Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2017

«Sən Yehovaya güvən, yaxşılıq et»

«Sən Yehovaya güvən, yaxşılıq et»

«Sən Yehovaya güvən, yaxşılıq et,.. sədaqətlə addımla» (ZƏB. 37:3).

NƏĞMƏ: 133, 63

1. Yehova insanı yaradanda ona hansı qabiliyyətləri bəxş edib?

YEHOVA ALLAH insanı yaradanda ona çoxlu gözəl qabiliyyətlər bəxş edib, məsələn, düşünmək, problemləri həll etmək, gələcək üçün plan qurmaq, bu planları yerinə yetirmək və məqsədə doğru irəliləmək qabiliyyəti (Məs. 2:11; Filip. 2:13). Bundan əlavə insana vicdan, yəni yaxşını pisdən ayırmaq qabiliyyəti bəxş edib. Vicdan insanı günahdan çəkindirir və etdiyi günahlardan ibrət götürməyə kömək edir (Rom. 2:15).

2. Yehova bacarıqlarımızdan necə istifadə etməyi məsləhət görür?

2 Yaradanımız istəyir ki, biz öz bacarıqlarımızdan səmərəli şəkildə istifadə edək. Çünki O, bizi sevir və bunun bizə məmnunluq gətirəcəyini bilir. Öz Kəlamı vasitəsilə Yehova bizə qabiliyyətlərimizdən savab işlər görmək üçün istifadə etməyi məsləhət görür. Misal üçün, Tövratda deyilir: «Çalışqanın niyyəti uğur gətirər» (Məs. 21:5). Digər ayədə də yazılıb: «Əlindən nə gəlirsə, var gücünlə et» (Vaiz 9:10). İncildən oxuyuruq: «Nə qədər ki əlimizdə fürsət var, hamıya... yaxşılıq  edək», «hər kəs aldığı ənama əsasən,.. bir-birinə xidmət etsin» (Qal. 6:10; 1 But. 4:10). Bu ayələrdən görünür ki, Yehova həm özümüzə, həm də başqalarına fayda gətirən işlər görməyimizi istəyir.

3. İnsanın gücü hansı mənada məhduddur?

3 Yehova bacarıq və qabiliyyətlərimizdən ən yaxşı şəkildə istifadə etməyimizi istəsə də, başa düşür ki, gücümüz məhduddur. Biz heç vaxt qeyri-kamilliyi, günahı və ölümü aradan qaldıra bilmərik. Həmçinin insanları idarə etmək iqtidarında deyilik, çünki hər kəsin iradə azadlığı var (1 Pad. 8:46). Bundan əlavə, nə qədər bilik və təcrübə toplasaq da, Yehovanın yanında körpə uşaq kimi olacağıq (Əşy. 55:9).

Çətinliklər yarananda «Yehovaya güvən, yaxşılıq et»

4. Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

4 Biz Yehovaya hər vəziyyətdə arxalanmalıyıq, Onun bizə dəstək olacağına və bacarmadığımız şeyləri bizim əvəzimizə edəcəyinə əmin olmalıyıq. Eyni zamanda, O istəyir ki, biz əlimizdən gəldiyi qədər problemlərimizi həll edək və insanlara yardım göstərək. (Zəbur 37:3 ayəsini oxuyun.) Uzun sözün qısası, biz həm Yehovaya güvənməli yaxşılıq etməli, həm də sədaqətlə addımlamalıyıq. Gəlin görək Yehovaya güvənən və bunu əməlləri ilə göstərən insanlardan, məsələn, Nuh peyğəmbərdən, Davud padşahdan və digər mömin insanlardan nə öyrənirik. Onların nümunəsini araşdırdıqca görəcəyik ki, onlar müəyyən şeyləri bacarmasalar da, diqqəti bacardıqları şeylərə yönəldirdilər.

ŞƏR İNSANLARIN ƏHATƏSİNDƏ

5. Nuh peyğəmbərin üzləşdiyi vəziyyəti təsvir edin.

5 Nuh peyğəmbərin yaşadığı dövrdə yer üzü zorakılıqla və əxlaqsızlıqla dolu idi (Yar. 6:4, 9—13). Peyğəmbər Yehova Allahın bir gün pisliyə son qoyacağına əmin idi. Amma çox ehtimal ki, o, allahsız insanların arasında yaşadığı üçün mənəvi cəhətdən əzab çəkirdi. Eyni zamanda başa düşürdü ki, müəyyən şeylər ondan asılı deyil, amma elə şeylər var ki, ondan asılıdır.

İnsanlar müjdəyə laqeyd yanaşanda (6—9 abzaslara baxın)

6, 7. a) Nələr Nuh peyğəmbərdən asılı idi? b) Bizim vəziyyətimizlə Nuh peyğəmbərin vəziyyəti arasında hansı oxşarlıq var?

6 Nuh peyğəmbərdən asılı olmayan şeylər. Nuh Allahın hökm xəbərini insanlara  usanmadan çatdırırdı, amma onları nə bu xəbərə hay verməyə məcbur edə, nə də daşqının vaxtını tezləşdirə bilərdi. Nuh Yehovaya güvənməli və əmin olmalı idi ki, daşqın Allahın təyin etdiyi vaxtda olacaq (Yar. 6:17).

7 Nuh peyğəmbər kimi, biz də pisliklə dolu dünyada yaşayırıq. Yehova bu dünyanı da məhv edəcəyini vəd edib (1 Yəh. 2:17). Biz insanlara «Padşahlıq haqqındakı... müjdə»ni zorla qəbul etdirə bilmərik. Böyük müsibətin vaxtını tezləşdirmək də bizim əlimizdə deyil (Mət. 24:14, 21). Biz də Nuh peyğəmbər kimi Allahın bütün pisliklərə tezliklə son qoyacağına əmin olmalıyıq (Zəb. 37:10, 11). Yehova pisliklə dolu bu dünyanın hökm gününü artıq təyin edib və əminik ki, bu hökmü bir gün belə gecikdirməyəcək (Həb. 2:3).

8. Nuh peyğəmbər diqqətini nəyə cəmləmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

8 Nuh peyğəmbərdən asılı olan şeylər. Nuh peyğəmbər diqqətini gücü çatmayan şeylərə yox, gücü çatan şeylərə yönəldirdi. «Salehlik carçısı» olan Nuh ona verilən tapşırığı icra edirdi, insanlara hökm xəbərini çatdırırdı (2 But. 2:5). Sözsüz ki, bu, Nuha imanda möhkəm qalmağa kömək etmişdi. O, təbliğ etməklə yanaşı, fiziki və əqli bacarığını işə salaraq Allahın buyruğu ilə gəmi tikmişdi. (İbranilərə 11:7 ayəsini oxuyun.)

9. Nuh peyğəmbərdən nümunə götürərək nə etməliyik?

9 Biz də Nuh peyğəmbər kimi «Rəbbin işində çox» çalışmalıyıq (1 Kor. 15:58). «Rəbbin işinə» ibadət evlərinin tikintisi və təmiri, toplantıda könüllü kimi xidmət etmək, Beyteldə ya da tərcümə ofisində xidmət etmək kimi işlər daxildir. Ən ümdə işimiz isə təbliğ işidir, çünki məhz təbliğ işi bizim gələcəklə bağlı ümidimizi möhkəmləndirir. Bir bacı təbliğ xidməti haqqında növbəti sözləri demişdi: «İnsanlara Padşahlığın gətirəcəyi nemətlər barədə danışanda görürəm ki, onların gələcəyə heç bir ümidi yoxdur və problemlərin nə vaxtsa bitəcəyinə inanmırlar». Amma təbliğ işi bizə gələcəyə müsbət baxmağa kömək edir və həyat uğrunda gedən yarışda qalib gəlmək qətiyyətimizi artırır (1 Kor. 9:24).

 GÜNAH EDƏNDƏ

10. Davud peyğəmbər hansı ciddi günahlara yol vermişdi?

10 Yehova Allah Davud padşah demişdi ki, o, Onun ürəyincə olan bir insandır (Həv. 13:22). Davud ölənə kimi Yehovaya sədaqətini qorumuşdu, amma onun da ciddi günahları olub. O, Badsəba ilə əxlaqsızlıq etmişdi. Günahını ört-basdır etmək üçün Badsəbanın əri Uryaya sui-qəsd qurmuşdu; onun döyüş meydanında öldürülməsi üçün plan hazırlamışdı. Hətta Uryayın ölüm planının yazıldığı məktubu onun öz əlinə verib göndərmişdi (2 İşm. 11:1—21). Təbii ki, gec-tez Davudun günahının üstü açıldı (Mark 4:22). Bu zaman o, necə davrandı?

Keçmiş günahlar əzab verəndə (11—14 abzaslara baxın)

11, 12. a) Nələr Davud padşahdan asılı deyildi? b) Günahlarımızdan tövbə etsək, Yehova bizə necə kömək edəcək?

11 Davud padşahdan asılı olmayan şeylər. Davud nə zamanı geri qaytarıb səhvini düzəldə, nə də günahlarının nəticəsindən yaxasını qurtara bilərdi. Günahlarının nəticəsində biçdiyi bəzi acıları ömrünün axırına kimi yaşayacaqdı (2 İşm. 12:10—12, 14). Buna görə də o iman etməli idi ki, ürəkdən tövbə etsə, Yehova onu bağışlayacaq və əməllərinin ağır nəticələrinə dözməyə güc verəcək.

12 Qeyri-kamil olduğu üçün bütün insanlar günah işlədir. Bəzi günahlar digərlərindən daha ciddi olur. Təəssüf ki, müəyyən səhvləri düzəltmək mümkün deyil, insan onun nəticələrinə dözməyə məcburdur (Qal. 6:7). Ancaq biz əminik ki, səmimi-qəlbdən tövbə etsək, hətta problemlər öz günahlarımız ucbatından olsa belə, Yehova onlara dözməyə kömək edəcək. (Əşiya 1:18, 19; Həvarilərin işləri 3:19 ayələrini oxuyun.)

13. Davud padşah Yehova ilə münasibətlərini necə bərpa etdi?

13 Davud padşahdan asılı olan şeylər. Davud padşah Yehova Allahla münasibətlərini düzəltmək istəyirdi. Buna görə də Yehovanın Natan peyğəmbər vasitəsilə verdiyi töhməti qəbul etdi (2 İşm. 12:13). Davud həmçinin Yehovaya dua edərək günahını boynuna aldı və yenidən Onun rəğbətini qazanmaq istədiyini bildirdi (Zəb. 51:1—17). Davud peyğəmbər yol vermədi ki, etdiyi günahlar onu mənəvi cəhətdən yıxsın. O, səhvlərindən ibrət götürdü. Bunu onun həyatından görmək olar: Davud bir daha həmin günahları təkrarlamadı. O, ömrünün axırına kimi Allaha sadiq qaldı və Allahın yaddaşında məhz sadiq insan kimi qalıb (İbr. 11:32—34).

14. Davud peyğəmbərdən nə öyrənirik?

14 Davud peyğəmbərdən nə öyrənirik? Əgər ciddi günaha yol vermişiksə, səmimi-qəlbdən tövbə etməli, duada günahlarımızı Yehovaya etiraf etməli və Ondan əfv diləməliyik (1 Yəh. 1:9). Bundan əlavə, ağsaqqallardan kömək istəməliyik. (Yaqub 5:14—16 ayələrini oxuyun.) Belə etməklə göstərərik ki, Yehovanın bizə kömək edəcəyinə və bizi bağışlayacağına dair verdiyi sözə inanırıq. Üstəlik, səhvlərimizdən ibrət götürməli, xidmətimizdə irəli getməli və gələcəyə əminliklə baxmalıyıq (İbr. 12:12, 13).

BAŞQA VƏZİYYƏTLƏRLƏ ÜZLƏŞƏNDƏ

Səhhətinizdə problemlər yarananda (15-ci abzasa baxın)

15. Hənnə hansı sahədə bizim üçün gözəl örnəkdir?

15 Müqəddəs Kitabda Allaha güvənən və bunu əməlləri ilə sübut edən digər insanların da adı çəkilir. Onlardan biri Hənnədir. O, sonsuz idi və dərdinin çarəsi ondan asılı deyildi. Lakin Hənnə əmin idi ki, Yehova ona bu dərdə dözməyə güc verəcək, buna görə də ibadətindən qalmır, müntəzəm olaraq müqəddəs çadıra gəlir və dərdini duada Allaha danışırdı  (1 İşm. 1:9—11). Hənnə bizim üçün gözəl örnəkdir. Əlacı bizdən asılı olmayan çətinliklərlə üzləşəndə, məsələn, xəstəliyə tutulanda qayğılarımızı Yehovanın üzərinə qoymalıyıq və əmin olmalıyıq ki, O, bizim qayğımıza qalacaq (1 But. 5:6, 7). Var gücümüzlə çalışmalıyıq ki, yığıncaq görüşlərindən qalmayaq və Yehovanın təqdim etdiyi digər vasitələrdən tam faydalanaq (İbr. 10:24, 25).

Övladlar Yehovadan uzaqlaşanda (16-cı abzasa baxın)

16. Valideynlər İşmuil peyğəmbərdən nə öyrənə bilərlər?

16 Bəs uşaqları Yehovadan uzaqlaşan valideynlər nə etsin? Gəlin görək İşmuil peyğəmbər nə etmişdi. Oğulları yetkin yaşda olduğu üçün İşmuil onları Yehovanın qayda-qanunları ilə yaşamağa məcbur edə bilməzdi (1 İşm. 8:1—3). O, problemi Yehovanın öhdəsinə buraxdı. Bu vəziyyətdə o, öhdəsinə düşəni etdi, Yehova Allaha sadiq qaldı və Onun qəlbini sevindirdi (Məs. 27:11). Bu gün bir çox məsihi valideynlərin vəziyyəti İşmuilin vəziyyətinə oxşayır. Onlar zərrə qədər də şübhə etmirlər ki, Yehova Allah itmiş oğul məsəlindəki ata kimi, tövbə edən xidmətçisini bağışlamağa həmişə hazırdır (Luka 15:20). Eyni zamanda, bu valideynlər Allaha bağlı qalmaq üçün çox çalışırlar və ümid edirlər ki, onların nümunəsi övladlarını Yehovaya dönməyə təşviq edəcək.

Maddi sıxıntı yaşayanda (17-ci abzasa baxın)

17. Kasıb dul qadının nümunəsi bizi nəyə təşviq edir?

17 Gəlin bir az da İsa Məsihin günlərində yaşayan kasıb dul qadın barədə danışaq. (Luka 21:1—4 ayələrini oxuyun.) Bu qadın o dövrdə məbəddə edilən murdar işlərin qarşısını ala bilməzdi (Mət. 21:12, 13). Maddi vəziyyətini düzəltmək üçün də əlindən heç nə gəlmirdi. Buna baxmayaraq, o, əlində olan iki xırda pulu, «dolanmaq üçün nəyi vardısa» ianə etdi. Bu hərəkəti ilə dul qadın Yehovaya güvəndiyini göstərdi. O əmin idi ki, Allaha ibadəti hər şeydən üstün tutsa, Allah onun qayğısına qalacaq. Yehovaya etibarı onu o dövrdə pak ibadət üçün edilən işləri dəstəkləməyə təşviq etdi. Biz də əmin ola bilərik ki, Padşahlığı hər şeydən üstün tutsaq, Yehova bizim tələbatımızı ödəyəcək (Mət. 6:33).

18. Problemlərə düzgün nöqteyi-nəzəri olan qardaşın nümunəsini çəkin.

18 Bu gün də Yehovaya etibar edən və bunu əməldə göstərən dindaşlarımızın sayı az deyil. Gəlin həyat yolunu 2015-ci ildə sədaqətlə başa vuran Malkom qardaşın nümunəsinə nəzər yetirək. O və həyat yoldaşı Allaha uzun illər xidmət ediblər. Bu illər ərzində onlar həm yaxşı, həm pis günlər görüblər. Malkom qardaş demişdi: «Hərdən həyatdan baş açmaq olmur, hətta bəzən dözülməz olur. Lakin Yehova öz ağlı ilə hərəkət edənlərə yox, Ona bel bağlayanlara xeyir-dua verir». Qardaş bu cür vəziyyətlə üzləşənlərə növbəti məsləhəti vermişdi: «Yehovaya xidmətdə mümkün qədər səmərəli və fəal olmaq üçün dua et. Diqqətini bacarmadığın şeylərə yox, bacardığın şeylərə cəmlə» *.

19. a) Nəyə görə 2017-ci ilin ayəsi yerindədir? b) Bu ayənin sözlərini necə tətbiq etməyi düşünürsünüz?

19 Yaşadığımız bu dünyada vəziyyət «get-gedə daha betər» olur. Biz bundan sonra daha böyük çətinliklərlə üzləşəcəyik (2 Tim. 3:1, 13). Buna görə də indi əvvəlkindən daha çox çalışmalıyıq ki, bu dünyanın problemləri əl-qolumuzu bağlamasın. Üstəlik, biz Yehovaya güvənməli və diqqətimizi bacardığımız şeylərə cəmləməliyik. 2017-ci ilin ayəsi necə də yerinə düşür: «Sən Yehovaya güvən, yaxşılıq et» (Zəb. 37:3).

2017-ci ilin ayəsi: «Sən Yehovaya güvən, yaxşılıq et» (Zəb. 37:3).

^ abz. 18 «Gözətçi qülləsi» jurnalını 2013-cü il 15 oktyabr sayının 17—20 səhifələrinə baxın.