Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2016

Allahın xeyir-duasını almaq üçün mübariz olun

Allahın xeyir-duasını almaq üçün mübariz olun

«Sən Allahla və insanlarla çarpışdın, axırda üstün gəldin» (YAR. 32:28).

NƏĞMƏ: 60, 38

1, 2. Yehovanın xidmətçiləri nələrlə mübarizə aparmalı olur?

İLK mömin insan, Habildən tutmuş bu günə kimi Allahın sadiq xidmətçiləri öz imanlarını qorumaq üçün vuruşublar. Həvari Bulus ibrani məsihilərə yazmışdı ki, onlar Yehova Allahın rəğbətini qazanmaq və xeyir-duasını almaq üçün «böyük mübarizədə əziyyətlərə qatlaşaraq dözüm» göstəriblər (İbr. 10:32—34). O, məsihilərin apardığı mübarizəni yunan yarışlarında qaçış, güləş və boks kimi idman növlərində gedən mübarizəyə bənzətmişdi (İbr. 12:1, 4). Bu gün biz həyat uğrunda gedən yarışda iştirak edirik və bu yolda düşmənlərimiz fikrimizi yayındırmağa, bizi büdrətməyə, yıxmağa, sevincimizi və mükafatımızı əlimizdən almağa çalışırlar.

2 Biz, ilk öncə, Şeytan və onun dünyasına qarşı vuruşuruq (Efes. 6:12). Bu dünyanın təlimlərinə, fəlsəfəsinə uymamaq, əxlaqsızlığın, siqaretin, spirtli içkilərin və narkotikin qulu olmamaq üçün mübarizə aparmaq vacibdir. Biz həmçinin, zəifliklərimizlə və ruh düşkünlüyü ilə mübarizə  aparmalıyıq (2 Kor. 10:3—6; Kol. 3:5—9).

3. «Rəqibimizə» qalib gəlmək üçün Yehova bizə nəyin vasitəsilə təlim verir?

3 Belə güclü «rəqiblərə» qalib gəlmək mümkündür? Bəli! Ancaq bunun üçün, necə deyərlər, savaşmaq lazımdır. Bulus boksçunu nəzərdə tutaraq yazmışdı: «Yumruğu elə atıram ki, zərbəm boşa çıxmasın» (1 Kor. 9:26). Biz boksçu kimi «rəqibimizlə» vuruşmalı, mübarizə aparmalıyıq. Bu döyüşdə qalib gəlmək üçün Yehova bizə təlim verir və kömək edir. O, bizə Kəlamı vasitəsilə həyativacib məsləhətlər verir. Yehova bizə Müqəddəs Kitaba əsaslanmış nəşrlər, yığıncaq görüşləri və toplantılar vasitəsilə də kömək edir. Bəs siz öyrəndiklərinizə əməl edirsiniz? Əgər etmirsinizsə, onda sanki zərbəniz boşa çıxır, yəni «rəqibinizə» yetərincə müqavimət göstərmirsiniz.

4. Pisliyə məğlub olmamaq üçün nə etməliyik?

4 Biz həmişə ayıq-sayıq olmalıyıq, çünki «rəqibimiz» gözləmədiyimiz anda və gücümüz tükənəndə üstümüzə hücum çəkə bilər. Müqəddəs Kitab bizi xəbərdar edir: «Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl» (Rom. 12:21). «Pisliyə məğlub olma» ifadəsi göstərir ki, biz pisliyə qalib gələ bilərik. Bunun üçün isə mübarizə aparmaq gərəkdir. Amma mübarizəni dayandırsaq, Şeytan, onun dünyası və qeyri-kamil təbiətimiz bizə qalib gələcək. Qoymayın Şeytan sizi ruhdan salıb bu döyüşdə məğlub etsin! (1 But. 5:9).

5. a) Allahın xeyir-duasını almaq üçün apardığımız mübarizədə mətin olmağa bizə nə kömək edə bilər? b) Bu məqalədə kimlərin nümunəsini nəzərdən keçirəcəyik?

5 Bu döyüşdə qalib gəlmək üçün nəyin uğrunda mübarizə apardığımızı həmişə yadda saxlamalıyıq. Biz Yehova Allahın rəğbətini qazanmaq və xeyir-duasını almaq istəyirik və buna nail olmaq üçün İbranilərə 11:6 ayəsində yazılan sözləri unutmamalıyıq: «Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır». «Cidd-cəhdlə axtarmaq» kimi tərcümə olunan yunan sözü var gücü ilə çalışmaq, bütün gücü səfərbər etmək mənasını daşıyır (Həv. 15:17). Müqəddəs Kitabda Allahın xeyir-duasını almaq üçün var gücünü səfərbər edən insanların adı çəkilir. Məsələn, Yaqub, Rəhilə, Yusif və Bulus onları emosional və fiziki cəhətdən taqətdən salan vəziyyətlərlə üzləşsələr də, sübut etmişdilər ki, insan qətiyyətli olsa, Allahın xeyir-duasını artıqlaması ilə alacaq. Gəlin görək bu insanlardan necə nümunə götürə bilərik.

QƏTİYYƏTLİ OLSANIZ, XEYİR-DUA ALACAQSINIZ

6. Yaqubu qətiyyətli edən nə idi və o, hansı mükafatı aldı? (Məqalənin əvvəlindəki şəklə baxın.)

6 Həzrəti Yaqub mübariz və qətiyyətli insan idi, çünki Allahı sevirdi, ruhani dəyərləri üstün tuturdu və Allahın, söz verdiyi kimi, onun nəslinə nemətlər bəxş edəcəyinə əmin idi (Yar. 28:3, 4). Buna görə də o, təxminən 100 yaşı olanda mələklə çarpışmışdı, əlindən gələni etmişdi ki, Allahdan xeyir-dua alsın. (Yaradılış 32:24—28 ayələrini oxuyun.) Doğrudanmı Yaqub mələklə çarpışacaq qədər güclü idi? Xeyr. Sadəcə, o, əzmli insan idi və bu çətinliyin qarşısında geri çəkilmək fikri yox idi! Elə bu qətiyyətinə görə o, mükafat aldı. Allah  onun adını dəyişib İsrail (mənası: «Allahla çarpışan», yaxud «Allah çarpışır») qoydu. Yaqub hər birimizin can atdığı mükafatı aldı, Allahın razılığını və xeyir-duasını qazandı.

7. a) Rəhiləni üzən nə idi? b) Mübarizə aparmağa ona nə güc verirdi və nəticədə o, hansı xeyir-duanı aldı?

7 Yaqubun sevimli həyat yoldaşı Rəhilə Yehovanın onun ərinə verdiyi vədi yerinə yetirəcəyi günü görməyi çox arzulayırdı. Amma bir əngəl var idi. Rəhilə sonsuz idi. Həmin dövrdə uşağın olmaması böyük dərd idi. Əlacı onun əlində olmayan bu dərdin qarşısında Rəhilə mübarizə aparmaq üçün qüvvəni və mənəvi gücü haradan tapdı? O, ümidini itirmirdi, durmadan dua edirdi. Yehova Rəhilənin fəryadını eşidib ona övlad nəsib etdi. Buna görə Rəhilə demişdi: «Var gücümlə çarpışıb... üstün gəldim» (Yar. 30:8, 20—24).

8. Yusif hansı sınaqla üzləşdi və bizə hansı nümunə qoydu?

8 Yaqubla Rəhilənin qətiyyəti onların oğlu Yusifə də sirayət etmişdi. İmanı sınananda bu xüsusiyyət ona kömək etmişdi. Yusifin 17 yaşı olanda həyatının qara günləri başladı. Qardaşları paxıllıqdan onu köləliyə satdılar. Sonralar o, Misirdə nahaqdan illərlə zindan əzabı çəkdi (Yar. 37:23—28; 39:7—9, 20, 21). Amma Yusif ruhdan düşmədi, qəlbində kin saxlamadı. O, bütün diqqətini Yehova Allahla münasibətlərinə cəmləmişdi (Lav. 19:18; Rom. 12:17—21). Yusifdən nümunə götürərək hər birimiz, həm uşaqlığı ağır keçən, həm də çıxılmaz kimi görünən problemlər yaşayanlar mübariz və qətiyyətli olmalıdırlar. Əmin ola bilərik ki, təslim olmasaq, Yehovanın xeyir-duasını alacağıq. (Yaradılış 39:21—23 ayələrini oxuyun.)

9. Allahın xeyir-duasını almaq istəyiriksə, Yaqub, Rəhilə və Yusifdən necə nümunə götürə bilərik?

9 Yəqin siz də imanınızı sınayan problem yaşayırsınız. Ola bilsin, ədalətsizliklə, qərəzli münasibətlə, istehza ilə üzləşirsiniz. Yaxud da kimsə paxıllığından sizi nahaqdan ittiham edir. Əlinizi yana salmayın. Yaquba, Rəhiləyə, Yusifə sevincini itirməməyə nə kömək etmişdi? Ruhani dəyərlərə üstünlük verdikləri üçün Allah onları qüvvətləndirmiş və xeyir-dua vermişdi. Bu insanlar təslim olmurdular və dualarına uyğun yaşayırdılar. Bu Şeytan dünyasının axır günlərində yaşadığımız üçün gələcəyə ümidimizdən möhkəm yapışmalıyıq. Bu, olduqca vacibdir! Yehova Allahın razılığını qazanmaq üçün canınıza cəfa verməyə, necə deyərlər, savaşmağa hazırsınız?

XEYİR-DUA ALMAQ ÜÇÜN MÜBARİZƏ APARIN

10, 11. a) Allahın xeyir-duasını almaq üçün nə ilə mübarizə aparmalı oluruq? b) Nəyin köməyilə düzgün seçim edə və bizi yayındıran şeylərin öhdəsindən gələ bilərik?

10 Hərdən Allahın xeyir-duasını almaq üçün, sözün əsl mənasında, mübarizə aparmalı oluruq. Kimimiz zəif cəhətlərimizlə savaşırıq, kimimiz var gücümüzlə çalışırıq ki, xidmətə həvəsimiz sönməsin, kimimiz isə xəstəlik və ya tənhalıqla mübarizə aparırıq. Bizi incidən, bizə qarşı günah edən insanı bağışlamaq da hərdən bir mübarizə ola bilər. Yehova Allaha neçə il xidmət etməyimizdən asılı olmayaraq, hər birimiz xidmətimizi çətinləşdirən  amillərlə mübarizə aparırıq. Amma unutmayın, Yehova sadiq xidmətçilərini mükafatsız qoymur.

Allahın xeyir-duasını almaq üçün mübarizə aparırsınız? (10 və 11-ci abzaslara baxın)

11 Düzgün seçim etmək və həqiqət yolunda qalmaq üçün bəzən dişimizlə-dırnağımızla mübarizə aparmalı oluruq, xüsusən də, xain ürəyimiz bizi başqa səmtə aparanda (Ərm. 17:9). Əgər nəyinsə sizə, cüzi də olsa, mənfi təsir etdiyini hiss edirsinizsə, yalvarıb Yehovadan müqəddəs ruh istəyin. Dua və müqəddəs ruh sizə düzgün davranmağa güc verəcək və nəticədə Yehovanın xeyir-duasını alacaqsınız. Duanıza uyğun davranın. Müqəddəs Kitabı hər gün oxuyun, müntəzəm olaraq fərdi mütaliə ilə məşğul olun, ailəvi ibadət keçirin. (Zəbur 119:32 ayəsini oxuyun.)

12, 13. İki gənc məsihiyə günahlı arzularla mübarizə aparmağa nə kömək etmişdi?

12 Müqəddəs Kitab, Allahın ruhu və nəşrlərimiz bir çoxlarına günahlı arzulara qalib gəlməyə kömək edib. «Oyanın!» jurnalının 2003-cü il 8 dekabr sayında dərc olunan «Günahlı arzularla necə mübarizə apara bilərsən?» adlı məqalə bir yeniyetmə qardaşımıza güclü təsir bağışlamışdı. O deyir: «Mən pis fikirlərlə mübarizə aparıram. Bu məqalədə çoxlarının mənim kimi günahlı arzularla əməlli-başlı  mübarizə apardığı barədə oxuyanda, tək olmadığımı hiss etdim». Bu qardaşa həmçinin «Oyanın!» jurnalının 2003-cü il 8 oktyabr sayında yerləşən «Qeyri-ənənəvi cinsi əlaqəyə Allah necə yanaşır?» adlı məqalə də kömək etmişdi. Jurnalda deyilirdi ki, bəziləri üçün daxildə gedən mübarizə cismə batan tikan kimidir. (2 Kor. 12:7). Onlar təmiz qalmaq üçün mübarizə aparırlar və gələcəyə ümidlə baxırlar. Qardaş deyir: «Mən belə nəticəyə gəldim ki, qarşıma hər gün sadiq qalmağı məqsəd qoysam, bacaracağam. Yehovaya minnətdaram ki, təşkilatı vasitəsilə bizə bu dünyada yaşadığımız hər gün qələbə çalmağa kömək edir».

13 Gəlin Birləşmiş Ştatlardan olan bir bacının da nümunəsinə baxaq. O yazmışdı: «Sizə minnətdaram ki, bizə düz vaxtında və lazım olan ruhani qidanı çatdırırsınız. Hərdən mənə elə gəlir ki, bu məqalələr sırf mənim üçün yazılıb. Uzun illərdir Yehovanın nifrət etdiyi bir şeyə meyillə mübarizə aparıram. Bəzən təslim olub mübarizəni dayandırmaq istəyirəm. Bilirəm, Yehova mərhəmətli və bağışlayan Allahdır, amma bu meylimə görə və qəlbimin dərinliyində bu şeyi sevdiyimə görə düşünürdüm ki, O, mənə kömək etməz. Bu mübarizə həyatımı ağırlaşdırmışdı... “Gözətçi qülləsi” jurnalının 2013-cü il 15 mart sayında dərc olunan “Yehovanı tanıyan ürəyə sahibsənmi?” adlı məqaləni oxuyanda başa düşdüm ki, əslində, Yehova mənə kömək etmək istəyir».

14. a) Bulus apardığı mübarizə barədə nə demişdi? b) Zəifliklərimizlə mübarizədə nəyin sayəsində qalib gələ bilərik?

14 Romalılara 7:21—25 ayələrini oxuyun. Bulus zəifliklərlə və pis arzularla mübarizə aparmağın nə dərəcədə çətin olduğunu şəxsən bilirdi. Ancaq o əmin idi ki, dua edib Allaha sığınmaqla və Məsihin fidyə qurbanlığına iman etməklə bu döyüşdə qalib gələ bilər. Biz də zəifliklərimizlə mübarizə aparsaq, qələbə çala bilərik. Bunun üçün Bulusdan nümunə götürüb özümüzə yox, Allaha güvənməliyik və fidyəyə iman etməliyik.

15. Yehova bizə sadiq qalmağa və dözüm göstərməyə necə kömək edə bilər?

15 Hərdən Yehova müəyyən vəziyyətdə necə davranacağımızı görmək istəyir. Məsələn, özümüz və ya ailə üzvlərimizdən kimsə ağır xəstəliyə tutularsa, ya da ədalətsizliklə üzləşərsə, necə davranacağıq? Biz sadiq qalmaq, sevincimizi və ruhani tarazlığımızı itirməmək üçün Yehovadan güc istəsək, Ona güvəndiyimizi göstərəcəyik (Filip. 4:13). Həm Bulusun dövründə, həm də bizim günlərdə bir çox insanın hadisəsi sübut edir ki, duanın sayəsində güc əldə edib mübarizəni davam etdirə bilərik.

MÜBARİZƏNİ DAYANDIRMAYIN

16, 17. Siz nəyə qətiyyətlisiniz?

16 Şeytanın arzusu odur ki, biz məğlub olub əlimizi yana salaq. Amma siz «yaxşı şeydən ikiəlli yapışın» (1 Salon. 5:21). İnanın, siz Şeytana, onun dünyasına və günahlı arzulara qalib gələ bilərsiniz. Ancaq bunu öz gücünüzlə yox, Allahın qüdrətinə arxalanmaqla edə bilərsiniz (2 Kor. 4:7—9; Qal. 6:9).

17 Savaşın, çarpışın, mübariz və qətiyyətli olun! Əmin olun, Məlaki 3:10 ayəsində yazıldığı kimi, Yehova Allah başınızdan bərəkət tökəcək.