Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2016

Məsihilər dövlət işçilərinə müraciət edəndə Müqəddəs Kitaba əsaslanan vicdanlarına uyğun davranmalıdırlar

Oxucuların sualları

Oxucuların sualları

Məsihilər hökumət işçilərinə şirinlik verməyin münasib olub-olmadığını necə müəyyən edə bilər?

Bu zaman bir sıra amilləri nəzərə almaq lazımdır. Məsihilər dürüst olmalıdırlar. Onlar Yehovanın qanunlarına zidd getmədiyi təqdirdə ölkənin qanunlarına tabe olmalıdır (Mət. 22:21; Rom. 13:1, 2; İbr. 13:18). Bundan başqa, məsihilər yaşadıqları yerdəki adət-ənənələrə və baxışlara hörmətlə yanaşmağa, başqalarını özlərini sevdikləri kimi sevməyə çalışırlar (Mət. 22:39; Rom. 12:17, 18; 1 Salon. 4:11, 12). Bu prinsiplərdən irəli gələrək, dünyanın müxtəlif yerlərində yaşayan məsihilərin şirinlik verməyə münasibəti fərqli ola bilər.

Bir çox yerlərdə vətəndaşın hüququ çatan şeyi əldə etməsi üçün dövlət işçisinə heç nə vermək tələb olunmur. Dövlət işçiləri icra etdikləri xidmətlərə görə hökumətdən maaş alır. Onlar gördükləri işin müqabilində öz məvaciblərindən əlavə olaraq heç nə tələb etmirlər, nə də ummurlar. Bir çox ölkələrdə dövlət işçilərinin gördükləri rəsmi işin müqabilində nəsə tələb etməsi, yaxud alması qeyri-qanunidir, baxmayaraq ki, onlar şirinliksiz də öz işlərini tam qanuni şəkildə icra edərdilər. Bu cür şirinlik, hətta rəsmi işin nəticəsini dəyişməsə belə, rüşvət hesab olunur. Belə ölkələrə gəldikdə, məsihinin dövlət işçisinə şirinlik verməsinin düzgün olub-olmadığını müzakirəyə çıxarmağa heç lüzum da yoxdur. Bu cür şirinlik birmənalı şəkildə düzgün deyil.

Ancaq bəzi ölkələrdə belə qanunlar yoxdur, ya da olsa da, onlara ciddi şəkildə riayət olunmur. Belə olan halda hökumət işçiləri öz işlərini vicdanla yerinə yetirmirlər. Bəzi ölkələrdə dövlət işçiləri öz mövqelərindən sui-istifadə edirlər. Onlar xidmət etməli olduqları adamlardan pul və ya başqa şey tələb edirlər. Şirinlik almamış heç nə etmək istəmirlər. Məsələn, nikahı rəsmiləşdirən, qanuni gəlir vergisi ödəyən, tikintiyə icazə alan və sair iş üçün müraciət edən kəslərdən şirinlik istənilir. Şirinlik verməyəndə dövlət işçisi vətəndaşın qanunla hüququ çatan işi çətinə salır, bəzi hallarda isə ümumiyyətlə işini düzəltmir.  Hətta məlumata görə, bir ölkədə fövqəladə hallar baş verdikdə yanğınsöndürənlər əvvəlcə böyük məbləğdə pul almayınca yanğını söndürmürlər.

Bəzən qanunla hüququ çatan xidməti əldə etmək üçün minnətdarlıq əlaməti olaraq kiçik şirinlik vermək lazım gələ bilər

Bu cür şeylərin geniş yayıldığı ölkələrdə bəziləri fikirləşir ki, şirinlik verməsən işin düzəlməyəcək. Belə vəziyyətlərdə məsihi şirinliyə qanuni işə görə tələb olunan əlavə ödəniş kimi baxa bilər. Rüşvətin adi hal olduğu mühitdə məsihi ehtiyatlı olmalıdır ki, onun gözündə Allaha məqbul olanla olmayan arasındakı sərhəd pozulmasın. Bir var ki, şirinlik verib qanuni şəkildə hüququn çatan bir şeyi əldə edəsən, bir də var ki, qanunsuz bir şeyi əldə etməyə çalışasan. Bunlar tamamilə fərqli şeylərdir. Rüşvətxorluğun baş alıb getdiyi yerlərdə bəziləri hüquqları çatmayan şeyi əldə etmək üçün məmura «şirinlik» verir, yaxud ədalətlə kəsilən cərimədən yayınmaq üçün polisə, dövlət müfəttişinə «şirinlik» təklif edirlər. Lakin belə «şirinliyi» alıb vicdanını ləkələmək düzgün olmadığı kimi, kiməsə «şirinlik» verib onun vicdanını ləkələmək də düzgün olmazdı. Bunların hər ikisində ədalət tapdalanır (Çıx. 23:8; Qan. 16:19; Məs. 17:23).

Əksər yetkin məsihilərin Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanı yol vermir ki, şirinlik tələb edən məmura nəsə versinlər. Onlar düşünürlər ki, belə etməklə rüşvətxorluğa göz yumurlar və ya onun yayılmasında iştirak edirlər. Buna görə də onlar ümumiyyətlə şirinlik vermirlər.

Yetkin məsihilər başa düşürlər ki, qanunsuz iş üçün şirinlik vermək rüşvətə bərabər ola bilər. Lakin yerli şəraitdən və baxışlardan irəli gələrək bəzi məsihilər qanuni xidmətləri əldə etmək üçün və ya işi qanunsuz şəkildə yubandırmasınlar deyə, kiçik şirinlik verə bilərlər. Yaxud dövlət xəstəxanasında pulsuz müalicə aldıqdan sonra bəzi məsihilər minnətdarlıq olaraq həkimlərə və tibb bacılarına şirinlik verirlər. Onlar bunu müalicədən qabaq yox, sonra verirlər ki, şirinlik rüşvət xarakteri daşımasın, yaxud elə çıxmasın ki, həkimlərin xüsusi diqqət göstərməsi üçün onlara pul verirlər.

Bütün ölkələrdəki hər vəziyyəti müzakirə etmək mümkün deyil. Buna görə də yerli şəraitdən asılı olmayaraq, məsihilər elə qərar verməlidirlər ki, vicdanları təmiz qalsın (Rom. 14:1—6). Onlar qanunsuz işlərdən uzaq durmalıdırlar (Rom. 13:1—7). Yehovanın adını bədnam etməməli və heç kimi büdrətməməlidirlər (Mət. 6:9; 1 Kor. 10:32). Onların qərarlarında insanlara məhəbbət əks olunmalıdır (Mark 12:31).

 Yığıncaqda kiminsə bərpa olunduğu elan olunanda yığıncaq üzvləri sevincini necə ifadə edə bilər?

«Lukanın yazdığı Müjdə»nin 15-ci fəslində İsa sürüsündə 100 qoyunu olan bir kişi haqda məsəl çəkir. Qoyunlardan biri itəndə kişi 99 qoyununu çöldə qoyur və itmiş qoyunu tapana kimi gedib onu axtarır. İsa məsələ belə davam edir: «Onu tapanda çiyninə qoyub sevinə-sevinə evinə qayıdar, qonum-qonşunu çağırıb deyərdi: “Mənimlə birgə sevinin, çünki itmiş qoyunumu tapmışam”». İsa məsələ bu sözlərlə yekun vurur: «Bunu bilin ki, göydə tövbə edən bir günahkardan ötrü tövbəyə ehtiyacı olmayan doxsan doqquz salehdən daha çox sevinəcəklər» (Luka 15:4—7).

Konteksdən görünür ki, İsa bu sözləri mirzələrin və fərisilərin düşüncə tərzini düzəltmək üçün demişdi. Onlar İsanı vergiyığanlarla və günahlılarla oturub-durduğuna görə qınayırdılar (Luka 15:1—3). İsa vurğulamışdı ki, günahkar tövbə edəndə göydə böyük sevinc yaşanır. Biz soruşa bilərik: «Əgər günahkar tövbə edəndə, pis yoldan dönüb düz yola qayıdanda göydə sevinc yaşanırsa, yerdə də hamı sevinməməlidir?» (İbr. 12:13).

Kimsə yığıncaqda bərpa olunanda bizdə sevinməyə əsas olur. Həmin adam bundan sonra da Allahın qarşısında nöqsansızlığını qorumalıdır. Ancaq bərpa olunmaq üçün o tövbə etməli idi və biz onun tövbə etdiyinə görə çox sevinirik. Buna görə də ağsaqqallar onun bərpa olunduğunu elan edəndə auditoriya əgər istəyirsə, ləyaqətli şəkildə alqışlaya bilər.

Yerusəlimdəki Beytzata hovuzunun suyunu nə çalxalandırırdı?

İsanın günlərində Yerusəlimin sakinləri düşünürdü ki, Beytzata hovuzu suyu çalxalananda adamı sağaldır (Yəh. 5:1—7). Buna görə də şəfa tapmaq istəyən adamlar həmin yerə toplaşırdılar.

Alimlərin fikrincə, yəhudilər bu hovuzda paklanırdılar. Bu hovuz ona bitişik olan su anbarının suyu ilə doldurulurdu. Həmin ərazidə aparılan tədqiqatlar göstərir ki, hovuzla su anbarı bir-birindən bəndlə ayrılmışdı. Bəndin qapısını açırdılar ki, su anbarından hovuzun dibinə kanal vasitəsilə su axsın. Belə hallarda su axını hovuzdakı suyun səthini çalxalayırdı.

Maraqlıdır ki, mələyin suyu çalxaladığı yazılan Yəhya 5:4 ayəsi mötəbər sayılan qədim yunan əlyazmalarında, məsələn, IV əsrə aid olan Sinay kodeksində yoxdur. Beytzata hovuzunun yanında İsa 38 il xəstə olan kişini sağaltmışdı. Kişi heç hovuza girməmiş dərhal şəfa tapmışdı.