Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2014

 MÜSAHİBƏ | FENQ-LİNQ YANQ

Mikrobioloq imanı barədə danışır

Mikrobioloq imanı barədə danışır

Fenq-Linq Yanq Taybeydə (Tayvan) mərkəzi tədqiqat akademiyasında baş assistent işləyir. Onun işi elmi jurnallarda dərc olunub. O, təkamül nəzəriyyəsinə inanırdı. Amma sonradan fikri dəyişdi. «Oyanın!» jurnalının müxbiri ondan elmi fəaliyyəti və imanı barədə müsahibə götürdü.

Bir az keçmişinizdən danışın.

Valideynlərim çox kasıb idilər. Anam oxumağı bacarmırdı. Biz Taybey şəhərinin yaxınlığında yerləşən, tez-tez daşqınların baş verdiyi ərazidə donuz bəsləyir, tərəvəz becərirdik. Valideynlərim mənə zəhmətkeş olmağı, başqalarına əl tutmağı öyrətmişdilər.

Ailəniz dindar olub?

Ailəm daosizmə sitayiş edirdi. Biz tanrıya qurbanlar gətirirdik, amma onun haqda heç nə bilmirdik. «Nəyə görə dünyada bu qədər əzab-əziyyət var?», «İnsanlar niyə belə eqoistdirlər?» kimi suallar məni narahat edirdi. Mən daosizm, buddizm, şərq və qərb tarixi haqda kitablar oxumuşdum. Hətta bir neçə kilsəyə getmişdim. Amma suallarımın heç birinə cavab tapmamışdım.

Nə üçün elmlə məşğul olmaq qərarına gəldiniz?

Riyaziyyatı sevirdim. Fiziki və kimyəvi qanunların canlıların və cansızların quruluşunun tənzimlənməsində göstərdiyi təsir məni heyran edirdi. Ucsuz-bucaqsız kainatdan tutmuş ən xırda mikrobadək, bir sözlə, hər şeyin bu qanunlarla tənzimlənən öz quruluşu var. Mən məhz bu qanunları başa düşmək istəyirdim.

Nəyə görə siz təkamül nəzəriyyəsinə inanırdınız?

Mənə bunu təkzib edəcək heç nə öyrətməmişdilər. Həm yuxarı sinifdə, həm də universitetdə eşitdiyim yeganə təlim təkamül nəzəriyyəsi olub. Bir mikrobioloq kimi, məndən təkamül nəzəriyyəsini qəbul etməyim gözlənilirdi.

Bir mikrobioloq kimi, məndən təkamül nəzəriyyəsini qəbul etməyim gözlənilirdi

Sizi Müqəddəs Kitabı oxumağa nə təşviq etdi?

1996-cı ildə mən Almaniyaya köçdüm və aspiranturanı oxumağa başladım. Növbəti il Yehovanın Şahidi olan Simon adlı bir  xanımla tanış oldum. O, məni narahat edən suallarımın cavabını Müqəddəs Kitabdan göstərməyi təklif etdi. Müqəddəs Kitabda həyatın məqsədi ilə bağlı yazılanları deyəndə mənə maraqlı gəldi. Hər səhər saat beşin yarısı durub bir saat Müqəddəs Kitab oxumağa başladım. Sonra oxuduqlarımın üzərində düşünmək üçün gəzməyə çıxırdım. Bir il ərzində Müqəddəs Kitabı tam oxuyub bitirdim. Peyğəmbərliklərin dəqiqliyi məni riqqətə gətirmişdi. Vaxt ötdükcə, Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna əmin oldum.

Həyatın başlanğıcı haqda nə fikirləşirdiniz?

Mən bu haqda ciddi fikirləşməyə başlayanda, yəni 1990-cı illərin sonlarında, molekulyar bioloqlar başa düşdülər ki, canlılarda gedən kimyəvi proseslər onların düşündüklərindən daha mürəkkəb imiş. Təbii ki, hüceyrələrdəki zülalların kimyəvi quruluşuna görə ən mürəkkəb molekul olduğu alimlərə çoxdan məlum idi. Amma o illərdə onlar aşkar etməyə başladılar ki, zülal birləşmələri hərəkət edən elementləri olan zərif mexanizm formasında necə təşkil olunub. Molekulyar mexanizm 50-dən çox zülaldan ibarət ola bilər. Hətta ən sadə hüceyrənin belə, məsələn, enerji istehsal etmək, məlumatı köçürmək və membrandan keçən maddələrə nəzarət etmək üçün müxtəlif mexanizmlər məcmusuna ehtiyacı var.

Hansı nəticəyə gəldiniz?

Öz-özümə fikirləşdim: «Görəsən, zülal mexanizmlərinin belə mükəmməl təşkili necə mümkün olub?» Həmin ərəfədə bu sual hüceyrədəki kimyəvi proseslərin bu qədər mürəkkəb olduğunu ağıllarına belə gətirməyən bir sıra alimləri də maraqlandırırdı. Birləşmiş Ştatlarda biokimya üzrə bir professor dərc etdiyi kitabda iddia edirdi ki, hüceyrədə olan molekulyar mexanizmlər olduqca mürəkkəbdir və onlar təsadüfi yarana bilməzlər. Mən onun fikri ilə razılaşdım və belə bir qənaətə gəldim ki, həyat öz-özünə yarana bilməz.

Öz-özümə fikirləşdim: «Görəsən, zülal mexanizmlərinin belə mükəmməl təşkili necə mümkün olub?

Nəyə görə siz Yehovanın Şahidi oldunuz?

Simonun səhhətində problem olmasına baxmayaraq, mənimlə Müqəddəs Kitabı araşdırmaq üçün hər həftə 56 kilometr yol qət edirdi. Bu, mənə dərin təsir bağışlayırdı. Almaniyada nasistlərin vaxtında bəzi Yehovanın Şahidləri siyasi bitərəfliklərinə görə həbs düşərgələrinə göndərilmişdi. Onların cəsarəti haqda biləndə çox təsirləndim. Yehovanın Şahidlərinin Allaha olan məhəbbətini görəndə onlar kimi olmaq istədim.

Allaha iman gətirməyinizin sizə hansı faydası oldu?

Həmkarlarım deyir ki, mən indi daha xoşbəxtəm. Keçmişdə kasıb olduğumuza görə özümü ən aşağı insan sayırdım. Harada böyüdüyüm, kim olduğum, valideynlərim haqda heç vaxt söz açmırdım. Amma indi Müqəddəs Kitabdan öyrəndim ki, Allah insanların sosial təbəqəsinə baxmır. İsa Məsih, mənim kimi, kasıb ailədə böyümüşdü. Bu gün mən valideynlərimin qayğısına qalıram, onları başqaları ilə tanış etmək mənim üçün xoşdur.

Əlavə məlumat