Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2016

«Hər gün bir-birinizi ruhlandırın»

«Hər gün bir-birinizi ruhlandırın»

«Xalqı ruhlandırmağa sözünüz varsa, buyurun, söyləyin» (HƏV. 13:15).

NƏĞMƏ: 121, 45

1, 2. İnsanları ruhlandırmaq nəyə görə vacibdir?

«VALİDEYNLƏRİM bir dəfə də olsun mənə xoş söz deməyiblər, ancaq pisləyirlər. Onların sözləri məni xəncər kimi yaralayır. Onlar məni axmaq adlandırır, mənə gonbul deyirlər, deyirlər ki, məndən adam olan deyil. Valideynlərimin bu rəftarına görə, demək olar ki, hər gün ağlayıram. Mənə bu cür münasibət göstərdikləri üçün onlarla danışmaq belə istəmirəm, özümü lazımsız əşya kimi hiss edirəm». Bu sözləri on səkkiz yaşlı Kristina [1] deyir. Bəli, göründüyü kimi, insan xoş sözlər eşitməyəndə həyat çox acı olur.

2 İnsan xoş, ruhlandırıcı sözlər eşidəndə isə, sanki, qanadlanır. Ruben adlı bir qardaş deyir: «Əvvəllər mən özümü yararsız hiss edirdim. Uzun illər bu hisslərlə mübarizə aparmışam. Bir dəfə ağsaqqalla təbliğə çıxmışdım. Qardaş gördü ki, kefim yoxdur. Mən ürəyimi açıb ona boşaltdım. O, mənə çox diqqətlə qulaq asdı. Sonra gördüyüm yaxşı işləri sadaladı və İsa Məsihin sözlərini xatırlatdı, dedi ki, hər birimiz sərçələrdən qat-qat dəyərliyik. Bu ayə tez-tez yadıma düşür və hər dəfə mənə güclü təsir bağışlayır. Ağsaqqalın sözləri düşüncəmi kökündən dəyişdi» (Mət. 10:31).

3. a) Həvari Bulus bir-birimizi ruhlandırmaq barədə nə yazmışdı? b) Bu məqalə hansı sualları müzakirə edəcəyik?

 3 Müqəddəs Kitabda bir-birimizə tez-tez xoş, ruhlandırıcı sözlər deməyin vacibliyi vurğulanır. Həvari Bulus ibrani məsihilərə yazmışdı: «Qardaşlar, ehtiyatlı olun ki, heç biriniz var olan Allahdan uzaqlaşmayasınız və ürəyiniz korlanıb imansız olmasın... Hər gün bir-birinizi ruhlandırın ki, heç kəsin ürəyi günahın tovlayıcı qüvvəsi ilə sərtləşməsin» (İbr. 3:12, 13). Nə vaxtsa sizi xoş sözlərlə ruhlandırıblarsa, onda, «bir-birinizi ruhlandırın» məsləhətinin vacibliyini başa düşürsünüz. Belə isə gəlin növbəti sualları nəzərdən keçirək: İnsanlara xoş, ruhlandırıcı sözlər demək nəyə görə vacibdir? Yehova Allahdan, İsa Məsihdən və həvari Bulusdan insanları ruhlandırmaq barədə nə öyrənirik? Ətrafımızdakı insanları necə ruhlandıra bilərik?

HAMININ RUHLANDIRICI SÖZLƏRƏ EHTİYACI VAR

4. Kimlərin ruhlandırıcı sözlərə ehtiyacı var və nəyə görə bu gün çoxları bir-birinə xoş sözlər demir?

4 Hər birimizin ruhlandırıcı sözlərə ehtiyacı var, xüsusilə də uşaqların. Timoti Evans adlı bir müəllim deyir: «Bitki üçün su nə dərəcədə vacibdirsə, uşaqlara... xoş, ruhlandırıcı sözlər demək o dərəcədə vacibdir. Bu cür sözlər eşidən uşaq özünü dəyərli, lazımlı hiss edir». Təəssüf ki, biz çox ağır bir zəmanədə yaşayırıq, insanlar eqoist olub, doğmalara məhəbbət yox dərəcəsindədir və insanlar çox nadir hallarda bir-birinə xoş sözlər deyir (2 Tim. 3:1—5). Bəzi valideynlər bir dəfə də olsun uşaqlarına xoş söz deməyiblər, çünki onların özlərini də valideynləri heç vaxt tərifləməyib. İşçilərin çoxu şikayət edir ki, iş yerində gördükləri işə qiymət verən yoxdur.

5. Bacı-qardaşları necə ruhlandıra bilərik?

5 Kimisə ruhlandırmaq istəyiriksə, gördüyü yaxşı işə görə tərifləmək və ya hansısa gözəl xüsusiyyətlərini sadalamaq olar. Qəmginləri isə onlara təskinlik verməklə ruhlandıra bilərik (1 Salon. 5:14). Çox vaxt yunan dilindən «ruhlandırmaq» kimi tərcümə olunan söz hərfi mənada «yanına çağırmaq» deməkdir. Bacı-qardaşlarımızı təbliğə çağırıb çiyin-çiyinə xidmət edəndə onları xoş sözlərlə ruhlandırmağa imkan yaranır. (Vaiz 4:9, 10 ayələrini oxuyun.) Müqəddəs Kitabda deyilir: «Yerində deyilən söz nə gözəldir!» (Məs. 15:23). Yeri düşəndə bacı-qardaşlara onları nəyə görə sevdiyinizi, nəyə görə qiymət verdiyinizi deyirsiniz?

6. Nəyə görə İblis bizi ruhdan salmağa can atır? Onun bunu necə etdiyinə dair misal çəkin.

6 İblis bilir ki, ruhdan düşmüş insan həm ruhani cəhətdən, həm də digər sahələrdə zəifləyir, buna görə də bizi ruhdan salmağa can atır. Məsəllər 24:10 ayəsində deyilir: «Dar gündə ruhdan düşsən, gücün tükənər». Şeytan Əyyub peyğəmbəri ruhdan salmaq üçün bir-birinin ardınca ona bəla göndərdi, insanların tənəsinə tuş etdi, amma bu fitnəkarın məkrli planı puça çıxdı (Əyy. 2:3; 22:3; 27:5). Biz ailə üzvlərimizi və yığıncaqdakı bacı-qardaşları ruhlandıranda İblisə öz məqsədinə çatmağa mane oluruq. Bunun sayəsində evimiz və ibadət yerlərimiz isti yuva və əmin-amanlıq məskəni olur.

BİZƏ ÖRNƏK OLANLAR

7, 8. a) Yehova Allahın ruhlandırıcı, xoş sözlərə önəm verdiyi nədən görünür? b) Valideynlər Yehovadan necə nümunə götürə bilərlər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

7 Yehova Allah. Məzmurçu yazmışdı: «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəb. 34:18). Ərəmya peyğəmbər qorxuya qapılıb ruhdan düşəndə Yehova Allah bu vəfalı bəndəsini  ürəkləndirdi (Ərm. 1:6—10). Bir dəfə Yehova Allah mələyini Dənyal peyğəmbərin yanına göndərmişdi ki, onun qoluna qüvvət versin və Allahın «istəkli bəndə»si olduğunu desin. Təsəvvür etmək olar, bu sözlər yaşlı peyğəmbəri necə ruhlandırmışdı! (Dən. 10:8, 11, 18, 19). Bəs siz Yehovadan nümunə götürərək dindaşlarınızı, məsələn, taqətdən düşmüş öncülləri və yaşlı bacı-qardaşları ruhlandıra bilərsiniz?

8 İsa Məsih yer üzündə olanda Yehova Allah onu tərifləmiş və ruhlandırmışdı. Yehova fikirləşmirdi ki, İsa əsrlər boyu Onunla birlikdə göydə çalışıb deyə, ruhlanmağa ehtiyacı yoxdur. İsa Məsih iki dəfə göydən gələn sədanı, Atasının ona dediyi növbəti sözləri eşitmişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mət. 3:17; 17:5). Bu sözlərlə Allah İsanı əmin etmişdi ki, ona tapşırılan işi yaxşı yerinə yetirir. Sözsüz ki, İsa həm xidmətinin əvvəlində, həm də yerdə yaşadığı həyatın sonuncu ilində bu sözləri eşidəndə çox ruhlanmışdı. İsa ölümündən əvvəlki gecə iztirab çəkəndə isə Yehova mələyini göndərib onu qüvvətləndirmişdi (Luka 22:43). Valideynlər Yehovanı örnək alaraq, həmişə uşaqlarını ruhlandırmalı və gördükləri yaxşı işlərə görə tərifləməlidirlər. Hər gün məktəbdə imanı sınağa çəkilən uşaqların isə valideyn dəstəyinə daha çox ehtiyacı var.

9. İsa Məsihin həvariləri ilə rəftarından nə öyrənirik?

9 İsa Məsih. İsa anma mərasimini təsis edən gecə həvarilərin daxilindəki mənfi xüsusiyyət, qürur özünü yenə göstərdi. İsa onlara təvazökar olmağı öyrətmək üçün onların ayağını yudu. Amma bu, həvarilərə təsir etmədi, onlar yenə kimin daha böyük olduğu barədə mübahisə etdilər. Butrus isə özündən razı şəkildə danışmağa başladı (Luka 22:24, 33, 34). Bütün bunlara baxmayaraq, İsa onları təriflədi ki, bütün sınaqları boyu onun yanında olublar. O, həvarilərin onun gördüyü işlərdən də böyük işlər görəcəyini dedi və Yehovanın onları sevdiyinə əmin etdi (Luka 22:28; Yəh. 14:12; 16:27). Özünüzdən soruşun: «İsadan örnək götürərək, səhvlərini görsəm də, uşaqlarımı və başqalarını yaxşı işlərinə görə tərifləyirəm?»

10, 11. Bulusun bacı-qardaşları ruhlandırmağa önəm verdiyi nədən görünür?

10 Həvari Bulus. Həvari Bulus məktublarında dindaşları barədə ağızdolusu danışırdı. O, qardaşlardan bir neçəsi ilə illərlə səyahət etmişdi və şübhəsiz ki, onların zəif cəhətlərini yaxşı bilirdi. Amma həvari onlar haqqında xoş sözlər yazmışdı. Məsələn, o, Timutini «Ağaya xidmətdə əziz balam» adlandırmışdı və onun can-dildən bacı-qardaşların qeydinə qaldığını qeyd etmişdi (1 Kor. 4:17; Filip. 2:19, 20). Korinflilərə yazdığı məktubda Titus haqqında demişdi: «O,.. sizin xeyriniz üçün zəhmət çəkən əməkdaşımdır» (2 Kor. 8:23). Təbii ki, Timuti ilə Titus həvarinin onlar haqqında hansı fikirdə olduğunu eşidəndə çox ruhlanmışdılar.

11 Bulusla Barnəba həyatlarını təhlükəyə ataraq insanların onlarla qəddarcasına davrandığı şəhərlərə yenidən gedirdilər. Məqsəd isə bacı-qardaşları ruhlandırmaq idi. Məsələn, Listrada amansız təqiblərlə üzləşsələr də, oraya qayıtmışdılar ki, yeni şagirdləri imanda möhkəm qalmağa təşviq etsinlər (Həv. 14:19—22). Həmçinin Efesdə camaatın Bulusa qarşı qalxmasına baxmayaraq, orada xeyli müddət qalıb bacı-qardaşları ruhlandırmışdılar. Həvarilərin işləri 20:1, 2 ayəsində deyilir: «Hay-küy yatandan sonra Bulus şagirdləri yanına çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşıb Makedoniyaya yollandı. Oraları gəzib qardaşlarla danışaraq onları da ruhlandırdı, sonra Yunanıstana gəldi». Göründüyü  kimi, Bulus da bacı-qardaşları ruhlandırmağı vacib bilirdi.

SİZ DƏ BİR-BİRİNİZİ RUHLANDIRIN

12. İbadət görüşlərinə getmək nəyə görə vacibdir?

12 İbadət görüşləri bir-birimizi ruhlandırmaq üçün bir fürsətdir. Məhz bu səbəbdən Yehova Allah bizə müntəzəm olaraq görüşlərə getməyi buyurur. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Məsihin birinci əsrdəki davamçıları kimi, biz də təlim almaq və ruhlanmaq üçün bir yerə toplaşırıq (1 Kor. 14:31). Məqalənin əvvəlində adı çəkilən Kristina deyir: «Yığıncaqda ən çox xoşuma gələn bacı-qardaşların məhəbbəti və xoş sözləridir. Bəzən yığıncaqdan əvvəl heç kefim olmur. Amma bacılar yaxınlaşıb məni qucaqlayır, çox qəşəng göründüyümü, məni çox istədiklərini deyirlər, ruhani cəhətdən irəli getdiyim üçün tərifləyirlər. Onların bu xoş sözlərindən sonra qanad açıb uçmaq istəyirəm!» Bəli, bir-birimizi ruhlandıranda əsl təravət tapırıq! (Rom. 1:11, 12).

13. Nəyə görə uzun illər Yehovaya xidmət edən bacı-qardaşların da ruhlanmağa ehtiyacı var?

13 Yehovaya uzun illər xidmət etmiş insanların da xoş, ruhlandırıcı sözlərə ehtiyacı var. Məsələn, götürək Yuşəni. O, illərlə Yehovaya sədaqətlə xidmət etmişdi. Bununla belə, Yehova Allah Musa peyğəmbərə Yuşəni ruhlandırmağı buyurub demişdi: «Yuşəni öz yerinə təyin elə, onu ürəkləndirib qoluna qüvvət ver, çünki çayın o tayına xalqın başında o gedəcək və seyr edəcəyin diyarı onlara məhz o verəcək» (Qan. 3:27, 28). İsrail xalqı vəd olunmuş diyarı Yuşənin başçılığı altında zəbt edəcəkdi. Yuşə çoxlu döyüşlər aparacaq və ən azı bir döyüşdə məğlubiyyətə uğrayacaqdı (Yuş. 7:1—9). Təbii ki, bu çətinliklərə hazır olması üçün Yuşəni ruhlandırmaq və qoluna qüvvət vermək lazım idi. Odur ki, gəlin biz də Allahın xalqı uğrunda əziyyət çəkən qardaşları, məsələn, ağsaqqalları və rayon nəzarətçilərini ruhlandıraq. (1 Salonikililərə 5:12, 13 ayələrini oxuyun.) Bir rayon nəzarətçisi deyir: «Hərdən bacı-qardaşlar bizə minnətdarlıq məktubu yazır, ziyarətimizin onlara xoş təsir bağışladığını deyirlər. Biz bu məktubları yığıb saxlayırıq, kefimiz olmayanda onları oxuyuruq. Bu məktublar bizə qol-qanad verir».

Tərif sözləri eşidəndə övladlarımız çiçək açır (14-cü abzasa baxın)

14. Nədən görünür ki, məsləhət verəndə tərifləmək və xoş sözlər demək yaxşı nəticə gətirir?

14 Ağsaqqallar və valideynlər diqqət yetiriblər ki, tərif və xoş sözlər məsləhətin təsir gücünü artırır. Bulus Korinfdə yaşayan məsihiləri onun məsləhətinə əməl etdikləri üçün tərifləmişdi. Çox ehtimal ki, bu, onları Allahı razı salan işlər görməyə təşviq etmişdi (2 Kor. 7:8—11). İki  uşaq atası olan Andreas deyir: «Ruhlandırıcı sözlər uşağa həm ruhani, həm də mənəvi cəhətdən yetişməyə kömək edir. Uşağa xoş söz deyəndə o, məsləhətə həvəslə əməl edir. Düzdür, uşaqlar bilir, əslində necə davranmalıdırlar, amma həmişə onları ruhlandırsaq, tərifləsək, düzgün davranmaq istəyi onların canında olacaq».

BACI-QARDAŞLARI NECƏ RUHLANDIRA BİLƏRİK?

15. Bacı-qardaşları ruhlandırmağın bir yolu hansıdır?

15 Bacı-qardaşları gördükləri yaxşı işlərə və gözəl xüsusiyyətlərinə görə tərifləyin (2 Saln. 16:9; Əyy. 1:8). Yehova Allah və İsa Məsih gücümüz və imkanımız məhdud olsa da, Padşahlıq yolunda gördüyümüz hər bir işi, etdiyimiz bütün ianələri qiymətləndirir. (Luka 21:1—4; 2 Korinflilərə 8:12 ayələrini oxuyun.) Məsələn, bəzi yaşlı bacı-qardaşlarımız ibadət görüşünə gəlmək və təbliğdə iştirak etmək üçün çox çətinlikləri aşır. Məgər onlar tərifə, xoş sözlərə layiq deyillər?

16. Bacı-qardaşları necə ruhlandıra bilərik?

16 Həmimanlılarınızı ruhlandırmaq üçün fürsət axtarın. Əgər bacı-qardaşlarımızda tərifəlayiq bir şey görürüksə, niyə də tərifləməyək?! Bulusla Barnəba Pisidiya bölgəsindəki Antakyada olanda sinaqoq rəisləri onlara demişdilər: «Qardaşlar, xalqı ruhlandırmağa sözünüz varsa, buyurun, söyləyin». Bulus bu təklifi qəbul edib gözəl bir nitq söyləyir (Həv. 13:13—16, 42—44). Biz də insanları ruhlandıran sözlər deyə biləriksə, gəlin susmayaq. Biz başqalarını ruhlandırsaq, onlar da bizi ruhlandıracaq (Luka 6:38).

17. Tərif sözləri necə olmalıdır?

17 Səmimi qəlbdən və konkret şeylərə görə tərifləyin. Düzdür, ümumi sözlərlə də insanı ruhlandıra bilərik, amma İsanın Tiatiradakı məsihilərə ünvanladığı sözlərdən görünür ki, konkret şeylərə görə tərifləmək daha yaxşıdır. (Vəhy 2:18, 19 ayələrini oxuyun.) Məsələn, valideynlər uşaqlarını ruhani addımlar atdıqlarına görə tərifləyə bilərlər. Həmçinin çətinliklərə baxmayaraq, uşaqlarını tək böyüdən bacını tərifləyə bilərik; onun tərbiyə üsulunda xoşumuza gələn cəhətləri vurğulamaq olar. Əmin olun, xoş və ruhlandırıcı sözlər çox böyük gücə malikdir!

18, 19. Bir-birimizi necə ruhlandıra bilərik?

18 Düzdür, Yehova Allah Musa peyğəmbərə dediyi kimi, bizə də deməyəcək ki, konkret kimi ruhlandırmaq lazımdır. Amma biz əminik ki, bacı-qardaşlarımızı tərifləyəndə, onlara xoş sözlər deyəndə Yehovaya xoş gedir (Məs. 19:17; İbr. 12:12). Məsələn, məruzədən məhz bizə lazım olan məsləhəti eşidəndə və ya hansısa ayəni başa düşəndə məruzəni söyləyən qardaşa yaxınlaşıb bu barədə desək, yaxşı olar. Bir bacı onların yığıncağında məruzə söyləyən qardaşa növbəti sözləri yazmışdı: «Səninlə cəmi bir neçə dəqiqə söhbət etdik, amma bu qısa vaxt ərzində sən mənim dərdimi duydun və mənə təsəlli verib ruhlandırdın. Sən həm məruzə söyləyəndə, həm də mənimlə sadəcə söhbət edəndə elə danışırdın ki, sözlərin ürəyimə yağ kimi yayılırdı. Bu sözlər Yehovadan hədiyyə idi».

19 Həvari Bulus məsihilərə növbəti məsləhəti vermişdi: «İndi olduğu kimi, bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 Salon. 5:11). Bu məsləhətə əməl etsək, bacı-qardaşları ruhani cəhətdən möhkəmləndirəcəyik. Hər gün bir-birimizi ruhlandırsaq, Yehova Allah bizdən razı qalar.

^ [1] (1-ci abzas) Bəzi adlar şərtidir.