Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  may 2016

 Arxivimizdən

«Bu iş kimə həvalə olunub?»

«Bu iş kimə həvalə olunub?»

1919-CU İL, 1 sentyabr, bazar ertəsi. Günlərlə davam edən küləkli və yağışlı havadan sonra, nəhayət ki, göyün üzü açıldı, hava mülayimləşdi. Həmin gün günorta ABŞ-ın Ohayo ştatının Sidar-Point şəhərində keçirilən toplantının birinci hissəsində 2500 nəfərlik zalda yığışanların sayı heç 1000 nəfərə çatmırdı. Axşamacan gəmi, maşın və xüsusi qatarlarla 2000-dən çox adam gəldi. Çərşənbə axşamı adam o qədər çox idi ki, toplantı proqramının qalan hissəsini bayırda, ağacların altında keçirməli oldular.

Ağacların yarpaqları arasından süzülən günəş şüaları kişilərin plaşlarının üstünə naxışlar salırdı. Eri gölündən əsən xəfif meh qadınların papaqlarının xəzinə ehmalca sığal çəkirdi. Bir qardaş xatırlayır: «Gözəl təbiətin qoynunda, bu köhnə dünyanın səs-küyündən uzaqda özümüzü Cənnətdə hiss edirdik».

Ancaq təbiətin gözəlliyi oradakı insanların üzündən yağan sevincin yanında kölgədə qalırdı. Yerli qəzetdə yazılmışdı: «Hamı çox mömin görünür, bununla belə, onlar son dərəcə şəndir, hamının üzü gülür». Ötən illərin məhrumiyyətlərindən sonra qardaşlarla ünsiyyət Müqəddəs Kitab Tədqiqatçılarına daha da şirin gəlirdi. Belə ki, təqiblər, yığıncaqdakı ixtilaflar, Bruklin Beytelinin bağlanması, bacı-qardaşların həbsi, o cümlədən səkkiz qardaşın 20 ilədək həbs cəzasına məhkum olunması müharibə dövründə onlara məşəqqətli anlar yaşatmışdı *.

O illərin əzab-əziyyətinə görə ruhdan düşən, pərişan olan bəzi Müqəddəs Kitab Tədqiqatçıları şahidlik işini dayandırmışdılar. Digərləri isə hökumətin sıxma-boğmasına baxmayaraq, mətin qalmışdılar. Bir dəfə müstəntiq məruzə etmişdi ki, onun istintaq etdiyi Müqəddəs Kitab Tədqiqatçıları sərt xəbərdarlıqlara baxmayaraq, sona qədər Allahın Kəlamını təbliğ edəcəklərini demişdilər.

O sınaq dövründə sadiq Müqəddəs Kitab Tədqiqatçıları «Ağanın rəhbərliyini diqqətlə izləyir,.. həmişə dua edirdilər ki, Allah onlara yol göstərsin». İndi onlar burada, Sidar-Pointdakı toplantıda sevinc içində bir arada toplaşmışdılar. Bir bacı çoxlarının düşüncəsini əks etdirərək demişdi ki, görəsən, xidmət yenidən necə dirçəlib mütəşəkkil  şəkildə həyata keçiriləcək. Onların ən ümdə arzusu o idi ki, iş davam etsin.

«QƏ» — YEPYENİ VƏSAİT!

Bütün həftə boyu toplantıya gələnlər toplantı proqramının, açıqcalarının və toplantı ərazisindəki lövhələrin üstündəki «QƏ» hərflərinə baxıb onların nə demək olduğunu başa düşməyə çalışırdılar. «Əməkdaşlar günü» adlanan cümə günü Cozef Ruterford toplantında olan 6000 nəfərə axır ki bu sirri açıqladı. «QƏ» hərfləri xidmət üçün nəzərdə tutulan «Qızıl əsr» adlı yeni jurnalın adının baş hərfləri idi *.

Ruterford qardaş məsh olunmuş məsihilərdən danışaraq demişdi: «Onlar iman gözləri ilə bu keşməkeşli dövrün arxasında Məsihin şanlı hakimiyyətinin Qızıl əsrini görürlər... Onlar Qızıl əsrin gələcəyini dünyaya bəyan etməyi özlərinə həm borc, həm də şərəf bilirlər. Bu, Allahın onlara verdiyi tapşırıqdır».

Üz qabığında «Fakt, ümid və inam jurnalı» yazılan «Qızıl əsr» jurnalı həqiqəti çatdırmaq üçün yeni üsula — ev-ev gəzib abunəçi toplamaq üsuluna yol açdı. Soruşanda ki, nə qədər insan bu işdə iştirak etmək istəyir, hamı yerindən sıçradı. Sonra yalnız Məsihin izləri ilə gedənlərə xas olan böyük şövq və coşqu ilə onlar: «Ağa, nurunu və həqiqətini göndər», — deyə oxumağa başladılar. Noris qardaş xatırlayırdı: «Heç vaxt yadımdan çıxmayacaq, səsimizdən sanki ağaclar tərpənirdi».

Proqramdan sonra bacı-qardaşlar saatlarla növbədə durmuşdular ki, jurnalın ilk abunəçilərindən olsunlar. Meybl Filbrik bir çoxlarının keçirdiyi hissləri dilə gətirərək demişdi: «Biz xoşbəxt idik. Nəhayət ki, görməyə işimiz var idi!»

«BU İŞ KİMƏ HƏVALƏ OLUNUB?»

Təxminən 7000 Müqəddəs Kitab Tədqiqatçısı işə girişməyə hazır idi. «Təşkilolunma üsulu» vərəqəsində və «Bu iş kimə həvalə olunub?» bukletində təfərrüatlar izah olunurdu: baş idarədə yeni təsis olunan Xidmət şöbəsi işə nəzarət edəcək, yığıncaqda da Xidmət şöbəsi yaradılacaq, işə rəhbərlik etmək üçün xidmət rəhbəri təyin olunacaq, sahələr 150—200 evlik hissələrə bölünəcək, dördüncü gün axşamlar Xidmət görüşü keçiriləcək ki, qardaşlar başlarına gələn hadisələri danışsınlar və xidmətlə bağlı hesabat versinlər.

Herman Filbrik demişdi: «Evə qayıdanda hamımız abunəçi kampaniyasına girişdik». Hamı onlara həvəslə qulaq asırdı. «Müharibədən, o qədər əzab-əziyyətdən sonra hər kəs qızıl əsr barədə söhbəti böyük həvəslə dinləyirdi», — deyə Byule Kove adlı bacı bölüşmüşdü. Artur Klaus qardaş yazmışdı: «Abunəçilərin sayı o qədər çox idi ki, bütün yığıncaq mat qalmışdı». «Qızıl əsr» jurnalının ilk sayı çıxanda iki ayın içində onun təxminən yarım milyon nüsxəsi paylanmışdı, abunəçilərin sayı isə 50 000 nəfərə çatmışdı.

«Gözətçi qülləsi»nin 1920-ci il 1 iyul sayının «Padşahlıq müjdəsi» adlı məqaləsi barədə sonralar Makmillan qardaş demişdi ki, həmin məqalə «hazırda bütün dünyada gedən ümumdünya təbliğ işi üçün ilk rəsmi çağırış idi». Həmin məqalədə bütün məsh olunmuş məsihilər təşviq olunurdular ki, «səmavi padşahlığın yaxın olduğuna dair bütün dünyaya şahidlik etsinlər». Bu gün milyonlarla insanlar təbliğ işinin həvalə olunduğu məsh olunmuşlara qoşulub Kəlamı şövqlə təbliğ edir. Onlar da Məsihin hakimiyyətinin qızıl əsrini səbirsizliklə gözləyirlər.

^ abz. 5 «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının «Sınaq vaxtı (1914—1918)» adlı 6-cı fəslinə (rus.) baxın.

^ abz. 9 «Qızıl əsr» jurnalının adını 1937-ci ildə dəyişib «Təsəlli», 1946-cı ildə isə «Oyanın!» qoydular.