Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2016

Mübahisələri məhəbbətlə yoluna qoyun

Mübahisələri məhəbbətlə yoluna qoyun

«Bir-birinizlə mehriban olun» (MARK 9:50).

NƏĞMƏ: 39, 77

1, 2. «Yaradılış» kitabında insanlar arasında yaşanan hansı konfliktlərdən bəhs olunur və nəyə görə bu əhvalatlar bizim üçün əhəmiyyət kəsb edir?

HEÇ Müqəddəs Kitabda qələmə alınan münaqişələr barədə düşünmüsünüz? Gəlin elə «Yaradılış» kitabının əvvəlində yazılan hadisələrə baxaq: Qabil Habili öldürdü (Yar. 4:3—8); Ləmek onu vuran bir adamı öldürdü (Yar. 4:23); İbrahimin çobanları ilə Lutun çobanları arasında mübahisə düşdü (Yar. 13:5—7); Həcər Saraya həqarətlə baxdığı üçün Saranın İbrahimə acığı tutdu (Yar. 16:3—6); İsmayıl hamıya, hamı da İsmayıla qarşı oldu (Yar. 16:12).

2 Nəyə görə bu münaqişələr Müqəddəs Kitabda qələmə alınıb? Səbəblərdən biri odur ki, qeyri-kamil insanlar sülhü qorumağın nəyə görə vacib olduğunu öyrənsin. Həmçinin bu hadisələrdən görünür ki, sülhü necə qorumaq olar. Müqəddəs Kitabdan həyatın problemləri ilə üzləşən adamlar barədə oxumağın böyük faydası var. Bu əhvalatlardan öyrənirik ki, onların sülhü qorumaq cəhdləri hansı bəhrəni verib. Bunun sayəsində özümüz də üzləşdiyimiz vəziyyətlərdə öyrəndiklərimizə uyğun davrana bilərik. Həqiqətən də, bu əhvalatlarda böyük ibrət dərsi var. Onlardan öyrənirik ki, oxşar vəziyyətlərlə üzləşəndə nə etmək lazımdır, nə etmək isə yaxşı olmazdı (Rom. 15:4).

3. Bu məqalədə hansı mövzulara toxunacağıq?

 3 Bu məqalədə araşdıracağıq ki, nəyə görə Yehovanın xidmətçiləri mübahisələri yoluna qoymalıdırlar və bunu necə edə bilərlər. Bundan başqa, mübahisələri həll etməyə, o cümlədən insanlarla və Yehova Allahla yaxşı münasibətləri qorumağa kömək edən Müqəddəs Kitab prinsiplərini nəzərdən keçirəcəyik.

MÜNAQİŞƏLƏRİ YOLUNA QOYMAQ VACİBDİR

4. Bu gün hansı düşüncə dünyanı ağuşuna alıb və bu nəyə gətirib çıxarıb?

4 Bəşər ailəsini parçalayan münaqişə və ixtilafların əsas səbəbkarı Şeytandır. O, Ədən bağında belə bir fikir irəli sürmüşdü ki, hər bir insan Allahdan asılı olmadan, nəyin yaxşı, nəyin pis olduğunu özü müəyyənləşdirməyə qabildir və buna tam haqqı çatır (Yar. 3:1—5). Bu cür mühakimənin nəticələri göz qabağındadır. Bu gün dünyada əksər insanlar, cəmiyyətlər müstəqillik ruhuna yoluxub. Bu ruh insanlarda qürur, eqoizm və rəqabət hissi doğurur. Müstəqillik ruhuna uyan insanlar, mahiyyət etibarilə, Şeytanın fikrini qəbul edir, yəni başqalarını nəzərə almadan öz mənfəətini güdməyin ağıllı hərəkət olduğunu düşünürlər. Bu cür xudbinlik ixtilaflara gətirib çıxarır. Yaxşı olar yaddan çıxarmayaq ki, «özündən tez çıxan dava yaradar, hirsli adamın xətası çox olar» (Məs. 29:22).

5. İsa Məsih münaqişələri necə həll etməyi öyrədirdi?

5 Bunun əksinə olaraq, İsa Məsih insanları öyrədirdi ki, hətta öz mənafeyinə zərər dəysə belə, sülhə can atsınlar. Dağüstü vəzində Məsih münaqişələri yoluna qoymaqla bağlı gözəl məsləhət vermişdi. Məsələn, şagirdlərini həlim, sülhpərvər olmağa, qəzəbdən azad olmağa, məsələni tez yoluna qoymağa və düşmənlərini sevməyə təşviq etmişdi (Mət. 5:5, 9, 22, 25, 44).

6, 7. a) Nə üçün şəxsi münaqişələri dərhal həll etmək lazımdır? b) Yehovanın bütün xidmətçiləri özlərinə hansı sualları verməlidirlər?

6 Əgər biz dindaşımızla münasibəti düzəltməsək, onda Yehovaya ibadətimiz, yəni dua etməyimiz, yığıncağa gəlməyimiz, təbliğ etməyimiz və sairə işlərimiz heç sayılar (Mark 11:25). Nə qədər ki, başqalarının səhvlərini bağışlamırıq, biz heç cür Allahın dostu ola bilmərik. (Luka 11:4; Efeslilərə 4:32 ayələrini oxuyun.)

7 Hər bir məsihi bağışlamaq, bacı-qardaşlarla münasibət məsələsində özünü dürüstcəsinə yoxlamalıdır. Siz həmimanlılarınızı ürəkdən bağışlayırsınız? Hətta xətrinizə dəysələr də, onlarla ünsiyyət etmək sizə xoşdur? Yehova xidmətçilərindən bağışlamağı gözləyir. Əgər vicdanınız sizə deyirsə ki, bu sahədə düzəlməlisiniz, onda dua edib Yehovadan kömək istəyin. Səmavi Atamız mütləq bu duaları eşidib onlara cavab verəcək (1 Yəh. 5:14, 15).

BƏLKƏ, GÖZ YUMMAQ OLAR?

8, 9. Kimsə xətrinizə dəyəndə nə etməliyik?

8 Bütün insanlar qeyri-kamildir. Buna görə də gec-tez kimsə sözü və ya hərəkəti ilə sizin xətrinizə dəyəcək. Bu, qaçılmazdır (Vaiz 7:20; Mət. 18:7). Buna necə münasibət göstərəcəksiniz? Bir hadisəyə nəzər salaq: bir neçə Şahidin olduğu bir məclisdə bacı yaxınlaşıb iki qardaşla danışmışdı. Bacının danışığı qardaşlardan birinin xətrinə dəymişdi. Bu iki qardaş təklikdə olanda incimiş qardaş dediyi sözə görə bacıdan narazılıq etməyə başlamışdı. Lakin o biri qardaş onun yadına salmışdı ki, həmin bacı 40 ildir çətin şəraitdə  Yehovaya sədaqətlə xidmət edir. O əmin idi ki, bacının bilərəkdən onun xətrinə dəymək fikri yox idi. Bunu fikirləşəndən sonra incimiş qardaş onunla razılaşmışdı. Beləliklə də, söhbət elə orada da bağlanmışdı.

9 Bu hadisə nəyi göstərir? Münaqişəyə aparıb çıxara bilən vəziyyətdə necə davranacağınız sizin öz əlinizdədir. Ürəyində məhəbbət olan insan kiçik xətalara göz yumur. (Məsəllər 10:12; 1 Butrus 4:8 ayələrini oxuyun.) Yehovanın gözündə «günahın üstündən keçmək insanın yaraşığıdır» (Məs. 19:11; Vaiz 7:9). Buna görə də kiminsə hərəkəti sizə kobudluq və ya hörmətsizlik kimi görünərsə, ilk olaraq özünüzdən soruşun: Bunun üstündən keçmək olar? Məsələni şişirtməyə dəyər?

10. a) Bir bacı ünvanına deyilən xoşagəlməz sözlərə əvvəlcə necə münasibət göstərmişdi? b) Müqəddəs Yazılardan olan hansı fikir bu bacıya qəlb rahatlığını qorumağa kömək etmişdi?

10 Öz ünvanımıza xoşagəlməz söz deyildiyini eşidəndə buna fikir verməmək asan olmur. Məsələn, götürək bir öncül bacını və şərti olaraq onu Lusi adlandıraq. Yığıncaqda bəziləri onun xidməti barədə xoşagəlməz şeylər danışırdılar, vaxtı hədər yerə sərf etdiyini deyirdilər. Qanı qaralmış Lusi yetkin qardaşlarla söhbət etmişdi. O deyir: «Qardaşların Müqəddəs Yazılardan verdiyi məsləhətlər mənə kömək etdi ki, başqalarının nöqteyi-nəzərinə çox fikir verməyim və diqqətimi Yehovaya cəmləyim. Çünki ən əsas Yehovanın fikridir». Mətta 6:1—4 ayələri Lusini ruhlandırmışdı. (Ayələri oxuyun.) Ayələr ona xatırlatmışdı ki, onun məqsədi Yehovanı sevindirmək olmalıdır. O deyir: «Hətta başqaları xidmətim barədə xoşagəlməz sözlər deyəndə də mən sevincimi qoruyuram. Çünki bilirəm ki, Yehovanın rəğbətini qazanmaq üçün əlimdən gələni edirəm». Bu nəticəyə gələndən sonra Lusi barəsində deyilən xoşagəlməz replikalara əhəmiyyət vermədi.

SƏHVƏ GÖZ YUMA BİLMƏYƏNDƏ

11, 12. a) Məsihinin qardaşından incikliyi varsa, nə etməlidir? b) İbrahimin məsələni necə həll etməsindən nə öyrənirik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 «Hər birimiz dəfələrlə səhv edirik» (Yaq. 3:2). Tutaq ki, hansısa qardaşın dediyiniz və ya etdiyiniz bir şeydən incidiyini öyrənirsiniz. Belə olan halda nə etmək lazımdır? İsa demişdi: «Əgər bəxşişini qurbangaha gətirəndə yadına düşsə ki, kimsə səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et» (Mət. 5:23, 24). İsanın məsləhətinə uyğun olaraq, qardaşla danışın. Fikir verin, məqsədiniz nə olmalıdır: günahın yarısını qardaşın boynuna atmaq yox, öz günahınızı boynunuza almaq və barışmaq olmalıdır. Dindaşlarımızla sülhdə olmaq ən vacib məsələdir.

12 Müqəddəs Yazılarda göstərilir ki, Allahın xidmətçiləri məsələni dava-dalaşsız necə yoluna qoya bilərlər. Məsələn, İbrahimlə qardaşı oğlu Lutun hər ikisinin çoxlu mal-heyvanı var idi. Görünür, çobanlarının arasında otlaq üstdə mübahisə düşmüşdü. Gərginliyi aradan qaldırmaq üçün İbrahim təklif etdi ki, Lut birinci özü üçün yer seçsin, sonra isə hərəsi öz külfətilə seçdiyi yerə köçüb yaşasın (Yar. 13:1, 2, 5—9). Çox gözəl nümunədir. İbrahim öz mənfəətini güdmürdü, sülhə can atırdı. Bu cəhətinə görə İbrahim uduzmadı. Bu hadisədən dərhal sonra Yehova İbrahimə böyük nemətlər vəd etdi (Yar. 13:14—17). Allah heç vaxt yol verməz ki, Onun məsləhətilə hərəkət  etdiyinə görə və mübahisəni məhəbbətlə yoluna qoyduğuna görə xidmətçisinə elə zərər dəysin ki, onun altından çıxa bilməsin. [1]

13. Bir nəzarətçi kobud sözlərə necə münasibət göstərdi və onun nümunəsindən nə öyrənirik?

13 Gəlin müasir dövrdə baş verən nümunəyə baxaq. Bir dəfə böyük toplantının yeni nəzarətçisi bir qardaşa zəng edib ondan soruşmuşdu ki, könüllü kimi xidmət edə bilər, ya yox. Qardaş ona acı sözlər deyib dəstəyi asmışdı. O, əvvəlki nəzarətçidən yanıqlı idi. Yeni nəzarətçi onun bu hərəkətindən incimədi. Ancaq o, məsələni başlı-başına buraxa da bilməzdi. Bir saat sonra o, yenidən zəng etdi və təklif etdi ki, görüşüb məsələni bir yerdə həll etsinlər. Bir həftə sonra onlar ibadət evində görüşdülər. Dua etdikdən sonra bir saat söhbət etdilər. Qardaş başına gələnləri danışdı. Nəzarətçi ona diqqətlə qulaq asdıqdan sonra Müqəddəs Yazılardan bəzi fikirləri bölüşdü. İki qardaş bir-birindən mehribanlıqla ayrıldılar. Bundan sonra həmin qardaş toplantıda xidmət etdi. İndi o, həmin nəzarətçiyə çox minnətdardır ki, onunla sakit və mülayimcəsinə söhbət etmişdi.

AĞSAQQALLARI MƏSƏLƏYƏ QARIŞDIRMAQ LAZIMDIR?

14, 15. a) Mətta 18:15—17 ayələrindəki məsləhətə nə zaman əməl edə bilərik? b) İsa hansı üç addımı vurğuladı və bunları tətbiq edərkən məqsəd nə olmalıdır?

14 Məsihilər əksər mübahisələri elə öz aralarında həll edə bilərlər. Əslində, belə daha məsləhətlidir. Lakin İsa Məsihin sözlərinə görə bəzi hallarda məsələyə yığıncağı da qatmaq lazım gəlirdi. (Mətta 18:15—17 ayələrini oxuyun.) Əgər qardaşına qarşı günah edən adam həmin qardaşa, şahidlərə və yığıncağa qulaq asmasaydı,  nə olardı? Ona bütpərəst və ya vergiyığan kimi baxardılar. İndiki dillə desək, onu yığıncaqdan kənar edərdilər. Belə ciddi ölçü götürülməsindən aydın olur ki, günah deyəndə söhbət xırda anlaşılmazlıqdan getmirdi. Əksinə, bu elə günah idi ki, 1) onu həmin adamlar öz aralarında həll edə bilərdilər, 2) eyni zamanda, bu günah kifayət qədər ciddi idi, çünki həll olunmadığı təqdirdə, yığıncaqdan kənar edilmə ilə nəticələnə bilərdi. Bu cür günahlara fırıldağı və ya şər ataraq kiminsə adını bədnam etməyi misal gətirmək olar. İsanın ayədə vurğuladığı üç addım yalnız bu iki şərtə müvafiq olan vəziyyətlərə şamil edilir. Bu cür günaha zina, homoseksualizm, dönüklük, bütpərəstlik və digər ağır günahlar aid deyil. Sadalanan bu günahlara mütləq və mütləq yığıncaq ağsaqqalları baxmalıdır.

Qardaşı qazanmaq üçün onunla bir yox, bir neçə dəfə söhbət etmək lazım gələ bilər (15-ci abzasa baxın)

15 İsanın verdiyi məsləhətdə məqsəd qardaşa məhəbbətlə kömək etməkdir (Mət. 18:12—14). Əvvəlcə, başqalarını işə qarışdırmadan məsələni həll etməyə cəhd göstərmək lazımdır. Ola bilsin, günah edən adamla bir yox, bir neçə dəfə söhbət etmək lazım gələcək. Əgər bu, heç bir nəticə verməsə, onda həmin günahın şahidi olanlarla, yaxud belə bir günaha yol verilib-verilmədiyini müəyyən etməyə kömək edəcək adamlarla birlikdə həmin kəslə danışın. Əgər onların köməyilə məsələni yoluna qoya bilsəniz, qardaşınızı qazanacaqsınız. Əgər dəfələrlə cəhd göstərməyinizə baxmayaraq, günah edən kəsə kömək edə bilməmisinizsə, yalnız o halda ağsaqqallara müraciət etmək lazımdır.

16. İsanın məsləhətinin praktiki və faydalı olduğunu nə göstərir?

16 Mətta 18:15—17 ayələrində vurğulanan addımların üçünü də tətbiq etməyə nadir hallarda ehtiyac yaranır. Xoşbəxtlikdən, çox vaxt vəziyyət o yerə gəlib çatmır ki, günah edən tövbə etmədiyi üçün yığıncaqdan kənar edilməli olsun. Əksər hallarda günah edən öz səhvini görür və düzəldir. Günahsız tərəf də şikayətlənməyə əsas görməyib bağışlamaq qərarına gəlir. Vəziyyət hər necə olursa-olsun, İsa Məsihin sözlərindən görünür ki, yığıncağı tez-tələsik mübahisələrə qatmaq lazım deyil. Yalnız ilk iki addım atıldıqdan sonra və nə baş verdiyini aydın göstərən tutarlı sübutlar təqdim olunduğu təqdirdə, ağsaqqallar məsələyə müdaxilə edə bilər.

17. Başqaları ilə sülhdə olmağa çalışarkən hansı xeyir-duaları alacağıq?

17 Nə qədər ki bu şər dünya durur, insanlar qeyri-kamil olaraq qalacaq və başqalarına qarşı günah edəcək. İsanın şagirdi Yaqub lap yerində demişdi: «Sözündə səhvə yol verməyən kamil insandır. Belə insan bütün bədənini yüyənləməyə qadirdir» (Yaq. 3:2). Münaqişələri yoluna qoymaq üçün biz can-dildən sülh axtarmalı və sülhə can atmalıyıq (Zəb. 34:14). Biz sülhpərvər olsaq, həm bacı-qardaşlarımızla yaxşı münasibətimiz olacaq, həm də yığıncaqdakı birliyə öz töhfəmizi verəcəyik (Zəb. 133:1—3). Ən əsası isə «sülh mənbəyi olan» Yehova Allahla gözəl münasibətimiz olacaq (Rom. 15:33). Münaqişələri məhəbbətlə yoluna qoyan hər kəs bu xeyir-duaları dadacaq.

^ [1] (12-ci abzas) Bundan başqa, Yaqub Eyslə (Yar. 27:41—45; 33:1—11), Yusif qardaşları ilə (Yar. 45:1—15), Cədun əfraimlilərlə (Hak. 8:1—3) məsələni sülh yolu ilə həll etmişdi. Yəqin siz Müqəddəs Kitabdan buna oxşar digər nümunələri də xatırlayırsınız.