Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2016

Geyiminiz Allaha şərəf gətirir?

Geyiminiz Allaha şərəf gətirir?

«Hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 KOR. 10:31).

NƏĞMƏ: 34, 61

1, 2. Nəyə görə Yehovanın Şahidləri geyim məsələsində yüksək normalara riayət edirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

HOLLAND qəzetlərinin birində kilsə rəhbərlərinin rəsmi görüşə geyindikləri geyim barədə növbəti sözlər yazılmışdı: «Onlar hava isti olduğundan həddən artıq sərbəst geyinmişdilər. Amma Yehovanın Şahidlərinin toplantılarında belə şey görmək mümkün deyil... Ora gələn kişilər, eləcə də oğlan uşaqları kostyumda, qalstukda olurlar, qadınlar və qızlar isə uzun, zövqlə seçilmiş və müasir paltarlar geyinirlər». Özlərini «ləyaqətli geyimlə, abır-həya ilə, ağıl-kamalla,.. mömin olduqlarını iddia edən [insanlara] yaraşan tərzdə» bəzədikləri üçün Yehovanın Şahidlərinin ünvanına tez-tez belə tərif sözləri söylənilir (1 Tim. 2:9, 10). Bulus burada qadınları nəzərdə tutsa da, eyni prinsip kişilərə də aiddir.

2 Geyimlə bağlı Yehovanın verdiyi qayda-qanunlar həm Onun Özü üçün, həm də xalqı üçün böyük əhəmiyyət daşıyır (Yar. 3:21). Müqəddəs Kitabda geyim-kecimlə bağlı yazılanlar aydın şəkildə göstərir ki, Külli-İxtiyar Öz xidmətçilərinə geyimlə bağlı müəyyən qanunlar verib. Buna görə də paltar seçəndə yalnız öz istəklərimizi düşünməməliyik, Külli-İxtiyar sahibi Yehovanı da nəzərə almamalıyıq.

3. Allahın israillilərə geyimlə bağlı verdiyi qanundan nə öyrənirik?

 3 Allahın israillilərə verdiyi qanun onları ətraf xalqların əxlaqsız həyat tərzindən qoruyurdu. Qanun göstərirdi ki, Yehova kişi ilə qadın arasındakı fərqi aydın göstərməyən geyimlərə nifrət edir. (Qanunun təkrarı 22:5 ayəsini oxuyun.) Yehovanın geyimlə bağlı bu göstərişindən görürük ki, kişi qadın paltarı geyinəndə, qadının geyindiyi paltar onu kişiyə oxşadanda və geyiminə görə qadınla kişini bir-birindən ayırmaq olmayanda, Allaha ağır gedir.

4. Məsihilərə geyim məsələsində düzgün seçim etməyə nə kömək edə bilər?

4 Müqəddəs Kitabda məsihilərə geyimlə bağlı düzgün seçim etməyə kömək edən prinsiplər var. Bu prinsiplər harada yaşamasından, mədəniyyətindən və yaşadığı ölkənin iqlimindən asılı olmayaraq, hər bir məsihi üçün keçərlidir. Bizim nəyi geyinmək olar, nəyi geyinmək olmaz kimi göstərişlər siyahısına ehtiyacımız yoxdur. Biz bu məsələdə zövqümüzə görə seçim etmək ixtiyarı verən prinsiplərə uyğun davranırıq. Gəlin bəzi Müqəddəs Kitab prinsiplərini nəzərdən keçirək və görək bu prinsiplər paltar seçərkən bizə Allahın yaxşı, xoş və kamil iradəsini dərk etməyə necə kömək edə bilər (Rom. 12:1, 2).

ÖZÜMÜZÜ ALLAHIN XİDMƏTÇİLƏRİ KİMİ GÖSTƏRİRİK

5, 6. Bizim xarici görünüşümüz başqalarına necə təsir edə bilər?

5 Həvari Bulus 2 Korinflilərə 6:4 ayəsində mühüm bir prinsip vermişdi. (Ayəni oxuyun.) Xarici görkəmimiz barəmizdə çox şey dəyə bilər. İnsanlar adətən zahirə baxıb haqqımızda nəticə çıxarırlar (1 İşm. 16:7). Allahın xidmətçisi olduğumuz üçün başa düşürük ki, geyim məsələsində sadəcə öz rahatlığımızı fikirləşib, zövqümüzü nəzərə alıb seçim etməməliyik. Allahın Kəlamında yazılmış prinsiplərə əsaslanaraq biz dar, açıq-saçıq və şəhvət oyadıcı, eləcə də bədən üzvlərini qabarıq göstərən paltarlar geyinmirik. Biz həmişə elə geyinməliyik ki, insanlar bizi görəndə üzlərini yana çevirməsinlər.

6 Əgər xarici görünüşümüz təmiz, səliqəli, ləyaqətli olarsa, çox ehtimal ki, insanlar bizə əsl Allah adamı kimi baxacaq və ibadət etdiyimiz Allaha yaxınlaşmaq istəyəcəklər. Həmçinin bizim geyimimiz təmsil etdiyimiz təşkilat haqda insanlarda yaxşı təəssürat yaradacaq. Nəticədə, ola bilsin, onlar çatdırdığımız xəbərə maraqla qulaq asacaqlar.

7, 8. Xüsusilə nə vaxt ədəbli və münasib paltar geyinməliyik?

7 Allahımızın, həmimanlılarımızın, ərazimizdə yaşayan insanların xatirinə çatdırdığımız xəbərin dəyərini artıran və müqəddəs Allahımıza şərəf gətirən şəkildə geyinməliyik (Rom. 13:8—10). Xüsusən də, ibadətimizlə bağlı işlərlə məşğul olanda, məsələn, yığıncağa və təbliğə gedəndə. Biz «mömin olduqlarını iddia edən [insanlara] yaraşan tərzdə» geyinməliyik (1 Tim. 2:10). Amma nəzərə almaq lazımdır ki, bir ərazidə ləyaqətli sayılan geyim digər ərazidə başqa cür qəbul oluna bilər. Buna görə də Yehovanın Şahidləri heç kimin hisslərinə toxunmamaq üçün yaşadıqları ərazinin adət-ənənələrini nəzərə alırlar.

Geyiminiz Allaha şərəf gətirir? (7 və 8-ci abzaslara baxın)

8 1 Korinflilərə 10:31 ayəsini oxuyun. Biz toplantıya münasib və ədəbli  paltar geyinməliyik, paltarımız dünyanın ruhunu əks etdirən tərzdə olmamalıdır. Mehmanxanada olanda, həmçinin toplantıdan əvvəl və sonra keçirdiyimiz asudə vaxtlarda həddən artıq sərbəst və səliqəsiz geyinməməliyik. Onda Yehovanın Şahidi olduğumuzu deməyə utanmayacağıq və fürsət yarananda təmiz vicdanla şahidlik edə biləcəyik.

9, 10. Nəyə görə geyim seçərkən Filippililərə 2:4 ayəsini nəzərə almalıyıq?

9 Filippililərə 2:4 ayəsini oxuyun. Nəyə görə məsihilər geyim məsələsində dindaşlarının hisslərini nəzərə almalıdırlar? Səbəblərdən biri odur ki, Allahın xalqı Müqəddəs Kitabın növbəti buyruğuna uyğun yaşamaq üçün var-gücü ilə çalışır: «Yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə... meyilləri öldürün» (Kol. 3:2, 5). Heç birimiz bacı-qardaşlarımıza bu yolda maneə olmaq istəməzdik. Əvvəllər əxlaqsız həyat tərzi sürən bacı-qardaşlarımız, ola bilsin, günahlı arzularla hələ də mübarizə aparırlar (1 Kor. 6:9, 10). Heç birimiz onların bu mübarizəsini çətinləşdirmək istəməzdik, elə deyilmi?

10 Dünyada insanlar çox ədəbsiz geyinirlər. Amma bacı-qardaşlar arxayındır ki, Yehovanın xalqının içində belə şeylər olmur. Buna görə də, gəlin onların etibarını doğruldaq, həm ibadət görüşlərində, həm də asudə vaxtlarımızda bacı-qardaşlarla bir yerdə olanda geyimimizə fikir verək. Geyim məsələsində  seçim etmək ixtiyarımız var. Bununla belə, hər birimiz elə geyinməliyik ki, başqalarına təmiz qalmağa, fikirlərində, sözlərində, əməllərində Allahın müqəddəs normalarına uyğun davranmağa mane olmayaq (1 But. 1:15, 16). Çünki əsl məhəbbət «nalayiq davranmır, öz xeyrini güdmür» (1 Kor. 13:4, 5).

ŞƏRAİTƏ UYĞUN VƏ DÜZGÜN SEÇİM

11, 12. Vaiz 3:1, 17 ayələri geyim məsələsində düzgün seçim etməyə necə kömək edə bilər?

11 Allahın xidmətçiləri paltar seçərkən növbəti prinsipi nəzərə alırlar: «Hər iş və hər hərəkət üçün bir vaxt var» (Vaiz 3:1, 17). Təbii ki, mövsümün dəyişməsi, yaşadığımız ərazinin iqlimi, şəraitimiz və sair şeylər paltar seçimimizə təsir edir. Amma yadda saxlamalıyıq ki, Yehova Allahın qanunları havaya görə dəyişmir (Məl. 3:6).

12 Xüsusən çox isti hava şəraiti olan yerlərdə hansı paltarın ləyaqətli və ədəbli olduğunu müəyyən etmək çətin ola bilər. Bədən üzvləri görünəcək dərəcədə dar və boş paltarlar geyinməsək, bacı-qardaşlar bizə minnətdar olarlar (Əyy. 31:1). Çimərliyə gedəndə və ya hovuzda üzəndə geyindiyimiz çimərlik paltarı da abırlı olmalıdır (Məs. 11:2, 20). Dünyada əksər insanlar həddən artıq açıq-saçıq çimərlik paltarı geyinirlər, amma biz Yehovanın xidmətçiləriyik və bu məsələdə də müqəddəs Allahımızın adına şərəf gətirməliyik.

13. Nəyə görə paltar seçərkən 1 Korinflilərə 10:32, 33 ayələrindəki məsləhəti nəzərə almalıyıq?

13 Başqa bir prinsip də bizə bu məsələdə düzgün seçim etməyə kömək edir. Biz hamının, həm dindaşlarımızın, həm də başqa insanların vicdanını nəzərə almalıyıq. (1 Korinflilərə 10:32, 33 ayələrini oxuyun.) Bu məsələyə ciddi yanaşmalıyıq, insanların hisslərinə təsir edən paltar geyinməməliyik. Bulus yazmışdı: «Gəlin hər birimiz başqasının xeyri və qüvvətlənməsi üçün çalışaq». Bulus belə səbəb gətirmişdi: «Axı Məsih də öz xeyrini düşünmürdü» (Rom. 15:2, 3). Allahın iradəsinə uyğun davranmaq və insanlara kömək etmək İsa kimi bizim üçün də öz şəxsi istəklərimizdən üstün olmalıdır. Bu səbəbdən nə qədər xoşumuza gəlsə də, insanlara xoş xəbəri eşitməyə mane olan tərzdə geyinməməliyik.

14. Valideynlər uşaqlarına Allaha şərəf gətirən tərzdə geyinməyə necə kömək edə bilərlər?

14 Uşaqlarına Müqəddəs Kitab prinsiplərinə əməl etməyi öyrətmək məsihi valideynlərin borcudur. Bu, geyim məsələsinə də aiddir. Onlar çalışmalıdırlar ki, özlərinin və uşaqlarının geyimi və xarici görkəmi ləyaqətli olsun, Allahın ürəyini sevindirsin (Məs. 22:6; 27:11). Valideynlər uşaqlarına yaxşı nümunə qoymaqla, mehriban şəkildə və faydalı məsləhətlər verməklə onların ürəyində Allaha hörmət yetişdirməlidirlər. Valideynlər uşaqlarına ədəbli, münasib paltar seçməyi öyrətməlidirlər. Onlara başa salmalıdırlar ki, paltarı yalnız xoşlarına gəldiyi üçün almamalıdırlar, seçdikləri geyim ibadət etdikləri Allahın adına layiq olmalıdır.

İRADƏ AZADLIĞINDAN HİKMƏTLƏ İSTİFADƏ EDİN

15. Paltar seçərkən əsas nəyə diqqət yetirməliyik?

15 Müqəddəs Kitab bizə geyimlə bağlı  Allaha şərəf gətirən qərarlar verməyə kömək edir. Bununla belə, bu seçimimizə müəyyən amillər təsir edir. Məsələn, hərə öz zövqünə görə və maddi vəziyyətini nəzərə alaraq paltar alır. Bütün bunlardan asılı olmayaraq, əsas odur ki, geyimimiz təmiz, səliqəli, ləyaqətli, vəziyyətə və ərazimizə uyğun olsun.

16. Nəyə görə ləyaqətli geyim tapmaq üçün zəhmət çəkməyə dəyər?

16 Hərdən ləyaqətli və münasib geyim tapmaq çətin olur, çünki mağazaların çoxunda, əsasən, ən son dəbə uyğun paltarlar satılır. Buna görə də ədəbli ətək, don, köynək, dar olmayan kostyum və ya şalvar tapmaq üçün çoxlu vaxt sərf etmək lazım gəlir. Amma bu əziyyətlərə dəyər, çünki bizim məsihiyə yaraşan tərzdə geyindiyimizi görəndə bacı-qardaşlarımızın ürəyi açılacaq. Bununla biz həmçinin Yehovaya şərəf gətirəcək və məmnunluq duyacağıq. Bu məmnunluq bütün əziyyətlərimizi bizə unutduracaq.

17. Əgər qardaş saqqal saxlamaq istəyirsə, nəyi nəzərə almalıdır?

17 Bəs saqqal saxlamaq barədə nə demək olar? Qardaşlar saqqal saxlaya bilər? Musanın qanununda kişilərə saqqal saxlamaq buyrulurdu. Amma məsihilərdən Musanın qanununa riayət etmək tələb olunmur (Lav. 19:27; 21:5; Qal. 3:24, 25). Bəzi ərazilərdə səliqəli saqqal saxlamağa camaat normal baxır və saqqallı insanlara hörmətlə yanaşırlar. Həmin ərazilərdə saqqal saxlamaq təbliğ işinə mənfi təsir göstərmir. Hətta bəzi məsul qardaşlar da saqqal saxlayırlar (1 Kor. 8:9, 13; 10:32). Bəzi yerlərdə isə saqqal saxlamaq adəti yoxdur və həmin ərazilərdə məsihilərin saqqal saxlaması düzgün deyil. Bu cür ərazilərdə saqqal saxlamaq, qardaşlara xarici görkəmlərilə Allaha şərəf gətirməyə və qüsursuz olmağa mane ola bilər (Rom. 15:1—3; 1 Tim. 3:2, 7).

18, 19. Mikə 6:8 ayəsi geyim məsələsində bizə necə kömək edir?

18 Nə yaxşı ki, Yehova bizə nəyi geyinmək olar, nəyi geyinmək olmaz kimi göstərişlər siyahısı verməyib. Amma O, bizə Müqəddəs Kitab prinsiplərinə əsaslanaraq hikmətlə seçim etmək ixtiyarı verib. Bununla da biz, hətta geyimimizlə Allahın önündə təvazökarlıqla yeridiyimizi göstərə bilərik (Mik. 6:8).

19 Təvazökar insan o kəsdir ki, Allahın pak, müqəddəs olduğunu və Onun ən doğru yolu göstərdiyini qəbul edir, həmçinin başqalarının hisslərini nəzərə alır və fikirlərinə hörmətlə yanaşır. Beləliklə, Allahın yüksək əxlaq normalarına uyğun yaşamaqla, başqalarının hisslərinə hörmət etməklə Yaradanımızın önündə təvazökarlıqla yerimiş oluruq.

20. Geyimimiz və xarici görkəmimiz insanlarda hansı təəssüratı yaratmalıdır?

20 Xarici görkəmimizdən aydın görünməlidir ki, biz Yehovanın xidmətçisiyik. Həm bacı-qardaşlarımızın, həm də kənar insanların qarşısında müqəddəs Allahımızı ləyaqətlə təmsil etməliyik. Yehova bizə yüksək əxlaq normaları verib və biz sevə-sevə bu normalara uyğun yaşayırıq. Xarici görünüşü ilə, gözəl davranışı ilə insanları həqiqətə cəlb edən, Yehova Allahın adına şərəf gətirən və Onun qəlbini sevindirən bacı-qardaşlarımız tərifəlayiqdir. Geyim məsələsində düzgün seçim etməklə biz calala bürünmüş Allahımıza şərəf gətirmiş oluruq (Zəb. 104:1, 2).