Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2014

 AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Düzəlişləri necə qəbul etməlisən?

Düzəlişləri necə qəbul etməlisən?

ÇƏTİNLİK

«Əgər kimsə sənə düzəliş edirsə, deməli, nəyisə səhv etmisən. “Təki hamı mənə düzəliş etsin” deyən adama hələ rast gəlməmişəm» (Elmira, 17 yaş) *.

Düzəlişi qəbul etməyən insan dispetçerdən gələn göstərişləri qulaqardına vuran pilota bənzəyir. Aqibəti faciəli ola bilər.

Valideynlərin, müəllimlərin və başqa kimsə sənə düzəliş edəndə bunu qəbul eləmək çətin gəlir? Onda bu məqalə sənin üçündür.

NƏYİ BİLMƏLİSƏN?

Hamımızın düzəlişə ehtiyacı var.

«Hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).

«Səhv iş tutanda kiminsə sənə düzəliş etməsində utanılası heç nə yoxdur» (Cessika).

Sənə düzəliş edilməsi heç də pis insan olduğundan xəbər vermir.

«Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər» (Süleymanın məsəlləri 3:12).

«Kimsə mənə düzəliş edəndə çalışıram, həmin adam üçün məsləhət verməyin nə qədər çətin olduğunu və bunu mənə məhəbbətindən irəli gələrək etdiyini başa düşüm» (Tamara).

Düzəlişlər sayəsində sən daha yaxşı insan ola bilərsən.

«Verdiyim tərbiyəyə qulaq asın, hikmət alın»

(Süleymanın məsəlləri 8:33).

«Düzəlişlər gənclərin bir şəxsiyyət kimi formalaşmaları üçün zəruridir. Bu, başqalarının gözündə necə insan olduğunu görməyə, eləcə də xasiyyətində özünün də xəbərin olmadan yaranan pis cəhətləri nəzarət altında saxlamağa kömək edir» (Dian).

 NƏ ETMƏK OLAR?

Vəziyyətə obyektiv yanaş. Ola bilsin, sənə düzəliş ediləndə inciyirsən. Amma çalış, hisslərə qapılmayasan. Bunun üçün bir anlığa olduğun vəziyyəti unut və təsəvvür et ki, sənə verilən məsləhəti sən başqasına, məsələn, kiçik bacına və ya qardaşına verirsən. İndi heç olmasa bir az məsləhətin faydasını görürsən? İndi bunu özünə aid et. (Müqəddəs Kitab prinsipi: Vaiz 7:9.)

«Bəzən tənqid eşidəndə ruhdan düşürsən. Hətta belə anlarda unudursan ki, əslində, məsləhət verənin sənin xətrinə dəymək fikri olmayıb. O, sadəcə sənin daha yaxşı insan olmağına kömək etmək istəyirdi» (Teresa).

Təvazökar ol. Qoyma ki, qürurun məsləhəti qəbul etməyinə mane olsun. Digər tərəfdən də, yol vermə ki, sadəcə hansısa çatışmayan cəhətinin üzərində işləməli olduğuna görə ruhdan düşəsən. Təvazökar olsan, hər iki ifratçılıqdan qaçacaqsan. Yadda saxla: xətrinə dəyən məsləhət çox vaxt sənə lazım olan məsləhət olur. Əgər hər hansı bir səbəbə görə məsləhəti qəbul etmirsənsə, onda dəyərli bir imkanı — bir şəxsiyyət kimi formalaşmaq imkanını əldən vermiş olursan. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 16:18.)

Xətrinə dəyən məsləhət çox vaxt sənə lazım olan məsləhət olur

«Yetkin insan olmaq üçün ən vacib şərtlərdən biri düzəlişləri qəbul etməkdir. Bunu, eləcə də onlardan faydalanmağı öyrənməsək, özümüzə pislik eləmiş olacağıq» (Lena).

Minnətdar ol. Düzəlişi qəbul etmək sənin üçün nə qədər çətin olsa da, həmin insana öz təşəkkürünü bildirməlisən. Şübhə yoxdur ki, o, bunu yaxşı niyyətdən irəli gələrək və sənin yaxşılığını istədiyi üçün edib. (Müqəddəs Kitab prinsipi: Məzmur 141:5.)

«Heç vaxt, xüsusilə də məsləhətə ehtiyacın olduğu anlarda “çox sağ ol” demək artıqlıq etməz. Hətta məsləhətin yeri olmasa belə, ən azı, zəhmət çəkib sənə yaxınlaşdığına görə təşəkkür edə bilərsən» (Karla).

^ abz. 4 Məqalədəki bəzi adlar dəyişib.