Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2016

 Arxivimizdən

«Britaniyadakı müjdəçilər, irəli!»

«Britaniyadakı müjdəçilər, irəli!»

«İNFORMATOR» * vərəqəsinin 1937-ci il dekabr sayının London üçün olan buraxılışında belə bir çağırış var idi: «Britaniyadakı müjdəçilər, irəli!» Həmin məqalədə ayıldıcı sərlövhə yer almışdı: «On ildir ki, artım yoxdur!» Buna sübut olaraq birinci səhifədə on ilin, 1928—1937-ci illərin təbliğ hesabatı dərc olunmuşdu.

ÖNCÜLLƏRƏ EHTİYAC YOXDUR?!

Britaniyada təbliğ işinin zəifləməsinə nə səbəb olmuşdu? Əvvəla, bacı-qardaşlar uzun illər idi ki, təbliğ işində tərəqqi etmirdilər. Həmçinin filial qərar vermişdi ki, Britaniya ərazisində 200 öncülün xidmət etməsi kifayətdir. Bu öncüllər ucqar ərazilərdə xidmət etdiyi üçün yığıncaqla əməkdaşlıq edə bilmirdilər. Öncül olmaq istəyənlərə isə filial Britaniyada öncüllərə ehtiyac olmadığını deyir, onları Avropa ölkələrinə köçməyə təşviq edirdi. Tərifəlayiqdir ki, Britaniyadan başqa ölkələrə, məsələn, Fransaya çoxlu sayda öncül köçmüşdü. Onlardan bəziləri fransız dilini pis bilir, bəziləri isə ümumiyyətlə bilmirdi.

«TƏRƏQQİYƏ ÇAĞIRIŞ»

1937-ci ildə «İnformator» vərəqəsində müjdəçilər növbəti məqsədə çatmağa təşviq olunurdu: 1938-ci ildə təbliğ hesabatı bir milyon saata çatdırılmalıdır. Əgər hər təbliğçi ayda 15 saat, öncüllər isə 110 saat təbliğ etsəydi, bu məqsədə çatmaq olardı. Təklif olunurdu ki, həftənin müəyyən günləri gün ərzində beş saat təbliğ etmək üçün təbliğ qrupları təşkil olunsun və əsas diqqət həftə arası təkrar söhbətlərə cəmlənsin.

Əzmli öncüllər xidmətdə canla-başla iştirak edirdilər

Bu yeni çağırış çoxlarını silkələdi. Hilda Pacet * adlı bacı demişdi: «Baş idarədən gələn bu çağırışı əksəriyyətimiz çoxdan idi ki, gözləyirdik və bu çağırış tez bir zamanda gözəl bəhrələr gətirdi». Uolis adlı bacı xatırlayırdı: «Günə beş saat təbliğ etmək əla təklif idi. Bütün günümüzü Ağanın işinə həsr etmək bizə böyük sevinc gətirirdi. Evə yorğun gəlsək də, çox xoşbəxt idik!» Həmin vaxt gənc olan Stefan Müller adlı qardaş başa düşürdü ki, ləngimək olmaz və buna görə də bu çağırışa hay verdi. Nə qədər ki, imkan var idi o xidmət etmək istəyirdi. O deyirdi ki, təbliğçilər bütün günü velosipedlə təbliğ edirdi, yay axşamları isə yazıya alınmış məruzələri səsləndirirdilər. Onlar plakatlarla informasiya yürüşlərində iştirak edir və küçədə jurnallarla təbliğ edirdilər.

«İnformator» vərəqəsində yeni bir çağırış da var idi: «1000 öncülə ehtiyac var». Bundan sonra öncüllər yığıncaqla birlikdə xidmət edəcəkdilər ki, yığıncağa dayaq olub möhkəmləndirsinlər. Coys Elis (qızlıq familiyası Barber) bacı demişdi: «Bacı-qardaşların çoxu başa düşürdü ki, öncül olmaq lazımdır. Həmin vaxt 13 yaşım olsa da, öncül olmaq mənim arzum idi». O, 1940-cı ilin iyul ayında,  15 yaşı olanda arzusuna çatdı. Öncül xidmətinə səsləyən «İrəli!» çağırışı sonralar Elisin həyat yoldaşı olan Piteri də düşündürmüşdü. O, 1940-cı ilin iyun ayından, 17 yaşı olanda yeni öncül təyinatına başlamaq üçün Skarboro şəhərinə velosipedlə 105 kilometr yol getmişdi.

Siral və Kiti Consonlar da fədakar öncüllərdən idilər. Onlar evlərini satmışdılar ki, tammüddətli xidmətdə özlərini dolandıra bilsinlər. Siral işdən çıxıb bir ayın içində öncül xidmətinə başlayır. O demişdi: «Biz əmin idik ki, düz qərar vermişik. Bu addımı ürəkdən atmışdıq və çox xoşbəxt idik».

ÖNCÜLLƏR ÜÇÜN EVLƏR

Təbliğçilərin sayı kəskin sürətdə artdığından səlahiyyətli qardaşlar bu qədər öncülün qeydinə qalmaq üçün müəyyən işlər görmüşdülər. 1938-ci ildə rayon nəzarətçisi kimi xidmət edən Cim Kar təklif etmişdi ki, öncüllər üçün ayrıca yaşayış yeri təşkil olunsun. Təklif olunmuşdu ki, bir neçə öncül bir yerdə yaşasın və birlikdə xidmət etsin. Beləcə, onlar xərcləri azalda bilərdilər. Qardaşlar Şeffild şəhərində böyük bir evi kirayə tutmuşdular. Evə nəzarət etmək məsul qardaşlardan birinə tapşırılmışdı. Həmin ərazidəki yığıncaq pul və mebel ianə etmişdi. Cim demişdi: «Hamı bu işi dəstəkləmək üçün əlindən gələni edirdi». Həmin evdə on öncül yaşayırdı. Onlar müntəzəm olaraq ibadətlə bağlı işlərlə məşğul olurdular. Cim demişdi: «Hər səhər süfrə arxasında günün ayəsi müzakirə olunurdu. Öncüllər şəhərin müxtəlif yerlərində yerləşən təbliğ ərazilərində xidmət etməyə gedirdilər».

Britaniyadakı yeni öncüllər xidmətə axışır

Təbliğçilər də, öncüllər də 1938-ci ildə bir milyon saat təbliğ etmək çağırışına müsbət hay vermişdilər. Hesabatlardan görünürdü ki, təbliğ işinin müxtəlif sahələrində tərəqqiyə nail olunmuşdu. Beş il ərzində Britaniyadakı təbliğçilərin sayı üçqat artmışdı. Bu çağırış təbliğçiləri qarşıdan gələn müharibə illərindəki çətinliklərə hazırlamışdı.

Bu gün də, Armageddona yaxınlaşdığımız bu dövrdə də Britaniyadakı öncüllərin sayı günü-gündən artır. 2015-ci ilin oktyabr ayının hesabatına əsasən, son on il ərzində öncüllərin ən yüksək sayı 13 224 nəfərə çatmışdır. Bu öncüllər əmindirlər ki, tammüddətli xidmət insanın həyatda qarşısına qoya biləcəyi ən gözəl məqsədlərdən biridir.

^ abz. 3 Sonralar «Müqəddəs ibadətimiz» adlanırdı.

^ abz. 8 Hilda Pacet bacının bioqrafiyası «Gözətçi qülləsi» jurnalının 1995-ci il 1 oktyabr sayının 19—24 səhifələrində (rus.) yerləşir.