Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2016

 BİOQRAFİYA

Gözəl insanlardan örnək alıram

Gözəl insanlardan örnək alıram

«Sən bilirsən mənim neçə yaşım var?» — deyə mən soruşdum. Patersondan (Nyu-York) mənə zəng edən İsak Marey isə dedi: «Mən çox gözəl bilirəm sənin neçə yaşın var». Həmin vaxt mən Koloradoda yaşayırdım. Əvvəlcə gəlin sizə bu söhbətə qədər həyatımda baş verənləri danışım.

MƏN 1936-cı il dekabrın 10-da ABŞ-ın Kanzas ştatının Uiçito şəhərində anadan olmuşam. Ailədə dörd uşaq idik, içlərində ən böyüyü mən idim. Atam Uilyam və anam Cin Yehovaya ibadət edirdilər. Atam yoldaşlıq xidmətçisi idi, o vaxt yığıncağa nəzarət edən qardaşlar belə adlanırdı. Anama Müqəddəs Kitabı anası Emma Vaqner öyrətmişdi. Nənəm çox adama Müqəddəs Kitabı öyrətmişdi, həmçinin Puerto-Rikoda uzun illər xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Qertrud Stil bacıya *. Odur ki, ətrafımda mənə nümunə olan çoxlu insan var idi.

MƏNƏ NÜMUNƏ OLAN İNSANLAR

Atam küçənin tinində dayanıb camaata jurnal paylayır

Bir şənbə günü axşamüstü atamla küçədə «Gözətçi qülləsi» və «Təsəlli» (indi «Oyanın!» adlanır) jurnallarını paylayırdıq. Onda mənim beş yaşım var idi. Həmin vaxt bizim ölkə İkinci Dünya Müharibəsində iştirak edirdi. Sərxoş bir həkim bizə yaxınlaşıb müharibəyə getmədiyi üçün atamı söydü, onu qorxaq və fərari adlandırdı. O, üzünü atamın düz üzünə yaxınlaşdırıb dedi: «Qorxaq, niyə məni vurmursan?!» Mən çox qorxdum, amma eyni zamanda atamla fəxr edirdim. Atam ona fikir vermirdi, öz işində idi, başına toplaşan camaata jurnal paylayırdı. Yanımızdan bir əsgər keçirdi, həkim ona dedi: «Bu qorxağın dərsini verin də!» Əsgər onun sərxoş olduğunu görüb dedi: «Get evə, özünə gəl!» Onların ikisi də çıxıb getdi. Hər dəfə o hadisəni yadıma salanda atama cəsarət verdiyi üçün Yehovaya minnətdarlığımı bildirirəm. Atamın Uiçitoda iki bərbərxanası var idi. Həmin həkim atamın müştərilərindən biri idi.

1940-cı ildə valideynlərimlə birgə Uiçitodakı toplantıya gedəndə

Səkkiz yaşım olanda valideynlərim evimizi və bərbərxanaları satıb xudmani təkərli ev tikdilər və tələbat olan ərazidə xidmət etmək məqsədilə Koloradoya köçdülər. Biz Qrand-Cankşen şəhərinin yaxınlığında yurd saldıq. Valideynlərim orada yarımgünlük işdə işləyirdilər, kənd təsərrüfatı ilə və  maldarlıqla məşğul olurdular. Yehovanın xeyir-duası ilə və onların əməyi sayəsində orada yığıncaq yarandı. 1948-ci il iyunun 20-də atam məni, Bill Nikolsu, onun həyat yoldaşını və Müqəddəs Kitabı öyrənən daha bir neçə nəfəri çayda vəftiz etdi. Sonralar Bill Nikolsla həyat yoldaşı səyyar xidmətə başladılar. Onların oğlu və gəlini də onların yolu ilə getdilər.

Biz Padşahlıq işində fəal olan bacı-qardaşlarla, xüsusilə Stil ailəsi ilə çoxlu vaxt keçirir və ruhani mövzuları müzakirə edirdik. Bu ailənin üzvlərinin — Don, Erlin, Deyv, Culia, Say və Martanın mənim həyatıma güclü təsiri olub. Onların nümunəsindən Padşahlığı hər şeydən üstün tutmağın həyata necə məna qatdığını və sevinc gətirdiyini əyani şəkildə görürdüm.

YENƏ KÖÇÜRƏM

On doqquz yaşım olanda ailəvi dostumuz Bad Heysti mənə Birləşmiş Ştatların cənubunda onunla bir yerdə öncül kimi xidmət etməyi təklif etdi. Rayon nəzarətçisi bizə Luiziana ştatına, bir neçə qeyri-fəal təbliğçinin yaşadığı Rastan şəhərinə köçməyi məsləhət gördü. Bizə tapşırılmışdı ki, gələn olsa da, olmasa da, bütün görüşləri keçirək. Biz münasib bir yer tapıb oranı səliqə-səhmana saldıq. Bütün görüşləri keçirirdik, amma bir müddət görüşlərdə bizdən başqa heç kim olmurdu. Müzakirə üçün olan bəndləri növbə ilə aparırdıq. Səhnəcik olan bəndlərdə isə ikimiz də səhnəyə çıxıb boş auditoriya üçün səhnəcik göstərirdik. Nəhayət bir gün yaşlı bir bacı görüşlərə gəlməyə başladı. Sonra Müqəddəs Kitabı öyrənənlər, qeyri-fəal təbliğçilər görüşlərdə iştirak etməyə başladılar və qısa müddətdən sonra orada yığıncaq yarandı.

Bir gün Badla mən xidmətdə olanda Məsihin kilsəsi dinindən olan bir keşiş Müqəddəs Kitabdan mənim bilmədiyim bir neçə ayə barədə fikir yürütməyə başladı. Bu söhbət məni silkələdi və imanım barədə dərindən düşünməyə vadar etdi. Bir həftə gecə yarısına qədər oturub onun qaldırdığı suallara cavab axtardım. Bu, mənə həqiqəti mənimsəməyə kömək etdi. O gündən sonra elə istəyirdim ki, kaş bir keşiş rastıma çıxaydı və onunla bu barədə danışa biləydim.

Bu hadisədən qısa müddət sonra rayon nəzarətçisi mənə Eldoradoya (Arkanzas ştatı) köçməyi təklif etdi. Oradakı yığıncağa kömək lazım idi. Eldoradoda yaşadığım müddətdə hərbi uçota düşmək üçün tez-tez Koloradoya getməli olurdum. Bu səfərlərimin birində öncül əməkdaşlarımla birlikdə Texasda yol qəzasına uğradıq və maşınım yararsız hala  düşdü. Bir qardaşı köməyə çağırdıq. O, bizi evinə, sonra isə yığıncağa apardı. Başımıza gələnlər barədə yığıncaqda elan olundu və bacı-qardaşlar bizə maddi yardım göstərdilər. Bizə köməyə gələn qardaş maşınımı 25 dollara satdı.

Uşaqlarla oradan Uiçitoya getdik. Bizim ailənin dostu Makkartni qardaş orada öncül kimi xidmət edirdi. Onun əkiz oğulları var idi. Birinin adı Frank, o birinin adı Fransis idi. Onlarla indiyə qədər yaxın dostam. Onların köhnə bir maşını var idi. Bu maşını mənə 25 dollara, elə əvvəlki maşını satdığım qiymətə satdılar. Bu, birinci dəfə idi ki, Padşahlığın işini hər şeydən üstün tutduğum üçün Yehovanın ehtiyacımı ödədiyini aydın şəkildə görürdüm. Makkartni qardaş məni Betel adlı mehriban bir bacı ilə tanış etdi. Onun anası Rut Vellinqtonda (Kanzas ştatı) xidmət edən çalışqan təbliğçilərdən biri idi. O, uzun illər öncül kimi xidmət etdi, hətta yaşı 90-nı haqlayana qədər. Betel və mən bir ildən sonra, 1958-ci ildə evləndik və birlikdə Eldoradoda öncül kimi xidmət etdik.

XOŞ DƏVƏT

Betellə mən uşaqlıqdan bəri bizə nümunə olan insanlardan örnək almaq istəyirdik, buna görə də qərara gəldik ki, Yehovanın təşkilatı bizi hara göndərsə, ora da gedəcəyik. Bizi Uolnat Ricə (Arkanzas ştatı) xüsusi öncül kimi təyin etdilər. 1962-ci ildə sevindirici bir xəbər aldıq, bizi Gilad Məktəbinin 37-ci sinfinə dəvət etmişdilər. Don Stilin də həmin sinifdə oxuduğunu biləndə çox sevindik. Məktəbdən sonra Betellə məni Keniyanın Nayrobi şəhərinə təyin etdilər. Nyu-Yorkdan gedəndə qəhər bizi boğurdu. Amma Nayrobinin hava limanında bizi qarşılayan qardaşları görəndə bu qəhəri sevinc əvəz etdi.

Kris və Meri Kanaya ilə xidmətdə (Nayrobi)

Biz Keniyaya tez bir zamanda alışdıq və burada xidmət etmək çox xoşumuza gəlirdi. Müqəddəs Kitabı öyrətdiyimiz insanların arasında ilk ruhani addım atan Kris və Meri Kanaya oldu. Onlar indiyə qədər Keniyada tammüddətli xidmətdə fəal iştirak edirlər. Növbəti il bizi Uqandanın Kampala şəhərinə təyin etdilər. Biz burada ilk xüsusi təyinatlı müjdəçi idik. Burada xidmət olduqca maraqlı idi, çünki Müqəddəs Kitabı öyrənmək istəyənlər çox idi. Sonralar onlar bizim bacı-qardaşımız oldu. Afrikada üç il yarım xidmət edəndən sonra Birləşmiş Ştatlara qayıtmalı olduq, çünki uşağımız olacaqdı. Afrikanı tərk edəndə bizi boğan qəhər daha güclü idi, nəinki Nyu-Yorkdan gələndə. Biz buranın camaatına çox bağlanmışdıq və ümid edirdik ki, bir gün buraya qayıdacağıq.

YENİ TƏYİNAT

Biz Koloradonun qərbinə, valideynlərimin yaşadığı yerə köçdük. Qısa müddət sonra birinci qızımız Kimberli dünyaya gəldi. Ondan 17 ay sonra isə Stefani doğuldu. Bir valideyn kimi aldığımız yeni təyinata məsuliyyətlə yanaşırdıq, çalışırdıq balalarımıza həqiqətə sevgi aşılayaq. İstəyirdik bizim üçün gözəl nümunə qoyan insanlar kimi, biz də onlara nümunə olaq. Amma eyni zamanda başa düşürdük ki, yaxşı nümunə uşağın tərbiyəsinə güclü təsir etsə də, onun Yehovanın yolunda qalacağına zəmanət vermir. Çünki məndən kiçik qardaşım və bacım həqiqəti tərk ediblər. Amma mən ümid edirəm ki, onlar nə vaxtsa qayıdıb mənim kimi onlara da nümunə olan insanların yolu ilə gedəcəklər.

Qızlarımızı tərbiyə etmək bizə məmnunluq gətirirdi, bütün işləri çalışırdıq bir yerdə edək. Aspen şəhərinin (Kolorado ştatı) yaxınlığında yaşadığımız üçün vaxtaşırı yığışıb ailəlikcə xizək sürməyə  gedirdik. İstirahət vaxtları qızlarımızla ünsiyyət etmək üçün yaxşı bir fürsət idi. Məsələn, kanatla dağın başına qalxana qədər onlarla söhbət edirdik. Vaxtaşırı təbiət qoynunda çadırda gecələyirdik. Axşamlar ocaq başında oturub xoş ünsiyyətdən zövq alırdıq. Yaşları az olsa da, onlar ciddi mövzular barədə fikirləşirdilər. Məsələn, «Mən böyüyəndə kim olacağam?», «Necə insana ərə getmək istəyirəm?» Yoldaşımla mən çalışırdıq ruhani dəyərləri qızlarımızın zehninə və ürəyinə həkk edək. Qarşılarına ruhani məqsədlər qoyurduq, istəyirdik böyüyəndə tammüddətli xidmətdə olsunlar, onlar kimi eyni məqsədə can atan insanlarla ailə qursunlar. Onlara başa salırdıq ki, çox gənc yaşlarında ailə qurmaq yaxşı deyil. Belə bir şüarımız var idi: «23-dən tez ərə getdi yoxdur!»

Valideynlərimiz kimi, biz də əlimizdən gələni edirdik ki, ailəlikcə yığıncaq görüşlərindən qalmayaq və xidmətdə fəal olaq. Çalışırdıq tammüddətli xidmətçilərə evimizdə yer ayıraq. Qızlarımıza Afrikadakı xidmətimiz barədə həvəslə danışırdıq. Onlara deyirdik ki, bir gün yığışıb birlikdə Afrikaya getmək istəyərdik. Bu fikir onların çox xoşuna gəlirdi.

Biz müntəzəm olaraq ailəvi ibadət keçirirdik, məktəbdə yarana biləcək vəziyyətləri səhnələşdirirdik. Qızlar həmişə təbliğçinin rolunu oynayırdı. Bu, qızların çox xoşuna gəlirdi və onlara cəsarətli olmağa kömək edirdi. Ancaq böyüdükcə onlar hərdən ailəvi ibadətdə oturmağa tənbəllik edirdilər. Bir dəfə çarəm kəsilib qızları otaqlarına qovub dedim ki, ailəvi ibadət keçirməyəcəyik. Onlar məəttəl qaldılar, başladılar ağlamağa və xahiş etdilər ki, ailəvi ibadət keçirək. Onda yoldaşımla mən başa düşdük ki, ruhani dəyərlər onların körpə ürəklərində yuva salıb. Onlar get-gedə ailəvi ibadəti sevməyə başladılar. Biz elə şərait yaradırdıq ki, qızlarımız fikirlərini çəkinmədən söyləyə bilsinlər. Ancaq hərdən onları dinləmək çətin olurdu, çünki müəyyən təlimlərlə razılaşmadıqlarını söyləyirdilər. Amma digər tərəfdən bu yaxşı idi, çünki bununla onların ürəyində olanları görə bilirdik. Qızlarla mülahizə yürüdəndən sonra onlar Yehovanın müəyyən məsələyə münasibətini qəbul edə bilirdilər.

HƏYATIMIZ YENƏ DƏYİŞİR

Vaxt elə tez keçdi ki, qızlarımızın necə böyüdüyünü heç hiss etmədik. Yehovanın təşkilatının köməyi sayəsində biz onlara Yehova Allaha məhəbbət aşılaya bildik. Qızların ikisi də məktəbdən sonra öncül xidmətinə başlayanda çox sevindik. Üstəlik, onlar özlərini dolandıra da bilirdilər. Qızlar iki bacıyla Klivlend şəhərinə (Tennessi ştatı), təbliğçilərə ehtiyac olan yerə köçdülər. Onlar üçün burnumuzun ucu göynəyirdi. Amma bizə çox xoş idi ki, onlar həyatlarını boş yerə sərf etmirdilər, tammüddətli xidmətdə iştirak edirlər. Betellə mən yenidən öncül xidmətinə başladıq və bunun sayəsində qarşımızda digər qapılar açıldı: mən həm rayon nəzarətçisinin köməkçisi kimi xidmət edirdim, həm də toplantı işlərinə baxırdım.

Tennessiyə köçməzdən əvvəl qızlarımız Londondakı (İngiltərə) filialı ziyarət etmişdilər. O vaxt Stefaninin 19 yaşı var idi. Filialda o, Pol Norton adlı gənc bir beytelli qardaşla tanış olmuşdu. Növbəti dəfə Londona səyahət edəndə Kimberli Polun iş yoldaşı Brayan Levelinlə tanış olur. Stefaninin 23 yaşı olanda Polla ailə qurdu. Brayanla Kimberli isə onlardan bir il sonra evləndilər, onda Kimberlinin 25 yaşı var idi. Qızların ikisi də şüarımıza uyğun olaraq 23 yaşdan tez ailə qurmadılar. Onların seçimi bizim ürəyimizcə idi.

Pol, Stefani, Kimberli və Brayanla birlikdə Malavi filialında (2002-ci il)

Qızlarımız bizə dedilər ki, bizim və valideynlərimizin nümunəsi onlara maddi çətinliklər yaşayanda İsa Məsihin Padşahlığı hər şeydən üstün tutmaq tapşırığına uyğun davranmağa kömək edib (Mət. 6:33). 1998-ci ilin aprel ayında Polla Stefani Gilad məktəbinin 105-ci sinfinə dəvət aldılar. Məktəbi bitirdikdən sonra onlar Malaviyə (Afrika) təyin olundular. Həmin vaxt Brayanla Kimberli Londondakı filialda xidmət etməyə dəvət olundular. Bir müddət sonra isə onları Malavidəki Beytelə təyin etdilər. Bütün bunlar bizi çox sevindirirdi, çünki bu, gənclər üçün ən doğru həyat yoludur.

DAHA BİR XOŞ DƏVƏT

2001-ci ilin yanvar ayında mənə zəng gəldi. Məqalənin əvvəlində yazılanlar həmin telefon söhbətindəndir. Tərcümə xidmətləri şöbəsinin nəzarətçisi  İsak Marey qardaş dedi ki, təşkilat bütün filiallardakı tərcüməçilərin ingilis dilini təkmilləşdirmək üçün kurslar təşkil edib. 64 yaşım olsa da, mənim bu kursları keçirməyimi istəyirdilər. Yoldaşımla mən bu barədə çoxlu dua etdik və məsələni yaşlı analarımızla müzakirə etdik. Onlar bu təklifi qəbul etməyimiz üçün təkid etdilər, baxmayaraq ki, onlardan uzaqda olacaqdıq, onlara kömək edə bilməyəcəkdik. Mən qardaşa zəng edib bu gözəl təklifi məmnuniyyətlə qəbul etdiyimizi dedim.

Sonra anamda xərçəng xəstəliyi tapdılar. Mən anama dedim ki, onun yanında qalıb bacım Lindaya ona baxmağa kömək edəcəyik. Anam bizə dedi: «Bunu ağlına belə gətirmə. Bununla siz mənə yaxşılıq etməyəcəksiniz, əksinə, mən özümü daha betər hiss edəcəyəm». Linda da bizim getməyimizi istəyirdi. Biz bacımla anamın fədakarlığını və dost-tanışlarımızın köməyini çox qiymətləndiririk. Patersondakı Gözətçi Qülləsinin Təlim Mərkəzinə gedəndən bir gün sonra Linda zəng edib anamın vəfat etdiyini dedi. O, diqqətimizi yeni təyinatımıza cəmləməyə təşviq etdi.

Bizim ilk təyinatımızı Malavi filialına verəndə sevincimizin həddi hüdudu yox idi, çünki qızlarımız yoldaşları ilə birlikdə həmin filialda xidmət edirdilər. Yenidən ailəlikcə bir yerdə olmaq çox xoş idi. Növbəti təyinatlarımız Zimbabve və Zambiya oldu. Bundan üç il yarım sonra bizi yenidən Malaviyə göndərdilər. Orada məsihi bitərəfliyini qoruduqlarına görə çətinliklərlə üzləşən Şahidlərin başlarına gələnləri qələmə almaq lazım idi *.

Nəvələrimizlə xidmətdə

2005-ci ildə Afrikanı tərk edəndə yenə də qəhər bizi boğurdu. Betellə birlikdə Koloradonun Bazalt şəhərinə qayıtdıq və öncül xidmətini davam etdirdik. 2006-cı ildə Brayanla Kimberli iki qızını, Makkenzi və Elizabeti böyütmək üçün qonşuluğumuza köçdülər. Pol və Stefani isə hələ də Malavi filialında xidmət edirlər. Pol filial komitəsinin üzvü kimi xidmət edir. İndi mənim 80-ə yaxın yaşım var. Görəndə ki, uzun illər mənimlə birgə xidmət edən gənc qardaşlar indi mənim gördüyüm işləri görürlər çox sevinirəm. Ən çox bizi sevindirən və xoşbəxt edən isə odur ki, bizə gözəl nümunə qoyan insanlar kimi, biz də uşaqlarımıza və nəvələrimizə gözəl nümunə qoya bilirik.

^ abz. 5 Stil ailəsinin xüsusi təyinatlı müjdəçi kimi gördüyü işlər barədə daha ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 1956-cı il 1 may sayının 269—272 səhifələrinə (ing.) və 1971-ci il 15 mart sayının 186—190 səhifələrinə (ing.) baxın.

^ abz. 30 Bu hadisələrdən birini «Gözətçi qülləsi» jurnalının 2015-ci il 15 aprel sayının 14—18 səhifələrində yerləşən Trofim Nsomba adlı qardaşın bioqrafiyasından oxuya bilərsiniz.