Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2016

«Gedin və bütün xalqların içində şagird hazırlayın»

«Gedin və bütün xalqların içində şagird hazırlayın»

«Gedin və bütün xalqların içində şagird hazırlayın, onları... vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (MƏT. 28:19, 20).

NƏĞMƏ: 141, 97

1, 2. İsanın Mətta 24:14 ayəsində yazılan sözləri hansı sualları doğurur?

YEHOVANIN ŞAHİDLƏRİ. Kimlərsə onlarla razılaşmır, kimlərsə onlara qarşı çıxır. Lakin çox az adam tapılar ki, Yehovanın Şahidlərinin təbliğ fəaliyyəti ilə tanındığını inkar etsin. Bəzən xidmət zamanı elə insanlarla rastlaşırıq ki, bizim etiqadlarımızla razılaşmasalar da, gördüyümüz işə hörmətlə yanaşdıqlarını deyirlər. Bildiyimiz kimi, İsa Məsih Padşahlıq haqda müjdənin bütün yer üzündə təbliğ ediləcəyini demişdi (Mət. 24:14). Bəs haradan bilirik ki, Məsihin bu peyğəmbərliyi bizim gördüyümüz işlə yerinə yetir? Müjdəni bütün yer üzündə təbliğ etdiyimizi demək bizim tərəfimizdən özündənrazılıq kimi çıxmır ki?

2 Bir çox dini qruplar düşünürlər ki, İncili, yəni müjdəni təbliğ edirlər. Ancaq onların fəaliyyəti ya təkbaşına şahidlik verməklə, ya kilsədə moizə söyləməklə, ya da media — televiziya və ya İnternet vasitəsilə yayımlanan proqramlarla məhdudlaşır. Bir başqaları xeyriyyəçiliklə məşğul olur, yaxud tibb və təhsil sahəsində işlər görür və düşünür ki, bu da onların  təbliğ üsuludur. Bəs bunlar Məsihin şagirdlərinə tapşırdığı işə nə dərəcədə uyğun gəlir?

3. Mətta 28:19, 20 ayələrinə əsasən, İsanın davamçıları hansı dörd işi görməli idilər?

3 İsanın şagirdləri əlini əlinin üstünə qoyub oturmalı, camaatın onların yanına gəlməsini gözləməli idi? Əlbəttə ki yox! Məsih diriləndən sonra yüzlərlə şagirdinə xitab edərək buyurmuşdu: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları... vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20). Deməli, dörd şey tələb olunur. Biz şagird hazırlamalı, onları vəftiz etməli və öyrətməliyik. Amma bütün bunlardan qabaq nə etməliyik? İsa demişdi: «Gedin». Bir bibliyaşünas bu əmrlə bağlı demişdi: «Fərq eləməz, istər küçənin o tayına olsun, istərsə də okeanın, “getmək” hər bir imanlıya verilən tapşırıqdır» (Mət. 10:7; Luka 10:3).

4. Məsih «insan tutmaq» deyəndə hansı növ balıqçılığı nəzərdə tutmuşdu?

4 Bəs, görəsən, İsa Məsih davamçılarının təkbaşına görməli olduğu işdən danışırdı, yoxsa müjdənin mütəşəkkil surətdə təbliğ olunmasını nəzərdə tuturdu? Bir nəfər təkbaşına gedib bütün xalqlara təbliğ edə bilməz. Deməli, məntiqəuyğundur ki, bu işi görmək üçün çoxlarının mütəşəkkil surətdə fəaliyyət göstərməsi lazım gələcəkdi. İsa balıqçı olan şagirdlərini «insan tutmağa» çağıranda da buna işarə etmişdi. (Mətta 4:18—22 ayələrini oxuyun.) Onun dediyi «balıqçılıq» elə deyildi ki, bir nəfər tək-tənha, əlində tilov və yem sakitcə oturub balığın tilova düşməsini gözləsin. Söhbət torla balıq tutmaqdan, çoxlarının mütəşəkkil surətdə çalışmasını tələb edən və böyük əmək hesabına başa gələn balıqçılıqdan gedirdi (Luka 5:1—11).

5. Hansı dörd sualın cavabını bilmək lazımdır və nəyə görə?

5 Kimlərin Məsihin peyğəmbərliyini yerinə yetirərək müjdəni təbliğ etdiyini müəyyənləşdirmək üçün bu dörd sualın cavabını bilmək lazımdır:

  • Hansı xəbər təbliğ olunmalıdır?

  • Bu iş hansı niyyətlə yerinə yetirilməlidir?

  • Təbliğ işi hansı üsullarla həyata keçirilməlidir?

  • Təbliğ işinin miqyası və müddəti nə qədər olmalıdır?

Bu sualların cavabı bizə bu həyati vacib işi kimlərin həyata keçirdiyini müəyyənləşdirməyə kömək edəcək, o cümlədən təbliğ işini bundan sonra da dəyanətlə davam etdirməyə güc verəcək (1 Tim. 4:16).

HANSI XƏBƏR TƏBLİĞ OLUNMALIDIR?

6. Nəyə görə əmin ola bilərsiniz ki, Yehovanın Şahidləri İsa Məsihin tapşırdığı xəbəri çatdırırlar?

6 Luka 4:43 ayəsini oxuyun. İsa Məsih Padşahlıq haqqında müjdəni təbliğ edirdi. O, şagirdlərindən də bunu etməyi gözləyir. Bəs kimlər həmin xəbəri bütün xalqlara təbliğ edir? Cavab aydındır. Yalnız Yehovanın Şahidləri. Hətta əleyhdarlardan da bəziləri bunu etiraf edirlər. Məsələn, bir dəfə bir missioner keşiş Yehovanın Şahidinə demişdi ki, o, çox ölkədə yaşayıb və hər ölkədə Şahidlərdən hansı xəbəri təbliğ etdiklərini soruşub. Aldığı cavab nə olub? Keşiş demişdi: «Onlar elə axmaqdırlar ki, hamısı eyni şeyi deyirdi: “Padşahlıq haqda müjdəni”». Lakin o Şahidlər əsla axmaq deyildilər, onlar əsil məsihi kimi, yekdil idilər (1 Kor. 1:10). Onlar «Gözətçi  qülləsi» jurnalındakı xəbəri çatdırırdılar. Bu jurnal isə «Yehova Allahın Padşahlığını bəyan edir». 254 dildə çıxan bu jurnalın hər sayı orta hesabla 59 milyon nüsxəsi çap olunur. Beləliklə, bu jurnal dünyada ən çox yayılan jurnaldır.

7. Haradan bilirik ki, Xristian ruhaniləri lazımi xəbəri təbliğ etmirlər?

7 Xristian dininin ruhaniləri Allahın Padşahlığını təbliğ etmirlər. Padşahlıq haqda danışanda da çoxları deyir ki, bu Padşahlıq məsihinin ürəyindəki hissdir və qəlbinin vəziyyətidir (Luka 17:21). Onlar insanlara başa salmırlar ki, Allahın Padşahlığı səmavi hökumətdir, Başçısı İsa Məsihdir və bu Padşahlıq tezliklə bəşəriyyətin bütün problemlərini həll edəcək, tezliklə yer üzünü bütün pisliklərdən təmizləyəcək (Vəhy 19:11—21). Onlara İsanı Milad və Pasxa bayramında yada salmaq sərf eləyir. İsanın yer üzünün yeni Rəhbəri kimi görəcəyi işlərdən anlayışları yoxdur. Onlar təbliğ etməli olduqları xəbəri nəzərdən qaçırıblar. Belə isə təəccüblü deyil ki, bu işi hansı niyyətlə etməli olduqlarını da başa düşmürlər.

BU İŞ HANSI NİYYƏTLƏ YERİNƏ YETİRİLMƏLİDİR?

8. Təbliğ işinin yerinə yetirilməsində hansı niyyət düzgün deyil?

8 Təbliğ işi hansı niyyətlə yerinə yetirilməlidir? Bu işdə məqsəd pul yığmaq, dəbdəbəli tikililər ucaltmaq olmamalıdır. İsa Məsih şagirdlərinə demişdi: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mət. 10:8). Allahın Kəlamını biznesə çevirmək olmaz (2 Kor. 2:17). Xəbəri təbliğ edənlər bu işdən mənfəət güdməməlidirlər. (Həvarilərin işləri 20:33—35 ayələrini oxuyun.) Belə aydın göstərişə baxmayaraq, əksər kilsələr əsas işi bir kənara qoyub ya pul yığmaqla məşğuldurlar, ya da əlləşib-vuruşurlar ki, müflisləşməsinlər, keşişlərin, eləcə də çoxlu sayda başqa işçilərinin maaşını verə bilsinlər. Üstəlik, xristian dininin bir çox ruhaniləri özləri üçün böyük var-dövlət toplayıblar (Vəhy 17:4, 5).

9. Yehovanın Şahidləri düzgün niyyətlə təbliğ etdiklərini necə göstərirlər?

9 Bəs pul yığmaq məsələsində Yehovanın Şahidləri barədə nə demək olar? Onların işi könüllü ianələr hesabına həyata keçirilir (2 Kor. 9:7). Nə ibadət evində, nə də toplantılarda pul yığılmır. Lakin təkcə ötən il Yehovanın Şahidləri müjdənin təbliğinə 1,93 milyard saat sərf edib və hər ay 9 milyondan çox insana pulsuz Müqəddəs Kitab dərsi keçiblər. Onlar bu işi nəinki havayı görürlər, hətta bu iş üçün pulu öz ciblərindən xərcləyirlər. Yehovanın Şahidlərinin gördüyü işlə bağlı bir tədqiqatçı demişdi: «Əsas məqsəd təbliğ etmək və öyrətməkdir... Onlarda ruhanilər sinfi yoxdur. Bunun da səyəsində nə qədər xərc azalır». Deməli, biz bu işi hansı niyyətlə görürük? Sadə dillə desək, bunu könül xoşluğu ilə edirik, çünki Yehova Allahı və insanları sevirik. Belə canla-başla xidmət etməklə Zəbur 110:3 ayəsində yazılan peyğəmbərliyi yerinə yetiririk. (Ayəni oxuyun.)

TƏBLİĞ İŞİ HANSI ÜSULLARLA HƏYATA KEÇİRİLMƏLİDİR?

Biz hər yerdə təbliğ edirik (10-cu abzasa baxın)

10. İsa Məsih və onun şagirdləri hansı üsullarla təbliğ edirdilər?

10 İsa Məsih və onun şagirdləri müjdəni hansı üsullarla təbliğ edirdilər? Onlar adam olan hər yerdə — ictimai yerlərdə və evlərdə təbliğ edirdilər. Bundan başqa, ev-ev gəzib layiqli adamları axtarırdılar  (Mət. 10:11; Luka 8:1; Həv. 5:42; 20:20). Bu üsulun sayəsində ayrı-seçkilik etmədən hamıya şahidlik edilirdi.

11, 12. Müjdənin təbliği məsələsinə gəldikdə Yehovanın Şahidləri Xristian dünyasından nə ilə fərqlənir?

11 Bəs demək olarmı ki, Xristian kilsələri onların izi ilə gedir? Əksər hallarda kilsəyə gələnlər canla-başla təbliğ işini ruhanilər sinfinin öhdəsinə buraxırlar. Xristian ruhaniləri yeni-yeni insanları tapmaq əvəzinə, artıq kilsəyə gələnləri itirməmək üçün əlləşib-vuruşurlar. Düzdür, hərdən bəzi ruhanilər kilsəyə gələnləri təbliğ etməyə səsləyirlər. Məsələn, 2001-ci ilin əvvəlində II İohann Pavel məktubunda demişdi: «İllərdir ki, mən hamını yeni müjdəçilik işinə səsləyirəm. İndi yenə də bunu edirəm... Biz özümüzdə Bulusdakı əhval-ruhiyyəni alovlandırmalıyıq. O demişdi: “Əgər təbliğ etmirəmsə, vay halıma!”» Papa sözünə davam edərək demişdi ki, bu iş «bir qrup “peşəkarın” işi olmamalıdır. Bu iş Allahın xalqının hər bir üzvünün öhdəsinə düşür». Ancaq nə olsun? Nə qədər adam bu çağırışa hay verdi?

12 Bəs Yehovanın Şahidləri haqqında nə demək olar? Yalnız onlar Məsihin 1914-cü ildən Padşah kimi idarə etdiyini təbliğ edirlər. Onlar İsanın göstərişinə əməl edərək təbliğ işini həyatlarında ən birinci yerə qoyurlar (Mark 13:10). Bir kitabda yazılıb: «Yehovanın Şahidləri üçün təbliğ işi bütün işlərdən daha önəmlidir» («Pillars of Faith—American Congregations and Their Partners»). Bir Şahidin sözünə istinad edərək həmin kitabın müəllifi yazmışdı: «Kimsə aclıq çəkəndə, tənha olanda, xəstələnəndə onlar çalışırlar köməklərini əsirgəməsinlər, ancaq heç vaxt unutmurlar ki, onların əsas işi dünyanın axırı və qurtuluşun vacibliyi ilə bağlı xəbəri təbliğ etməkdir». Yehovanın Şahidləri İsanın və onun şagirdlərinin təbliğ üsullarından istifadə edərək həmin xəbəri usanmadan təbliğ edirlər.

TƏBLİĞ İŞİNİN MİQYASI VƏ MÜDDƏTİ NƏ QƏDƏR OLMALIDIR?

13. Təbliğ işi hansı miqyasda həyata keçirilməlidir?

13 İsa Məsih müjdənin «bütün yer üzündə» təbliğ ediləcəyini deyərək təbliğ işinin miqyasını göstərmişdi (Mət. 24:14). Onun davamçıları «bütün xalqların içində» şagird hazırlamalıdırlar (Mət. 28:19, 20). Deməli, təbliğ işi bütün dünyanı əhatə etməlidir.

14, 15. Nə sübut edir ki, Yehovanın Şahidləri təbliğin miqyası ilə bağlı Məsihin etdiyi peyğəmbərliyi həyata keçirir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

14 Yehovanın Şahidləri Məsihin təbliğin miqyası ilə bağlı etdiyi peyğəmbərliyi həyata keçirir. Onların buna necə nail olduğunu anlamaq üçün bəzi məqamlara baxaq. Birləşmiş Ştatlarda mövcud olan müxtəlif məzhəblərdə təxminən 600 000 din xadimi var. Həmin ölkədə təxminən 1 200 000 Yehovanın Şahidi yaşayır. Bütün dünyada Roma  katolik kilsəsinin 400 000-dən çox keşişi var. İndi Padşahlığı təbliğ edən Şahidlərin sayına fikir verin. Bütün dünyada təxminən səkkiz milyon könüllü xidmətçi 240 ölkədə təbliğ edir. Doğrudan da möhtəşəm bir iş həyata keçirilir. Bu isə Yehovaya şərəf gətirir! (Zəb. 34:1; 51:15).

15 Yehovanın Şahidi kimi bizim arzumuz budur ki, son gəlməmişdən əvvəl mümkün qədər çox insana müjdəni çatdıraq. Bu səbəbdən, biz Müqəddəs Kitaba əsaslanan nəşrlərin tərcüməsi və çap edilməsi sahəsində gördüyümüz işlərə görə hamıdan seçilirik. Milyonlarla kitab, jurnal, buklet, toplantı dəvətnamələri və Məsihi anma mərasimi üçün olan dəvətnamələr pulsuz paylanılır. Biz 700-dən çox dildə nəşrlər dərc edirik. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin 130-dan çox dildə 200 milyondan çox nüsxəsi çap olunub. Təkcə ötən il ərzində təxminən 4,5 milyard nəşr dərc edilib. Bizim rəsmi veb-saytımız 750-dən çox dildə mövcuddur. Başqa hansı dini qrup bu qədər iş görür?

16. Haradan bilirik ki, Yehovanın Şahidlərində Allahın ruhu var?

16 Bəs təbliğ işi nə qədər davam edəcək? İsa Məsih demişdi ki, ümumdünya təbliğ işi axırzaman boyunca davam edəcək və sonra son gələcək. Yaşadığımız axırzaman dövründə başqa hansı dini qrup müjdəni təbliğ edir? Bəzən xidmətdə rastlaşdığımız adamlar deyirlər: «Müqəddəs ruh bizdədir, amma işi görən sizsiniz». Ancaq bu işi mətanətlə davam etdirməyimiz bizdə Allahın ruhunun olduğundan xəbər vermir? (Həv. 1:8; 1 But. 4:14). Hərdən müəyyən dini qruplar Yehovanın Şahidlərinin müntəzəm olaraq etdiyi işi görməyə cəhd göstərirlər, ancaq onların cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Bəziləri müəyyən bir vaxt ərzində missioner adı altında xidmət edir, sonra isə yenidən qayıdıb öz həyatını yaşayır. Bir başqaları hətta ev-ev təbliğ etməyə çalışır. Ancaq nəyi təbliğ edirlər? Bu sualın cavabı aydın göstərir ki, onlar Məsihin başladığı işi davam etdirmirlər.

BU GÜN MÜJDƏNİ KİM TƏBLİĞ EDİR?

17, 18. a) Nəyə görə əminliklə deyə bilərik ki, bu gün Padşahlıq haqda xəbəri təbliğ edən Yehovanın Şahidləridir? b) Nəyin sayəsində bu işi davam etdiririk?

17 Beləliklə, bu gün Padşahlıq haqda müjdəni kim təbliğ edir? Tam qətiyyətlə deyə bilərik ki, Yehovanın Şahidləri! Nəyə görə buna əminik? Çünki biz lazımi xəbəri, Padşahlıq haqqında müjdəni təbliğ edirik. İnsanların yanına getməyimiz onu göstərir ki, biz düzgün üsullardan istifadə edirik. Təbliğ işini düzgün niyyətlə — maddi mənfəət üçün yox, məhəbbətdən irəli gələrək yerinə yetiririk. Bizim işimiz dünya miqyasında həyata keçirilir, müjdəni bütün xalqlara və bütün dillərdə danışan insanlara çatdırırıq. Biz bu işi yubanmadan, ilbəil, son gələnədək davam etdirəcəyik.

18 Həqiqətən də, yaşadığımız bu tarixi dövrdə Allahın xalqının əldə etdiyi nailiyyətlər heyrətamizdir. Bəs bütün bu işlər nəyin sayəsində həyata keçirilir? Həvari Bulusun məktubunda bu sualın cavabı yazılıb: «Allah Öz xoş məramına görə sizi qüvvətləndirir. O, qəlbinizdə həm arzu oyadır, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verir» (Filip. 2:13). Qoy səmavi Atamız bundan sonra da hər birimizi qüvvətləndirsin ki, biz əlimizdən gələni edib, xidmətimizi tam yerinə yetirək (2 Tim. 4:5).