Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2013

 ÜZ QABIĞINDA

Pulla satın alınmayan üç şey

Pulla satın alınmayan üç şey

NƏ QƏDƏR qəribə görünsə də, bir çoxları işlərini, evlərini və hətta təqaüdlərini itirmək təhlükəsi ilə üzləşdikdə belə sağa-sola pul xərcləmək vərdişlərindən əl çəkmirlər.

Belə insanlar reklamçıların asan hədəfinə çevrilirlər. Reklamçılar: «Sənin daha böyük evin, lüks maşının, brend geyimlərin olmalıdır», — deyərək mallarını sırımaq üçün min cür üsullara əl atırlar. «Bəs pul?» «Nə pul! Kreditin canı sağ olsun». Borc içində batsalar da, bir çoxlarının məqsədi kənardan pullu görünməkdir.

Əlbəttə ki, gec-tez onlar xülyadan oyanmalı olurlar. «Narsizim epidemiyası» kitabında deyilir: «Özlərini pullu göstərmək və varlı hiss etmək üçün kreditə gözalıcı mallar almaq əhvalı qaldırmaq üçün krek-kokain çəkməyə bənzəyir. Hər ikisi də əvvəl-əvvəl ucuz başa gəlir və doğrudan da işə yarayır, amma bu, çox çəkmir. Əvvəl-axır insanı soyub soğana çevirir və depressiyaya salır» («The Narcissism Epidemic»).

Müqəddəs Kitabda «insanın öz varı ilə lovğalanması»nın axmaqlıq olduğu göstərilir (1 Yəhya 2:16). Həqiqət ondan ibarətdir ki, pul, mal-mülk hərisi olmaq insanı həyatda ən vacib şeylərdən yayındırır, o şeylərdən ki, onları pulla almaq mümkün deyil. Bunlardan üçünə nəzər salaq.

 1. AİLƏDƏ BİRLİK

ABŞ-da yaşayan Brianna * adlı yeniyetmə atasının işinə və pula daha çox dəyər verdiyini hiss edir. O deyir: «Bizim hər şeyimiz var, özü də artıqlaması ilə, lakin atamın üzünə həsrətik, o, həmişə ezamiyyətdədir. Başa düşürəm ki, bu, onun işidir, amma atamın ailədə də məsuliyyətləri var axı!»

Düşünün. Briannanın atası dönüb arxaya baxanda nəyə peşman olacaq? Pula və maddi şeylərə daha çox dəyər verməsi onun qızı ilə münasibətlərinə necə təsir edir? Ailəsi ondan nə gözləyir? Onların puldan çox nəyə ehtiyacı var?

Müqəddəs Kitab prinsipləri:

  • «Hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bəziləri... özlərinə bir çox əzablar çəkdirdilər» (1 Timoteyə 6:10, İncil, 1996).

  • «Sevgi dolu bir yerdə göyərti yemək nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır» (Süleymanın məsəlləri 15:17).

Nəticə. Pul-para ilə ailədə birliyə sahib olmaq mümkün deyil. Buna yalnız ailə ilə vaxt keçirməklə, onlara bol məhəbbət və diqqət göstərməklə sahib olmaq olar (Koloslulara 3:18—21).

 2. SIĞORTALANMIŞ GƏLƏCƏK

17 yaşlı Sara bölüşür: «Anam həmişə deyir ki, mən varlı, dövlətli oğlana ərə getməliyəm və əlimdə bir sənətim olmalıdır ki, birdən sabah nəsə olsa, yaxşı iş tapıb özümü dolandırım. Anam elə hey qazanc mənbəyi haqda düşünür».

Düşünün. Gələcək haqda fikirləşəndə narahatçılığınız üçün hansı əsaslı səbəbləriniz var? Əsaslı narahatçılıq nə zaman hədsiz narahatçılığa çevrilir? Saranın anası pul sarıdan korluq çəkməməsi üçün qızına hansı tarazlı məsləhətləri verə bilər?

Müqəddəs Kitab prinsipləri:

  • «Özünüzə yerdə xəzinə toplamağa son qoyun. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır» (Matta 6:19).

  • «Bilmirsiniz sabah başınıza nə gələcək» (Yaqub 4:14).

Nəticə. Pulun çox olması sığortalı gələcəyə zəmanət vermir. Pul hər an oğurlana bilər. O, xəstəliyə və ölümə əlac deyil (Vaiz 7:12). Müqəddəs Kitab öyrədir ki, sığortalı gələcək yalnız Allahı tanımaqdan və niyyətlərini bilməkdən asılıdır (Yəhya 17:3).

 3. DAXİLİ MƏMNUNLUQ

24 yaşlı Tanya deyir: «Valideynlərim mənə sadə yaşamağı öyrədiblər. Əkiz bacım da, mən də xoşbəxt böyümüşük, halbuki çox vaxt zəruri ehtiyaclarımızdan başqa heç nəyimiz olmurdu».

Düşünün. Zəruri ehtiyaclarla kifayətlənmək nəyə görə çətin ola bilər? Pula münasibətə gəldikdə, siz ailənizə hansı nümunəni qoyursunuz?

Müqəddəs Kitab prinsipləri:

  • «Yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlarla qane olacağıq» (1 Timoteyə 6:8).

  • «Ruhani ehtiyaclarını dərk edənlər nə xoşbəxtdirlər» (Matta 5:3, haşiyə).

Nəticə. Həyatda puldan və pulla əldə edilən əşyalardan daha önəmli şeylər var. Müqəddəs Kitabda bu haqda belə deyilir: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). Əslində, insana ən böyük məmnunluq gətirən həyatda ən vacib suallarına cavab tapmasıdır. Məsələn:

  • Biz nəyə görə yaradılmışıq?

  • Gələcəkdə bizi nə gözləyir?

  • Ruhani tələbatlarımı necə təmin edə bilərəm?

Bu jurnalı nəşr edən Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə bu sualların cavabını tapmağa kömək edəcəklər.

^ abz. 8 Bu məqalədə adlar şərtidir.

Əlavə məlumat

Ailə səadəti

Yehova xoşbəxt Allah olduğu üçün ailələri xoşbəxt görmək istəyir. Öyrənin görün Allahın Kəlamında ərlər, arvadlar, valideynlər və uşaqlar üçün hansı məsləhətlər var.