Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2016

Müqəddəs Kitab hələ də sizi dəyişir?

Müqəddəs Kitab hələ də sizi dəyişir?

«Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin» (ROM. 12:2).

NƏĞMƏ: 61, 52

1—3. a) Vəftizdən sonra özümüzdə hansı dəyişiklikləri etmək bizə çətin ola bilər? b) İnkişaf etmək gözlədiyimizdən çətin olanda özümüzə hansı sualları verməliyik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

HƏQİQƏTİ öyrənəndə Kevinin [1] bircə istəyi var idi. O da Yehova ilə yaxın münasibətdə olmaq idi. Ancaq uzun illər ərzində o, qumarbaz, narkoman olmuşdu, siqaret çəkib əyyaşlıq etmişdi. Kevin Allahın rəğbətini qazanmaq üçün bütün bu çirkin əməllərdən əl çəkməli idi. O, Yehovaya güvənərək və Onun Kəlamından güc alaraq buna müvəffəq oldu (İbr. 4:12).

2 Vəftiz olunandan sonra da Kevin özünü dəyişməyə davam edirdi. O, özündə məsihi keyfiyyətləri tərbiyə etmək üçün hələ də çalışmalı idi (Efes. 4:31, 32). Məsələn, ona hirsini cilovlamaq çox çətin idi. Kevin deyir: «Mənim üçün pis vərdişləri tərgitmək daha rahat oldu, nəinki özümü cilovlamağı öyrənmək». Ancaq o, qızğın dualar edərək və Müqəddəs Kitabı öyrənərək xasiyyətində lazımi dəyişikliklər etdi.

3 Kevin kimi, çoxlarımız Müqəddəs Kitabın əsas tələblərinə  uyğun gəlmək üçün vəftizdən qabaq həyatımızda böyük dəyişikliklər etmişik. Ancaq vəftizdən sonra başa düşmüşük ki, Allaha və İsa Məsihə daha çox bənzəmək üçün əvvəlkilərə nisbətən kiçik də olsa, hələ də özümüzdə dəyişikliklər etməliyik (Efes. 5:1, 2; 1 But. 2:21). Məsələn, ola bilər, müşahidə edirik ki, hər şeyə tənqidi yanaşırıq, insandan qorxuruq, qeybətə meyilliyik, yaxud başqa zəif cəhətlərimiz var. Bu sahələrdə dəyişmək gözlədiyimizdən çətin ola bilər. Belə olan halda bizdə sual yarana bilər: «O qədər böyük dəyişikliyi etdiyim halda nəyə görə kiçik məsələlərdə dəyişiklik etmək belə çətindir? Müqəddəs Kitabın məni bundan sonra da dəyişməsi üçün nə etməliyəm?»

VƏZİYYƏTƏ REAL YANAŞIN

4. Nəyə görə həmişə Yehovanı razı sala bilmirik?

4 Biz Yehovanı tanıyıb sevdiyimiz üçün sidqi-ürəkdən Onu razı salmaq istəyirik. Belə coşqun istəyin olmasına baxmayaraq, qeyri-kamillik ucbatından həmişə Ona xoş gedən işlər görə bilmirik. Tez-tez özümüzü həvari Bulus kimi hiss edirik. O yazmışdı: «Yaxşı iş görmək istəyim var, amma onu edə bilmirəm» (Rom. 7:18; Yaq. 3:2).

5. Vəftizdən əvvəl hansı dəyişiklikləri etmişik, bəs hansı zəifliklərlə, ola bilsin, hələ də mübarizə aparırıq?

5 Biz məsihi yığıncağının üzvü olmazdan əvvəl günah işlərdən əl çəkmişik. Əks halda, yığıncağın üzvü ola bilməzdik (1 Kor. 6:9, 10). Bununla belə, biz hələ də qeyri-kamilik (Kol. 3:9, 10). Buna görə də düşünməməliyik ki, əgər vəftiz olunmuşuqsa və ya uzun illərdir həqiqət yolundayıqsa, deməli, daha səhvlər etməyəcəyik, hansısa məqamda zəiflik göstərməyəcəyik, artıq ürəyimizdə yanlış niyyətlər və ya meyillər olmayacaq. Bəzi zəifliklərlə illər uzunu mübarizə aparmalı oluruq.

6, 7. a) Qeyri-kamilliyimizə baxmayaraq, nəyin sayəsində Yehova ilə dost ola bilirik? b) Nəyə görə Yehovadan əfv diləməyə çəkinməməliyik?

6 Qeyri-kamil olsaq da, yenə də Yehova Allahla dost olub Ona xidmət edə bilərik. Unutmayın: Yehova bizi Özünə cəlb edəndə bilirdi ki, hərdən xətalar edəcəyik (Yəh. 6:44). Allah bizim xasiyyətimizdən, ürəyimizdəkilərdən agahdır. Buna görə də O bilirdi ki, hansı zəif cəhətlərdən yaxa qurtarmaq bizə xüsusilə çətin olacaq və Ona yaxşı məlum idi ki, hərdən səhvlər edəcəyik. Ancaq bu, Ona mane olmadı ki, bizi Özünə dost seçsin.

7 Yehova Allah məhəbbətdən irəli gələrək bizə qiymətli hədiyyə bəxş edib — sevimli Oğlunu fidyə olaraq uğrumuzda qurban verib (Yəh. 3:16). Biz xəta edəndə tövbə edib bu dəyərli fidyənin əsasında Yehovadan əfv diləyə bilərik. Eyni zamanda əmin ola bilərik ki, O, bizi bağışlayır və Onunla dostluğumuz pozulmayıb (Rom. 7:24, 25; 1 Yəh. 2:1, 2). Biz özümüzü günahkar və ya çirkaba bulaşmış hiss edəndə özümüzü fidyənin dəyərindən məhrum etməməliyik. Yoxsa bu, ona bənzəyərdi ki, əllərimiz çirklidir, ancaq onları yumaq istəmirik. Axı fidyə tövbə edən günahkarlar üçün ödənilib. Buna görə də qeyri-kamil olsaq da, fidyənin sayəsində Yehovanın dostu olaraq qala bilərik. (1 Timutiyə 1:15 ayəsini oxuyun.)

8. Nəyə görə zəifliklərimizə barmaqarası baxmamalıyıq?

8 Sözsüz ki, zəif cəhətlərimizə barmaqarası baxmamalıyıq. Yehova ilə dost olmaq üçün Ona və Məsihə daha çox bənzəməyə çalışmalı və Onların istədiyi kimi adamlar olmalıyıq (Zəb. 15:1—5). Biz həmçinin Allaha xoş getməyən meyilləri cilovlamalı, mümkün olan hallarda isə  onları kökündən qoparıb atmalıyıq. İstər təzəlikcə vəftiz olaq, istərsə də çoxdan həqiqətdə olaq, həmişə düzəlməyə çalışmalıyıq (2 Kor. 13:11).

9. Haradan bilirik ki, yeni şəxsiyyətə bürünmək daimi prosesdir?

9 Düzəlmək və yeni şəxsiyyətə bürünmək üçün həmişə çalışmaq lazımdır. Həvari Bulus dindaşlarına xatırlatmışdı: «Siz öyrənmişdiniz ki, əvvəlki davranış tərzinizə xas olan və aldadıcı arzuları ilə pozğunlaşan köhnə şəxsiyyəti əyninizdən çıxarmalısınız, daima düşüncə tərzinizi yeniləşdirməlisiniz, Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz» (Efes. 4:22—24). «Daima düşüncə tərzinizi yeniləşdirməlisiniz» ifadəsi onu göstərir ki, yeni şəxsiyyətə bürünmək daimi prosesdir. Bu, adamı çox ruhlandırır, çünki başa düşürük ki, Yehovaya nə qədər müddətdir xidmət ediriksə-edək, yeni şəxsiyyəti təşkil edən məsihi keyfiyyətlərini həmişə yetişdirə və yaxşılaşdıra bilərik. Bəli, Müqəddəs Kitabın sayəsində biz daima özümüzü dəyişə bilərik.

NƏYƏ GÖRƏ ÇƏTİNDİR?

10. Allahın Kəlamının köməyilə daima dəyişmək üçün nə etməliyik və bununla bağlı ortaya hansı suallar çıxır?

10 Əgər Allahın Kəlamının bizi dəyişməsini istəyiriksə, özümüz də var gücümüzlə çalışmalıyıq. Axı nəyə görə səy göstərməliyik? Əgər Yehova bizə kömək edirsə, onda ruhani cəhətdən inkişaf etmək asan başa gəlməli deyil? Məgər Yehova elə edə bilməzdi ki, yanlış meyillərimiz öz qüvvəsini itirsin və biz çox asanlıqla özümüzdə məsihi keyfiyyətləri yetişdirək?

11—13. Nəyə görə Yehova istəyir ki, zəifliklərimizə qalib gəlmək üçün əlimizdən gələni edək?

11 Kainata baxanda Yehovanın nə qədər böyük qüdrət sahibi olduğu görünür. Məsələn, günəş saniyədə beş milyon ton materiyanı enerjiyə çevirir. Həmin enerjinin çox kiçik hissəsi yerin atmosfer təbəqəsinə daxil olsa da, bu bəs edir ki, yer üzündə həyatın mövcud olması üçün lazım olan qədər istilik və işıq olsun (Zəb. 74:16; Əşy. 40:26). Yehova ehtiyac yarananda xidmətçilərinə məmnuniyyətlə lazım olan qədər güc verir (Əşy. 40:29). O istəsəydi, bizə güc verərdi ki, heç bir mübarizə aparmadan, asanlıqla bütün zəifliklərimizə qalib gələk. Ancaq O, belə etmir. Bu da səbəbsiz deyil.

12 Yehova bizə tayı-bərabəri olmayan bir bəxşiş, iradə azadlığı verib. Allahın iradəsini yerinə yetirməyi seçməklə və bunu etmək üçün var gücümüzlə çalışmaqla Yehovanı ürəkdən sevdiyimizi və Onu razı salmaq istədiyimizi göstəririk. Belə etməklə həmçinin Onun hakimiyyətinin tərəfində olduğumuzu göstəririk. Şeytan Yehovanın hökmranlıq etmək hüququnu şübhə altına almışdı. Buna görə də alicənab və qədirbilən Allahımız bizim könül xoşluğu ilə və var gücümüzlə Onun hakimiyyətini dəstəkləməyimizi çox qiymətləndirir (Əyy. 2:3—5; Məs. 27:11). Lakin əgər Yehova bizi zəifliklərimizlə apardığımız mübarizədən tamamilə azad etsəydi, Ona sadiq olduğumuzu, Onun hakimiyyətini dəstəklədiyimizi deməyin heç bir mənası olmazdı.

13 Beləliklə, Yehova Allah bizə var gücümüzlə çalışıb Ona məqbul keyfiyyətlər yetişdirməyi buyurur (2 Butrus 1:5—7 ayələrini oxuyun; Kol. 3:12). O istəyir ki, biz cidd-cəhdlə çalışıb düşüncələrimizi və hisslərimizi nəzarətdə saxlayaq (Rom. 8:5; 12:9). Bu sahədə əlimizdən gələni edəndə Müqəddəs Kitabın bizi hələ də dəyişdiyini hiss edirik və bu bizə məmnunluq gətirir.

 QOY ALLAHIN KƏLAMI SİZİ BUNDAN SONRA DA DƏYİŞSİN

14, 15. Özümüzdə Yehovaya xoş olan keyfiyyətləri yetişdirmək üçün nə edə bilərik? (« Müqəddəs Kitab və dua onları dəyişdi» adlı çərçivəyə baxın.)

14 Məsihi keyfiyyətləri yetişdirib Yehovanı razı salmaq üçün nə edə bilərik? Bunun üçün özümüzdə nələri düzəltməli olduğumuza özümüz qərar verməməliyik. Yol verməliyik ki, Allah bizə yol göstərsin. Romalılara 12:2 ayəsində deyilir: «Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz». Yehova Kəlamı və müqəddəs ruhu vasitəsilə bizə Onun iradəsini dərk etməyə, yerinə yetirməyə və Onun tələblərinə uyğun gəlmək üçün lazımi dəyişikliklər etməyə kömək edir. Biz Müqəddəs Kitabı hər gün oxumalı, oxuduqlarımızın üzərində düşünməli və dua edib Allahdan müqəddəs ruh diləməliyik (Luka 11:13; Qal. 5:22, 23). Bu yolla müqəddəs ruhun rəhbərliyinə tabe olub, düşüncəmizi Yehovanın düşüncəsinə uyğunlaşdıra bilərik. Belə etsək, fikirlərimiz, sözlərimiz və əməllərimiz Yehovanı daha çox razı salacaq. Ancaq bu halda da ehtiyatlı olmalıyıq ki, hansısa zəifliklərimiz yenidən özünü büruzə verməsin (Məs. 4:23).

Zəifliklərinizlə mübarizədə kömək edəcək ayələri və məqalələri toplayıb nəzərdən keçirmək sizin üçün faydalı olacaq (15-ci abzasa baxın)

15 Müqəddəs Kitabı hər gün oxumaqdan əlavə biz nəşrlərimizi də oxumalıyıq. Məqsəd özümüzdə Yehovanın möhtəşəm xüsusiyyətlərini yetişdirmək olmalıdır. Bu nəşrlərdə, məsələn, «Gözətçi qülləsi» və «Oyanın!» jurnalında bir çox məqalələr bizə məsihi keyfiyyətlərini yetişdirməyi və zəifliklərin öhdəsindən gəlməyi öyrədir. Ola bilsin ki, bu məqalələrdən, yaxud Müqəddəs Kitabdakı ayələrdən hansılarısa oxuyanda görürük ki, bu, sanki, bizim üçün yazılıb. Onda bu ayələri və məqalələri bir yerə toplayıb vaxtaşırı oxuya bilərik.

16. Əgər tez bir zamanda ruhani cəhətdən inkişaf edə bilmiriksə, nəyə görə ruhdan düşməməliyik?

16 Əgər sizin ruhani inkişafınız zəif gedirsə, unutmayın ki, inkişaf etmək üçün vaxt lazımdır. Məsihi keyfiyyətləri yetişdirmək davamlı prosesdir. Əgər sizi özünüzdəki dəyişikliklər qane etmirsə, onda səbirli olun. Əvvəlcə, ola bilsin, özümüzü Müqəddəs Kitabda deyildiyi kimi davranmağa məcbur etməli olacağıq. Lakin vaxt keçdikcə Allahın dediyi kimi düşünmək və davranmaq asanlaşacaq. Getdikcə düşüncəmizi və əməllərimizi Yehovanın düşüncəsinə və əməllərinə uyğunlaşdırmaq bizdə təbii olaraq alınacaq (Zəb. 37:31; Məs. 23:12; Qal. 5:16, 17).

 GÖZƏL GƏLƏCƏK BARƏDƏ DÜŞÜNÜN

17. Əgər Yehovaya sadiqiksə, necə bir gələcəyə ümid edə bilərik?

17 Əvvəl-axır Yehovanın sadiq xidmətçiləri kamil olub əbədiyyən Ona xidmət edəcəklər. Həmin vaxt Allaha məqbul keyfiyyətləri təzahür etdirmək çətin olmayacaq. Əksinə, bu keyfiyyətləri əks etdirməkdən zövq duyacağıq. Ancaq nə qədər ki o vaxt gəlməyib fidyənin sayəsində mehriban Allahımız bizə Ona ibadət etməyə izin verir. Əgər həmişə Onun Kəlamında göstərilən yolla gedib dəyişməyə çalışırıqsa, indiki qeyri-kamil halımızda da Ona ibadət edə bilərik.

18, 19. Müqəddəs Kitabın bizi daima dəyişməyə qadir olduğuna necə əmin ola bilərik?

18 Məqalənin əvvəlində adı çəkilən Kevin özünü cilovlamaq üçün cidd-cəhdlə çalışırdı. O, Müqəddəs Kitab prinsipləri üzərində düşünüb onları tətbiq edirdi, dindaşlarının köməyini və məsləhətini qəbul edirdi. Bir neçə il ərzində Kevin özündə əhəmiyyətli dərəcədə dəyişiklik etdi və yığıncaq xidmətçisi kimi xidmət etməyə yararlı oldu. Son 20 ildə isə o, yığıncaqda ağsaqqal kimi xidmət edir. Buna baxmayaraq, o hələ də son dərəcə ehtiyatla davranır ki, əvvəlki zəiflikləri dala qayıtmasın.

19 Kevinin nümunəsindən görürük ki, Müqəddəs Kitab bizə özümüzü daima yaxşılığa doğru dəyişməyə kömək edir. Buna görə də gəlin heç vaxt təslim olmayaq. Qoy Allahın Kəlamı həmişə bizi dəyişsin və Yehova ilə münasibətlərimizi möhkəmləndirsin (Zəb. 25:14). Yehovanın göstərdiyimiz cəhdlərə uğur verdiyini gördükcə əmin olacağıq ki, Müqəddəs Kitab bizi bundan sonra da dəyişə bilər (Zəb. 34:8).

^ [1] (1-ci abzas) Ad şərtidir.