Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! YANVAR 2013

 AİLƏLƏRƏ KÖMƏK | UŞAQLARIN TƏRBİYƏSİ

Yeniyetmə ilə necə dil tapmalı?

Yeniyetmə ilə necə dil tapmalı?

PROBLEM

Övladınız balaca olanda sizinlə hər şeyi bölüşərdi. Ancaq yeniyetmə yaşına çatandan ağzını belə açmır. Onunla danışmaq üçün sözü, sanki, kəlbətinlə çıxartmalı olursunuz; ya da ki o, söhbəti davaya çevirir.

Siz övladınızla dil tapmağı öyrənə bilərsiniz. Amma əvvəlcə ünsiyyəti çətinləşdirən iki amilə nəzər salaq.

SƏBƏBLƏR

Sərbəst olmaq istəyi. Yetkin və məsuliyyətli insan olmaq üçün yeniyetmə övladınız, məcazi dillə desək, tədricən sərnişin oturacağından durub sürücünün yerinə keçməli və keşməkeşli həyat yollarında «maşını» idarə etməyi öyrənməlidir. Sözsüz ki, bir çox yeniyetmələr paylarına düşən sərbəstlikdən daha çox sərbəstlik istəyirlər; bəzi valideynlər isə onlara verə biləcəklərindən daha az sərbəstlik verirlər. Nəticədə, bu, həm valideynə, həm də yeniyetməyə başağrısı verən qızğın mübahisəyə səbəb ola bilər. 16 yaşlı Anar * gileylənir: «Valideynlərim hər işimə qarışır. Mənə daha çox sərbəstlik verməsələr, 18 yaşım olan kimi evdən çıxıb gedəcəyəm!»

Götür-qoy etmək qabiliyyəti. Balaca uşaqlar üçün yalnız «düz və səhv» anlayışı mövcuddur. Onlardan fərqli olaraq, yeniyetmələr yavaş-yavaş başa düşməyə başlayırlar ki, həyatın bir çox sahələri daha mürəkkəbdir və onları tamamilə düz və ya tamamilə səhv adlandırmaq olmaz. Bu, geniş düşüncə tərzinin formalaşmasında vacib rol oynayır və gəncə sağlamdüşüncəlilik inkişaf etdirməyə kömək edir. Gəlin bir nümunəyə baxaq. Uşaq üçün ədalət anlayışı çox sadədir: «Anam bir peçenyeni iki yerə bölüb, yarısını mənə, yarısını da qardaşıma verdi». Bu halda ədalət uşaq üçün adi bir riyazi düsturdur. Yeniyetmələr isə dərk edir ki, məsələ göründüyü kimi sadə deyil. Çünki ədalətli olmaq heç də hər zaman hamı ilə eyni davranmaq, yaxud da hamı ilə eyni davranmaq heç də həmişə ədalətli olmaq demək deyil. Götür-qoy etmək qabiliyyəti inkişaf etdikcə yeniyetmənin öz fikri formalaşır və o, bu kimi mürəkkəb məsələləri artıq özü həll edir. Bəs bunun mənfi cəhəti nədir? O, sizinlə söz güləşdirməyə başlayır.

 SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Sərbəst şərait yarananda söhbət edin. Gündəlik həyatda yaranan adi vəziyyətlərdən yararlanın. Misal üçün, bəzi valideynlər fikir vermişlər ki, övladları ev işləri ilə məşğul olarkən və ya maşında gedərkən ürəklərini açıb danışmağa daha çox meyilli olurlar. Başqa sözlə desək, yeniyetmələr valideynləri ilə qabaq-qabağa yox, yanbayan oturanda özlərini daha rahat və sərbəst hiss edirlər. (Müqəddəs Kitab prinsipi: Qanunun təkrarı 6:6, 7.)

Uzun-uzadı danışmayın. Hər məsələnin üstündə ağız deyəni qulaq eşitməyənə qədər mübahisə etməyə ehtiyac yoxdur. Əksinə, qısaca fikrinizi söyləyib, söhbəti bağlayın. Dediyiniz sözlərin bir çoxunu yeniyetmə övladınız sonra, yəni tək və düşünmək üçün vaxtı olanda «eşidəcək». Sadəcə ona bunun üçün imkan verin. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 1:1—4.)

Dinləyin, lazım gələrsə, güzəştə gedin. Övladınızın sözünü kəsmədən diqqətlə dinləyin. Onda siz problemin kökünün nədə olduğunu görəcəksiniz. Nəyi isə izah edəndə vəziyyəti nəzərə alın. İnadkarlıqla qaydalara riayət etməyi tələb etsəniz, övladınız altdan-altdan öz işini görəcək. «Yeniyetmə övladınızla ünsiyyət qapısını açıq saxlayın» kitabında xəbərdarlıq edilir: «Bu zaman uşaqlar ikili həyat tərzi sürməyə başlayırlar. Yəni onlar valideynlərinə onların eşitmək istədiklərini deyirlər, valideynləri görməyəndə isə öz bildiklərini edirlər». (Müqəddəs Kitab prinsipi: Filipililərə 4:5, haşiyəyə baxın.) («Staying Connected to Your Teenager»).

Hövsələli olun. Banu adlı bir yeniyetmə qız deyir: «Fikirlərimiz üst-üstə düşməyəndə anam dərhal inciyir. Bu, mənə pis təsir edir və söhbətimiz o dəqiqə mübahisəyə çevrilir». Həddən artıq kəskin reaksiya göstərmək əvəzinə, övladınızı başa düşdüyünüzü göstərən nəsə deyin. Misal üçün: «Burada narahat olunası bir şey yoxdur!» — deməkdənsə, «sənin nə hisslər keçirdiyini yaxşı başa düşürəm», — deyin. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 10:19.)

Mümkünsə, göstəriş yox, məsləhət verin. Yeniyetmənizin düşüncə qabiliyyəti əzələ kimidir, onu inkişaf etdirmək lazımdır. Buna görə də o, seçim arasında qalanda onun əvəzinə siz «məşq» etməyin. Vəziyyəti onunla müzakirə edəndə imkan verin ki, problemin həlli yolunu özü tapsın. Sonra siz övladınıza bir neçə üsul təklif edib belə deyə bilərsiniz: «Bax, belə variantlar da var. Onların üzərində bir neçə gün fikirləş, sonra sənin hansı qərarı və nə üçün verdiyini birgə müzakirə edərik». (Müqəddəs Kitab prinsipi: İbranilərə 5:14.)

^ abz. 7 Məqalədəki adlar dəyişdirilib.