Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2016

Məsihi birliyini möhkəmləndirin

Məsihi birliyini möhkəmləndirin

«Onun vasitəsilə bütün bədən üzvləri həmahəng surətdə birləşib... qarşılıqlı fəaliyyət göstərir» (EFES. 4:16).

NƏĞMƏ: 53, 107

1. Ta əzəldən Allahın işlərini nə səciyyələndirirdi?

TA ƏZƏLDƏN xilqət aləmində yekdillik özünü göstərib. Yehovanın ilk yaratdığı varlıq, hikmətin təcəssümü belə demişdi: «Onun [Yehovanın] yanında usta kimi çalışırdım, hər gün könlünü şad edirdim» (Məs. 8:30). Ata ilə Oğul çiyin-çiyinə çalışaraq dünyanı xəlq edirdi. Bu gün bizi əhatə edən zəngin canlı aləm onların birgə əməyinin bəhrəsidir. Dünyanın xəlq olunmasından sonra da Allahın Öz xidmətçilərinə buyurduğu bütün işlər əməkdaşlıq ruhunda yerinə yetirilirdi. Nuhun gəmi tikməsi, səhrada müqəddəs çadırın qurulması, sökülməsi və daşınması birgə zəhmət tələb edirdi. Hətta məbəddə Yehovanın şəninə çalınan musiqilərdə, ahəngdar surətdə ucalan həmd-səna nəğmələrində də əməkdaşlıq sezilirdi. Bəli, əl-ələ verib çalışmadan bu işlərin heç birini görmək mümkün olmazdı (Yar. 6:14—16, 22; Say. 4:4—32; 1 Saln. 25:1—8).

2. a) Birinci əsrdəki yığıncağa hansı cəhət xas idi? b) Bu məqalədə hansı suallar araşdırılacaq?

2 Əməkdaşlıq birinci əsrdəki məsihi yığıncağına da xas idi. Həvari Bulus demişdi ki, məsh olunmuşların müxtəlif ənamları, müxtəlif xidmət növləri və müxtəlif fəaliyyətləri olsa da,  onların hamısı bir bədənin üzvləridir. Bu bədənin başı isə İsa Məsih idi. (1 Korinflilərə 12:4—6, 12 ayələrini oxuyun.) Bəs bizim haqqımızda nə demək olar? Müjdənin təbliğ edilməsində həmahəng surətdə necə birləşə bilərik? Yığıncaqda, eləcə də ailədə necə əməkdaşlıq edə bilərik?

TƏBLİĞ İŞİNDƏ ƏMƏKDAŞLIQ

3. Həvari Yəhya vəhydə nə görmüşdü?

3 Eramızın birinci əsrinin sonunda həvari Yəhya vəhydə yeddi mələk gördü. Onların hər biri kərənay çalırdı. Beşinci mələk kərənay çalanda Yəhya göydən yerə düşmüş bir ulduz gördü. Ulduzun əlində açar var idi. O, həmin açarla dibsiz quyunu açdı. Oradan qatı tüstü çıxdı, tüstünün içindən isə çəyirtkələr çıxdı. Maraqlısı budur ki, çəyirtkələr bitkilərə yox, alınlarında Allahın möhürü olmayan adamlara hücum etdilər (Vəhy 9:1—4). Yəhyaya yaxşı məlum idi ki, çəyirtkə ordusu məhsula necə zərər vura bilər. Məsələn, Musanın dövründə çəyirtkələr Misiri kor günə qoymuşdu (Çıx. 10:12—15). Yəhyanın vəhydə gördüyü çəyirtkələr Yehovanın hökm xəbərini bəyan edən məsh olunmuşları təsvir edir. İndi onlara yer üzündə yaşamağa ümid edən milyonlarla insan qoşulub. Vəhdət içində gördüyümüz təbliğ işi yalan dinlər vasitəsilə dünyaya hökmranlıq edən Şeytanın hakimiyyətinə böyük zərbə vurur.

4. Allahın xalqına hansı iş tapşırılıb və onlar bu işi yalnız nəyin sayəsində yerinə yetirə bilərlər?

4 Nə qədər ki, bu şər dünyanın sonu gəlməyib Yehovanın xalqı müjdəni təbliğ etməlidir. Bu, olduqca böyük işdir (Mət. 24:14; 28:19, 20). Biz susayan hər kəsi həyat suyunu havayı içməyə dəvət etməliyik (Vəhy 22:17). Məsihi yığıncağının üzvü kimi, bu işi necə yerinə yetirə bilərik? Yalnız həmahəng surətdə birləşib qarşılıqlı fəaliyyət göstərməklə (Efes. 4:16).

5, 6. Təbliğ işi bizi necə birləşdirir?

5 Padşahlıq müjdəsini mümkün qədər çox insana çatdırmaq üçün biz mütəşəkkil surətdə təbliğ etməliyik. Buna görə də yığıncaq görüşlərində, məsələn, təbliğ görüşlərində göstərişlər alırıq. Bu göstərişlər bizi vəhdət halında xidmət etməyə hazırlayır. Biz sözlərimizlə və Müqəddəs Kitaba əsaslanan nəşrlər vasitəsilə bu xəbəri bütün dünyaya yayırıq. İndiyədək milyonlarla belə nəşr paylamışıq. Bəzən xüsusi təbliğ kampaniyası təşkil olunur. Belə kampaniyalarda iştirak edəndə biz milyonlarla insanın sırasına qoşulmuş oluruq. Hamımız birlikdə isə göyün üzü ilə uçan və müjdəni car çəkən mələklərlə əməkdaşlıq edirik (Vəhy 14:6).

6 «İllik fəaliyyət» kitabından bütün dünyada göstərdiyimiz fəaliyyətin ümumi nəticələri barədə oxumaq necə də xoşdur! Bir düşünün, regional, xüsusi və beynəlxalq toplantılar üçün dəvətnamə paylamaq bizi necə birləşdirir. Bu toplantılarda hamımız eyni ruhani qidanı alırıq. Orada təqdim olunan məruzələrdə, tamaşa və səhnəciklərdə Yehovaya bütün varlığımızla xidmət etməyin vacibliyi vurğulanır. Məsihin ölümünü anma mərasimi də bizi birləşdirir. Biz hər il nisanın 14-ü gün batandan sonra toplaşıb həmin mərasimi qeyd edirik. Bununla həm lütfünə görə Allaha minnətdar olduğumuzu, həm də Məsihin əmrinə itaət etdiyimizi göstəririk (1 Kor. 11:23—26). Bu mərasim yalnız vəftiz olunmuş Şahidlər üçün deyil. Anma mərasimindən əvvəlki həftələr ərzində  biz birlikdə çalışaraq yığıncağımızın ərazisindəki insanları bu mühüm mərasimə dəvət edirik.

7. Birgə çalışmağımızın sayəsində nəyə nail oluruq?

7 Çəyirtkə təkbaşına çox şey edə bilməz. Eynilə, biz də təkbaşına bütün insanlara təbliğ edə bilmərik. Lakin bir yumruq kimi birləşib çalışdığımız üçün milyonlarla insana şərəfə və həmdə layiq olan Yehovanı tanıtdırmağa müvəffəq oluruq. Ancaq biz başqa sahələrdə də əməkdaşlıq edərək Allahın xalqı arasındakı birliyə töhfə verə bilərik.

YIĞINCAQDA ƏMƏKDAŞLIQ

8, 9. a) Həvari Bulus yığıncaqda birliyi qorumağın vacibliyini hansı nümunə əsasında göstərmişdi? b) Biz yığıncaqda necə əməkdaşlıq edə bilərik?

8 Həvari Bulus Efesdəki məsihilərə yazdığı məktubunda yığıncağın necə təşkil olunduğunu izah etmişdi. O həmçinin yazmışdı ki, yığıncaqda hər kəs hər şeydə inkişaf etməlidir. (Efeslilərə 4:15, 16 ayələrini oxuyun.) Bu məqsədə çatmağa bizə nə kömək edə bilər? Həvari yığıncağı insan bədəni ilə müqayisə etmiş və izah etmişdi ki, başı Məsih olan yığıncaq onun rəhbərliyi altında vəhdətdədir. Sonra həvari «müxtəlif vacib rolları yerinə yetirən oynaqlar vasitəsilə» qarşılıqlı fəaliyyət göstərməkdən danışmışdı. Yaşlı və ya cavan, güclü və ya zəif olmağımızdan asılı olmayaraq, hər birimiz yığıncağın birliyinə və ruhaniliyinə necə töhfə verə bilərik?

9 Əsas amil İsanın yığıncaqda rəhbərlik etmək üçün təyin etdiyi ağsaqqallara hörmət etmək və tabe olmaqdır (İbr. 13:7, 17). Bu, həmişə asan olmur. Ancaq Allahdan kömək diləyə bilərik. Onun müqəddəs ruhu bizə ağsaqqalların göstərişlərinə əməl etməyə kömək edəcək. Beləliklə, əgər hərdən göstərişə tabe olmaq istəmiriksə, nə etməliyik? Təvazökar olmaqla, ağsaqqallarla əməkdaşlıq etməklə yığıncağa necə kömək edə biləcəyimiz barədə düşünməliyik. Belə etsək, yığıncaqda birlik hökm sürər və bir-birimizə məhəbbətimiz daha da artar.

10. Yığıncaq xidmətçiləri yığıncağın birliyi üçün necə çalışırlar? (Məqalənin əvvəlindəki şəklə baxın.)

10 Yığıncaq xidmətçiləri yığıncağın birliyi üçün çox çalışırlar. Yaşından asılı olmayaraq, bu qardaşlar yığıncaqda fədakarcasına müxtəlif işləri icra edirlər. Yığıncağın bütün üzvləri onların çəkdiyi zəhmətin xeyrini görür. Məsələn, onlar ağsaqqallara kömək edir, diqqət yetirirlər ki, təbliğ üçün ehtiyatda ədəbiyyat olsun. İbadət evinin təmizliyinə, təmirinə baxırlar, görüşlərə gələnləri qarşılayırlar. Bu qardaşlarla əməkdaşlıq edəndə yığıncağın rəvan fəaliyyət göstərməsində bizim də payımız olur. (Həvarilərin işləri 6:3—6 ayələri ilə müqayisə edin.)

11. Cavanlar yığıncağın birliyi üçün nə edə bilərlər?

11 Bir çox ağsaqqallar illərdir ki, yığıncağın məsuliyyətlərini çiyinlərində daşıyırlar. Ancaq indi yaşa dolublar deyə, daha əvvəlki qədər çox iş görə bilmirlər. Belə olan halda cavan qardaşların böyük köməyi dəyə bilər. Düzdür, ola bilər, onların təcrübəsi çox deyil, amma təlim aldıqdan sonra yığıncaqda üzərlərinə daha çox məsuliyyət götürə bilərlər. Yığıncaq xidmətçiləri çalışsalar, gələcəkdə ağsaqqal kimi xidmət edə bilərlər (1 Tim. 3:1, 10). Bəzi cavan ağsaqqallar daha çox inkişaf edərək rayon  nəzarətçisi olub, bir çox yığıncaqlarda bacı-qardaşlara xidmət edirlər. Cavanların xidmət etməyə hazır olması bizi çox sevindirir. (Zəbur 110:3; Vaiz 12:1 ayələrini oxuyun.)

AİLƏDƏ ƏMƏKDAŞLIQ

12, 13. Ailə üzvlərinin bir-birilə əməkdaşlıq etməsinə nə kömək edə bilər?

12 Gəlin mövzumuzu bir az da davam etdirək və görək ailədə necə əməkdaşlıq edə bilərik. Çoxları fikir vermişlər ki, hər həftə səmərəli ailəvi ibadət keçirmək valideynlərlə uşaqların münasibətini daha da möhkəmləndirir. Ailəvi ibadət zamanı ruhani mövzular diqqət mərkəzində olduğu üçün ailə telləri möhkəmlənir. Təbliğ etməyi məşq etməyin sayəsində ailə üzvləri daha məharətlə təbliğ edə bilirlər. Üstəlik, ailə üzvləri bir-birilə Allahın Kəlamı barədə fikirlərini bölüşəndə bir-birinə yaxınlaşırlar. Axı onların hamısı eyni Allahı sevir və Onun iradəsini yerinə yetirmək istəyir.

Ailəvi ibadət valideynlərlə uşaqların münasibətini möhkəmləndirir (12 və 15-ci abzaslara baxın)

13 Bəs ərlə arvad bir-birilə necə əməkdaşlıq edə bilər ki, Yehovanın ürəyini sevindirsinlər? Həm ər, həm də arvad Yehovaya sədaqətlə xidmət edəndə, aralarında birlik olur. Bu isə hər ikisini xoşbəxt edir. İbrahimlə Sara, İshaqla Rəfəqə, Əlqəna ilə Hənnə bir-birinə öz sevgilərini izhar edirdilər. Biz də belə etməliyik (Yar. 26:8; 1 İşm. 1:5, 8; 1 But. 3:5, 6). Bu, ərlə arvadı bir-birinə bağlayır və səmavi Atalarına daha da yaxınlaşdırır. (Vaiz 4:12 ayəsini oxuyun.)

14. Həyat yoldaşınız Yehovaya xidmət etmirsə, nikahınızı möhkəm saxlamaq üçün nə edə bilərsiniz?

14 Məsihilər imansızlarla eyni boyunduruğa girməməlidirlər (2 Kor. 6:14). Ancaq elə bacı-qardaşlarımız var ki, həyat yoldaşları onların imanına şərik deyil. Bəziləri həqiqəti öyrənəndə artıq ailəli olublar. Bununla belə, həyat yoldaşı Yehovanın Şahidi olmayan bacı-qardaşlar Müqəddəs Kitabın məsləhətləri ilə yaşasa, ailədə əmin-amanlıq olar. Bunun üçün onlar, Allahın qanununu pozmamaq şərtilə, mümkün olduğu qədər həyat yoldaşları ilə əməkdaşlıq etməlidirlər. Bu, asan deyil, ancaq bunun üçün zəhmət çəkməyə dəyər. Kiminsə həyat yoldaşı yığıncaqdan uzaqlaşanda da Müqəddəs Kitab prinsiplərinə əməl etmək çətin olur. Bu, Meri adlı bacının da başına gəlmişdi. O, həyat yoldaşı Deyvid ilə birlikdə Yehovaya xidmət edirdi. Ancaq sonra Deyvid yığıncaqdan uzaqlaşdı və təxminən 25 il yığıncağa gəlmədi. Meri isə yığıncaqlardan, toplantılardan qalmırdı, evdə Müqəddəs Kitab prinsiplərinə uyğun davranırdı, altı uşağını Yehovanın yolunda böyüdürdü. Uşaqlar böyüyüb evdən gedəndə Meri özünü çox tənha hiss edirdi. Həmin aralarda Deyvid Merinin onun üçün üzdə saxladığı jurnalları oxumağa başladı. Bir qədər sonra yığıncaqlara gəldi. Altı yaşlı nəvəsi hər dəfə onun üçün yer saxlayırdı. Deyvid gəlməyəndə nəvəsi ona deyirdi: «Baba, sənin üçün darıxırdım». İndi Deyvid sevinclə Yehovaya xidmət edir. Meri isə həyat yoldaşı ilə birlikdə Yehovaya ibadət etdikləri üçün çox xoşbəxtdir.

15. Yaşlı ər-arvadlar cavan ailələrə necə kömək edə bilərlər?

15 Şeytanın məqsədi ailələri dağıtmaqdır. Buna görə də vacibdir ki, Allahın xidmətçiləri ailədə bir-birilə yaxşı əməkdaşlıq etsinlər. Neçə il ailəli olmağınızdan asılı olmayaraq, düşünün: sözlərinizlə  və əməllərinizlə ailənizi necə möhkəmləndirə bilərsiniz? Yığıncaqdakı yaşlılar cavan ailələrə bu sahədə kömək edə bilərlər. Hərdənbir cavan ər-arvadı öz ailəvi ibadətinizə dəvət edə bilərsiniz. Onlara öz nümunənizlə göstərə bilərsiniz ki, neçə il ailəli olmağın fərqi yoxdur, məhəbbət və birlik həmişə ailədə labüddür (Tit. 2:3—7).

«GƏLİN YEHOVANIN DAĞINA... QALXAQ»

16, 17. Allahın vəhdətdə olan xidmətçiləri nəyi səbirsizliklə gözləyirlər?

16 Bayram vaxtı Yerusəlimdəki məbəddə Yehovaya həmd edən israilliləri təsəvvürünüzə gətirin. Onlar Yerusəlimə gəlmək üçün yola tədarük görürdülər, yolda bir-birinə kömək edirdilər, Yerusəlimə çatanda isə məbəddə birlik içində ibadət edirdilər. Bütün bunlar üçün əməkdaşlıq etmək lazım idi (Luka 2:41—44). Biz də yeni dünyaya gedən yolda yeriyirik. Bizə də həmahəng surətdə birləşib əməkdaşlıq etmək lazımdır. Bunun üçün həmişə çalışmalıyıq. Düşünün, bəlkə, sizə bu sahəyə daha çox diqqət yetirmək lazımdır?

17 Qarşıda bizi gözəl gələcək gözləyir. Biz artıq qarmaqarışıq, parçalanmış dünyadan çıxmışıq. İndi Əşiya və Mikə peyğəmbərin dediyi sözlər gözümüzün qabağında yerinə yetir — Allahın xalqı vəhdət içində «Yehovanın dağına» qalxır (Əşy. 2:2—4; Mikə 4:2—4 ayələrini oxuyun). Həqiqətən də, «zamanın sonunda» Yehovaya etdiyimiz ibadət pak, ali zirvəyə ucalıb. Ancaq gün gələcək bütün bəşəriyyət həmahəng surətdə birləşib əməkdaşlıq edəcək. Həmin vaxt sevincimizin həddi-hüdudu olmayacaq, bəxtəvər insanlar olacağıq!