Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  mart 2016

Hizqiyal usanmadan Yerusəlimin mühasirəsini əyani şəkildə təsvir etdi

Peyğəmbərlər kimi fədakar olun!

Peyğəmbərlər kimi fədakar olun!

BİZ qədimdə yaşamış peyğəmbərlərlə müəyyən mənada eyni işi görürük. «Yeni Dünya Tərcüməsi»nin «Lüğət» bölməsində «peyğəmbər» sözü belə izah olunur: «Allahın iradəsini əyan edən vasitəçi. Peyğəmbərlər Allahın adından danışır, gələcək hadisələr barədə xəbər verir, Yehova Allahın nəsihətlərini, əmr və hökmlərini çatdırırdı». Biz gələcək hadisələr barədə xəbər verməsək də, Allahın adından danışır, Onun Kəlamında yazılan xəbəri bəyan edirik (Mət. 24:14).

İnsanlara Allahımız Yehova haqda danışmaq, Onun bəşəriyyət üçün niyyətini öyrətmək böyük şərəfdir. Biz bu işdə «göyün üzü» ilə uçan mələklə birgə çalışırıq (Vəhy 14:6). Ancaq üzləşdiyimiz çətinliklər ucbatından bu işin necə bir şərəfli iş olduğunu unuda bilərik. Məsələn, bəzən yorğunluq, ruh düşkünlüyü bizə üstün gələ bilər, özümüzü dəyərsiz hiss edə bilərik. Qədimdə yaşayan sadiq peyğəmbərlər də bu kimi şeylərlə üzləşmişdilər, lakin təslim olmamışdılar. Yehova da onlara öhdələrinə düşən işi görməyə kömək etmişdi. Gəlin bəzilərinin nümunəsinə baxaq və görək onlardan necə örnək ala bilərik.

YORĞUNLUĞA ÜSTÜN GƏLDİLƏR

Hərdən gündəlik işlərdən elə yoruluruq ki, xidmətə getməyə heyimiz olmur. Düzdür, istirahət etmək lazımdır. Hətta İsa və həvariləri də dincəlirdi (Mark 6:31). Ancaq gəlin Babilə əsir aparılan Hizqiyalın nümunəsinə baxaq. O, Yerusəlimdən sürgün edilən israillilərin arasında peyğəmbərlik edirdi. Bir dəfə Allah Hizqiyala buyurdu ki, kərpic götürüb üstündə Yerusəlim şəhərini çəksin. Sonra 390 gün sol böyrü üstdə, 40 gün isə sağ böyrü üstdə uzanıb, kərpicin üstündə çəkdiyi şəhəri mühasirəyə alsın. Yehova Hizqiyala dedi: «Mən səni kəndirlə bağlayacağam ki, mühasirə günləri bitməyincə bir böyrün üstündən o birinə çevrilə bilməyəsən» (Hizq. 4:1—8). Hizqiyal bununla sürgündə  olan israillilərin diqqətini cəlb etməli idi. O, bir ildən çox belə çətin tapşırığı yerinə yetirdi. Yəqin ki, o, çox yorulurdu. Bəs peyğəmbər nəyin sayəsində bu işi yerinə yetirə bildi?

Hizqiyal nəyə görə peyğəmbər kimi göndərildiyini başa düşürdü. Allah onu göndərəndə demişdi: «Onlar [israillilər] isə, istəyirlər qulaq assınlar, istəyirlər asmasınlar,.. amma bir şeyi dəqiq biləcəklər — aralarında peyğəmbər olub» (Hizq. 2:5). Hizqiyal Allahın bu tapşırığı ona nəyə görə verdiyini unutmurdu. Buna görə də yorulmadan Yerusəlimin mühasirəsini əyani şəkildə təsvir etdi. Həm də onun həqiqi peyğəmbər olduğu sübuta yetirildi. Ona və onunla sürgündə olan israillilərə xəbər çatdı: «Şəhər darmadağın oldu!» Bəli, israillilər anladılar ki, aralarında peyğəmbər olub (Hizq. 33:21, 33).

Bu gün biz insanları Şeytanın dünyasının dağılacağından xəbərdar edirik. Yorğun olsaq da, gücümüzü toplayıb Allahın Kəlamını təbliğ edirik, təkrar-təkrar insanların yanına gedirik, onlara Müqəddəs Kitabı öyrədirik. Axırzaman haqqındakı peyğəmbərliklər yerinə yetdikcə, biz Allahın iradəsini əyan edən vasitəçi olduğumuza görə sevinirik.

RUH DÜŞKÜNLÜYÜNƏ QAPILMADILAR

Biz Allahın ruhundan güc alıb yorğunluğa üstün gəlirik. Lakin bəzən elə olur ki, insanların çatdırdığımız xəbərə münasibətini görüb ruhdan düşürük. Belə olan halda yaxşı olar ki, Ərəmya peyğəmbəri yadımıza salaq. Allahın xəbərini israillilərə bəyan etdiyi üçün onu lağa qoyub ələ salır, təhqir edirdilər. İş o yerə çatmışdı ki, peyğəmbər bir dəfə demişdi: «Bir də Onun adını çəkməyəcəyəm, Onun adından danışmayacağam». Ərəmya da bizim kimi adi insan idi. Buna baxmayaraq, o, təslim olmadı, Allahın xəbərini xalqa çatdırmağa davam etdi. Bəs nəyin sayəsində bunu edə bildi? Bunu onun sonrakı sözlərindən görmək olar: «Amma Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə alovlanan atəş oldu, onu saxlamaqdan yoruldum. Dözümüm qalmadı» (Ərm. 20:7—9).

Biz də insanların çatdırdığımız xəbərə göstərdiyi münasibətə görə ruhdan düşəndə gəlin həmin xəbər barədə düşünək. Belə etsək, ruh düşkünlüyünə qalib gələ bilərik, çünki həmin xəbər sümüklərimizdə həbs edilən atəşə çevriləcək. Müqəddəs Kitabı hər gün oxumaqla isə bu atəşi sönməyə qoymayacağıq.

MƏNFİ HİSSLƏRƏ QALİB GƏLDİLƏR

Bəzən elə olur ki, məsihi ona tapşırılan işi necə yerinə yetirəcəyini, yaxud bu tapşırığın nəyə görə ona verildiyini başa düşmür. Belə olan halda çaşqınlıq içində qalır, həyəcan keçirir. Yəqin Huşə peyğəmbər də eyni hissləri keçirmişdi. Yehova ona əmr etmişdi: «Get özünə bir arvad al. O, zinakar olacaq və sənə bic övladlar doğacaq» (Huşə 1:2). Təsəvvür edin ki, siz ailə qurmağa hazırlaşırsınız, ancaq Allah deyir ki, nişanlınız zinakar olacaq. Belə olan halda, hansı hissləri keçirərdiniz? Huşə Allahın bu tapşırığına boyun əydi. O, Gümər adlı qadınla evləndi. Qadının bir oğlu dünyaya gəldi. Sonra onun bir qızı və daha bir oğlu oldu. Görünür, axırıncı iki övlad bic doğulmuşdu. Yehova Huşəyə demişdi ki, onun gələcək arvadı «oynaşlarının dalınca qaçacaq». Fikir verin, oynaşının da yox, oynaşlarının. Sonra isə bu qadın yenidən Huşənin yanına qayıtmaq istəyəcək. Huşənin yerində olsaydınız, onu qəbul edərdiniz? Yehova Huşəyə məhz belə etməyi buyurdu. Peyğəmbər nəinki arvadını qəbul etdi, hətta baha qiymət ödəyib onu satın aldı (Huşə 2:7; 3:1—5).

Bəlkə də Huşə fikirləşirdi ki, «axı bu tapşırığı yerinə yetirməyin nə faydası olacaq?» Buna baxmayaraq, o, bu səhnəni sədaqətlə öz həyatında yaşadı. Bunun sayəsində, biz başa düşə bilirik ki, İsrailin xəyanəti Külli-İxtiyarın ürəyinə necə yara vururdu. Həmçinin Huşənin yerinə yetirdiyi tapşırıq bir reallığı da təsvir edirdi: israillilərin bəziləri Allaha qayıtdı.

Allah bu gün heç kimə zinakar qadınla evlənməyi tapşırmır. Bununla belə, Huşənin tərəddüd etmədən bu cür tapşırığı yerinə yetirməsindən çox şey öyrənə bilərik. Əvvəla, hətta çətin gəlsə də, Padşahlıq haqda müjdəni «insanlar qarşısında, ev-ev»  təbliğ etməyə hazır olmalıyıq (Həv. 20:20). Ola bilsin, təbliğ işinin bəzi növləri sizin üçün asan deyil. Amma ruhdan düşməyin. Fikir verin: tez-tez elə hallar olur ki, insanlar Müqəddəs Kitabı həvəslə öyrənsələr də, heç vaxt ev-ev təbliğ etməyəcəklərini deyirlər. Ancaq sonralar onların çoxu bir vaxtlar qeyri-mümkün hesab etdikləri şeyi etməyə başlayırlar. Siz də çətin hesab etdiyiniz xidmət növündə müvəffəqiyyət qazana bilərsiniz.

Huşənin çətin tapşırığı qəbul etməsindən başqa bir şey də öyrənirik. Huşə ona xəyanət edəcək qadınla evlənməmək üçün min bir bəhanə tapa bilərdi. O, özü bu hadisəni qələmə almasaydı, heç kimin onun belə tapşırıq aldığından xəbəri olmazdı. Bizdə də elə ola bilər ki, kiməsə Yehova haqqında danışmaq üçün fürsət yaransın və heç kimin bundan xəbəri olmasın. Birləşmiş Ştatlarda orta məktəbdə oxuyan Anna ilə məhz belə bir hadisə baş vermişdi. Müəllim tapşırmışdı ki, şagirdlər möhkəm inandıqları bir mövzuda inşa yazsınlar və sinfi də buna inandırmağa çalışsınlar. Anna şahidlik vermək üçün yaranan bu fürsətdən istifadə etməyə də bilərdi. Ancaq o, fikirləşdi ki, bu fürsəti onun üçün Allah yaradıb. O, başa düşürdü ki, sinif hansı münasibəti göstərə bilər. Buna görə də Yehovaya dua elədi və ürəyi şahidlik vermək istəyi ilə alışıb yandı. O, «Təkamül və faktlar» mövzusunda inşa yazdı.

Məsihi gənclər peyğəmbərlərdən nümunə götürür, Yehovanın Yaradan olduğuna cəsarətlə şahidlik edirlər

Anna inşanı sinfə təqdim edəndə təkamülün qatı tərəfdarı kimi tanınan bir qız ona suallar yağdırmağa başladı. Anna müvəffəqiyyətlə öz mövqeyini müdafiə etdi. Bu, müəllimə çox böyük təsir bağışladı. O, Annanı ən sanballı inşa yazdığına görə mükafatlandırdı. O vaxtdan Anna təkamülə inanan həmin qızla yaradılış barədə çoxlu söhbətlər edib. Yehovanın bu «tapşırığını» qəbul etməsi sayəsində Anna deyir: «Mən indi müjdəni qorxmadan, əminliklə təbliğ edirəm».

Düzdür, biz sözün tam mənasında peyğəmbər deyilik. Lakin Hizqiyal, Ərəmya və Huşə peyğəmbər kimi, fədakar olsaq, Yehovanın bizim üçün olan iradəsini müvəffəqiyyətlə yerinə yetirəcəyik. Ancaq başqa peyğəmbərlərdən də çox şey öyrənə bilərik. Gəlin ailəvi ibadət, yaxud şəxsi mütaliə zamanı o biri peyğəmbərlər haqda da oxuyaq və düşünək, görək onlara nədə bənzəyə bilərik.