Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2017

Təvazökarlıq. Dəyərdən düşməyən xüsusiyyət

Təvazökarlıq. Dəyərdən düşməyən xüsusiyyət

«Hikmət... təvazökar insanladır» (MƏS. 11:2).

NƏĞMƏ: 38, 69

1, 2. Bir vaxtlar təvazökar insan olan Talut nəyin nəticəsində Allahın razılığını itirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

QƏDİM İsrailin padşahı Talut hakimiyyətinin əvvəlində təvazökar və hörmətli insan idi (1 İşm. 9:1, 2, 21; 10:20—24). Lakin çox keçmədi ki, o təvazökar insandan əsər-əlamət qalmadı, Talut özbaşına hərəkət etməyə başladı. O görəndə ki, İşmuil peyğəmbər dediyi vaxt Gilqala gəlib çıxmır səbri tükənməyə başladı, çünki filiştlilər hücuma keçməyə hazırlaşırdı, israillilər isə Talutu qoyub gedirdi. Ola bilsin, o düşünürdü: «Tez nə isə etməliyəm». O, Allaha qurban gətirdi. Əslində, onun buna ixtiyarı çatmırdı. Talutun bu özbaşına hərəkəti Yehovaya acıq getdi (1 İşm. 13:5—9).

2 İşmuil peyğəmbər Gilqala gəlib çatanda Taluta töhmət verdi. Talut töhməti qəbul etmək əvəzinə, günahını kiçildib boynundan atmağa başladı (1 İşm. 13:10—14). Bu hərəkəti ilə Talut nəticədə onu taxtdan salan fəlakətli bir yola qədəm qoydu. Ən pisi isə o, Yehovanın razılığını itirdi (1 İşm. 15:22, 23). Beləcə, başlanğıcda çox ümidlər verən padşahın  həyatı iflas və faciə ilə bitdi (1 İşm. 31:1—6).

3. a) Əksər insanlar təvazökarlıq barədə nə fikirləşir? b) Bu və növbəti məqalədə hansı suallara cavab veriləcək?

3 Hazırkı rəqabət dünyasında çox insanlar fikirləşir ki, uğura nail olmaq üçün özünü mütləq qabağa verməlisən. Bu məqsədə çatmaq üçün onlar təvazökarlığı kənara qoyurlar. Misal üçün sonralar siyasətçi olan məşhur kino ulduzu bir dəfə demişdi: «Təvazökarlıq mənə tamamilə yad anlayışdır və ümid edirəm, həmişə belə olacaq». Bəs nəyə görə təvazökarlığın dəyər verilmədiyi bu zəmanədə təvazökar olmaq vacibdir? Təvazökarlıq nədir və hansı hərəkətlər təvazökarlıqdan uzaqdır? Həyatdakı çətinliklərə və insanların təzyiqinə baxmayaraq, bizə təvazökar qalmağa nə kömək edə bilər? Bu məqalədə ilk iki suala cavab veriləcək. Üçüncü sualın isə cavabını növbəti məqalədən tapa bilərsiniz?

NƏYƏ GÖRƏ TƏVAZÖKAR OLMAQ VACİBDİR?

4. Özbaşına hərəkət deyəndə nə nəzərdə tutulur?

4 Müqəddəs Kitabda təvazökarlığa zidd xüsusiyyət kimi təkəbbürün, özbaşınalığın, lovğalığın adı çəkilir. (Məsəllər 11:2 ayəsini oxuyun.) Bu səbəbdən Davud peyğəmbər Yehovaya dua etmişdi ki, onu özbaşına hərəkətdən saxlasın (Zəb. 19:13). Özbaşına hərəkət deyəndə nə nəzərdə tutulur? İnsan səlahiyyətini aşıb ona aid olmayan işə qarışanda özbaşına davranmış olur. Günahlı olduğumuz üçün hamımız hərdən özbaşına hərəkət edirik. Amma Talut padşahın başına gələnlərdən görmək olar ki, bu bizdə xasiyyətə çevrilərsə, gec-tez Allahla aramızda böyük uçurum yaranacaq. Zəbur 119:21 ayəsində Yehova Allaha xitabən yazılıb: «Lovğaları məhkum etdin». Nə üçün Yehova özündənrazı insanlara belə yanaşır?

5. Nəyə görə demək olar ki, özbaşınalıq sadəcə səhv deyil?

5 Özbaşına davranmaq sadəcə səhv deyil. Birincisi, ona görə ki, özbaşınalıq etmək Hakimimiz Allaha qarşı hörmətsizlikdir. İkincisi, səlahiyyətimizi aşanda insanlarla aramızda problem yaranır (Məs. 13:10). Üçüncüsü, özbaşına hərəkətimizdən başqaları xəbər tutanda onların gözündən düşə bilərik (Luka 14:8, 9). Göründüyü kimi özbaşınalıq insana xeyir gətirmir. Təvazökarlıq isə, Müqəddəs Kitaba əsasən, insana hər zaman uğur gətirər.

TƏVAZÖKARLIQ NƏDİR?

6, 7. Təvazökarlıq deyəndə nə nəzərdə tutulur?

6 Müqəddəs Kitabda təvazökarlıq qürurdan uzaq insana xas xüsusiyyət kimi verilir (Filip. 2:3). Təvazökar insan öz bacarıqlarını və nailiyyətlərini şişirtmir, səhvini boynuna alır, məsləhətə qulaq asır, başqalarından nə isə öyrənməyə çalışır. Təvazökarlıq Yehova Allaha xoş gedən bir xüsusiyyətdir.

7 Müqəddəs Kitabda da təvazökarlıq sözü oxşar xüsusiyyəti təsvir edir: özünə obyektiv yanaşmaq, öz məhdudiyyətlərini tanımaq. Mətnin orijinal dilində bu sözün əsas məna yükü insanın başqaları ilə öz həddini bilən tərzdə davranmasına düşür.

8. İnsanın təvazökarlıqdan uzaq olduğu hansı hərəkətlərdən görünür?

8 İnsanın hansı hərəkəti onun təvazökarlıqdan uzaq olduğunu göstərir? Gəlin bir neçə əlaməti nəzərdən keçirək. Məsələn, insan gördüyü işin əhəmiyyətini şişirdir (Rom. 12:16). Yaxud diqqət mərkəzində olmağa çalışır (1 Tim. 2:9,  10). Və ya vəzifəsinə, nüfuzlu və mötəbər insanla münasibətlərinə, şəxsi fikirlərinə arxalanaraq hansısa fikri yeritməyə çalışır (1 Kor. 4:6). Bu hərəkətləri edən insan, adətən, təkəbbürün bir addımlığında olduğunu dərk etmir.

9. İnsanın özbaşına davranmasına nələr səbəb ola bilər? Müqəddəs Kitabdan misal çəkin.

9 İnsan cismin istəklərinə uyarsa, nəticədə, təkəbbürlü ola bilər. Xudbinlik, paxıllıq, hədsiz qəzəb insanın özbaşına davranmağına səbəb olur. Müqəddəs Kitabda adı çəkilən Absalam, Üziyyə və Navuxodonosor bu cür istəklərə təslim olmuş və nəticədə, Yehova onların qürurunu sındırmışdı (2 İşm. 15:1—6; 18:9—17; 2 Saln. 26:16—21; Dən. 5:18—21).

10. Nəyə görə insanların niyyətini yozmamalıyıq? Müqəddəs Kitabdan misal çəkin.

10 İnsanın özbaşına davranmasına başqa şeylər də səbəb ola bilər. Misal üçün gəlin Yaradılış 20:2—7 və Mətta 26:31—35 ayələrində təsvir olunan hadisələrə nəzər salaq. Demək olarmı ki, Əbuməliklə Butrusun ilk baxışdan təkəbbür kimi görünən hərəkəti günahlı arzulardan qaynaqlanırdı? Bəlkə, onlar, sadəcə, bütün faktları bilmədikləri və ya düşünmədən, tələm-tələsik qərar verdikləri üçün belə davranmışdılar? Biz ürəkləri görmürük, buna görə də heç kimin hərəkətinə tez-tələsik qiymət verməməliyik. Bununla hikmətli olduğumuzu və insanları sevdiyimizi göstərəcəyik. (Yaqub 4:12 ayəsini oxuyun.)

ALLAHIN BİZƏ AYIRDIĞI YERİ QİYMƏTLƏNDİRƏK

11. Təvazökarlıq bizə nəyi başa düşməyə kömək edir?

11 Təvazökar insan Allahın ona Öz təşkilatında ayırdığı yeri yaxşı bilir. Yehova Allah nizam-intizamı sevdiyi üçün hər birimizə müəyyən iş tapşırıb və hamımızın gördüyü iş Onun gözündə dəyərlidir. Yehova lütfündən irəli gələrək hər xidmətçisinə müxtəlif bacarıqlar verib. Bu bacarıqlardan Ona şərəf gətirmək və insanlara xeyir vermək üçün istifadə etməliyik (Rom. 12:4—8). Allaha xidmət edənlərin hamısı, bir növ, nökərbaşıdır. Bununla Yehova bizi şərəfə və etibara layiq görüb, eləcə də, üzərimizə məsuliyyət qoyub. (1 Butrus 4:10 ayəsini oxuyun.)

Yeni təyinat alanda İsa Məsihdən necə nümunə götürə bilərik? (12—14 abzaslara baxın)

12, 13. Təyinatımızın vaxtaşırı dəyişməsi nəyə görə təəccüblü deyil?

12 Yehovanın təşkilatında aldığımız təyinatlar daimi deyil, zamanla müəyyən şeylər dəyişə bilər. Misal üçün İsa Məsihin nümunəsinə baxaq. Lap əvvəldə Yehova ilə ondan başqa heç kəs yox idi (Məs. 8:22). Sonra Yehova mələkləri, Kainatı və insanları yaradanda o, Yehova ilə birgə çalışırdı (Kol. 1:16). Uzun illər sonra isə Yehova ona yeni tapşırıq verdi: o, körpə uşaq kimi dünyaya gəlməli və böyüyüb yetkin insan kimi yaşamalı idi (Filip. 2:7). Sonra o, özünü qurban verib Allahın dərgahına qalxdı və 1914-cü ildə Allahın Padşahlığının padşahı oldu (İbr. 2:9). Amma bu, onun son təyinatı deyil. Min il hakimiyyət sürəndən sonra İsa Məsih Padşahlığı Atasına təhvil verəcək ki, «Allah hər kəs üçün hər şey olsun» (1 Kor. 15:28).

13 Bizim də təyinatımız vaxtaşırı dəyişə bilər. Adətən, buna verdiyimiz qərarlar təsir edir. Məsələn, kimisi subay idi, sonra ailə qurur. Kiminsə uşağı olur. Kimsə son bir neçə il ərzində həyatını sadələşdirib tammüddətli xidmətə başlayıb. Verdiyimiz bu qərarlar özü ilə yeni məsuliyyətlər gətirir. Həyatımızda baş verən dəyişikliklər fəaliyyətimizi ya  darlaşdırır, ya da genişləndirir. Yehova hər birimizin, həm cavan, həm yaşlı, həm sağlam, həm xəstə xidmətçisinin qabiliyyətini nəzərə alır. O heç vaxt bizdən gücümüz çatmayan şeyi tələb etmir və Onun yolunda gördüyümüz bütün işlərə yüksək qiymət verir (İbr. 6:10).

14. Təvazökarlıq gördüyümüz işdən sevinc və məmnunluq duymağa necə kömək edir?

14 Aldığı bütün təyinatlar İsa Məsihə sevinc gətirirdi (Məs. 8:30, 31). Biz də ondan nümunə götürməliyik. Təvazökar məsihi təyinatından və yığıncaqda öhdəsinə düşən işdən narazı olmur. Almaq istədiyi təyinata fikrini cəmləyib kefini pozmur, başqalarının nailiyyətlərinə pis olmur. Əksinə hal-hazırda gördüyü işdən sevinc duymağa və bu işi canla-başla yerinə yetirməyə çalışır, çünki bu işin ona Yehova tərəfindən verildiyini başa düşür. O, həmçinin Yehovanın başqalarına tapşırdığı işə və təyinata hörmətlə yanaşır. Təvazökarlıq bizə bacı-qardaşlara hörmətlə yanaşmağa və onlara dəstək olmağa kömək edəcək (Rom. 12:10).

TƏVAZÖKARLIĞA DÜZGÜN MÜNASİBƏT

15. Cədunun təvazökarlığı bizə nə öyrədir?

15 Cədun təvazökarlıqda gözəl nümunədir. Yehovanın mələyi birinci dəfə ona görünəndə o, elə də adlı-sanlı nəsildən olmadığını və təcrübəsiz olduğunu söylədi (Hak. 6:15). Yehovanın tapşırığını qəbul edəndən sonra Cədun öhdəsinə düşən işin nədən ibarət olduğunu dəqiq başa düşdü və Yehovadan kömək istədi (Hak. 6:36—40). Cədun  güclü və cəsarətli olmaqla yanaşı, həm də ehtiyatlı və dərrakəli insan idi (Hak. 6:11, 27). O, ona verilən tapşırığa yüksəyə qalxmaq üçün bir fürsət kimi baxmadı. Əksinə, Yehovanın ona tapşırdığı işi bitirər-bitirməz öz evinə qayıtdı (Hak. 8:22, 23, 29).

16, 17. Təvazökar insan xidmətdə irəli getmək istəyəndə nələri nəzərə alacaq?

16 Amma elə düşünməməliyik ki, təvazökar insan heç vaxt yeni təyinatlara can atmamalı və ya yeni təyinat veriləndə qəbul etməməlidir. Çünki Müqəddəs Kitab hər birimizi tərəqqi etməyə səsləyir (1 Tim. 4:13—15). Məsihi yalnız yeni təyinat almaqla tərəqqi etmir. Biz özümüzdə məsihiyə xas xüsusiyyətlər yetişdirməklə tərəqqi edə bilərik. Allahın bizə bəxş etdiyi qabiliyyətləri itiləyib çoxlu savab işlər görə bilərik.

17 Təvazökar insan yeni tapşırığı qəbul etməzdən əvvəl bu tapşırıq barədə məlumat almalıdır. Sonra o götür-qoy edib düşünməlidir, bu işin öhdəsindən gələ biləcək, ya yox. Misal üçün, fikirləşə bilər, bu tapşırığı qəbul etsə, o biri mühüm işləri çatdıra biləcək? Çatdıra bilməyəcəksə, gördüyü işlərdən hansınısa başqasına həvalə edə bilər? Əgər məsihi bu suallardan birinə və ya ikisinə də «yox» cavabı verirsə, onda yeni tapşırığı qəbul etməsə, daha yaxşı olar, bəlkə başqa kiminsə bu tapşırığı yerinə yetirməyə daha çox vaxtı var. Dua etmək və realist olmaq bizə qabiliyyətlərimizi və gücümüzü nəzərə almağa kömək edəcək. Təvazökarlıq bizi belə hallarda «yox» deməyə təşviq edəcək.

18. a) Təvazökar insan yeni təyinat alanda necə davranacaq? b) Romalılara 12:3 ayəsi bizə təvazökar olmağa necə kömək edir?

18 Yeni təyinat alanda Cədundan nümunə götürərək yadda saxlamalıyıq ki, Yehovanın hidayəti və xeyir-duası olmasa, bu işdə uğur qazana bilmərik. Müqəddəs Kitab da bizi «Allahın önündə təvazökarlıqla» yeriməyə səsləyir (Mik. 6:8). Buna görə də hər dəfə yeni təyinat alanda yaxşı olardı ki, diqqətlə araşdıraq görək Yehova Allah Öz Kəlamı və təşkilatı vasitəsilə bizə nə məsləhət görür. Qoy səbatsız addımlarımızı Yehovanın sabit nəsihətləri yönəltsin. Gəlin yadda saxlayaq ki, bizi ucaldan öz qabiliyyətlərimiz yox, Yehova Allahın lütfüdür (Zəb. 18:35). Allahın önündə təvazökarlıqla yerimək bizi özümüz haqda lüzumundan artıq fikirləşməməyə təşviq edəcək. (Romalılara 12:3 ayəsini oxuyun.)

19. Nəyə görə təvazökar olmaq vacibdir?

19 Təvazökar insan özünü yox, Yehovanı ucaldır, axı O, bizim Yaradanımız və Kainatın Hökmdarıdır (Vəhy 4:11). Təvazökarlıq bizə Yehovanın yolunda gördüyümüz işdən zövq almağa və bu işi canla-başla yerinə yetirməyə kömək edir. Bu xüsusiyyət bizi bacı-qardaşlara hörmətlə yanaşmağa təşviq edir, bununla da Allahın xalqının birliyinə səbəb olur. Təvazökarlıq insana başqalarını özündən üstün tutmağa kömək edir və özünə arxayın olmamağa təşviq edərək onu ciddi günahlardan saxlayır. Odur ki, təvazökarlıq məsihidən tələb olunan xüsusiyyətdir və özündə bu xüsusiyyəti yetişdirən insanlar Yehova Allah üçün çox əzizdir. Amma hərdən təvazökar olmaq çox çətin olur. Növbəti məqalədə bu cür vəziyyətlərdə təvazökar qalmağa kömək edən məsləhətləri nəzərdən keçirəcəyik.