Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2017

Hər vəziyyətdə təvazökar olun

Hər vəziyyətdə təvazökar olun

«Allahın önündə təvazökarlıqla [yeriyin]» (MİK. 6:8).

NƏĞMƏ: 48, 95

1—3. Yəhudadan olan peyğəmbər nə etməli idi, amma etmədi və bunun nəticəsi nə oldu? (Məqalənin əvvəlindəki şəklə baxın.)

ƏRUBAM PADŞAHIN hakimiyyəti dövründə Yehova Allah Yəhudadan olan bir peyğəmbərə bu asi padşaha hökm xəbərini çatdırmağı buyurur. Peyğəmbər təvazökarcasına Allahın buyruğunu yerinə yetirir və Yehova onu qəzəbli padşahın əlindən qurtarır (1 Pad. 13:1—10).

2 Yehova bu peyğəmbərə buyurmuşdu: «Orada nə çörək ye, nə də su iç. Getdiyin yolla da geri qayıtma». Peyğəmbər evinə qayıdanda yolda onun qabağına Beyteldən olan qoca bir kişi çıxır. Kişi Allahın peyğəmbəri olduğunu iddia edir. O, yalandan Allahdan vəhy aldığını deyir. Bu kişi peyğəmbəri evinə yemək yeməyə dəvət edir. Peyğəmbər Allahın sözündən çıxıb onunla gedir. Təbii ki, bu, Yehovanın narazılığına səbəb olur. Peyğəmbər evinə qayıdanda yolda rastına şir çıxıb onu öldürür (1 Pad. 13:11—24).

3 Nəyə görə peyğəmbər qoca kişinin sözünə uyub özbaşına hərəkət etdi? Bu barədə Müqəddəs Kitabda heç nə yazılmayıb. Ola bilsin, o, «Allahın önündə təvazökarlıqla» yeriməyin nə demək olduğunu unutmuşdu. (Mikə 6:8 ayəsini oxuyun.) Müqəddəs Kitaba əsasən, Yehovanın önündə yerimək Ona etibar etmək, Onun hakimiyyətinin tərəfində olmaq və Onun göstərdiyi yolla getmək deməkdir. Təvazökar insan yaxşı dərk  edir ki, məhəbbətli və qüdrətli Yaradana daim dua etmək mütləqdir. Peyğəmbər Yehovadan bu göstərişlə bağlı məsləhət istəyə bilərdi. Amma görünür, o, bunu etməmişdi, çünki Müqəddəs Kitabda bu barədə məlumat yoxdur. Hərdən biz də ciddi qərarlar verməli oluruq və dəqiq bilmirik necə davranaq. Təvazökarlıq göstərib Yehova Allahdan məsləhət istəmək bizə düzgün qərar verməyə kömək edəcək.

4. Bu məqalədən nə öyrənəcəyik?

4 Ötən məqalədən öyrəndik ki, nəyə görə məsihi təvazökar olmalıdır və təvazökar olmaq nə deməkdir. İndi isə gəlin görək hansı vəziyyətlər bizim təvazökarlığımızı sınaya bilər və əsl təvazökarlığı necə yetişdirə bilərik? Bu suallara cavab tapmaq üçün bu məqalədə təvazökarlığımızı sınayan üç vəziyyəti nəzərdən keçirəcəyik və bu vəziyyətlərin hər birində hikmətlə davranmaq üçün nə etməli olduğumuzu görəcəyik (Məs. 11:2).

VƏZİYYƏT DƏYİŞƏNDƏ

5, 6. Bərzillayın təvazökar olduğu nədən görünür?

5 Həyatımızda və təyinatımızda dəyişikliklər olanda təvazökarlığımız sınana bilər. Belə vəziyyətlərdə Davud padşahın dostu Bərzillaydan çox şey öyrənə bilərik. Bir dəfə Davud padşah 80 yaşlı Bərzillayı sarayında yaşamağa dəvət edir. Təbii ki, bu, Bərzillay üçün böyük şərəf idi. Çünki sarayda yaşamaqla o, padşaha yaxın olacaqdı. Amma Bərzillay təklifi qəbul etmədi. Görəsən, niyə? Çünki o, artıq qocalmışdı və özünün də dediyi kimi padşaha yük olmaq istəmirdi. Bərzillay padşaha, ehtimal ki, oğullarından biri olan, Kimhamı onun yerinə saraya aparmağı təklif etdi (2 İşm. 19:31—37).

6 Təvazökarlıq Bərzillaya ağıllı qərar verməyə kömək etdi. Kimsə düşünə bilər ki, Bərzillay çiyinlərinə ağır yük götürmək istəmədiyi və ya ömrünün qalan hissəsini rahat yaşamaq istədiyi üçün padşahın təklifini qəbul etmədi. Xeyr, səbəb bu deyil. Sadəcə, o, başa düşürdü və qəbul edirdi ki, vəziyyət indi dəyişib və o, əvvəlki qədər iş görə bilmir. O, öhdəsinə gücü çatandan artıq məsuliyyət götürmək istəmirdi. (Qalatiyalılara 6:4, 5 ayələrini oxuyun.) Əgər fikrimizi hansısa mövqeyə ucalmağa, ad-san qazanmağa cəmləsək, nəticədə, əldə etdiyimiz yeganə şey xudbinlik, rəqabət və peşmançılıq olacaq (Qal. 5:26). Təvazökarlıq isə bizi təşviq edəcək ki, bütün qabiliyyətlərimizi və gücümüzü Allaha şərəf gətirməyə və başqalarına kömək etməyə cəmləyək (1 Kor. 10:31).

7, 8. Təvazökarlıq insana özünə arxalanmamağa necə kömək edir?

7 Adətən, məsuliyyətli işə təyin olunan insan, eyni zamanda yüksək mövqeyə də ucalır və bu, onun nə dərəcədə təvazökar olduğunu sınaya bilər. Nəhəmya peyğəmbər Yerusəlimdəki camaatın acınacaqlı vəziyyətdə olduğunu eşidəndə Yehovaya yalvarıb kömək istədi (Nəh. 1:4, 11). Duasına cavab olaraq şah Artakserks onu həmin əraziyə vali təyin etdi. Nəhəmya yüksək vəzifə, var-dövlət və ad-san sahibi olsa da, heç vaxt öz təcrübəsinə və qabiliyyətlərinə arxalanmırdı. O, həmişə Allahla yeriyirdi, həmişə Tövratın vasitəsilə Yehovadan məsləhət istəyirdi (Nəh. 8:1, 8, 9). Nəhəmya insanların üzərində ağalıq etmirdi, əksinə, öz hesabına onlara kömək edirdi (Nəh. 5:14—19).

8 Nəhəmyanın nümunəsindən görünür ki, təyinat dəyişəndə və ya əlavə iş tapşırılanda təvazökarlıq insana özünə arxalanmamağa kömək edir. Ola bilsin, ağsaqqal öz təcrübəsinə arxalanaraq  yığıncağın işləri ilə bağlı məsələlərdə Yehovaya dua etmədən qərar verir, yaxud məsihilərdən kimsə qərar verib sonra Yehovadan bu qərara xeyir–dua verməsini diləyir. Belə halda onları təvazökar adlandırmaq olarmı? Təvazökar insan Allahla müqayisədə nə dərəcədə aciz olduğunu və Allahın onun üzərinə qoyduğu işin nədən ibarət olduğunu heç vaxt unutmur. Nə qədər bacarıqlı olsaq da, diqqətli olmalıyıq ki, özümüzə güvənməyək, xüsusən də, dəfələrlə rastlaşdığımız hallar yarananda. (Məsəllər 3:5, 6 ayələrini oxuyun.) Biz diqqətimizi rütbəyə və yüksək pilləyə qalxmağa yox, Allahın ailəsinin üzvü kimi ailədə və yığıncaqda öhdəmizə düşən məsuliyyətləri yerinə yetirməyə cəmləməliyik (1 Tim. 3:15).

TƏNQİD VƏ TƏRİF EŞİDƏNDƏ

9, 10. Haqsız yerə tənqid olunanda təvazökarlıq insana necə kömək edə bilər?

9 Haqsız yerə tənqid olunanda insana hisslərini cilovlamaq çox çətin olur. Hənnənin günüsü Fəninə bütün günü onunla çəkişirdi, onun gününü qara etmişdi. Əri Hənnəni çox sevsə də, o, xoşbəxt deyildi, çünki uşağı olmurdu. Bir dəfə Hənnə müqəddəs çadırda dua edəndə baş kahin Əli səhvən onun içkili olduğunu düşünür və buna görə onu danlayır. Bütün bunlara baxmayaraq, Hənnə təmkinini pozmadı və Əli ilə hörmətlə danışdı. Sonra o, çox təsirli bir dua etdi və bu dua Müqəddəs Kitaba yazıldı. Bu duadan onun güclü iman sahibi, şükr edən və Allahı sevən insan olduğu görünür (1 İşm. 1:5—7, 12—16; 2:1—10).

10 Təvazökarlıq bizə «pisliyə yaxşılıqla» qalib gəlməyə kömək edə bilər (Rom. 12:21). Şeytan dünyası haqsızlıqla doludur, buna görə də ehtiyatlı olmalıyıq ki, şər insanların rəftarı bizi özümüzdən çıxarmasın (Zəb. 37:1). Dindaşlarımızla problem yaşayanda dözmək daha çətin olur. Belə hallarda təvazökar insan İsa Məsihi örnək alacaq. Müqəddəs Kitabda onun barəsində yazılıb: «O, təhqirə təhqirlə cavab vermirdi... Lakin özünü  adil Hakimə tapşırırdı» (1 But. 2:23). İsa dərk edirdi ki, qisas Yehovanındır (Rom. 12:19). Məsihilərə İsa kimi təvazökar olmaq və «pisliyə pisliklə» cavab verməmək buyrulur (1 But. 3:8, 9).

11, 12. a) Çoxlu tərif eşidəndə və yersiz tərif olunanda təvazökarlıq insanı nəyə təşviq edəcək? b) Təvazökarlıq insanın geyim-keçiminə və davranışına necə təsir edir?

11 Çoxlu tərif eşidəndə və yersiz tərif olunanda da insanın nə dərəcədə təvazökar olduğu üzə çıxa bilər. Gəlin görək Əstər bu cür vəziyyətdə necə davrandı, həyatında baş verən gözlənilməz dəyişikliklər onun xasiyyətinə necə təsir etdi. O, Fars imperiyasındakı say-seçmə gözəllərdən biri idi. Əstər şah sarayında bir il gözəllik qulluğu keçmişdi. O, hər gün bütün imperiyadan toplanan və şahın rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxan gənc qızlarla ünsiyyət edirdi. Nəhayətdə şah Əstəri məlikə təyin etdi. Bütün bunlar Əstəri dəyişmədi. O, qürurlanmadı, təvazökar, xeyirxah və hörmətcil insan olaraq qaldı (Əst. 2:9, 12, 15, 17).

Geyim-keçimimiz haqqımızda nə deyir: biz Yehova Allaha və bacı-qardaşlara hörmət edirik, yoxsa təvazökarlıqdan uzağıq? (12-ci abzasa baxın)

12 Təvazökar insanın geyim-kecimində, rəftarında həmişə ləyaqət və hörmət özünü göstərir. O başa düşür ki, yersiz yerə diqqəti özünə cəlb etməklə yox, «sakit və həlim ruh» təzahür etdirməklə insanların ürəyini fəth etmək olar. (1 Butrus 3:3, 4 ayələrini oxuyun; Ərm. 9:23, 24.) İnsanın özü haqqında hansı fikirdə olduğu gec-tez onun hərəkətlərində özünü büruzə verəcək. Məsələn, insan sözarası öhdəsinə düşən işin xüsusi olduğunu, məsul qardaşlarla yaxın münasibəti olduğunu deyə və biliyini nümayiş etdirə bilər. Yaxud başqalarının köməyi ilə ərsəyə gələn bir işi öz adına yaza bilər. Bəs İsa belə davranardımı? Xeyr! Onun sözlərinin əksəriyyəti Tövrata əsaslanırdı, o, tez-tez oradan sitatlar gətirirdi. O, çox təvazökar insan idi, danışdıqlarını özünün təxəyyülünün və hikmətinin məhsulu kimi qələmə vermirdi. Həmişə öz nitqində Yehovanı ucaldırdı (Yəh. 8:28).

QƏRAR VERƏNDƏ

13, 14. Qərar verəndə təvazökarlıq insana necə kömək edir?

13 İnsan qərar verəndə də onun təvazökar olub-olmadığı üzə çıxa bilər. Həvari Bulus Qeysəriyyədə olanda Ağab peyğəmbər ona dedi ki, Yerusəlimə getsə, onu həbs edəcəklər. Peyğəmbərin sözlərinə əsasən, həvarini öldürə də bilərdilər. Qardaşlar Bulusa görə qorxduqları üçün onu yoldan saxlamağa çalışdılar. Amma Bulusu fikrindən döndərə bilmədilər. O, qorxuya düşmədi. Amma buna səbəb onun özünəarxayın olması deyildi. O, Yehovaya təvəkkül edirdi və nə olur-olsun, Onun tapşırdığı işi başa çatdırmağa qərarlı idi. Bulusun qətiyyətini görən qardaşlar da təvazökarlıq göstərib daha onu fikrindən daşındırmağa çalışmadılar (Həv. 21:10—14).

14 İnsan gələcəyin özü ilə nə gətirəcəyinə görə narahat olanda ona qərar vermək çətin olur, amma bu vəziyyətdə də təvazökarlıq köməyimizə çatır. Məsələn, tammüddətli xidmətə başlamaq istəyən məsihi düşünə bilər: «Sabah xəstəliyə tutulsam, necə olacaq? Valideynlərim yaşa dolanda kömək lazım olsa, nə edəcəyəm? Qocalanda özümü necə dolandıracağam?» Nə qədər dua etsək də, nə qədər araşdırma aparsaq da, bu kimi sualların cavabını tapmayacağıq (Vaiz 8:16, 17). Yehova Allaha etibar edən insan gücünün məhdud olduğunu nəinki bilir, həm də bu həqiqətlə barışır. O, araşdırma aparandan, kiminləsə məsləhətləşəndən və kömək üçün dua edəndən sonra Allahın ruhunun göstərdiyi  istiqamətdə irəliləyir. (Vaiz 11:4—6 ayələrini oxuyun.) Belə davransaq, Yehova qərarımıza xeyir-dua verəcək, bəlkə də planlarımızı dəyişməyi məsləhət görəcək (Məs. 16:3, 9).

TƏVAZÖKAR OLUN

15. Yehova Allah barədə düşünmək təvazökar olmağa necə kömək edir?

15 Göründüyü kimi, təvazökarlıq çox vacib xüsusiyyətdir. Bəs onu özümüzdə necə yetişdirə bilərik? Bunun dörd yolu var. Birincisi, Yehova Allahın mükəmməl xüsusiyyətləri və ucalığı barədə düşünmək bizi, sözün əsl mənasında, təvazökar olmağa və Yaradanımıza ehtiram bəsləməyə təşviq edəcək (Əşy. 8:13). Yadda saxlamalıyıq ki, biz mələyin və ya insanın yox, Külli-İxtiyar Allahın önündə yeriyirik. Bu həqiqəti dərk etmək bizi Allahın qüdrətli əli altında təvazökar olmağa təşviq edəcək (1 But. 5:6).

16. Yehova Allahın məhəbbəti barədə düşünmək bizə təvazökar olmağa necə kömək edir?

16 İnsana təvazökar olmağa kömək edən ikinci amil Yehova Allahın məhəbbəti barədə düşünməkdir. Həvari Bulus yazmışdı ki, Yehova Allah bədənin «nisbətən şərəfsiz sandığımız» hissələrinə «daha böyük şərəf» göstərib (1 Kor. 12:23, 24). Yehovanın bizə də münasibəti eynidir. O, məhdud imkanlarımıza baxmayaraq, hər birimizin qeydinə qalır, bizi bir-birimizlə müqayisə etmir, səhv edəndə bizdən üz döndərmir. Yehova Allahın bizi sevdiyinə əmin olduğumuz üçün harada xidmət ediriksə edək, özümüzü Onun müdafiəsi altında hiss edirik.

17. Başqalarında yaxşı cəhətləri görməyin hansı faydası var?

17 Təvazökar olmaq üçün üçüncü addım Yehova Allah kimi bacı-qardaşlarda yaxşı cəhətləri görməkdir. Həmişə diqqət mərkəzində olmağa və başqalarına göstəriş verməyə çalışmamalıyıq, əksinə, başqalarından məsləhət istəməli və onların məsləhətini qəbul etməliyik (Məs. 13:10). Kimsə təyinat alanda onunla birgə sevinməliyik. Yehovanın dünyadakı bütün qardaşlarımıza xeyir-dua verdiyini görəndə Ona şükürlər oxumalıyıq (1 But. 5:9).

18. Vicdanı tərbiyə etmək təvazökar olmağa necə kömək edir?

18 Dördüncü amil, vicdanımızı Müqəddəs Kitab prinsipləri əsasında tərbiyə etməkdir. Hər şeyə Yehova Allahın gözü ilə baxmağı öyrənsək, Onu razı salan qərarlar verəcəyik. Müntəzəm mütaliə ilə məşğul olsaq, dua etsək və öyrəndiklərimizə uyğun yaşasaq, tədricən vicdanımız kamilləşəcək (1 Tim. 1:5). Yehova bizə başqalarını özümüzdən üstün tutmağı öyrədir. Bütün bu şeylərə əməl etsək, Allah vəd edir ki, bizə özümüzdə təvazökarlığı və digər gözəl keyfiyyətləri yetişdirməyə kömək edərək təlimimizi başa çatdıracaq (1 But. 5:10).

19. Bizə əbədiyyən Yehova Allahın önündə təvazökarlıqla yeriməyə nə kömək edə bilər?

19 Məqalənin əvvəlində haqqında söz açılan peyğəmbər bir özbaşına hərəkətin üstündə həyatını və Yehova Allahla münasibətini itirdi. Amma Allahın bizdən əvvəl və bizim dövrdə yaşayan itaətkar xidmətçiləri sübut ediblər ki, hər vəziyyətdə təvazökar qalmaq mümkündür. İnsan nə qədər çox Allaha xidmət edirsə, bir o qədər təvazökar olmalıdır (Məs. 8:13). Yehovanın yolunda hansı işi görməyimiz elə də böyük əhəmiyyət daşımır, Onun önündə yeriməyimiz artıq özü-özlüyündə böyük şərəfdir. Gəlin bizə göstərilən bu şərəfi həmişə qiymətləndirək və əbədiyyən Yehova Allahın önündə təvazökarlıqla yerimək üçün var gücümüzlə çalışaq.