Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2016

Allahla birlikdə çalışmaq böyük sevincdir

Allahla birlikdə çalışmaq böyük sevincdir

«Biz Onunla birlikdə çalışaraq həm də sizə yalvarırıq: Allahın lütfünü alandan sonra elə yaşayın ki, bu lütf hədər getməsin» (2 KOR. 6:1).

NƏĞMƏ: 75, 74

1. Yehova ən ali Varlıq olsa da, başqalarını nəyə dəvət edir?

YEHOVA ALLAH ən ali Varlıqdır, hər şeyin Yaradanıdır və hədsiz hikmət və qüvvə Sahibidir. Əyyub bunu başa düşmüşdü. Yehova Öz yaratdıqları barədə ona suallar verəndən sonra Əyyub demişdi: «İndi bildim ki, Sən hər şeyə qadirsən, qət etdiyin elə bir şey yoxdur ki, gerçəkləşdirə bilməyəsən» (Əyy. 42:2). Yehova Allah heç kimin köməyi olmadan istədiyi hər şeyi edə bilər. Ancaq lap əzəldən O, Öz niyyətini həyata keçirmək üçün başqalarını birlikdə çalışmağa dəvət etmişdir.

2. Yehova İsaya hansı vacib işi tapşırmışdı?

2 Yehova Allah ən birinci yeganə Oğlunu yaratmışdı. Digər yaradıcılıq işlərində, istər ruhani, istərsə də maddi aləmin yaradılmasında Oğluna Onunla birgə çalışmağa izin vermişdi (Yəh. 1:1—3, 18). Həvari Bulus İsa barədə yazmışdı: «Göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər: taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət onun vasitəsilə yarandı.  Hər şey onun vasitəsilə və onun üçün yaradılıb» (Kol. 1:15—17). Beləcə, Yehova Oğluna həm yaradıcılıq işində Onunla çalışmağa izin vermiş, həm də onun gördüyü işi bəyan etmişdi. Bu, çox böyük şərəfdir!

3. Yehova Adəmə hansı işi tapşırmışdı və nəyə görə?

3 Yehova insanları da Özü ilə çalışmağa dəvət etmişdi. Misal üçün, Adəmə heyvanlara ad qoymağı buyurmuşdu (Yar. 2:19, 20). Adəm canlıları müşahidə edir, onlara xas cəhətləri öyrənir, hər birinə hansı adın müvafiq gəldiyini götür-qoy edirdi. Yəqin ki, bu, onu çox sevindirirdi. Yehova heyvanlara Özü də ad qoya bilərdi. Onları yaradan O idi. Amma Yehova məhəbbətdən irəli gələrək bunu Adəmə tapşırmışdı. Allah həmçinin Adəmə Ədən bağının sərhədlərini aşaraq bütün dünyanı cənnətə çevirmək imkanı vermişdi (Yar. 1:27, 28). Çox heyif ki, Adəm Allahla çalışmaq istəmədi, həm özünü, həm də bütün nəslini bəlaya sürüklədi (Yar. 3:17—19, 23).

4. Bəzi sadiq insanlar Allahla necə çalışmışdı?

4 Sonralar Allah niyyətinin həyata keçməsi üçün digər insanları da Özü ilə birgə çalışmağa dəvət etmişdi. Nuh gəmi tikmişdi, bunun sayəsində ailəsi ilə birgə ümumdünya Daşqından sağ çıxmışdı. Musa İsrail xalqını Misir köləliyindən xilas etmişdi. Yuşə həmin xalqı Vəd olunmuş diyara gətirmişdi. Süleyman Yerusəlimdə məbəd tikmişdi. Məryəm İsanın anası olmuşdu. Bu sadiq insanlar və başqaları Yehovanın iradəsini yerinə yetirmək üçün onunla birgə çalışmışdılar.

5. Yehova bizi hansı işə səsləyir, bəs O, bu işi bizsiz görə bilməzdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 Bu gün Yehova bizi canla-başla səmavi Padşahlığı dəstəkləməyə səsləyir. Müqəddəs xidmətin müxtəlif sahələri var. Bəzi xidmət növlərində bütün məsihilər iştirak edə bilməsələr də, hamı Padşahlıq haqqında müjdəni təbliğ edə bilər. Sözsüz ki, Yehova məcbur qalıb bizi bu işə səsləmir. O istəsəydi, Özü birbaşa göydən insanlarla danışardı. İsa demişdi ki, səmavi Padşahlıq haqda danışmaq üçün Yehova daşları da dilə gətirə bilər (Luka 19:37—40). Ancaq Yehova bizə Onun əməkdaşı olmağa izin verib (1 Kor. 3:9). Həvari Bulus yazmışdı: «Biz Onunla birlikdə çalışaraq həm də sizə yalvarırıq: Allahın lütfünü alandan sonra elə yaşayın ki, bu lütf hədər getməsin» (2 Kor. 6:1). Allahla birlikdə çalışmaq çox böyük şərəfdir. Bu şərəfə layiq görülmək bizə böyük sevinc bəxş edir. Gəlin bunun bəzi səbəblərini nəzərdən keçirək.

YEHOVA İLƏ ÇALIŞMAQ BİZİ XOŞBƏXT EDİR

6. Allahla çalışmaq Onun ilk Oğlunda hansı hissləri doğururdu?

6 Ta əzəldən Yehovanın xidmətçiləri Onunla çalışmaqdan sevinc duyublar. Müdrikliyin təcəssümü kimi təsvir olunan ilk Oğul belə sözlər demişdi: «Yehova məni xəlq etdi. Onun yaradıcılıq yolunun əzəli mənəm... Onun yanında usta kimi çalışırdım, hər gün könlünü şad edirdim, hüzurunda hər zaman sevinirdim» (Məs. 8:22, 30). İsa sevinə-sevinə Atası ilə çalışırdı. Gördüyü işlərə görə, Yehovanın könlünü şad etdiyinə görə xoşbəxt idi. Bəs bizim haqqımızda nə demək olar?

Kiməsə həqiqəti öyrətməkdən yaxşı nə iş ola bilər? (7-ci abzasa baxın)

7. Nəyə görə təbliğ işi bizə sevinc gətirir?

7 İsa Məsih demişdi ki, həm vermək, həm də almaq insana xoşbəxtlik gətirir  (Həv. 20:35). Biz həqiqəti öyrənəndə sevinmişdik. İndi həqiqəti başqalarına öyrədəndə də sevinirik. Çünki ruhən ac insanların həqiqəti dərk etdikcə, Allaha yaxınlaşdıqca necə xoşbəxt olduqlarını görürük. Onların yalnız düşüncələrini yox, həyat tərzini də dəyişdiyini görəndə ürəyimiz riqqətə gəlir. Biz başa düşürük ki, müjdəni bəyan etmək son dərəcə vacibdir. Bu, Allahla barışan insanlar üçün əbədi həyata yol açır (2 Kor. 5:20). Bəli, biz insanlara əbədi həyat yoluna qədəm qoymağa kömək edirik. Bundan xoş, bundan mənalı nə iş ola bilər?

8. Bəzi dindaşlarımız Yehova ilə çalışmaq barədə nə deyir?

8 İnsanların çatdırdığımız müjdəyə hay verməsi bizi sevindirir, amma bundan da çox bizi sevindirən Yehovanı razı salmağımız və Onun xidmətimizə dəyər verməsidir. (1 Korinflilərə 15:58 ayəsini oxuyun.) İtaliyada yaşayan Marko deyir: «Mən çox xoşbəxtəm ki, bütün gücümü Yehovanın yolunda sərf edirəm, həyatımı bu gün etdiyin yaxşılığı sabah unudan insanlara həsr etməmişəm». İtaliyada yaşayan Franko isə deyir: «Yehova Kəlamı ilə və digər vasitələrlə hər gün xatırladır ki, bizi sevir, hətta öz gözümüzdə heç nə olsa da, Onun üçün etdiyimiz hər şeyi qiymətləndirir. Məhz buna görə Yehova ilə çalışmaq məni xoşbəxt edir, həyatıma məna qatır».

ALLAHLA ÇALIŞMAQ BİZİ ONA VƏ BACI-QARDAŞLARA YAXINLAŞDIRIR

9. Yehova ilə İsa arasında hansı münasibət var idi və nəyə görə?

9 Biz sevdiyimiz insanlarla çalışanda onlara yaxınlaşırıq, onların necə insan olduğuna, xasiyyətinə bələd oluruq. Onların təkcə nə məqsədə can atdığını yox, həm də bu məqsədə çatmaq üçün nə etdiyini öyrənirik. İsa milyard illər ərzində Yehova ilə çalışmışdı. Onların arasında möhkəm, sarsılmaz məhəbbət telləri və bağlılıq yaranmışdı. İsa Yehova ilə yaxın münasibətini belə ifadə etmişdi: «Atamla mən vəhdətdəyik» (Yəh. 10:30). Onlar birlik və həmrəylik içində birgə çalışırdılar.

10. Nəyə görə təbliğ bizi Allaha və bacı-qardaşlara yaxınlaşdırır?

10 İsa Yehovaya dua edib xahiş etmişdi ki, şagirdlərindən muğayat olsun. O demişdi: «Biz bir olduğumuz kimi, onlar da bir olsunlar» (Yəh. 17:11). Biz Allahın qanunlarına uyğun yaşadıqca, təbliğ etdikcə Onun gözəl keyfiyyətlərini dərk edirik. Başa düşürük ki, nəyə görə Ona güvənmək, Onun göstərdiyi yolla getmək müdriklikdir. Biz Allaha yaxınlaşanda O da bizə yaxınlaşır. (Yaqub 4:8 ayəsini oxuyun.) Biz həmçinin iman bacı-qardaşlarımıza da yaxınlaşırıq, çünki hamımız eyni çətinliklərlə  üzləşirik, eyni sevinci yaşayırıq və eyni məqsədlərə can atırıq. Bəli, biz birgə işləyir, birgə şadlanır, çətinliklərə birgə tab gətiririk. Britaniyada yaşayan Oktavia adlı bacı deyir: «Yehova ilə çalışmaq məni bacı-qardaşlara yaxınlaşdırır. Çünki artıq onlarla aramızdakı oxşar cəhətlərə görə yox, eyni məqsədə can atdığımız, eyni istiqamətdə getdiyimiz üçün dostlaşıb doğmalaşıram». Məgər siz də belə düşünmürsünüz? Bacı-qardaşların Yehovanı razı salmağa çalışdığını görəndə məgər onlarla münasibətləriniz möhkəmlənmir?

11. Nəyə görə yeni dünyada Yehovaya və dindaşlarımıza daha da yaxın olacağıq?

11 Allahla və dindaşlarımızla aramızdakı məhəbbət indi nə qədər möhkəm olsa da, yeni dünyada daha da möhkəm olacaq. Qarşıda bizi gözləyən iş barədə bir düşünün. Dirilən insanları qarşılamaq, onlara Yehovanın yollarını öyrətmək lazım olacaq. Yer üzünü cənnətə çevirəcəyik. Bunlar asan işlər deyil. Ancaq səmavi Padşahlığın hakimiyyəti altında əl-ələ verib birgə çalışmaq və kamilliyə yetişmək çox sevindirici olacaq. Bəşər ailəsinin üzvləri bir-birinə və Yehovaya daha da yaxınlaşacaq. Yehova Allah isə hər bir məxluqu istəyinə çatdıracaq (Zəb. 145:16).

ALLAHLA ÇALIŞMAQ BİZİ QORUYUR

12. Təbliğ bizi necə qoruyur?

12 Biz ruhaniliyimizi qorumalıyıq. Şeytan İblisin ağalıq etdiyi dünyada yaşadığımız və qeyri-kamil olduğumuz üçün biz asanlıqla yanlış düşüncə tərzinə qapıla bilərik, yaxud da dünyadakı insanlar kimi davrana bilərik. Dünyanın ruhunu çayın axını ilə müqayisə etmək olar. Bu axın bizi istəmədiyimiz səmtə aparır. Axına qarşı durmaq üçün biz var gücümüzlə əks istiqamətə üzməliyik. Dünyanın ruhunun bizə hakim kəsilməməsi üçün hərəkət etməliyik. İnsanlara təbliğ edəndə diqqətimiz imanı zəiflədən fikirlərə yox, vacib və faydalı ruhani məsələlərə yönəlir (Filip. 4:8). Təbliğ edəndə Allahın vədlərini və qanunlarını daim xatırladığımız üçün imanımız möhkəmlənir. Həmçinin ruhani zirehlərimiz də yaxşı vəziyyətdə qalır. (Efeslilərə 6:14—17 ayələrini oxuyun.)

13. Avstraliyada yaşayan bir Şahid təbliğ barədə nə düşünür?

13 Başımız təbliğə və digər ruhani işlərə qarışanda şəxsi problemlərə görə həddən artıq narahat olmağa vaxtımız qalmır. Bu isə bizi qoruyur. Avstraliyada yaşayan Coel deyir: «Təbliğ mənə reallıqdan uzaqlaşmamağa kömək edir. Təbliğ vaxtı insanların üzləşdikləri problemləri görürəm və Allahın Kəlamının göstərdiyi yolla getməyin nə qədər faydalı olduğunu başa düşürəm. Təbliğ mənə həm də təvazökar qalmağa kömək edir. Başa düşürəm ki, Yehovanın, bacı-qardaşların köməyinə ehtiyacım var».

14. Təbliğ işini davam etdirməyimiz Allahın ruhunun bizimlə olduğunu necə göstərir?

14 Təbliğ həmçinin Allahın ruhunun bizimlə olduğuna əminliyimizi möhkəmləndirir. Tutaq ki, sizə insanlara çörək paylamaq işi təklif olunub. Bu işə görə sizə nə zəhmət haqqı verilir, nə də xərcləriniz ödənilir. Bu, azmış kimi, çox keçməmiş görürsünüz ki, insanların əksəriyyəti çörəyi istəmir, hətta bu işi gördüyünüzə görə bəzilərinin sizi görməyə gözü yoxdur. Bu işdə nə qədər davam gətirərdiniz? Yəqin ki, çox keçməmiş gücünüz tükənərdi və bu  işi dayandırardınız. Lakin bizlərdən çoxumuz qədirbilməz insanların tənələrinə, rişxəndlərinə baxmayaraq, ilbəil öz vəsaitimiz hesabına təbliğ işini davam etdiririk. Məgər bu, Allahın ruhunun bizə təsir etdiyini göstərmir?

ALLAHLA ÇALIŞMAQ ONU VƏ İNSANLARI SEVDİYİMİZİ GÖSTƏRİR

15. Müjdənin təbliği Allahın insanlar üçün niyyəti ilə necə bağlıdır?

15 Müjdəni təbliğ etməyin Yehovanın bəşəriyyət üçün olan niyyəti ilə necə bağlı olduğu barədə düşünün. O istəyirdi ki, insanlar yer üzündə əbədi yaşasın. Adəm günah işlətsə də, Yehova Öz fikrindən daşınmayıb (Əşy. 55:11). Əksinə, O, insanları günah və ölüm məhkumiyyətindən qurtarmaq üçün tədbir gördü. Bu niyyətin həyata keçməsi üçün İsa yer üzünə gəlmiş və itaətkar insanlar uğrunda canını qurban vermişdi. İtaətkar olmaq üçün isə insanlar Allahın tələblərini bilməli idilər. Buna görə də İsa insanlara Allahın tələblərini öyrədirdi. O, şagirdlərinə də eyni şeyi etməyi buyurmuşdu. İnsanlara Allahla barışmağa kömək etməklə biz bəşəriyyəti günah və ölümdən azad etmək işində Allahla çalışırıq.

16. Təbliğ işi Allahın ən böyük əmrləri ilə necə əlaqəlidir?

16 İnsanlara əbədi həyata gedən yolu tapmağa kömək edəndə onları və Yehovanı sevdiyimizi göstəririk. Yehova «istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:4). İsadan İsrail xalqına verilən qanunlardan hansının ən böyük əmr olduğunu soruşanda o demişdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir. İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”» (Mət. 22:37—39). Təbliğ etməklə bu əmrlərə tabe olduğumuzu göstəririk. (Həvarilərin işləri 10:42 ayəsini oxuyun.)

17. Müjdəni təbliğ etmək sizin üçün nə deməkdir?

17 Biz necə də mübarək bəndələrik! Yehova bizə elə bir iş tapşırıb ki, o, bizə sevinc gətirir, bizi Ona və bacı-qardaşlara yaxınlaşdırır və ruhani cəhətdən qoruyur. Bu iş həmçinin bizə Allahı və insanları sevdiyimizi göstərməyə imkan verir. Allahın bütün dünyada milyonlarla xidmətçisi var, hamısının da vəziyyəti bir-birindən fərqlənir. Amma cavan, yaşlı, varlı, kasıb, zəif, güclü olmalarından asılı olmayaraq, onların hər biri yaranan hər fürsətdən istifadə edərək öz etiqadları barədə başqaları ilə danışır. Yəqin ki, siz də Fransada yaşayan Çantel bacının sözlərinə şəriksiniz. O deyir: «Kainatın ən qüdrətli Varlığı, hər şeyin Yaradanı, xoşbəxt Allah mənə deyir: “Get! Danış! Mənim adımdan danış, ürəkdən danış. Mən sənə Kəlamımı vermişəm, səni öyrədirəm, vaxtlı-vaxtında təlim verirəm, güc verirəm, mələklərim sənə dayaq olur, yer üzündəki dindaşların sənə kömək edir”. Yehovanın tapşırdığı işi görmək, Allahımızla birgə çalışmaq böyük şərəfdir!»