Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2013

 MÜQƏDDƏS KİTABIN BAXIŞI | ALLAHIN PADŞAHLIĞI

Allahın Padşahlığı

Allahın Padşahlığı

Allahın Padşahlığı ürəyin vəziyyətidirmi?

«Sən Allahın padşahlığından uzaq deyilsən» (Mark 12:34).

İNSANLAR NƏ DEYİR?

Bir çoxları inanırlar ki, Allahın Padşahlığı, xristian dininin böyük bir qolunun sözləri ilə desək, «kiminsə ürəyində və həyatında Allahın hökmranlıq etməsidir».

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Padşahlıq insanın ürəyində Allaha təslim olduğunu təsvir etmək üçün istifadə olunan metafora deyil, bu, real hökumətdir. Allahın Padşahlığı bütün yer üzünü idarə edəcək (Məzmur 72:8; Daniel 7:14).

Bəs onda İsa Məsihin «Allahın Padşahlığı sizin içinizdədir» sözləri hansı mənanı daşıyır? (Kursiv bizimdir; Luka 17:21, İncil, 1993). İsa peyğəmbər Padşahlığın onun dinləyicilərinin ürəyində olduğunu nəzərdə tuta bilməzdi. Nə üçün? Çünki o, bu sözləri fəriseylərə demişdi. O demişdi ki, onlar Padşahlıqdan kənar ediləcəklər, çünki ibadətdə ikiüzlülük edirdilər, bu isə Allah üçün qəbuledilməzdir (Matta 23:13). Buna rəğmən, İsanın haqlı olaraq Allahın Padşahlığının onların içində və ya «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nə əsasən, onların aralarında olmasını deməsi yerinə düşürdü. Nəyə görə? Çünki İsa Allahın Padşahlığının gələcək Padşahı kimi onların qarşısında dayanmışdı (Luka 17:21).

 Allahın Padşahlığı nədir?

«Qoy padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Matta 6:10).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Padşahlıq Allahın təsis etdiyi və İsa Məsihin Padşah təyin olunduğu real hökumətdir (Matta 28:18; 1 Timoteyə 6:14, 15). Onun məqsədi həm göydə, həm də yerdə Allahın iradəsini yerinə yetirməkdir (Matta 6:10). Buna görə də Allah Öz Padşahlığı vasitəsilə bəşəriyyətin problemlərini həll edəcək. Padşahlıq insan hökumətlərinin heç vaxt edə bilmədiyi işləri həyata keçirəcək.

Allahın Padşahlığının rəhbərliyi altında bərpa olunacaq Cənnətdə bəşər ailəsi əmin-amanlıq, təhlükəsizlik və firavanlıq içində yaşayacaq (Məzmur 46:9; Yeşaya 35:1; Mikeya 4:4). Daha heç kim nə xəstələnəcək, nə də öləcək, xəstəliklərin kökü kəsiləcək (Yeşaya 33:24; Vəhy 21:4). Hətta qocalar belə cavanlaşacaq. Müqəddəs Kitabda deyilir: «Bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qayıdar» (Əyyub 33:25).

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Əgər Allahın sizdən tələb etdiyinə əməl etsəniz, kimliyinizdən və harada doğulduğunuzdan asılı olmayaraq, Allahın Padşahlığının təbəəsi ola bilərsiniz. Müqəddəs Kitabda deyilir: «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35).

Allahın Padşahlığı insanların səyi nəticəsində qurulacaq?

«Göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq» (Daniel 2:44).

İNSANLAR NƏ DEYİR?

Bəziləri düşünürlər ki, yer üzündə Allahın Padşahlığını insanlar təsis edəcək, onlar buna ya başqalarını öz dininə cəlb etməklə, ya da ki bütün dünyada sülh və həmrəylik yaratmaqla nail olacaqlar.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Bu Padşahlığı insan yox, Allah təsis edib (Daniel 2:44). Padşahlığı təsis edən zaman Allah demişdi: «Mən padşahımı müqəddəs dağım[da]... əyləşdirmişəm» (Məzmur 2:6). Allahın Padşahlığı insanların səyi nəticəsində qurulmayıb və bu Padşahlıq yer üzünü göydən idarə edəcəyi üçün insanlar onun işlərini korlaya bilməyəcəklər (Matta 4:17).

BUNUN SİZƏ HANSI AİDİYYƏTİ VAR?

Bəşəriyyətin nə vaxtsa ağ günə çıxması, sülh və firavanlığın gəlməsi, təbii ki, hər kəsin arzusudur. Ola bilsin, bunun üçün nəsə etməyə çalışmısınız, ancaq əməyinizin boşa çıxması sizi məyus edib. Amma Padşahlığın təbəəsi olsanız və bilsəniz ki, onun arxasında Allahın-Taala durur, səylərinizi daha səmərəli işlərə yönəldəcəksiniz.