Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  yanvar 2013

 MÜSAHİBƏ | PAOLA ÇİOZZİ

Biokimyaçı imanı barədə danışır

Biokimyaçı imanı barədə danışır

Doktor Paola Çiozzi 20 ildən çoxdur ki, İtaliyanın Ferrara Universitetində molekulyar biologiya ixtisası üzrə çalışır. «Oyanın!» jurnalının müxbiri alimlik fəaliyyəti və imanı barədə ondan müsahibə götürdü.

Bir az özünüz barədə danışın.

Atam pinəçi olub, anam isə fermada işləyirdi. Amma mənim ən böyük arzum alim olmaq idi. Güllər, çiçəklər, böcəklər, quşlar öz gözəlliyi ilə məni valeh edirdi. Düşünürdüm ki, bütün bunların hamısı fövqəlbəşər bir hikmətin bəhrəsidir.

Deməli, Yaradana həmişə inanmısınız?

Xeyr. Hələ uşaq ikən Allahın mövcudluğuna şübhə etməyə başladım. Atam gözlənilmədən ürək tutmasından vəfat edəndə məndə sual yarandı: «Nəyə görə bu gözəlliklərin Yaradanı əzab-əziyyətlərə və ölümə göz yumur?»

Elmi tədqiqatlarınız bu sualın cavabını tapmaqda sizə kömək etdimi?

Əvvəl-əvvəl yox. Mən molekulyar bioloq olanda ölümü — bədənimizə quruluş verən normal, proqramlaşdırılmış hüceyrə ölümünü araşdırmağa başladım. Bu, iltihab və qanqrenə səbəb olan idarəolunmaz hüceyrə ölümündən tamamilə fərqlənir. Proqramlaşdırılmış hüceyrə ölümü sağlamlığımız üçün vacib rol oynasa da, alimlər son bir neçə ilə qədər bu prosesə bir o qədər də əhəmiyyət vermirdilər.

Proqramlaşdırılmış hüceyrə ölümünün zəruriliyi nədədir?

Deməli, orqanizmimiz trilyonlarla mikroskopik hüceyrələrdən ibarətdir. Demək olar ki, onların hamısı ölməli və əvəz olunmalıdır. Hər növ hüceyrənin yaşama müddəti müxtəlifdir: bəziləri bir neçə həftədən bir, digərləri isə bir neçə ildən bir təzələnir. Hüceyrələrin ölümü ilə yenisinin yaranması arasında olan həssas balansı qoruyub saxlamaq üçün proqramlaşdırılmış hüceyrə ölümü mexanizmi yüksək səviyyədə idarə olunmalıdır.

 Proses pozulduqda hansı fəsadlar ola bilər?

Tədqiqatlar nəticəsində məlum olub ki, hüceyrələr təyin olunmuş vaxtda ölməyib yaşamağa davam edərsə, bu, revmatoid artritə və ya xərçəngə səbəb ola bilər. Yox əgər hüceyrə vaxtından tez ölərsə, bu, Parkinson (titrəyən iflic) və ya Alsheymer xəstəliyinə gətirib çıxara bilər. Mənim araşdırmalarım bu xəstəliklərin müalicə üsullarını tapmaqla əlaqəlidir.

Hüceyrələrin ölüm mexanizmini tədqiq etmək sizdə hansı təəssüratı oyatdı?

Açığını desəm, çaş-baş qaldım. Bu heyrətamiz proses bizim sağlam olmağımızı istəyən Şəxs tərəfindən mahircəsinə düşünülüb. Buna görə də «insanlar nəyə görə əziyyət çəkir və ölür?» sualı hələ də beynimdə dolaşırdı. Mən bu sualın cavabını tapa bilmirdim.

Lakin siz proqramlaşdırılmış hüceyrə ölümünün kimsə tərəfindən düşünüldüyünə əmin idiniz.

Bəli. Bütün bu prosesin mürəkkəbliyi inanılmazdır, bununla belə, onun incəliyi insan təfəkküründən üstün bir hikmətdən xəbər verir və mən əminəm ki, bu, Allahın hikmətidir. Bu prosesi tənzimləyən bir çox mürəkkəb mexanizmləri öyrənmək üçün güclü mikroskoplardan istifadə edirəm. Müəyyən mexanizmlər, əgər lazımdırsa, ölüm proqramını bir neçə saniyə içində işə sala bilər. Bu zaman hüceyrə öz-özünü məhv edir. Bu proses o dərəcədə mükəmməl təşkil olunub ki, insanda böyük ehtiram hasil edir.

Hüceyrələrimizin, demək olar ki, hamısı müntəzəm təzələndiyi üçün əbədi yaşamaq mümkündür

Sizin Allahla və əzablarla bağlı suallarınız var idi. Onlara necə cavab tapdınız?

1991-ci ildə Yehovanın Şahidi olan iki gənc qapımı döydü. Mən onlardan insanın nəyə görə öldüyünü soruşdum. Onlar sualımın cavabını Müqəddəs Kitabdan göstərdilər: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya [girdi]» (Romalılara 5:12). Əgər ilk insan Allaha itaətsizlik etməsəydi, əbədi yaşayacaqdı. Hər şeyi bir anda başa düşdüm, çünki bu, tədqiqatlarım nəticəsində öyrəndiklərimlə üst-üstə düşürdü. İndi mənə aydındır ki, insanların ölümü Allahın niyyətinə daxil olmayıb. Hüceyrələrimizin, demək olar ki, hamısı müntəzəm təzələndiyi üçün əbədi yaşamaq mümkündür.

Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna sizi nə əmin etdi?

Mən Məzmur 139:16 * ayəsində Allah haqqında deyilən sözləri oxudum, orada deyilir: «Gözlərin rüşeymimi gördü, hələ heç biri yox ikən bədənimin bütün hissələri, onların əmələ gələcəyi günlər Sənin kitabında yazılmışdı». Bir biokimyaçı kimi, mən hüceyrələrimizdə yazılmış genetik məlumatı araşdırıram. Bəs məzmurçu belə yazının mövcud olduğunu haradan bilirdi? Müqəddəs Kitabı araşdırdıqca, onun Allahdan ilham aldığına dair əminliyim daha çox artırdı.

Müqəddəs Kitab təlimlərini anlamaqda sizə nə kömək etdi?

Bir Yehovanın Şahidi mənə Müqəddəs Kitabı araşdırmağı təklif etdi. Axır ki, Allahın əzab-əziyyətlərə nə üçün yol verdiyini öyrəndim. Həmçinin öyrəndim ki, Allah ölümü əbədilik yox etmək niyyətindədir (Yeşaya 25:8). Əbədiyyən yaşayıb həyatdan həzz ala bilək deyə orqanizmimizin heyrətamiz sistemlərinin mükəmməl şəkildə işləməsini təmin etmək Yaradanımızın əlində heç nədir.

Müqəddəs Kitabdan əldə etdiyiniz biliklərdən başqaları da faydalansın deyə nə edirsiniz?

1995-ci ildə mən Yehovanın Şahidi oldum, o vaxtdan etibarən öyrəndiklərimi başqaları ilə bölüşməyə çalışıram. Misal üçün, həmkarımın qardaşı özünə qəsd edəndə qadının dünyası alt-üst olmuşdu. Onun mənsub olduğu kilsədə öyrədirdilər ki, intihar edənləri Allah heç vaxt bağışlamayacaq. Ancaq mən ona Müqəddəs Kitabdan Allahın ölüləri dirildəcəyinə dair verdiyi ümidi göstərdim (Yəhya 5:28, 29). Allahın bizim qayğımıza qaldığını biləndə o, xeyli yüngülləşdi. Belə anlarda hiss edirəm ki, Müqəddəs Kitab həqiqətlərini insanlarla bölüşmək mənə alimlikdən daha çox fərəh gətirir!

[Haşiyə]

^ abz. 21 Bu ayə Yeni Dünya tərcüməsindən götürülüb.