Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2016

Qoy «aranızda daim qardaşlıq məhəbbəti olsun»!

Qoy «aranızda daim qardaşlıq məhəbbəti olsun»!

«Aranızda daim qardaşlıq məhəbbəti olsun» (İBR. 13:1).

NƏĞMƏ: 72, 119

1, 2. Nəyə görə həvari Bulus ibrani məsihilərə məktub yazmışdı?

ERAMIZIN 61-ci ili idi. İsraildə olan məsihi yığıncaqları nisbi sülh şəraitində yaşayırdılar. Həvari Bulus Romada dustaq idi. Ancaq tezliklə azadlığa çıxacağına ümid edirdi. Onun əməkdaşı Timuti yenicə azadlığa buraxılmışdı. Onlar Yəhudiyyədəki bacı-qardaşlara baş çəkməyi planlaşdırırdılar (İbr. 13:23). Ancaq İsanın peyğəmbərlik etdiyi kimi, beş ildən sonra qoşunlar Yerusəlimi mühasirəyə alacaqdı. Yəhudiyyədə, xüsusən də, Yerusəlimdə yaşayan məsihilər yubanmadan hərəkətə keçməli idilər. İsa tapşırmışdı ki, bu hadisələrin baş verdiyini görəndə dərhal şəhərdən qaçsınlar (Luka 21:20—24).

2 İsa Məsihin bu peyğəmbərliyi deməsinin üstündən 28 il keçmişdi. Bu müddət ərzində İsraildə yaşayan məsihilər artıq çoxlu təqiblərə, sınaqlara mətanətlə sinə gərmişdilər (İbr. 10:32—34). Lakin həvari Bulus bilirdi ki, qarşıda onları son dərəcə ağır iman sınağı gözləyir (Mət. 24:20, 21; İbr. 12:4). Həvari onları bu sınağa hazırlamaq istəyirdi. Bu məsihilərə son dərəcə böyük dözüm və iman gərək olacaqdı. Onların imanından həyatları asılı idi. (İbranilərə 10:36—39 ayələrini oxuyun.) Ona görə də Yehovanın ruhunun təsiri ilə həvari  Bulus sevimli bacı-qardaşlarına məktub yazdı. İndi «İbranilərə məktub» adı ilə tanınan bu məktubla Bulus onları gələcəkdəki hadisələrə hazırlamaq istəyirdi.

3. Nə üçün «İbranilərə məktub» bizi maraqlandırmalıdır?

3 Bulusun ibrani məsihilərə yazdığı məktub hər birimizi maraqlandırmalıdır. Çünki biz də demək olar ki, onların vəziyyətindəyik. Bu gün son dərəcə çətin bir vaxtdır. Yehovanın xalqı cürbəcür təqiblərlə, sınaqlarla üzləşir (2 Tim. 3:1, 12). Biz artıq imanımızın möhkəm olduğunu, Allaha sadiq olduğumuzu sübuta yetirmişik. Lakin hazırda çoxlarımız nisbətən dinc şəraitdə yaşayırıq, şiddətli təqiblərə məruz qalmırıq. Buna baxmayaraq, Bulusun dövründəki məsihilər kimi, hər birimiz mühüm bir məqamı yadda saxlamalıyıq: tezliklə biz ən böyük iman sınağı ilə qarşı-qarşıya duracağıq! (Luka 21:34—36 ayələrini oxuyun.)

4. 2016-cı ilin ayəsi nədir və bu ayə nəyə görə münasibdir?

4 Bizi qarşıda gözləyən hadisələrə necə hazır ola bilərik? «İbranilərə məktub»da həvari Bulus imanımızı möhkəmləndirməyə kömək edən bir çox amilləri vurğulamışdı. Onlardan biri, çox vacib bir amil həmin məktubun axırıncı fəslinin birinci ayəsində yazılıb. Həmin ayə 2016-cı ilin ayəsidir. Bu ayə bizə nəsihət edir: «Aranızda daim qardaşlıq məhəbbəti olsun» (İbr. 13:1).

2016-cı ilin ayəsi: «Aranızda daim qardaşlıq məhəbbəti olsun» (İbranilərə 13:1).

QARDAŞLIQ MƏHƏBBƏTİ NƏDİR?

5. Qardaşlıq məhəbbəti nədir?

5 Qardaşlıq məhəbbəti göstərmək nə deməkdir? Bulusun yunan dilində işlətdiyi «filadelfia» sözü hərfən «qardaşa məhəbbət» deməkdir. Qardaşlıq məhəbbəti ailə üzvləri, yaxud yaxın dostlar arasında olan möhkəm, səmimi bağlılıq hissidir (Yəh. 11:36). Biz özümüzü yalandan bacı-qardaş kimi aparmırıq, biz sözün əsil mənasında bacı-qardaşıq (Mət. 23:8). Həvari Bulus yazmışdı: «Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın» (Rom. 12:10). Bu sözlər bizim aramızdakı məhəbbəti çox gözəl əks etdirir. Prinsiplərə əsaslanan «aqape» məhəbbəti ilə yanaşı təzahür olunan bu məhəbbət sayəsində Yehovanın xidmətçiləri arasında möhkəm dostluq telləri var.

6. Məsihilər kimlərə qardaş deyirlər?

6 Bir alimin sözlərinə görə, «qeyri-məsihi ədəbiyyatlarında “qardaşlıq məhəbbəti” ifadəsinə çox az-az rast gəlinir». İudaizmdə «qardaş» sözü bəzi hallarda qohum olmayan kəslərə aid işlənirdi. Bununla belə, bu sözün mənası yalnız yəhudi xalqı ilə məhdudlaşırdı və heç vaxt digər xalqlardan olan adamlara şamil olunmurdu. Lakin məsihilikdə milliyyətindən asılı olmayaraq, bütün həqiqi məsihilər bir-birinə qardaşdırlar (Rom. 10:12). Yehova Allah bizə qardaş kimi bir-birimizi sevməyi öyrədir (1 Salon. 4:9). Bəs nəyə görə aramızda daim qardaşlıq məhəbbətinin olması labüddür?

QARDAŞLIQ MƏHƏBBƏTİ NƏ ÜÇÜN LABÜDDÜR?

7. a) Biz ən əsası nəyə görə qardaşlarımızı sevməliyik? b) Bir-birimizə məhəbbətimizi daha nəyə görə gücləndirməliyik?

7 Qısa desək, bir-birimizə qardaşlıq məhəbbəti göstərməyimizi bizdən Yehova Allah tələb edir. Biz qardaşlarımızı sevməyə-sevməyə Allahı sevdiyimizi deyə bilmərik (1 Yəh. 4:7, 20, 21). Bundan başqa, biz bir-birimizə lazımıq. Bu, xüsusilə dar məqamlarda özünü göstərir. Həvari Bulus ibrani məsihilərə məktub yazanda bilirdi ki, onlardan bəziləri  tezliklə evlərindən didərgin düşəcək, əmlaklarını itirəcək. Məsih həmin vaxtın son dərəcə çətin olacağını demişdi (Mark 13:14—18; Luka 21:21—23). Buna görə də nə qədər ki həmin vaxt gəlməmişdi, o məsihilərə bir-birilərinə olan məhəbbəti gücləndirmək lazım idi (Rom. 12:9).

8. Nə qədər ki böyük müsibət başlamayıb biz nə etməliyik?

8 Tezliklə bəşər tarixində görülməmiş müsibət olacaq — böyük müsibətin küləkləri dünyanı viran qoyacaq (Mark 13:19; Vəhy 7:1—3). O vaxt gərək biz Müqəddəs Kitabda yazılan bu məsləhətə əməl edək: «Ey xalqım, içəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Ola bilsin, «içəri otaqlar» yığıncaqları təmsil edir. Məhz burada biz bacı-qardaşlarla birlikdə Yehova Allaha ibadət edirik. Ancaq təkcə müntəzəm yığışmaq kifayət etmir. Bulus ibrani məsihilərə xatırladırdı ki, onlar bir yerə yığışanda bir-birini «məhəbbətə və yaxşı işlərə» təşviq etməlidirlər (İbr. 10:24, 25). Biz indidən qardaşlıq məhəbbətini gücləndirməliyik. Çünki gələcəkdə qarşılaşacağımız çətinliklər və sınaqlar vaxtı bunun bizə köməyi dəyəcək.

9. a) Dindaşlarımızı sevdiyimizi nə zaman göstərə bilərik? b) Yehovanın xalqı arasında məhəbbətin olduğunu göstərən nümunə çəkin.

9 Hətta böyük müsibət başlamamış bizim qardaşlıq məhəbbətinə böyük ehtiyacımız var. Bir çox dindaşımız zəlzələlərdən, daşqınlardan, qasırğalardan, sunamilərdən və başqa təbii fəlakətlərdən zərər çəkir. Digərləri zülm-sitəmə, təqiblərə məruz qalır (Mət. 24:6—9). Bundan əlavə, bu şər dünyada yaşayan bizlər hər gün maddi çətinliklərlə üzləşirik (Vəhy 6:5, 6). Lakin bu çətinliklər qardaşlarımızı nə dərəcə çox sevdiyimizi göstərmək üçün fürsət yaradır. Bu gün əksər insanlarda bir-birinə qarşı məhəbbət soyusa da, biz qardaşlıq məhəbbətini daim qoruyub-saxlamalıyıq (Mət. 24:12). [1]

QARDAŞLIQ MƏHƏBBƏTİNİ NECƏ GÖSTƏRƏ BİLƏRİK?

10. İndi nəyi nəzərdən keçirəcəyik?

10 Üzləşdiyimiz çətinliklərə baxmayaraq, qardaşlıq məhəbbətini necə göstərə bilərik? Qardaşlarımızı sevdiyimizi hansı əməllərimizlə sübut edə bilərik? Həvari Bulus «aranızda daim qardaşlıq məhəbbəti olsun» deyəndən sonra bu məhəbbəti göstərməyin bir neçə üsulunu sadalamışdı. Gəlin onlardan altısını nəzərdən keçirək.

11, 12. Necə qonaqpərvərlik göstərə bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 «Qonaqpərvərliyi yaddan çıxarmayın». (İbranilərə 13:2 ayəsini oxuyun.) «Qonaqpərvərlik» kimi tərcümə olunan yunan sözü «qəriblərə xeyirxahlıq» mənasını verir. Bu ifadə yadımıza İbrahim peyğəmbərlə Lutu salır. Onların hər ikisi tanımadıqları kəslərə xeyirxahlıq göstərmişdi. Sonradan həmin kəslərin mələk olduğu məlum olmuşdu (Yar. 18:2—5; 19:1—3). Bulus ibrani məsihiləri qonaqpərvər olmaqla qardaşlıq məhəbbəti göstərməyə təşviq etmək üçün bu nümunələrə istinad etmişdi.

12 Bəs biz necə qonaqpərvər ola bilərik? Məsələn, bacı-qardaşlarımızı evimizə nahara, yaxud ünsiyyət etməyə dəvət edə bilərik. Qonaqpərvər olmaq üçün dəm-dəsgah qurmaq lazım deyil. Bizim məqsədimiz həmimanlılarımızda təəssürat oyatmaq yox, onları ruhlandırmaq olmalıdır. Həmçinin biz yalnız elə  adamları qonaq çağırmamalıyıq ki, sonradan necəsə bizə əvəzini versin (Luka 10:42; 14:12—14). Bundan başqa, rayon nəzarətçisinə və onun həyat yoldaşına qonaqpərvərlik göstərmək olar. Hətta yaxşı tanımasaq belə, yığıncağımıza baş çəkərkən onları evimizə dəvət edə bilərik (3 Yəh. 5—8). Başımız nə qədər qarışıq olsa da, qayğılarımız nə qədər çox olsa da, olduqca vacibdir ki, qonaqpərvərliyi yaddan çıxarmayaq!

13, 14. Həbsdə olanları yaddan çıxarmamaq üçün nə edə bilərik?

13 «Həbsdə olanları yaddan çıxarmayın». (İbranilərə 13:3 ayəsini oxuyun.) Bulus bu sözləri yazanda həbsdə yatan bütün məhbusları nəzərdə tutmurdu. O, imanına görə həbs olunan qardaşlar barədə danışırdı. Bulus ibrani məsihilərə bu sözü yazanda təxminən dörd il idi ki, əliqandallı dustaq idi (Filip. 1:12—14). O, qardaşları zindanda olanların halına acıdıqlarına görə təriflədi (İbr. 10:34). Bulus məhbəsdə olarkən yaxınlıqda yaşayan bəzi qardaşlar ona kömək edirdilər. Lakin ibrani məsihilər ondan uzaqda yaşayırdılar. Bəs onlar Bulusa necə kömək edə bilərdilər? Onun üçün hərarətlə dua etməklə (İbr. 13:18, 19).

14 Bu gün də çoxumuz həbsxanada yatan qardaşlarımızdan uzaqda yaşayırıq. Yaxında yaşayan Şahidlərdən fərqli olaraq, bizim onlara əlimiz çatmır. Lakin onlar həmişə bizim yadımızdadır. Biz bu sadiq insanların halına yanırıq, qardaşlıq məhəbbətindən irəli gələrək onlar üçün dua edirik. Məsələn, Eritreyada həbsdə olan çoxlu sayda bacıların, qardaşların, uşaqların, eləcə də 20 ildən artıqdır ki, məhbus həyatı yaşayan Paulos İyasu, İsak Moqos və Negede Teklemaryamın bizim dualarımıza böyük ehtiyacı var.

15. Nikaha hörmət etdiyimizi necə göstərə bilərik?

15 «Qoy hər kəs nikaha hörmət etsin». (İbranilərə 13:4 ayəsini oxuyun.) Biz həmçinin əxlaqi təmizliyi qoruyaraq həmimanlılarımızı sevdiyimizi sübut edə bilərik (1 Tim. 5:1, 2). Kimsə əxlaqi təmizlik məsələsində çərçivədən kənara çıxıb qardaşın, yaxud bacının haqqını tapdalayanda, yəni onunla, yaxud onun ailə üzvü ilə əxlaqsızlıq edəndə qardaşlıq məhəbbətinin əsasında duran etibar sarsılır (1 Salon. 4:3—8). Üstəlik, qadın ərinin pornoqrafiyaya baxaraq ona xəyanət etdiyini biləndə təsəvvür edin hansı hissləri keçirir. Bu cür hərəkət edən kəs nə həyat yoldaşına məhəbbət göstərir, nə də nikaha hörmət edir (Mət. 5:28).

16. Özümüzdə olan şeylərə qane olmaq bizə qardaşlıq məhəbbəti göstərməyə necə kömək edir?

16 «Nəyiniz varsa, ona qane olun». (İbranilərə 13:5 ayəsini oxuyun.) İnsan Yehova Allaha etibar edirsə, nəyi varsa, ona qane olur. Maddi şeylərə tarazlı yanaşır (1 Tim. 6:6—8). Belə adam başa düşür ki, onun Yehova ilə və həmimanlıları ilə münasibəti puldan, hansısa əşyadan daha dəyərlidir. O, bacı-qardaşlardan giley-güzar edib şikayətlənmir, onlarda səhv axtarmır, heç kimə paxıllıq etmir, heç nəyə tamah salmır. Paxıllıq və tamahkarlıq olan yerdə qardaşlıq məhəbbəti boğulur. Özündə olan şeylərə qane olan insan isə dindaşlarına qarşı səxavətli olur (1 Tim. 6:17—19).

17. Cəsarət bizə qardaşlıq məhəbbəti göstərməyə necə kömək edir?

17 Cəsarətli olun. (İbranilərə 13:6 ayəsini oxuyun.) Yehovaya etibar insana cəsarət verir, o, çətinliklərin gözünə dik baxır. Cəsarət isə öz növbəsində insanda nikbin əhval-ruhiyyə yaradır. Nikbin  əhval-ruhiyyədə olan insan qardaşlıq məhəbbətindən irəli gələrək dindaşlarını möhkəmləndirir, onlara təskinlik verir (1 Salon. 5:14, 15). Böyük müsibət vaxtı dünya ən məşəqqətli anlarını yaşayanda belə biz qurtuluşumuzun yaxın olduğunu bilərək qamətimizi düzəldib, başımızı dikəldəcəyik (Luka 21:25—28).

Ağsaqqalların bizim üçün çəkdiyi zəhməti qiymətləndirirsiniz? (18-ci abzasa baxın)

18. Ağsaqqallara məhəbbətimizi necə artıra bilərik?

18 «Sizə rəhbərlik edənləri unutmayın». (İbranilərə 13:7, 17 ayələrini oxuyun.) Ağsaqqalların bizim üçün pulsuz-təmənnasız çəkdikləri zəhmət barədə düşünəndə onlara olan məhəbbətimiz və minnətdarlığımız birə-beş artır. Biz heç vaxt istəməzdik ki, tutduğumuz hansısa işə görə onlar sevinclərini itirsinlər, yaxud ah-zar çəksinlər. Əksinə, biz öz itaətkarlığımızla göstəririk ki, çəkdikləri zəhmətə görə onlara böyük ehtiram və məhəbbət bəsləyirik (1 Salon. 5:13).

BU SAHƏDƏ DAHA DA İNKİŞAF EDİN

19, 20. Qardaşlıq məhəbbətini göstərməkdə necə inkişaf edə bilərik?

19 Yehovanın xalqı arasında hökm sürən qardaşlıq məhəbbəti bütün dünyaya bəllidir. Həvari Bulus da bunu təsdiqləmişdi. Amma sonra hamını bu sahədə daha da inkişaf etməyə səsləmişdi (1 Salon. 4:9, 10). Bəli, hər kəs bu sahədə öz zəif cəhətini bilir. Buna görə də həmişə inkişaf etməyə dəyər.

20 Gəlin il boyunca hər dəfə ilin ayəsinə baxanda növbəti sualların üzərində düşünək: mən daha çox qonaqpərvərlik göstərə bilərəm? Həbsdə olan qardaşları necə yadımda saxlaya bilərəm? Allahın yaratdığı nikah quruluşuna hörmət edirəm? Özümdə olan şeylərə qane olmağa mənə nə kömək edə bilər? Yehovaya etibarımı necə artıra bilərəm? Rəhbərlik edən qardaşlarla daha çox necə əməkdaşlıq edə bilərəm? Əgər bu altı sahədə inkişaf etməyə çalışsaq, onda ilin ayəsi sadəcə ibadət evinin divarında asılan şüar olmayacaq. O, bizə «aranızda daim qardaşlıq məhəbbəti olsun» məsləhətinə əməl etməyi xatırladacaq (İbr. 13:1).

^ [1] (9-cu abzas) Yehovanın Şahidlərinin fəlakət zamanı qardaşlıq məhəbbəti göstərməsinə dair nümunələr üçün «Gözətçi qülləsi»nin 2002-ci il 15 iyul sayının 8 və 9-cu səhifəsinə (rus.), eləcə də «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 20-ci fəslinə baxın.