Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2013

 MÜSAHİBƏ | BRETT ŞENK

Ekoloq imanı barədə danışır

Ekoloq imanı barədə danışır

Brett Şenk ABŞ-da ətraf mühit üzrə məsləhətçi işləyirdi. Hal-hazırda təqaüddə olan bu alim bitkilərin, heyvanların və ətraf mühitin qarşılıqlı əlaqəsini tədqiq edirdi. O, nəyə görə Yaradanın varlığına inanır? «Oyanın!» jurnalının müxbiri ondan alimlik fəaliyyəti və imanı ilə bağlı müsahibə götürüb.

Bir az özünüz barədə danışın.

Atam mühəndis-mexanik olub; o, həmişə mənə riyaziyyatdan, elmdən ağızdolusu danışardı. Uşaqlıqda Yeni Paris (Ohayo, ABŞ) qəsəbəsindəki evimizin yaxınlığında olan çay və gölməçələrdəki bitki və heyvanları məftunluqla seyr edərdim. Buna görə də Perdyu Universitetinə daxil olanda ekologiyanı araşdırmaq qərarına gəldim.

Dinə marağınız olubmu?

Bəli, olub. Atam məni aid olduğumuz lüteran dinini öyrənməyə təşviq etmişdi. Müqəddəs Kitabın yazıldığı dillərdən birini — koyné dilini (ümumi yunan dili) öyrəndim. Məndə Müqəddəs Kitaba qarşı dərin ehtiram yarandı.

Təkamül nəzəriyyəsi barədə nə fikirləşirdiniz?

Aid olduğum kilsə təkamül nəzəriyyəsini qəbul edirdi. Həmkarlarım da ona inanırdı. Buna görə heç vaxt bu nəzəriyyəyə şübhə ilə yanaşmırdım. Amma Allaha da inanırdım. Mənə elə gəlirdi ki, təkamül və Allaha inam bir-birinə zidd deyil. Müqəddəs Kitaba hörmət etsəm də, onun Allahdan olduğunu fikirləşmirdim.

Necə oldu ki, Müqəddəs Kitaba münasibətiniz dəyişdi?

Yehovanın Şahidləri Stiv və Sendi həyat yoldaşım Debbi ilə və mənimlə söhbət etməyə gəlmişdilər. Onlar bizə izah etdilər ki, Müqəddəs Kitab elmi kitab olmasa da, orada elmə zidd gedən heç bir fikir yoxdur. Məsələn, bir ayədə deyilir: «Dünya dairəsi üzərində yaşayan Odur» (Yeşaya 40:22, «Kitabı Mukaddes»). Digər bir ayədə isə yazılıb: «[Allah] dünyanı heçliyin üstündən asır» (Əyyub 26:7). Həmin vaxtlar ekologiyanı tədqiq etmək üçün peykdən çəkilən fotoşəkillərdən istifadə edirdim, buna görə də bu ayələri oxuyanda  məni heyrət bürüdü. Bu sözlər əsrlər öncə, hələ Yerin kürə formasında və fəzada asılı vəziyyətdə olduğunu təsdiq edən heç bir şəklin olmadığı vaxtda qələmə alınmışdı. Stivlə Sendi bizə Müqəddəs Kitabı öyrətdikcə yerinə yetən peyğəmbərliklər haqda öyrəndim və dəyərli məsləhətlər tapdım. Orada verilən izahatlar məni qane etdi. Tədricən əmin oldum ki, Müqəddəs Kitab Allahın Kəlamıdır.

Həyatın necə yarandığına dair nöqteyi-nəzəriniz nə vaxtdan dəyişib?

Bir gün Stiv Müqəddəs Kitabdan mənə bu ayəni göstərdi: «Rəbb Allah yerin torpağından adamı yaratdı» (Yaradılış 2:7). Elə bu, ilk insanın mövcudluğuna dair rəsmi sənəddir. Ağlıma belə bir sual gəldi: görəsən, Müqəddəs Kitab elmi faktlarla üst-üstə düşür? Stiv mənə təklif etdi ki, bunu özüm araşdırım, mən belə də etdim.

Təkamül haqda nə öyrəndiniz?

Çox şey. Götürək birini: təkamül nəzəriyyəsi növlərin necə əmələ gəldiyini izah etməyə çalışır. Canlılar ürək, ağciyər və göz kimi funksional orqanlardan ibarətdir. Hətta mikroskopik səviyyədə biz hüceyrələrdə fəaliyyət göstərən və möhtəşəm şəkildə dizayn edilmiş «mexanizmləri» görürük. Həmin mexanizmlər haradan peyda olub? Təkamülçülər iddia edirlər ki, ən yaxşı mexanizmləri təbiət avtomatik olaraq özü seçir, çünki həmin mexanizmlərə sahib olan canlılar həyata daha yaxşı uyğunlaşa bilir. Lakin bu, mexanizmlərin haradan peyda olduğu sualına cavab vermir. Mənə məlum oldu ki, bir çox alimlərin heç özləri də təkamülün bu suala cavab verdiyinə inanmırlar. Zoologiya üzrə bir professor mənə gizlicə etiraf etmişdi ki, təkamülün heç bir nəzəriyyəsinə inanmır. Sadəcə işini itirməkdən qorxduğu üçün öz fikirlərini dilə gətirmir.

Ekologiyanı bilməyiniz imanınızın möhkəmlənməsinə təsir edirmi?

Bəli, edir. Mənim işimə canlıların bir-biri ilə necə əlaqəli olduğunu araşdırmaq daxil idi. Təbiətdə bütün canlılar nədənsə asılıdır. Məsələn, götürək çiçəklərlə arıları. Çiçəklər elə yaradılıb ki, rəngi, ətri, şirəsi və quruluşu ilə tozlanmaq üçün arıları özlərinə cəlb edir. Arılar da eyni zamanda çiçəklərdən şirə sorur və çiçək tozunu mayalanma üçün başqa bitkiyə aparır. Göründüyü kimi, çiçəklər və arılar bir-birilərinin tələbatlarını təmin edəcək şəkildə yaradılıb.

Yerin ekosisteminin özü-özünü bərpa etmək bacarığı məni əmin edir ki, həyatı yaradan Allahdır

Ekosistemdə isə qarşılıqlı asılılıq daha geniş miqyasda müşahidə olunur. Ekosistem minlərlə növ heyvan, bitki, bakteriya və göbələyin birgə yaşadığı bir mühitdir. Bütün heyvanlar qida və oksigen baxımından bitkilərdən, çiçək açan bitkilərin əksəriyyəti isə heyvanlardan asılıdır. Ekosistemin olduqca mürəkkəb və oradakı canlıların zərif olmalarına baxmayaraq, onlar min illərlə mövcud ola bilər. Ətraf mühitə çirklənmə nəticəsində zərər dəysə belə, buna səbəb olan amillər aradan qaldırıldıqda mürəkkəb ekosistem özü-özünü bərpa edir. Yerin ekosisteminin özü-özünü bərpa etmək bacarığı haqda düşünəndə hər dəfə əmin oluram ki, həyatı yaradan Allahdır.

Nəyə görə Yehovanın Şahidi olmaq qərarına gəldiniz?

İnsanların ətraf mühiti tələf etmələri məni çox narahat edirdi. Bilirdim ki, ekosistem özü-özünü bərpa etmək bacarığına malik olsa da, o, məhvedilməz deyil. Yehovanın Şahidləri mənə dedilər ki, Müqəddəs Yazılara əsasən, Allah «yeri tələf edənləri tələf [edəcək]» (Vəhy 11:18). Bu sözlər mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Allahın Kəlamını öyrəndikcə anladım ki, oradakı ümid etibarlıdır.

İmanımı başqaları ilə bölüşməkdən sevinc duyuram. Mən bəzi alimlərə Müqəddəs Kitabdan bilik əldə etməyə kömək etmişəm. Təqaüdə vaxtından əvvəl, 55 yaşımda çıxdım ki, insanlara Yaradanımız, eləcə də möhtəşəm planetimizə dair niyyəti haqda öyrətmək üçün daha çox vaxtım olsun.

 

Əlavə məlumat

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.