Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2013

Epilepsiya barədə nəyi bilməlisiniz?

Epilepsiya barədə nəyi bilməlisiniz?

TANIŞINIZ yanınızda huşunu itirib yerə yıxılır. Bu zaman onun bədəni keyiyir, başı, əl-ayağı qıc olub əsməyə başlayır. Əgər siz onda epilepsiya xəstəliyi olduğunu bilirsinizsə, kömək gözlədiyiniz müddətdə ona ilkin yardım göstərə bilərsiniz. Gəlin çox vaxt düzgün başa düşülməyən bu xəstəlik barədə bəzi əsas faktlara nəzər salaq.

Epilepsiya nədir? Epilepsiya qısa tutmalarla müşayiət olunan beyin fəaliyyətinin pozulmasıdır. Epileptik tutma, adətən, beş dəqiqədən az çəkir. Bu məqalənin əvvəlində təsvir olunan vəziyyət böyük epileptik tutma hallarına xasdır.

Epileptik tutmaya nə səbəb olur? Tədqiqatçıların fikrincə, tutma beyin hüceyrələri arasında elektrik fəallığın qeyri-normal sıçrayışı zamanı baş verir. Amma bunun nəyə görə baş verdiyi məlum deyil.

Kimdəsə böyük epileptik tutma baş verəndə nə etməliyəm? «Beyin və beyin pozuntuları ensiklopediyası»nda deyilir: «Ətrafda olanlar xəstənin vəziyyətinə müdaxilə etməməli və tutmanın keçib-getməsini gözləməlidirlər. Onlardan ancaq xəstə üçün heç bir fiziki təhlükənin olmadığına və onun nəfəs aldığına əmin olmaq tələb olunur». Həmin ensiklopediyada qeyd olunur ki, «epileptik tutma beş dəqiqədən çox davam edərsə, təkrarlanarsa və ya xəstə tutmadan bir neçə dəqiqə sonra özünə gəlməzsə, təcili yardım çağırmaq lazımdır».

Epileptik tutma zamanı insana necə kömək edə bilərəm? Xəstənin başının altına yumşaq bir şey qoyun və iti əşyaları başının yanından uzaqlaşdırın. Qıcolma keçəndə xəstəni, şəkildə göstərildiyi kimi, yanüstə çevirin.

Xəstə özünə gələndən sonra nə etməliyəm? İlk öncə, onu əmin edin ki, hər şey yaxşıdır. Sonra ayağa qalxmağa kömək edin və istirahət etməsi üçün sakit bir yerə aparın. Epileptik tutmadan sonra əksər xəstələr çaşqın və yuxulu vəziyyətdə olurlar. Bəziləri isə tez özlərinə gəlir və tutmadan əvvəl gördükləri işi davam etdirirlər.

Epileptik tutma həmişə qıcolma ilə müşayiət olunur? Xeyr. Bəzi xəstələrdə ani beyin durğunluğu olsa da, onlar yerə yıxılmırlar. Buna kiçik epileptik tutma və ya absan deyilir. Belə tutma qısa çəkir və başqa nəticələri olmur. Bəzi epileptiklərdə isə kiçik tutmalar bir neçə dəqiqə davam edir. Belə vəziyyətlərdə xəstə otaqda gəzinir, paltarını dartışdırır və bu kimi digər qəribə hərəkətlər edir. Epileptik tutmadan sonra onda başgicəllənmələri olur.

Epilepsiya ilə yaşamaq nə deməkdir? Aydındır ki, bir çox epileptiklər növbəti tutmanın nə zaman və harada baş verəcəyi qorxusu ilə yaşayırlar. Camaat içində pərt olmamaq üçün onlar ictimai yerlərdə olmaqdan çəkinə bilərlər.

Epilepsiya xəstəliyi olana necə dəstək ola bilərəm? Onu təşviq edin ki, hisslərini içində boğmasın, bölüşsün. Siz isə diqqətlə qulaq asın. Epileptik tutması zamanı ona necə kömək edə biləcəyinizi onun özündən soruşun. Belə xəstələrin çoxu avtomobil idarə etmir. Buna görə də ona harasa getmək və ya nə isə etmək lazımdırsa, köməyinizi təklif edə bilərsiniz.

Tutmaların sayını azaltmaq və ya onların qarşısını almaq mümkündür? Stress və kifayət qədər yatmamaq kimi bəzi amillər epileptik tutmaların baş vermə ehtimalını artırır. Buna görə də mütəxəsislər epileptiklərə stressi azaltmaq üçün kifayət qədər dincəlməyi və müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görürlər. Bəzi hallarda dərman qəbulu da tutmanın qarşısını almağa kömək edir.