Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2016

Onlar saxta dinin buxovundan azad oldular

Onlar saxta dinin buxovundan azad oldular

«Ey xalqım, ondan çıxın» (VƏHY 18:4).

NƏĞMƏ: 72, 93

1. a) Haradan bilirik ki, Allahın xalqı Babil əsarətində əbədi qalmayacaqdı? b) Bu məqalədə hansı suallar nəzərdən keçiriləcək?

ƏVVƏLKİ məqalədən sadiq məsihilərin Babil əsarətinə necə düşdüyünü öyrəndik. Xoşbəxtlikdən bu əsarət əbədi sürməyəcəkdi. Müqəddəs Kitab vasitəsilə Allah öz xalqına buyurmuşdu: «Ey xalqım, ondan çıxın». Əgər heç kəs yalan dinin dünya imperiyasının əsarətindən çıxa bilməsəydi, bu əmr mənasız olardı. (Vəhy 18:4 ayəsini oxuyun.) Allahın xalqının Babilin caynağından nə vaxt tamamilə azad olduğunu bilmək bizlər üçün çox maraqlıdır. Amma ilk öncə növbəti sualların cavabını tapmaq lazımdır: 1914-cü ildən əvvəl Müqəddəs Kitab Tədqiqatçıları Böyük Babilə qarşı durmaq üçün hansı addımları atmışdılar? Birinci Dünya müharibəsi illərində bacı-qardaşlar təbliğ işində nə dərəcədə fəal idilər? Doğrudanmı, həmin vaxt düzəlişə ehtiyacı olduğu üçün Allahın xalqı Babilin əsarətinə düşmüşdü?

«BABİLİN SÜQUTU»

2. İlk Müqəddəs Kitab Tədqiqatçıları Böyük Babilə qarşı hansı mövqeni tutmuşdular?

2 Birinci Dünya müharibəsindən əvvəlki onilliklər ərzində Çarlz Teyz Rassel və məsləkdaşları nəticəyə gəlmişdilər ki,  heç bir məsihi məzhəbi insanlara Müqəddəs Kitabdakı həqiqətləri öyrətmir. Buna əsasən də onlar o dövrdə başa düşdükləri dərəcədə yalan dinlə bütün münasibətləri kəsməyə qərar vermişdilər. Hətta «Sion Gözətçi qülləsi»nin 1879-cu il noyabr sayında onların Müqəddəs Kitaba əsaslanan bu mövqeləri ilə bağlı deyilirdi: «Məsihin bakirə nişanlısı olduğunu iddia edən, əslində isə dünyayla (heyvan) əlbir olan hər din, Müqəddəs Kitabın dili ilə desək, fahişə dindir». Bəli, Müqəddəs Kitab Böyük Babili fahişə kimi təsvir edir. (Vəhy 17:1, 2 ayələrini oxuyun.)

3. Müqəddəs Kitab Tədqiqatçıları saxta dinin üzvü olmaq istəmədiklərini necə göstərmişdilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Mömin insanlar başa düşürdülər ki, saxta dindən çıxmasalar, Allahın rəğbətini qazana bilməzlər. Buna görə də Müqəddəs Kitab Tədqiqatçılarının çoxu kilsəyə üzvlükdən çıxmaq barədə ərizə yazırdı. Bəzi hallarda onlar bu ərizəni kilsə görüşlərində hamının qarşısında oxuyurdular. Bunun qadağan olduğu yerlərdə isə, onlar ərizənin surətini kilsənin bütün üzvlərinə yollayırdılar. Tədqiqatçılar kilsə ilə münasibəti tamamilə kəsməyə qəti qərarlı idilər! Əvvəlki əsrlərdə buna görə insanı edam edərdilər. XIX əsrin sonlarında isə bir çox ölkələrdə din dövlətin dəstəyini itirməyə başladı. Buna görə də bu ölkələrdə insanlar dini mövzular barədə sərbəst danışır və kilsə təlimləri ilə razılaşmadığını açıq şəkildə söyləyə bilirdi.

4. Birinci Dünya müharibəsi zamanı Allahın xalqı ilə Böyük Babil arasında hansısa əlaqə var idi?

4 Müqəddəs Kitab Tədqiqatçıları başa düşürdülər ki, yalan dindən çıxdıqlarını yalnız qohumlara, dost-tanışlara və kilsə üzvlərinə bildirmək azdır. Bütün dünya Böyük Babilin iç üzünü görməlidir, onun fahişə din olduğunu bilməlidir! Bu məqsədlə 1917-ci ilin dekabr ayından 1918-ci ilin əvvəlinə kimi minlərlə Müqəddəs Kitab Tədqiqatçısı 10 milyon nüsxə traktat paylamışdı. Bu traktatda dərc olunan «Babilin süqutu» adlı mövzu məsihi məzhəblərini ifşa edirdi. Təsəvvür etmək olar, bu, keşişləri necə qəzəbləndirmişdi! Ancaq onların qəzəbi Müqəddəs Kitab Tədqiqatçılarının əlini bu mühüm işdən soyutmadı. Onlar insanlara yox, hökmdar Allaha itaət etməyə qəti qərarlı idilər (Həv. 5:29). Buradan hansı nəticəyə gəlirik? Belə çıxır ki, Birinci Dünya müharibəsi zamanı Müqəddəs Kitab Tədqiqatçıları Babilin əsarətinə düşməmişdilər, əksinə, həmin vaxt onlar, demək olar ki, yalan dindən çıxmışdılar və başqalarına da bu işdə kömək edirdilər.

MÜHARİBƏ İLLƏRİNDƏ TƏDQİQATÇILARIN ƏZMİ

5. Birinci Dünya müharibəsi zamanı bacı-qardaşların təbliğ işində əzmli olduğuna hansı sübut var?

5 Əvvəllər biz elə düşünürdük ki, Tədqiqatçılar Birinci Dünya müharibəsi zamanı təbliğ işini zəiflətdikləri üçün Yehova Allah onlardan narazı idi. Buna görə də O, Böyük Babilə xalqını qısa müddətlik əsir etməyə izin verdi. Lakin 1914—1918-ci illər ərzində Yehovaya sədaqətlə xidmət edən bacı-qardaşlar danışırdılar ki, həmin illərdə təbliğ işində onlar bir xalq kimi var gücləri ilə çalışırdılar. Onların bu sözlərinə tutarlı dəlillər var. Allahın xalqının müasir tarixini araşdırmaq bizə Müqəddəs Kitabdakı bəzi hadisələri daha yaxşı başa düşməyə kömək edir.

6, 7. a) Birinci Dünya müharibəsi illərində təbliğçilər hansı maneələri aşmalı olmuşdular? b) Müharibə illərində Tədqiqatçıların təbliğ işində əzmlə çalışdığına misallar gətirin.

 6 Birinci Dünya müharibəsi illərində (1914—1918) Müqəddəs Kitab Tədqiqatçıları şahidlik işində fəal idilər. Ancaq bəzi səbəblərdən onlar üçün bu işi görmək elə də asan deyildi. Gəlin bu səbəblərdən ikisinə nəzər yetirək. Birincisi, həmin illərdə təbliğ işi əsasən Müqəddəs Kitaba əsaslanan nəşrlərin paylanması ilə həyata keçirilirdi. 1918-ci ilin əvvəlində «Açılmış sirr» kitabının dövlət tərəfindən qadağan olunması təbliğ işini çətinləşdirdi. Çünki bacı-qardaşların çoxu yalnız Müqəddəs Kitabla təbliğ etməyi bacarmırdılar, «Açılmış sirr» kitabı, bir növ, onların əvəzinə danışırdı. İkinci əngəl 1918-ci ildə tüğyan edən ispanka qripi idi. Bu yoluxucu xəstəliyin yayılması təbliğçilərə başqa ərazilərə getməyə mane olurdu. Bu və digər çətinliklərə baxmayaraq, Müqəddəs Kitab Tədqiqatçıları təbliğ işini irəli aparmaq üçün əllərindən gələni edirdilər.

Yehovaya əzmlə xidmət edən Müqəddəs Kitab Tədqiqatçıları (6 və 7-ci abzaslara baxın)

7 İndiki ilə müqayisədə sayı elə də çox olmayan Müqəddəs Kitab Tədqiqatçıları 1914-cü ildə 9 milyondan çox insana «Yaradılış fotodramı»nı nümayiş etdirmişdi. Şəkillərdən və slaydlardan ibarət səslə müşayiət olunan bu dramda bəşər tarixinin təməli qoyulandan ta Məsihin minillik hökmranlığının sonuna qədərki dövrə aid hadisələr təsvir olunurdu. Həmin dövr üçün bu cür dram ərsəyə gətirmək böyük nailiyyət idi. Təsəvvür edirsiniz, təkcə 1914-cü ildə drama tamaşa edən insanların sayı bu gün fəaliyyət göstərən təbliğçilərin sayından çox idi! Hesabata görə, Birləşmiş Ştatlarda 1916-cı ildə açıq məruzələrə qulaq asan insanların ümumi sayı 809 393 nəfər, 1918-ci ildə isə 949 444 nəfər olmuşdur. Bəli, həmin dövrdə təbliğçilər çox fəal idilər!

8. Birinci Dünya müharibəsi illərində bacı-qardaşları ruhani qida ilə təmin etmək üçün hansı işlər görülürdü?

8 Birinci Dünya müharibəsi zamanı məsul qardaşlar bütün Müqəddəs Kitab Tədqiqatçılarını vaxtlı-vaxtında ruhani qida ilə təmin etmək və ruhlandırmaq üçün var gücləri ilə çalışırdılar. Bunun sayəsində bacı-qardaşlar təbliğ işində  irəli gedirdilər. O illərdə təbliğ işində fəal iştirak edən Riçard Barber qardaş demişdi: «Həmin vaxt işimiz öz axarı ilə gedirdi: bir neçə səyyar nəzarətçi yığıncaqları ziyarət edirdi, “Gözətçi qülləsi” jurnalı müntəzəm çap olunurdu və bu jurnalın qadağan olunduğu əraziyə, Kanadaya göndərilirdi... Bir necə bacı-qardaşın “Açılmış sirr” kitabı müsadirə olunduğu üçün, mənə onlara bu kitabın kiçik ölçülü nüsxəsini göndərmək tapşırılmışdı. Ruterford qardaş təklif etmişdi ki, bacı-qardaşları ruhlandırmaq üçün Birləşmiş Ştatların qərbindəki bir neçə şəhərdə toplantı təşkil edək və ora natiqlər göndərək».

DÜZƏLİŞƏ EHTİYAC YARANIR

9. a) Nəyə görə 1914—1919-cu illər ərzində Allahın xalqının düzəlişə ehtiyacı var idi? b) Tədqiqatçılarla bağlı hansı qənaətə gəlmək səhv olardı?

9 Demək olmaz ki, 1914—1919-cu illər ərzində Müqəddəs Kitab Tədqiqatçılarının etdiyi hər şey Allahın Kəlamındakı prinsiplərə uyğun idi. Düzdür, onlar hər şeyi ürəkdən edirdilər, amma hökumətə itaət məsələsini tam şəkildə başa düşmürdülər (Rom. 13:1). Buna görə də müharibə zamanı hərdən bitərəfliyi pozurdular. Məsələn, Birləşmiş Ştatlar prezidenti əmr vermişdi ki, 1918-ci il may ayının 30-u hamı sülh üçün dua etsin. «Gözətçi qülləsi» jurnalı Müqəddəs Kitab Tədqiqatçılarını bu çağırışa hay verməyə səsləyirdi. Bəzi qardaşlar müharibəni maddi cəhətdən dəstəkləmək məqsədi ilə istiqrazlar alır, bəziləri isə hətta əlinə silah alıb müharibəyə gedirdi. Ancaq Tədqiqatçıların müəyyən şeylərdə səhv buraxdıqları üçün Babilin əsarətinə düşdüklərini düşünmək düzgün olmazdı. Əslində, onlar saxta dindən çıxmalı olduqlarını bilirdilər və buna görə də Birinci Dünya müharibəsi zamanı, demək olar ki, ondan çıxmışdılar. (Luka 12:47, 48 ayələrini oxuyun.)

10. Müqəddəs Kitab Tədqiqatçılarının həyata hörmət etdiyi nədən görünür?

10 Müqəddəs Kitab Tədqiqatçıları bitərəflik məsələsini bugünkü qədər anlamasalar da, onlar bir şeyi dəqiq başa düşürdülər: Allahın Kəlamı insan həyatına qəsd etməyi qadağan edir. Buna görə də döyüşə gedən qardaşlar əllərinə silah alsalar da, insanlara atəş açmırdılar. Atəş açmaqdan imtina edən bəzi qardaşları ön cəbhəyə göndərirdilər ki, orada həlak olsunlar.

11. Müqəddəs Kitab Tədqiqatçılarının müharibədə bitərəf olmaları hökumət nümayəndələrinə necə təsir etmişdi?

11 Qardaşlar bitərəflik məsələsini tam başa düşməsələr də, onların mövqeyi Şeytanı çox qəzəbləndirirdi. Buna görə də o, qanun adı ilə pislik törətməyə başladı (Zəb. 94:20). Birləşmiş Ştatlar ordusunun general-mayoru Ceyms Franklin Bell Ruterford və Van Amburq qardaşla söhbətində demişdi ki, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi Konqresə müharibə zamanı əlinə silah almayanlara ölüm hökmü kəsməklə bağlı qanun layihəsi təklif etmişdi. O, əsasən, Müqəddəs Kitab Tədqiqatçılarını nəzərdə tuturdu. Sonra qəzəbindən partlaya-partlaya general Bell Ruterford qardaşa demişdi: «[Prezident] Uilson qanunun qəbul olunmasına razılıq vermədi. Amma eybi yox, biz bilirik nə etmək lazımdır. Keçəcəksiniz əlimizə!»

12, 13. a) Nəyə görə səkkiz məsul qardaş həbs olunmuşdu? b) Nədən görünür ki, həbs cəzası qardaşların Allahın qanununa riayət etmək qətiyyətini zəiflətməmişdi?

12 Qardaşlara hədə-qorxu gələn həmin  səlahiyyətli şəxslər sözlərinin üstündə durdular. Gözətçi Qülləsi Cəmiyyətinin nümayəndələri olan Ruterford, Van Amburq və digər altı qardaş həbs edildi. Hakim bu qardaşlara hökm çıxaranda demişdi: «Bu adamların yaydığı din alman diviziyasından daha təhlükəlidir. Onlar nəinki hökumət nümayəndələrini və ordunu təhqir ediblər, hətta bütün kilsə xadimlərini də ittiham ediblər. Onları ağır şəkildə cəzalandırmaq lazımdır» («Marşda iman», A. Makmilan, səh. 99). Elə belə də oldu. Qardaşların səkkizi də uzunmüddətli həbs cəzası ilə Atlantadakı (Corciya, ABŞ) federal həbsxanaya göndərilir. Amma müharibə qurtaranda onlar azad olundu və onların üzərindən ittiham götürüldü.

13 Hətta həbsdə belə, bu qardaşlar Allahın qanunlarına riayət etməyə qətiyyətli idilər. Onların Birləşmiş Ştatların prezidentinə yazdığı əfv məktubunda deyilirdi: «Allah Öz Kəlamında buyurub: “Adam öldürməyin”. Odur ki Birliyin [Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyinin] Ağaya həsr olunmuş hər bir üzvü bu qanunu bilərəkdən pozarsa, Allahın rəğbətini itirmiş olacaq, hətta özünü əbədi məhvə məhkum edəcək. Buna görə də onlar öz vicdanlarına və iradələrinə zidd gedərək kimisə öldürə bilməzlər». Çox cəsarətli sözlərdir, elə deyilmi?! Bəli, qardaşlar Allahın qanununu pozmaq fikrində deyildilər!

QURTULUŞ!

14. Müqəddəs Kitaba əsasən, 1914—1919-cu illər arasında hansı hadisələr baş verməli idi?

14 Məlaki 3:1—3 ayələrində məsh olunmuş məsihilərin, «Lavi oğulları»nın təmizlənməsi, 1914-cü ildən 1919-cu ilin əvvəlinə qədərki dövr təsvir olunur. (Ayələri oxuyun.) Həmin vaxt «Rəbb» Yehova Allah «əhd elçisi» İsa Məsihlə bərabər ruhani məbəddə ibadət edənləri yoxlamaq üçün ora gəlir. Müəyyən düzəlişlər edildikdən sonra Yehovanın paklanmış xalqı xidmətdə yeni tapşırıq almağa hazır idi. 1919-cu ildə evdəki qulluqçulara vaxtlı-vaxtında yemək verən «sadiq və ağıllı nökər» təyin olunur (Mət. 24:45). Bəli, artıq Allahın xalqı Böyük Babilin caynağından qurtulmuşdu. Həmin vaxtdan etibarən Yehova Allahın lütfü sayəsində məsihilərin Onun iradəsi barədə biliyi artmağa və Yaradanlarına məhəbbətləri güclənməyə başladı. Bu, Allahın bizə bəxş etdiyi ən gözəl nemətlərdən biridir! [1]

15. Böyük Babilin əsarətindən azad olmağımız bizi nəyə təşviq edir?

15 Şeytanın pak ibadəti yer üzündən silmək cəhdləri boşa çıxdı. Böyük Babilin əsarətindən qurtulmaq əsl xoşbəxtlikdir! Lakin Yehovanın bizi hansı məqsədlə əsarətdən azad etdiyini unutmamalıyıq (2 Kor. 6:1). Saxta dinin əsarətində hələ nə qədər təmizqəlbli insan var! Onları da xilas etmək lazımdır. Bu işdə biz onlara kömək edə bilərik. Buna görə də gəlin bu insanlara xilas yolunu göstərmək üçün ötən əsrdə yaşayan bacı-qardaşlarımız kimi əlimizdən gələni edək!

^ [1] (14-cü abzas) Yəhudilərin 70 illik Babil əsarəti ilə məsihilikdə dönüklük baş qaldırandan sonra baş verən hadisələr arasında çoxlu oxşarlıqlar var. Amma qeyd etmək lazımdır ki, yəhudilərin Babil əsarəti məsihilərin başına gələn hadisələrin peyğəmbərliyi deyil. Səbəblərdən biri əsarət müddətinin fərqli olmasıdır. Buna görə də yəhudilərin əsarətində baş verən hər xırda məqamla 1919-cu ilə qədərki illərdə məsh olunmuş məsihiləri başına gələn hadisələr arasında oxşarlıq axtarmamalıyıq.