Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  oktyabr 2016

Ümid etdiyiniz şeylərin mütləq yerinə yetəcəyinə imanınızı möhkəmləndirin

Ümid etdiyiniz şeylərin mütləq yerinə yetəcəyinə imanınızı möhkəmləndirin

«İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir» (İBR. 11:1).

NƏĞMƏ: 81, 134

1, 2. a) Məsihilərin ümidi Şeytan dünyasına aid olan insanların ümidindən nədə fərqlənir? b) Bu məqalədə hansı vacib suallara cavab tapacağıq?

BİZ MƏSİHİLƏR çox gözəl gələcəyə ümid edirik! Hamımız, məsh olunmuş məsihilər də, «başqa qoyunlar» da Yehovanın əzəli niyyətinin yerinə yetəcəyi və Onun adının müqəddəs tutulacağı dövrü ümidlə gözləyirik (Yəh. 10:16; Mət. 6:9, 10). Bu, bizim ən çox gözlədiyimiz gündür. Həmçinin hər birimiz, həm yeni göydə, həm də yeni yerdə yaşamağa ümid edənlər Allahın vəd etdiyi mükafatı, əbədi həyatı alacağımız günü görməyi arzulayırıq (2 But. 3:13). Hal-hazırda isə Allahın xalqının bugünkündən də çox çiçəklənəcəyinə ümid edirik.

2 Şeytan dünyasına aid insanlar da nəyə isə ümid edirlər, amma ümidlərinin çin olacağına əmin deyillər. Məsələn, milyonlarla insan lotoreyada udmağa ümid edir, amma yüz faiz udacağına əmin deyil. Müqəddəs Kitabda isə deyilir ki, əsl iman «ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir». Yəni imanı olan insan tam əmin olmalıdır ki, Yehovanın vədləri mütləq gerçəkləşəcək (İbr. 11:1). Gəlin görək ümidimizi necə möhkəmləndirə bilərik və möhkəm iman hansı nemətlərə yol açır?

3. Bizim imanımız nəyə əsaslanır?

 3 İman insanda anadangəlmə və ya öz-özünə yaranan xüsusiyyət deyil. İnsan ürəkdən Allahın ruhuna tabe olanda onun qəlbində iman yaranır (Qal. 5:22). Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Yehova Allahın imanı var və ya Ona iman gərəkdir. Yehova Külli-İxtiyar Allah və hikmət sahibi olduğu üçün heç nə Ona məqsədinə çatmağa mane ola bilməz. Səmavi Atamız vədlərinin gerçəkləşəcəyinə o dərəcədə əmindir ki, onlar Onun gözündə artıq yerinə yetmiş kimidir. Məhz bu səbəbdən O, belə deyir: «Onlar yerinə yetdi!» (Vəhy 21:3—6 ayələrini oxuyun.) Yehovanın etibarlı Allah olması və vədlərinin həmişə yerinə yetirməsi bizdə iman hasil edir (Qan. 7:9).

QƏDİMDƏ YAŞAMIŞ İMAN ÖRNƏKLƏRİ

4. Məsihdən əvvəl yaşamış mömin insanlar nəyə ümid edirdilər?

4 «İbranilərə məktub»un 11-ci fəslində 16 imanlı kişi və qadının adı gətirilir. Bu fəsildə qeyd olunur ki, adı çəkilən və digər mömin insanlar «iman sayəsində Allahın razılığını qazandıqlarına» şəhadət almışlar (İbr. 11:39). Onların hər biri əmin idi ki, bir gün vəd olunmuş övlad zühur edib Şeytanın başını əzəcək və Allahın əzəli niyyətini yerinə yetirəcək (Yar. 3:15). Bu mömin insanlar övlad, yəni İsa Məsih səmavi aləmə qapı açmazdan əvvəl vəfat etdilər (Qal. 3:16). Amma onlar üçün də ümid var, yer üzü cənnətə dönəndə, həyat mükəmməl olanda Yehova onları dirildəcək (Zəb. 37:11; Əşy. 26:19; Huşə 13:14).

5, 6. İbrahim peyğəmbərlə ailəsi nəyə ümid edirdi və nəyin sayəsində onların imanı möhkəm idi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 İbranilərə 11:13 ayəsində Məsihdən əvvəl yaşamış mömin insanlar barədə növbəti sözlər yazılıb: «Bu adamlar vəd edilən şeyləri almasalar da, hamısı həyatı imanla başa vurdu. O şeyləri uzaqdan görüb sevindilər». Bu insanların sırasında İbrahim peyğəmbərin adını çəkmək olar. Görəsən, o, vəd olunmuş övladın hakimiyyəti dövründə yaşamağa ümid edirdi? İsanın düşmənlərinə dediyi növbəti sözlər bu suala aydın cavab verir: «Atanız İbrahim mənim günümü görəcəyi üçün çox sevinirdi. O, mənim günümü gördü və şadlandı» (Yəh. 8:56). Eyni şeyi Sara, İshaq, Yaqub və digər insanlar haqqında da demək olar. Onların hər biri «memarı və inşaatçısı Allah olan» Padşahlığın bütün dünyanı idarə edəcəyinə ümid edirdi (İbr. 11:8—11).

6 İbrahim peyğəmbərə və onun ailəsinə imanlarını möhkəm saxlamağa nə kömək edirdi? Ehtimal ki, onlar böyüklərdən Allah haqqında eşidir, vəhylər vasitəsilə Allahı tanıyır və etibarlı qədimi mənbələrdən Onun haqqında oxuyurdular. Ən əsası isə, onlar öyrəndiklərini yaddaşlarına həkk edir, Allahın vədlərini, tələblərini yüksək qiymətləndirir və onlar haqda düşünürdülər. Bu mömin insanların imanı o dərəcədə möhkəm idi ki, onlar Allaha sadiq qalmaq üçün hər cür əzaba dözməyə hazır idilər.

7. Yehova hansı vasitələrlə imanımızı möhkəmləndirir və onlardan faydalanmaq üçün nə etməliyik?

7 Yehova Allah imanımızı möhkəmləndirmək üçün Öz Kəlamını nazil edib. Xoşbəxt olmaq və həyatda uğur qazanmaq istəyiriksə, Allahın Kəlamını, mümkündürsə, hər gün oxumalıyıq (Zəb. 1:1—3; Həvarilərin işləri 17:11 ayəsini oxuyun). Həmçinin Məsihdən əvvəl yaşamış mömin insanlar kimi Allahın vədləri barədə düşünməli və Yaradanımıza itaət etməliyik. Yehova Allah bu gün bizi «sadiq və ağıllı nökər» vasitəsilə ruhani nemətlərlə bol-bol qidalandırır (Mət. 24:45). Bu  yolla aldığımız bilikləri qiymətləndirsək, qədimdə yaşamış iman örnəklərinə, Məsihin hakimiyyəti dövründə yaşamaq ümidlərinin «mütləq yerinə yetəcəyinə» əmin olan kəslərə bənzəmiş olacağıq.

8. Dua imanımızı necə möhkəmləndirir?

8 Məsihdən əvvəl yaşamış mömin insanlara imanlarını güclü saxlamağa kömək edən digər vasitə dua olub. Onlar dualarına cavab alanda imanları möhkəmlənirdi (Nəh. 1:4, 11; Zəb. 34:4, 15, 17; Dən. 9:19—21). Biz də duada bütün çətinliklərimiz barədə Allaha danışmalı və əmin olmalıyıq ki, O, bizi eşidir, həmçinin bizə çətinliyə dözməyə, eyni zamanda sevincimizi itirməməyə kömək edəcək. Dualarımıza cavab alanda imanımız daha da möhkəm olacaq. (1 Yəhya 5:14, 15 ayələrini oxuyun.) İman ruhun bəhrəsinin bir hissəsi olduğu üçün, İsa Məsihin buyurduğu kimi durmadan Allahdan müqəddəs ruh diləməliyik (Luka 11:9, 13).

9. Biz kimlər üçün dua etməliyik?

9 Dualarımız ancaq özümüz üçün kömək istəməkdən ibarət olmamalıdır. Hər gün saysız möcüzələri üçün Allaha şükr etməli və Onu mədh etməliyik (Zəb. 40:5). Həbsdə olanlar üçün də dua etməliyik, onları yaddan çıxarmamalıyıq, elə fərz etməliyik, sanki, biz də onlarla birgə həbsdəyik. Həmçinin bütün dünyadakı bacı-qardaşlarımız üçün dua etməliyik, xüsusən də, bizə rəhbərlik edənlər üçün. Məgər Yehovanın dualarımıza cavab verdiyini görəndə ürəyimiz cuşa gəlmir?! (İbr. 13:3, 7).

ONLAR TƏSLİM OLMADILAR

10. Əqidələrindən dönməyən hansı mömin insanların adını çəkə bilərsiniz və onlara möhkəm qalmağa nə kömək etmişdi?

10 «İbranilərə məktub»un 11-ci fəslində həvari Bulus sınaqlara sinə gərmiş adı bizə məlum olmayan imanlı insanlardan bəhs edir. Məsələn, həvari oğlunu itirmiş, amma sonra dirilmə vasitəsilə ona qovuşmuş mömin qadınlardan söz açır. Sonra «daha yaxşı dirilməyə çatmaq üçün hər hansı bir fidyə vasitəsilə azad edilməkdən» imtina edən insanlar barədə danışır (İbr. 11:35). Həvari Bulusun konkret kimi nəzərdə tutduğunu bilmirik, amma misal kimi Allaha tabe olduqları və Onun iradəsinə boyun əydikləri üçün daşqalaq edilib qətlə yetirilən Nabut və Zəkəriyyənin adını çəkə bilərik (1 Pad. 21:3, 15; 2 Saln. 24:20, 21). Yaxud Dənyal və onun dostlarını nümunə çəkmək olar. Onların seçimi var idi, əqidələrindən dönsəydilər, azad ola bilərdilər. Amma onlar Allahın qüdrətinə o dərəcədə inanırdılar ki, şirlərin ağzını bağlamış və «şiddətli alovdan xəsarətsiz» çıxmışdılar (İbr. 11:33, 34; Dən. 3:16—18, 20, 28; 6:13, 16, 21—23).

11. Bəzi peyğəmbərlər imanları uğrunda nələrə dözməli olublar?

11 İmanları uğrunda peyğəmbərlər, məsələn, Mikay və Ərəmya «lağa qoyulur,.. qandallanıb zindana atılırdı». Bəzi peyğəmbərlər İlyas kimi «səhralarda, dağlarda, qaya oyuqlarında, mağaralarda dolaşırdılar». Onların hər biri dözüm göstərmişdi, çünki ümid etdikləri şeylərin «mütləq yerinə yetəcəyinə» əmin idilər (İbr. 11:1, 36—38; 1 Pad. 18:13; 22:24—27; Ərm. 20:1, 2; 28:10, 11; 32:2).

12. Sınaqlar qarşısında dözüm göstərməkdə ən parlaq nümunəni kim qoyub və o, nəyin sayəsində tab gətirə bilmişdi?

12 Həvari Bulus bir sıra kişi və qadının adını çəkəndən sonra ən parlaq nümunəmiz olan Ağamız İsa Məsihi misal çəkir. İbranilərə 12:2 ayəsində yazılıb: «O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü və Allahın taxtının sağında əyləşdi». Biz İsanın sınaqlar qarşısında dözüm göstərərək qoyduğu iman  nümunəsi barədə ciddi düşünməliyik. (İbranilərə 12:3 ayəsini oxuyun.) İsa kimi, birinci əsrdə yaşayan bəzi məsihilər, məsələn, Antipa əqidəsindən dönməyərək iman yolunda şəhid olmuşdu (Vəhy 2:13). Allahın bu xidmətçilərini onlardan əvvəl yaşamış mömin insanların gözlədiyi dirilmədən daha yaxşı bir dirilmə, göydə yaşamaq mükafatı gözləyirdi (İbr. 11:35). 1914-cü ildə Padşahlıq qurulandan bir müddət sonra ölüm yuxusunda olan bütün məsh olunmuş məsihilər İsa ilə birlikdə insanlar üzərində hakimiyyət sürmək üçün ruhani varlıq kimi dirildilər (Vəhy 20:4).

MÜASİR DÖVRDƏKİ İMAN ÖRNƏKLƏRİ

13, 14. Rudolf Qrayxen hansı sınaqlarla üzləşmişdi və ona bu sınaqlara dözməyə nə kömək etmişdi?

13 Bu gün də milyonlarla məsihi İsadan nümunə götürərək gözlərini gələcək ümidlərindən ayırmamış və sınaqlar qarşısında mətin qalmışlar. Misal olaraq Rudolf Qrayxen qardaşın adını çəkmək olar. O, 1925-ci ildə Almaniyada dünyaya gəlib. O, deyir ki, balaca olanda valideynləri evlərinin divarına Müqəddəs Kitabdakı hadisələrin təsvir olunduğu şəkillər asmışdılar. Şəkillərin birində qurdla quzunun, çəpişlə bəbirin, buzovla aslanın sülhdə yaşadığı  və onları balaca oğlanın otardığı təsvir olunurdu. Bu şəkillər onun yaddaşına ömürlük həkk olunmuşdu (Əşy. 11:6—9). Rudolf qardaş əvvəlcə Gestapo, sonra isə şərqi Almaniyanın Kommunist hakimiyyəti tərəfindən uzun illər amansızcasına təqib olunsa da, yer üzündə qurulacaq cənnətə imanı sarsılmadı.

14 Rudolf qardaşın qarşılaşdığı növbəti sınaq anasının Ravensbrük həbs düşərgəsində yatalaq xəstəliyindən ölməsi idi. Atasının imanda zəifləyib Yehovanın Şahidi olmaqdan imtina etdiyini təsdiqləyən sənədi imzalaması da onun üçün bir sınaq olmuşdu. Həbsdən çıxandan sonra Rudolf qardaş rayon nəzarətçisi kimi xidmət edir və Gilad Məktəbinə dəvət alır. Məktəbdən sonra onu xüsusi təyinatlı müjdəçi kimi Çiliyə təyin edirlər. Orada o, yenə də rayon nəzarətçisi kimi xidmət edir. Amma qardaşı qarşıda yeni sınaqlar gözləyirdi. Petsi adlı xüsusi təyinatlı müjdəçi bacıyla evlənəndən bir il sonra onların körpə qızı vəfat edir. Sonra sevimli həyat yoldaşı cəmi 43 yaşında ölüm yuxusuna gedir. Rudolf qardaş bu sınaqlara mətanətlə sinə gərdi. «Gözətçi qülləsi»nin 1997-ci il 1 avqust sayının 20—25 səhifələrində (türk.) onun həyat hekayəsi dərc olunub [1]. Həmin məqalə çıxan vaxt Rudolf qardaş ahıl yaşına və xəstəliyə baxmayaraq, öncül və ağsaqqal kimi xidmət edirdi.

15. Sınaqlara sevinclə sinə gərən bacı-qardaşların nümunəsini çəkin.

15 Yehovanın Şahidləri güclü təqiblərə baxmayaraq, ümidlərini itirmirlər. Məsələn, Eritreyada, SinqapurdaCənubi Koreyada yüzlərlə bacı-qardaşımız Məsihin şagirdlərinə verdiyi əmrə boyun əyib əllərinə silah almadıqları üçün həbsdə yatır (Mət. 26:52). Onların arasında 20 ildən artıq Eritreyada həbsdə olan İsak, Negede və Paulosun adını çəkmək olar. Bu qardaşların yaşlı valideynlərinin qayğıya ehtiyacı var. Bu illər ərzində onlar ailə qura bilərdilər. Amma həqiqət uğrunda onlar azadlıqdan imtina edirlər və pis rəftara baxmayaq, sadiq qalırlar. Jw.org saytında yerləşdirilən şəkildə onların üzündə təbəssüm görürük və bu, onların imanda möhkəm olduqlarını göstərir. Hətta həbsxana keşikçiləri onlara hörmətlə yanaşmağa başlayıblar.

Yığıncağınızdakı imanda nümunə olan insanları nə dərəcədə qiymətləndirirsiniz? (15 və 16-cı abzaslara baxın)

16. Möhkəm iman bizi nədən qoruyur?

16 Yehovanın Şahidlərinin əksəriyyəti bu dərəcədə axır sınaqlarla üzləşmirlər. Amma onların da özlərinə görə sınaqları olur. Çoxları yoxsulluq çəkir, müharibənin və təbii fəlakətlərin gətirdiyi ağrı-acını yaşayır. Digərləri Musa və başqa peyğəmbərlər kimi rahat həyatdan və şan-şöhrətdən imtina ediblər. Onlar yenidən varlı və ancaq öz istəklərinə cəmlənmiş həyata qayıtmamaq üçün mübarizə aparırlar. Onlara bu mübarizədə nə kömək edir? Birincisi, Yehova Allaha bəslədikləri məhəbbət. Həmçinin onlar əmindirlər ki, Yehova söz verdiyi kimi, ədalətsizliyi aradan qaldıracaq və vəfalı xidmətçilərinə yeni dünyada əbədi həyat bəxş edəcək. (Zəbur 37:5, 7, 9, 29 ayələrini oxuyun.)

17. Siz nəyə qətiyyətlisiniz və növbəti məqalədə nəyi müzakirə edəcəyik?

17 Bu məqalədən öyrəndik ki, Allahın vədləri üzərində düşünmək və dua etmək imanımızı möhkəmləndirir. Biz möhkəm iman sayəsində sınaqlara tab gətirir və fikrimizi mütləq yerinə yetəcəyinə əmin olduğumuz vədlərə cəmləyirik. Müqəddəs Kitabda iman sözü daha dərin məna daşıyır. Bu barədə növbəti məqalədə danışacağıq.

^ [1] (14-cü abzas) Həmçinin «Oyanın!» jurnalının 2002-ci il 22 aprel sayında dərc olunmuş «Sınaqlar ümidimi sarsıtmadı» (rus.) adlı məqalədən Slovakiyadan olan Andrey Hanak adlı qardaşın bioqrafiyasını oxuya bilərsiniz.