Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  sentyabr 2016

«Əllərin yanına düşməsin»

«Əllərin yanına düşməsin»

«Əllərin yanına düşməsin» (SƏF. 3:16).

NƏĞMƏ: 81, 32

1, 2. a) Bu gün çoxları hansı çətinliklərlə üzləşir və buna görə hansı hissləri keçirir? b) Əşiya 41:10, 13 ayələri bizi nəyə əmin edir?

«DAİM ruhani işlərlə məşğul olsam da, uzun illərdir, daxilimdə mübarizə gedir. Bu hiss yuxuma haram qatıb, sağlamlığıma zərbə vurub, insanlarla münasibətimə təsir edib. Hərdən hər şeydən əlimi üzüb təslim olmaq və başımı götürüb ins-cins olmayan bir yerə getmək istəyirəm». Bu sözləri öncül kimi xidmət edən və həyat yoldaşı ağsaqqal olan bir bacı deyir.

2 Bu hisslər sizə tanışdır? Əfsuslar olsun ki, Şeytan dünyası başımıza çoxlu problemlər açır. Onların ucbatından dincliyimiz pozulur, gücümüz tükənir. Bu problemlər gəmini qabağa getməyə qoymayan lövbər kimi, bizi tutub saxlayır (Məs. 12:25). Bəs sizdə bu hisslərin yaranmasına nə səbəb olub? Ola bilsin, sizi doğma adamınızın ölümü, ciddi xəstəlik, ailəni dolandırmaqla bağlı yaranan çətinliklər və ya təqiblər üzür. Bəlkə də bu emosional gərginlik sizi taqətdən salıb, hətta sevincinizi itirmisiniz. Ancaq əmin ola bilərsiniz ki, Yehova Allah sizə kömək əlini uzatmağa hazırdır. (Əşiya 41:10, 13 ayələrini oxuyun.)

3, 4. a) Müqəddəs Kitabda «əl» və «qol» sözü hansı mənalarda işlənir? b) Hansı səbəbə görə insanın əlləri yana düşə bilər?

3 Müqəddəs Kitabda hansısa bir xüsusiyyəti və ya hərəkəti  təsvir etmək üçün insan bədəninin üzvlərindən obraz kimi istifadə olunur. Məsələn, orada əl və ya qol sözü yüz dəfələrlə məcazi mənada işlənir. Kiminsə qoluna qüvvət vermək ifadəsi onu ruhlandırmaq, möhkəmləndirmək, hansısa işə həvəsləndirmək mənasını verir (Qan. 3:28; 2 Salon. 2:16, 17). Bu sözün həmçinin kiməsə müsbət əhvali-ruhiyyədə olmağa, gələcəyə ümidlə baxmağa kömək etmək mənası da var.

4 Əllərin yana düşməsi ifadəsi isə insanın ruhdan, həvəsdən düşdüyünü, ümidinin üzüldüyünü bildirir (Ərm. 50:43; İbr. 12:12). Bu vəziyyətdə olan insan asanlıqla təslim ola bilər. Əgər siz də müəyyən problemlər ucbatından narahatçılıq keçirirsinizsə, fiziki, emosional və ruhani cəhətdən taqətdən düşmüsünüzsə, haradan güc tapa bilərsiniz? Dözümlü olmağa və sevincinizi itirməməyə sizə nə kömək edə bilər?

«YEHOVANIN ƏLİ ZƏİF DEYİL Kİ, XİLAS EDƏ BİLMƏSİN»

5. a) Çətinliyə düşəndə hansı hisslərə qapılmamalıyıq və nəyi yadda saxlamalıyıq? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

5 Səfənya 3:16, 17 ayələrini oxuyun. Biz əlimizi yana salmamalıyıq, yəni qorxuya qapılmamalı, ruhdan düşməməliyik. Əksinə, bütün qayğılarımızı Yehova Allahın üzərinə qoymalıyıq (1 But. 5:7). Yehova israillilərə demişdi: «Yehovanın əli zəif deyil ki, xilas edə bilməsin». Allah Öz sadiq xidmətçilərini xilas etməyə həmişə hazırdır (Əşy. 59:1). Aşılmaz dağ kimi görünən çətinliklərə baxmayaraq, xalqı Onun iradəsini yerinə yetirsin deyə, Yehova onları qüvvətləndirməyə qadirdir və buna hazırdır. Bu məqalədə bunu təsdiq edən üç hadisəni nəzərdən keçəcəyik. Gəlin görək bu hadisələr bizim imanımızı necə möhkəmləndirə bilər.

6, 7. İsraillilərin əmaliqələr üzərində qələbə çalmasından hansı nəticəni çıxarırıq?

6 İsraillilər möcüzəvi şəkildə Misir əsarətindən qurtulandan sonra əmaliqələr onların üstünə hücum çəkdi. Yuşə cəsarətlə davranıb Musa peyğəmbərin göstərişinə uyğun olaraq, israilliləri döyüşə apardı. Musa isə Harunu və Xuru yanına alıb döyüş meydanına baxan təpənin başına qalxdı. Görəsən, onlar qorxuya düşüb təpəyə qalxmışdılar? Təbii ki yox!

7 Musa Yehovadan aldığı göstərişə uyğun davrandı. Bundan israillilərin qələbəsi asılı idi. O, Allahın əsasını əlinə götürüb əllərini göyə qaldırdı və bu vəziyyətdə dayandı. Nə qədər ki, peyğəmbər əlini göydə saxlayırdı, Yehova israillilərin qoluna qüvvət verirdi və onlar əmaliqələrə üstün gəlirdilər. Amma Musanın qolları yorulub yana düşəndə əmaliqələr qələbə çalırdı. Onda Harunla Xur gətirib Musanın altına daş qoydular ki, üstündə otursun. «Harun onun bir əlini, Xur isə o biri əlini tutub saxladı. Gün batana kimi onun əlləri yuxarıda qaldı». Beləcə, Yehova Allahın qüvvətli qolu israillilərə qələbə qazandırdı (Çıx. 17:8—13).

8. a) Asa padşah həbəşlərin hücumu qarşısında nə etdi? b) Biz də Asa kimi Allaha güvəndiyimizi necə göstərə bilərik?

8 Yehova Allah Asa padşahın dövründə, həbəş Zarah Yəhudanın üstünə hücuma qalxanda da əlinin zəif olmadığını sübut etmişdi. Müqəddəs Kitabda çoxlu müharibələrdən söz açılır. Orada adı çəkilən ən böyük ordu isə həbəş Zarahın qoşunu olub. Onun bir milyon peşəkar  əsgəri var idi. Bu ordu Asanın ordusundan təxminən iki dəfə böyük idi. Təbii ki, Asa padşah asanlıqla qorxuya düşüb əllərini yana sala bilərdi. Ancaq o, dərhal Yehovaya üz tutub kömək istədi. Hərbçi nöqteyi-nəzəri ilə baxanda o boyda həbəş ordusuna qalib gəlmək qeyri-mümkün idi, amma «Allah üçün hər şey mümkündür» (Mət. 19:26). Yehova Allah böyük qüdrəti ilə həbəşləri Asa padşahın, ürəyi ömrü boyu bütünlüklə Ona bağlı olan xidmətçisinin önündə məğlub etdi (2 Saln. 14:8—13; 1 Pad. 15:14).

9. a) Yerusəlimdə Nəhəmya hansı maneə ilə üzləşdi? b) Yehova Nəhəmyanın duasına necə cavab verdi?

9 Nəhəmya Yerusəlimə gəlib şəhəri divarsız, yəhudi soydaşlarını ruhdan düşmüş görəndə onun keçirdiyi hissləri təsəvvür edirsiniz?! Yəhudilər divarı bərpa etməyə başlayandan sonra yad xalqlardan olan düşmənlərin hədə-qorxusu onların əlini işdən soyudur, onlar bərpa işlərini dayandırırlar. Bu vəziyyəti görən Nəhəmyanın da əli yanına düşdümü? Əsla! Musa peyğəmbər, Asa padşah və Yehova Allahın digər sadiq xidmətçiləri kimi, Nəhəmya həmişə Yehovaya güvənirdi, Ona üz tuturdu. Bu dəfə də o, Allahdan kömək istədi. Ola bilsin, yəhudilərin gözündə bu vəziyyətdən çıxış yolu yox idi, ancaq Yehova Nəhəmyanın sidq ürəkdən etdiyi duaya cavab verdi. Yehova Allah böyük qüdrəti ilə xalqının qolunu qüvvətləndirdi. (Nəhəmya 1:10; 2:17—20; 6:9 ayələrini oxuyun.) Bu gün də Yehova Allah qüvvətli qolu və böyük qüdrəti ilə Öz xidmətçilərini qüvvətləndirir. Siz buna inanırsınız?

YEHOVA QOLUNUZA QÜVVƏT VERƏCƏK

10, 11. a) Şeytan bizi Yehovanın işindən soyutmaq üçün nə edir? b) Yehova bizi necə gücləndirir? c) Teokratik təlimin sizə hansı faydası olub?

10 Şeytan heç vaxt əlini yana salmır, əlindən gələni edir ki, məsihiləri xidmətdən saxlasın. O, hökumət dairələrinin, din xadimlərinin və dönüklərin vasitəsilə Allahın xalqına şər atır və hədə-qorxu gəlir. Onun bir məqsədi var — bizim əlimizi təbliğ işindən soyutmaq. Amma Yehova müqəddəs ruhu vasitəsilə bizi qüvvətləndirir (1 Saln. 29:12). Şeytanın və onun zalım dünyasının sınaqlarına qarşı dura bilmək üçün Allahdan müqəddəs ruh istəmək olduqca vacibdir (Zəb. 18:39; 1 Kor. 10:13). Həmçinin yaddan çıxarmamalıyıq ki, əlimizdə müqəddəs ruh vasitəsilə ərsəyə gələn Allahın Kəlamı var. Hər ay aldığımız Müqəddəs Kitaba əsaslanan ruhani qidanın da köməyi əvəzsizdir. Zəkəriyyə 8:9, 13 ayələrində yazılan sözlər Yerusəlimdəki məbəd bərpa olunanda deyilmişdi. (Ayələri oxuyun.) Bu sözlər bizə də qol-qanad verə bilər.

11 Həftəlik görüşlərdə, toplantılarda və teokratik məktəblərdə aldığımız təlim bizi gücləndirir. Bu təlim bizi Allaha xidmət etməyə həvəsləndirir, ruhani məqsədlərə can atmağa, məsihi məsuliyyətlərini yerinə yetirməyə kömək edir (Zəb. 119:32). Bəs siz Yehovadan təlim almağa can atırsınız?

12. Ruhani cəhətdən möhkəm qalmaq üçün nə etməliyik?

12 Yehova qüdrətli qolu ilə israillilərə əmaliqələr və həbəşlər üzərində qələbə qazandırdı, divarın tikintisini başa vurmaq üçün Nəhəmyanın və soydaşlarının qoluna qüvvət verdi. Yehova Allah bizə  də təqiblərə, insanların laqeydliyinə və problemlərə baxmayaraq, təbliğ işini davam etməyə kömək edəcək (1 But. 5:10). Təbii ki, O bunu möcüzəvi şəkildə etməyəcək. Biz də öz tərəfimizdən nə isə etməliyik. Biz hər gün Allahın Kəlamını oxumalı, ibadət görüşlərinə hazırlaşmalı, görüşlərdə iştirak etməli, ailəvi ibadət və fərdi mütaliə vasitəsilə zehnimizi və ürəyimizi qidalandırmalı və hər zaman Yehovaya dua etməliyik. Bu yolla Yehova bizi qüvvətləndirəcək və bizə qol-qanad verəcək. Buna görə də gəlin yol verməyək ki, nə isə bizi bu işlərdən yayındırsın. Əgər nədəsə zəiflədiyinizi hiss edirsinizsə, Yehovadan kömək diləyin. Əmin olun ki, O, sizi qüvvətləndirəcək, qəlbinizdə həm arzu oyadacaq, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verəcək (Filip. 2:13). Bəs biz bacı-qardaşların qoluna necə qüvvət verə bilərik?

YANA DÜŞMÜŞ QOLLARI QÜCLƏNDİRİN

13, 14. a) Bir qardaş həyat yoldaşının ölümündən sonra haradan güc tapdı? b) Bacı-qardaşlarımızı necə möhkəmləndirə bilərik?

13 Yehova dar gündə bizə dayaq olan, qolumuza qüvvət verən ümumdünya qardaşlıq nəsib edib. Həvari Bulus demişdi: «Yana düşmüş qolları və zəif dizləri gücləndirin, düz yoldan ayrılmayın» (İbr. 12:12, 13). Birinci əsrdə yaşayan bir çox məsihilərə bacı-qardaşları məhz bu cür kömək etmişdi. Bizim günlər barədə də eyni şeyi demək olar. Həyat yoldaşını itirən və ağır sınaqlarla üzləşən bir qardaş deyir: «Bir şeyi öyrəndim ki, sınaq gələndə bizdən soruşmur. Dua və mütaliə xilasedici jilet kimi məni dərdin içində batmağa qoymadı. Bacı-qardaşlar da mənə çox böyük dayaq oldular. Başa düşdüm ki, Yehova ilə münasibətləri çətinə düşməmiş möhkəmləndirmək lazımdır».

Hər birimiz kimisə ruhlandıra bilərik (14-cü abzasa baxın)

14 Harunla Xur döyüş vaxtı Musanın qolu yana düşməsin deyə, qolunu tutub saxlayırdılar. Biz də bacı-qardaşlara qarşı diqqətli olmalıyıq, fikir verməliyik, görək kimi necə möhkəmləndirə bilərik. Məsələn, qocalığın qayğıları ilə, xəstəliklə, ailə üzvləri tərəfindən gördüyü təqiblərlə, tənhalıqla, doğma adamın itkisinin acısı ilə mübarizə aparan dindaşlarımıza dayaq ola bilərik. Biz həmçinin pis əməllərə təhrik olunan, ali təhsil almağa, var-dövlət toplamağa, karyera qurmağa təşviq olunan gənclərə möhkəm qalmağa kömək edə bilərik (1 Salon. 3:1—3; 5:11, 14). İbadət evində, təbliğdə, qonaqlıqda olanda və ya telefonla söhbət edəndə bacı-qardaşlara necə səmimi maraq göstərə bilərsiniz?

15. Xoş sözləriniz bacı-qardaşlara necə təsir edə bilər?

15 Asa padşah həbəşlər üzərində qələbə çalandan sonra Əzriya peyğəmbər onu və xalqı növbəti sözlərlə ruhlandırmışdı: «Möhkəm olun, ruhdan düşməyin. Zəhmətinizə görə mükafat alacaqsınız» (2 Saln. 15:7). Nəticədə, Asa pak ibadəti bərqərar etmək üçün çoxlu dəyişikliklər etmişdi. Sizin də xoş sözləriniz başqalarına güclü təsir bağışlaya bilər. Bu yolla onları Yehovanın yolunda daha çox iş görməyə təşviq edə bilərsiniz (Məs. 15:23). Əmin olun ki, yığıncaqda verdiyiniz ruhlandırıcı şərhlərin də bacı-qardaşlara böyük köməyi dəyir.

16. Ağsaqqallar Nəhəmyadan nümunə götürərək yığıncaq üzvlərinin qoluna necə qüvvət verə bilərlər? Həmimanlılarınız şəxsən sizi necə ruhlandırıblar?

16 Yehovanın köməyi ilə Nəhəmya və soydaşları qüvvətlənib canla-başla işə başladılar. Onlar Yerusəlimin divarlarını  cəmi 52 günə tikib qurtardılar! (Nəh. 2:18; 6:15, 16). Nəhəmya təkcə tikintiyə nəzarət etmirdi, özü də bu işdə fəal iştirak edirdi (Nəh. 5:16). Bu gün də fədakar ağsaqqallar Nəhəmyadan nümunə götürərək təşkilatın tikinti layihələrində, ibadət evlərinin təmirində və təmizlik işində iştirak edirlər. Eləcə də dindaşları ilə çiyin-çiyinə çalışmaqla və bir ağsaqqal kimi onları ziyarət etməklə ürəyi təlaş keçirənlərin süstləşmiş qollarını qüvvətləndirirlər. (Əşiya 35:3, 4 ayələrini oxuyun.)

«ƏLLƏRİN YANINA DÜŞMƏSİN»

17, 18. Dara düşəndə nəyə əmin ola bilərik?

17 Bacı-qardaşlarla çiyin-çiyinə xidmət etmək bizi bir yumruq kimi birləşdirir, yaxın dostlar tapmağa imkan yaradır və Padşahlığın bəxş edəcəyi nemətlərə imanımızı möhkəmləndirir. Biz bacı-qardaşların qoluna qüvvət verməklə onları çətinliklər qarşısında sınmamağa, müsbət əhvali-ruhiyyəni qorumağa və ümidlərini itirməməyə kömək edirik. Bunun bizim özümüzə də böyük faydası var: diqqətimiz ruhani işlərə cəmlənir və Allahın vəd etdiyi gözəl gələcək bizim üçün daha real olur.

18 Yehovanın keçmişdə Öz xidmətçilərinə necə dayaq olduğu, onları necə qoruduğu barədə oxuyanda imanımız güclənir və Yehovaya etibarımız artır. Təqiblərlə üzləşəndə, dara düşəndə əlinizi yana salmayın! Yehovaya dua edin, qoyun Onun qüvvətli qolu sizi möhkəmləndirsin və sizə Cənnətin nemətlərini nəsib etsin (Zəb. 73:23, 24).