın səhv hərəkətinin aqibətindən onu qurtarırsınızsa, yaxud da müəllim və ya başqa birisi sizə ondan şikayətlənəndə onu müdafiə edirsinizsə, fikirləşməyin ki, bu uşağın xeyrinədir. Əksinə, siz irad tutanlarla əlbir olmalısınız. Çünki belə etməklə siz onlara, özünüz də daxil olmaqla, özlərindən böyüklərə hörmət etməyi aşılayacaqsınız (Koloslulara 3:20).

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Ərköyün uşaq anasını xəcil edər» (Məsəllər 29:15).

Valideynlər təhqiramiz sözlərdən qaçmalıdırlar, eyni zamanda da digər ifrata varıb hər şeyə göz yummamalıdırlar. Bir kitabda deyilir: «Valideynlər uşaqlarına hər şeyə icazə verəndə, uşaqlar ailədə kimin başçı olduğunu bilmirlər» («The Price of Privilege»). Əgər siz məsuliyyəti öz üzərinizə götürməsəniz, uşağa elə gələcək ki, sükan onun əlindədir. İstər-istəməz, övladınız səhv qərarlar verəcək, bu da həm ona, həm də sizə başağrısı gətirəcək (Məsəllər 17:25; 29:21).

MÜQƏDDƏS KİTABDA YAZILIB: «İnsan... arvadına bağlanacaq və ikisi bir bədən olacaq» (Mətta 19:5).

Allahın Kəlamına əsasən, kişi ilə qadın yalnız evlənəndən sonra uşağa sahib olmalıdırlar və uşaq böyüyüb evi tərk edəndə də, onlar birlikdə olmalıdırlar (Mətta 19:5, 6). Bu da o deməkdir ki, siz əvvəla həyat yoldaşısınız, sonra isə valideyn. Əgər bu tərsinə olarsa, onda uşağınız özü barədə lüzumundan artıq fikirləşəcək (Romalılara 12:3). Uşaq diqqət mərkəzində olan ailələrdə ər-arvad münasibətləri zəifləyir.

Valideynlərə kömək

Valideynlik borcunuzu yerinə yetirmək üçün verdiyiniz tərbiyə aşağıdakı prinsiplərlə üst-üstə düşməlidir.

Məhəbbətli olun. «Uşaqlarınızı qəzəbləndirməyin, yoxsa onlar ruhdan düşərlər» (Koloslulara 3:21).

Konkret olun. «Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun» (Mətta 5:37).

Tarazlı olun. «Səni lazımi ölçüdə islah edəcəyəm» (Ərəmya 30:11) *.

^ abz. 21 Daha ətraflı məlumat almaq üçün jw.org/az-latn saytına daxil olun. MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > ƏR-ARVAD VƏ VALİDEYNLƏR bölməsinə daxil olub «Uşağın tutması tutanda»«Yeniyetmə ilə necə dil tapmalı?» adlı məqalələrə baxın.

Məhəbbətli, konkret və tarazlı olun

Əlavə məlumat

Ailə səadəti

Yehova xoşbəxt Allah olduğu üçün ailələri xoşbəxt görmək istəyir. Öyrənin görün Allahın Kəlamında ərlər, arvadlar, valideynlər və uşaqlar üçün hansı məsləhətlər var.