Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2016

Dövlət nümayəndələri qarşısında müjdəni müdafiə edin

Dövlət nümayəndələri qarşısında müjdəni müdafiə edin

«BU ADAM adımı xalqlara, o cümlədən hökmdarlara... bildirmək üçün seçdiyim alətdir» (Həv. 9:15). İsa Məsih bu sözləri yenicə məsihi olmuş və sonralar həvari Bulus kimi tanınan bir yəhudi haqda demişdi.

Bulusun İsanın adını bildirdiyi hökmdarlardan biri Roma imperatoru Neron idi. Siz imanınızı bu cür imperatorun qarşısında müdafiə etməli olsaydınız, hansı hissləri keçirərdiniz? Müqəddəs Kitab məsihiləri Bulusdan nümunə götürməyə təşviq edir (1 Kor. 11:1). Məsələn, bu sahədə nümunə götürə bilərik: Bulus kimi yaşadığımız ölkənin qanunlarını yaxşı bilməliyik.

İsrail ərazisində yaşayanlar Musanın qanunu altında idilər və dünyanın istənilən yerində yaşayan yəhudi bu qanuna əsasən yaşamalı idi. 33-cü ilin Əllinci gün bayramından sonra Yehovaya ibadət edənlərdən Musanın qanununa tabe olmaq tələb olunmurdu (Həv. 15:28, 29; Qal. 4:9—11). Amma bununla belə, nə Bulus, nə də digər məsihilər bu qanun haqqında hörmətsiz danışmırdılar və buna görə də onlar yəhudi icmalarında maneəsiz təbliğ edə bilirdilər (1 Kor. 9:20). Bulus dəfələrlə sinaqoqlarda təbliğ etmişdi. Ora gələn insanlar İbrahimin Allahını tanıyırdılar və Bulus onlarla Tövrata əsaslanaraq söhbət apara bilirdi (Həv. 9:19, 20; 13:5, 14—16; 14:1; 17:1, 2).

Həvarilər təbliğ işinin mərkəzi kimi Yerusəlimi seçmişdilər. Onlar müntəzəm olaraq məbəddə təlim verirdilər (Həv. 1:4; 2:46; 5:20). Hərdən Bulus Yerusəlimə gəlirdi və bu səfərlərinin birində onu həbs etmişdilər. Beləcə, ona qarşı iş açıldı və nəticədə, onu Romaya apardılar.

BULUS VƏ ROMA QANUNLARI

Görəsən, Roma rəsmiləri Bulusun təbliğ etdiyi inanclara necə yanaşacaqlar? Bu suala cavab tapmaq üçün romalıların dinlərə necə yanaşdıqlarına diqqət yetirmək lazımdır. Romalılar imperiyalarının ərazisində yaşayan etnik qrupları öz dinlərindən dönməyə məcbur etmirdilər, amma yalnız bir halda, əgər onların dini imperiya və ya cəmiyyət üçün təhlükə yaratmırdısa.

 Romalılar imperiyalarında yaşayan yəhudilərə geniş hüquqlar vermişdi. Bir kitabda bununla bağlı deyilir: «Yəhudi dini Roma imperiyasında üstün mövqeyə sahib idi... Yəhudilər sərbəst şəkildə öz dinlərinə sitayiş edə bilərdilər. Onlardan Roma allahlarına ibadət etmək tələb olunmurdu. Onlara öz icmaları daxilində özlərinin qanunlarına əsasən yaşamaq hüququ verilmişdi» («Backgrounds of Early Christianity»). Yəhudilər həmçinin hərbi xidmətdən azad idilər *. Bulus Roma məmurları qarşısında məsihiliyi müdafiə edəndə imperiyanın yəhudilərə verdiyi dini hüquqlardan istifadə etmişdi.

Bulusun düşmənləri hər üsula əl atırdılar ki, camaatı və dövlət məmurlarını ona qarşı qaldırsınlar (Həv. 13:50; 14:2, 19; 18:12, 13). Gəlin bir hadisəni nəzərdən keçirək. Yerusəlim yığıncağındakı ağsaqqallar eşitmişdi ki, yəhudilər arasında şayiə yayılıb, guya Bulus Musanın Qanunundan dönməyi təbliğ edir. Bu cür şayiələr yenicə məsihi olmuş yəhudilərdə yanlış təəssürat yarada bilərdi, sanki, Bulus Allahın qanununa hörmət etmir. Həmçinin Sinedrion məsihiliyin iudaizmə qarşı çıxan din olduğunu elan edə bilərdi. Əgər bu baş versəydi, məsihilərlə əlaqəsi olan yəhudilər cəzalanardı. Həm onlar, həm də məsihilər cəmiyyətdən qovular, onlara məbəddə və sinaqoqlarda təbliğ etmək qadağan olunardı. Buna görə də ağsaqqallar Bulusa məsləhət gördülər ki, bu söz-söhbətin yalan olduğunu sübut etmək üçün məbədə getsin və Allahın tələb etmədiyi, eyni zamanda günah olmayan bir ayini icra etsin (Həv. 21:18—27).

Bulus ağsaqqalların dediyini etdi və bu hadisə müjdənin müdafiəsinə və qanuni tanınmasına səbəb oldu (Filip. 1:7). Məbəddə yəhudilər Bulusa qarşı qalxdılar və onu öldürmək istədilər. Vəziyyəti belə görən Roma sərkərdəsi onu həbs etdi. O, Bulusu qamçılatmaq istəyəndə Bulus Roma vətəndaşı olduğunu dedi. Buna görə də onu Qeysəriyyəyə apardılar. Romalılar Yəhudiyyəni Qeysəriyədən idarə edirdilər. Burada Bulusun qarşısında dövlət nümayəndələrinə şahidlik etmək kimi nadir imkan açıldı. Bunun sayəsində məsihi dini barədə az məlumatı olan insanlar ətraflı şəhadət ala bildi.

«Həvarilərin işləri» kitabının 24-cü fəslində Bulusun Yəhudiyyənin Roma valisi Feliksin hökm kürsüsü qarşısında durduğu təsvir olunur. Feliksin məsihi dini barədə artıq müəyyən məlumatı var idi. Yəhudilər Bulusu Roma qanunlarını ən azı üç şeydə pozmaqda ittiham edirdilər. İddia edirdilər ki, Bulus bütün imperiyada yaşayan yəhudiləri qiyama qaldırır, təriqət başçısıdır və Roma imperiyasının idarəsi altında olan məbədi murdarlamaq istəyir (Həv. 24:5, 6). Onların bu ittihamları sübuta yetirilsəydi, Bulusa ölüm hökmü kəsilərdi.

Bugünkü məsihilərə Bulusun bu ittihamlar qarşısında necə davrandığına diqqət yetirmək faydalı olardı. Bulus təmkinini pozmadı və özünü hörmətcil şəkildə apardı. O, Tövrata və Peyğəmbərlərin kitabına istinad etdi və ata-babalarının Allahına ibadət etmək hüququnun olduğunu söylədi. Roma qanunları bütün yəhudilərə bu hüququ verirdi (Həv. 24:14). Bir müddət sonra Bulusun qarşısında əqidəsini başqa bir dövlət məmurunun, Porsi Festin, həmçinin padşah Hirod Aqrippanın hüzurunda müdafiə etmək və təbliğ etmək imkanı açıldı.

Sonda Bulus ədalətli məhkəmə araşdırmasına nail olmaq üçün dedi: «Mən Sezarın məhkəməsini tələb edirəm!» (Həv. 25:11). Həmin dövrdə Sezar ən nüfuzlu rəhbər idi.

BULUS SEZARIN HÜZURUNDA

Sonralar mələk Bulusa demişdi: «Sən Sezarın hüzurunda durmalısan» (Həv. 27:24). Roma imperatoru Neron hakimiyyətinin əvvəlində qeyd etmişdi ki, bütün məhkəmə işlərinə şəxsən özü baxmayacaq. Hakimiyyətinin ilk səkkiz ilini o, demək olar ki, bütün məhkəmə işlərini başqalarına tapşırırdı. Bir kitabda deyilir ki, Neron özü baxdığı məhkəmə işlərini sarayında dinləyirdi və ona təcrübəli, nüfuzlu məsləhətçilər kömək edirdi («The Life and Epistles of Saint Paul»).

 Müqəddəs Kitabda yazılmayıb, Bulusun işinə Neron şəxsən özü baxmışdı, yoxsa onun tapşırığı ilə başqa kimsə məsələni dinləyib Nerona məlumat vermişdi. Hər necə olsa da, görünür, Bulus yəhudilərin Allahına ibadət etdiyini və hamını hökumətə tabe olmağa təşviq etdiyini izah edə bilmişdi (Rom. 13:1—7; Tit. 3:1, 2). Nəyə görə bunu iddia etmək olar? Çünki Bulusun yüksək rütbəli şəxslərin qarşısında müjdəni müdafiə etməsi yaxşı bəhrə gətirmişdi, Sezarın məhkəməsi Bulusu sərbəst buraxmışdı (Filip. 2:24; Flm. 22).

BİZ DƏ MÜJDƏNİ MÜDAFİƏ EDİRİK

İsa Məsih şagirdlərinə demişdi: «Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər. Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz» (Mət. 10:18). İsa haqqında bu cür şəhadət vermək şərəfdir. Adətən, müjdəni müdafiə etmək üçün göstərdiyimiz cəhdlər qələbə ilə nəticələnir. Amma qeyri-kamil insanın verdiyi qərarlar müjdənin tam şəkildə qanuni tanınmasını təmin edə bilməz. Yalnız və yalnız Allahın Padşahlığı təqiblərin və ədalətsizliyin qarşısını birdəfəlik alacaq (Vaiz 8:9; Ərm. 10:23).

Bu gün də məsihilər öz imanlarını müdafiə edəndə Yehovanın adı ucalır. Bu cür vəziyyətlərə düşəndə, Bulus kimi, biz də təmkinli və dürüst olmalı, əminliklə danışmalıyıq. İsa davamçılarına demişdi: «Özünüzü müdafiə etmək üçün nə deyəcəyinizi qabaqcadan düşünməyin, çünki mən sizin dilinizə elə sözlər qoyacağam, sizə elə hikmət verəcəyəm ki, düşmənləriniz sizə bata bilməyəcək, sözünüzün qabağında söz deyə bilməyəcək» (Luka 21:14, 15; 2 Tim. 3:12; 1 But. 3:15).

Məsihilər öz imanlarını hökmdarların, dövlət nümayəndələrinin qarşısında müdafiə edirlər və bununla onlar müjdəni başqa yolla eşitmək şansı az olan insanlara təbliğ edirlər. Bəzən məhkəmələrdə bizim xeyrimizə verilən qərarlar qanunda müəyyən dəyişikliklərə səbəb olur, bizlərə söz azadlığı və sərbəst ibadət etmək hüququ verir. Məhkəmə işlərinin nəticəsindən asılı olmayaraq, Yehovanın xidmətçilərinin məhkəmə qarşısında göstərdiyi cəsarət Yehovanı sevindirir.

Biz imanımızı müdafiə edəndə Yehovanın adı şərəflənir

^ abz. 8 Yazıçı Ceyms Parks yazmışdı: «Yəhudilərə... öz qanunlarına, adət-ənənələrinə uyğun yaşamaq hüququ verilmişdi. Burada qeyri-adi heç nə yox idi, çünki Romada imperiyanın ərazisində yerləşən muxtar vilayətlərə geniş hüquqlar vermək adət idi».