Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2016

Gənclər, vəftiz olunmağa hazırsınız?

Gənclər, vəftiz olunmağa hazırsınız?

«Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz?» (LUKA 14:28).

NƏĞMƏ: 120, 64

Növbəti iki məqalədə vəftiz olunmaq barədə düşünən gənclərə müraciət olunur

1, 2. a) Allahın xalqının sevincinə səbəb olan amillərdən biri hansıdır? b) Məsihi valideynlər və ağsaqqallar vəftizlə bağlı gənclərə nəyi başa salmalıdırlar?

AĞSAQQAL 12 yaşlı Kristoferə demişdi: «Mən səni körpəliyindən tanıyıram. Çox şadam ki, vəftiz olunmaq qərarına gəlmisən. Ancaq bir söz soruşmaq istəyirəm. Sən niyə vəftiz olunmaq istəyirsən?» Ağsaqqalın sualı yerində idi. Sözsüz ki, bütün dünyada hər il minlərlə gəncin vəftiz olunduğunu görmək bizi çox sevindirir (Vaiz 12:1). Bununla belə, valideynlər və yığıncağın ağsaqqalları əmin olmaq istəyirlər ki, gənclər bu qərarı öz xoşları ilə verməklə yanaşı, həm də düşünülmüş şəkildə veriblər.

2 Allahın Kəlamı göstərir ki, həsr olunma və vəftiz  məsihi yolunun başlanğıcıdır. Bu yolda insan həm Yehovadan xeyir-dualar alır, həm də Şeytanın hücumlarına məruz qalır (Məs. 10:22; 1 But. 5:8). Buna görə də valideynlər övladlarına Məsihin şagirdi olmağın nə demək olduğunu başa salmalıdırlar. Əgər gəncin valideynləri həqiqətdə deyilsə, onda yığıncağın ağsaqqalları ona Allaha həsr olunmağın və vəftiz olunmağın mənasını izah etməlidir. (Luka 14:27—30 ayələrini oxuyun.) Tikintini müvəffəqiyyətlə başa çatdırmaq üçün işi planlaşdırmaq vacib olduğu kimi, Yehovaya «axıra kimi» sadiq qalmaq üçün də hazırlaşmaq lazımdır (Mət. 24:13). Bəs ömür boyu Yehovaya xidmət etməyə əzmli olmaq üçün gənclər özləri nə edə bilərlər? Gəlin baxaq.

3. a) İsa Məsihlə həvari Butrusun sözlərindən vəftizin vacibliyi barədə nə öyrənirik? (Mət. 28:19, 20; 1 But. 3:21). b) Bu məqalədə hansı sualları araşdıracağıq və nə üçün?

3 Ola bilsin, siz də gəncsiniz və vəftiz olunmaq barədə düşünürsünüz. Bu, çox tərifəlayiqdir. Yehovanın Şahidi kimi vəftiz olunmaq böyük şərəfdir. Üstəlik, məsihi olmaq üçün vəftiz olunmaq tələbdir. Həmçinin bu, xilasa aparan yolda vacib bir addımdır (Mət. 28:19, 20; 1 But. 3:21). Siz vəftiz olunanda Yehovaya əbədiyyən xidmət etməyi vəd etdiyinizi göstərəcəksiniz. Yəqin ki, verdiyiniz vədə sadiq qalmaq istəyərsiniz. Buna görə də bu vacib addımı atmazdan əvvəl yaxşı hazırlaşmaq lazımdır. Növbəti suallar vəftiz olunmağa hazır olub-olmadığınızı görməyə kömək edəcək: 1) Bu qərarı vermək üçün kifayət qədər yetkinəm? 2) Vəftiz olunmağı ürəkdən arzulayıram? 3) Yehovaya həsr olunmağın nə demək olduğunu başa düşürəm? Gəlin bu sualları araşdıraq.

YETKİNLİK NƏ DEMƏKDİR?

4, 5. a) Nəyə görə vəftiz olunmaq üçün yaşca böyük olmaq tələb deyil? b) Məsihinin yetkin olması nə deməkdir?

4 Müqəddəs Kitabda deyilmir ki, yalnız  yaşı çox olan adamlar, yaxud həddi-büluğa çatanlar vəftiz olunmalıdır. Məsəllər 20:11 ayəsində yazılıb: «Hətta uşaq da əməllərindən tanınır, oturuşu-duruşu təmizmi, dürüstmü bəlli olur». Yaşı az olanlar da düzün davranmağın, Yaradana həsr olunmağın nə demək olduğunu başa düşə bilər. Beləliklə, yetkin olduğunu göstərən və özünü Yehovaya həsr edən gənc vəftiz oluna bilər. Bu, hətta onun üçün vacibdir (Məs. 20:7).

5 Bəs yetkinlik nə deməkdir? Bu, sadəcə insanın fiziki cəhətdən böyüməsi demək deyil. Müqəddəs Kitabda deyilir ki, yetkin insan «ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbr. 5:14). Beləliklə, yetkin insan Yehovanın gözündə nəyin düzgün olduğunu bilir və bu cür davranmağa qərarlıdır. Buna görə də belə adamlar tez aldanıb yollarını azmırlar, nə də onları düzgün davranmaq üçün hər dəfə bizləmək lazım gəlmir. Məntiqəuyğundur ki, vəftiz olunan gəncdən yanında valideynləri, yaxud böyüklərdən kimsə olmayanda belə Allahın qanunlarına uyğun hərəkət etməsi gözlənilir. (Filippililərə 2:12 ayəsi ilə müqayisə edin.)

6, 7. a) Babildə olarkən Dənyalın üzləşdiyi çətinlikləri danışın. b) Dənyal yetkin olduğunu necə göstərdi?

6 Bəs gənclər yetkin ola bilərlər? Gəlin Müqəddəs Kitabdan Dənyal peyğəmbərin nümunəsinə baxaq. Onu yeniyetmə olanda zorla valideynlərindən ayırıb Babilə sürgün etmişdilər. Dənyal birdən-birə tamamilə başqa əxlaq dəyərləri olan insanların arasına düşmüşdü. Onun vəziyyətini bir şey də çətinləşdirirdi: Babildə onunla xüsusi bir şəxs kimi rəftar edirdilər. O, padşahın hüzurunda durmaq üçün seçilən gənclərdən biri idi (Dən. 1:3—5, 13). Babildə Dənyalın qarşısında İsraildə heç vaxt açılmayan imkanlar açılmışdı.

7 Gənc Dənyal bütün bunlara necə yanaşdı? Babilin əzəməti, dəbdəbəsi onun gözlərini qamaşdırdı? Yeni mühitin onu dəyişməsinə, imanını məhv etməsinə yol verdi? Xeyr. Müqəddəs Kitabda deyilir ki, Babildə olanda Dənyal ürəyində qət etdi ki, yalan ibadətlə bağlı heç bir şeylə özünü murdarlamasın (Dən. 1:8). Dənyal sözün əsil mənasında yetkin idi!

Yetkin gənc özünü ibadət evində Allahın dostu, məktəbdə isə dünyanın dostu kimi aparmır (8-ci abzasa baxın)

8. Dənyalın nümunəsindən nə öyrənirik?

8 Dənyalın nümunəsindən nə öyrənirik? Əvvəla, yetkin gənc öz əqidəsində möhkəmdir. O, ətraf mühitə uyğunlaşmaq üçün buqələmun kimi rəngdən-rəngə düşmür. İbadət evində özünü Allahın dostu kimi, məktəbdə isə dünyanın dostu kimi aparmır. O, hərdəmxəyal deyil, hətta iman sınağı zamanı da məsləkindən dönmür. (Efeslilərə 4:14, 15 ayələrini oxuyun.)

9, 10. a) Sonuncu dəfə imanı sınağa çəkiləndə necə davrandığı barədə düşünməyin gəncə hansı faydası var? b) Vəftiz nə deməkdir?

9 Kamil insan yoxdur. Gənclər də böyüklər kimi vaxtaşırı səhvlərə yol verirlər (Vaiz 7:20). Bununla belə, vəftiz barədə düşünərkən yaxşı olar ki, özünüzü təhlil edəsiniz: nə dərəcədə Yehovanın qanunlarına bağlı qalmaq əzmindəsiniz? Özünüzdən soruşun: «Mən artıq neçə müddətdir Allahın qanunlarına riayət edirəm?» Sonuncu dəfə imanınız sınağa çəkiləndə necə davrandığınız barədə düşünün. Ağlınızı işlədərək yaxşını pisdən ayıra bilmişdiniz? Bəs əgər Şeytanın dünyasında, Dənyal  kimi, sizinlə də xüsusi insan kimi rəftar edirlərsə, onda necə? İstəkləriniz Yehovanın iradəsinə zidd gedəndə belə Onun iradəsini qavraya bilirsiniz? (Efes. 5:17).

10 Bu suallar şəxsi suallar olsa da, sizə kömək edəcək ki, vəftizə düzgün nöqteyi-nəzərdən yanaşasınız. Yuxarıda qeyd etdiyimiz kimi, vəftiz sizin Yehovaya vacib bir vəd verdiyinizi simvolizə edir. Bu vəd Onu əbədiyyən bütün qəlbinizlə sevəcəyiniz və xidmət edəcəyiniz vədidir (Mark 12:30). Vəftiz olunan hər kəs verdiyi vədə sadiq qalmağa qərarlı olmalıdır. (Vaiz 5:4, 5 ayələrini oxuyun.)

VƏFTİZ OLUNMAĞI ÜRƏKDƏN ARZULAYIRSINIZ?

11, 12. a) Vəftiz barədə düşünən kəs nəyə əmin olmalıdır? b) Vəftizə Yehova kimi yanaşmağa sizə nə kömək edə bilər?

11 Müqəddəs Kitabda deyilir ki, Yehovanın xalqı, gənclər də daxil olmaqla, xidmət etməyə hazır olacaq (Zəb. 110:3). Əgər vəftiz olunmaq barədə düşünürsünüzsə, əmin olmalısınız ki, bunu ürəkdən arzulayırsınız. Bunun üçün özünüzü yoxlamalısınız. Əgər həqiqətdə böyümüsünüzsə, bu, xüsusilə vacibdir.

12 İllər ərzində yəqin ki, çoxlarının vəftiz olunduğunu görmüsünüz. Ola bilsin, onların arasında həmyaşıdlarınız, bacı-qardaşınız olub. Belə olan halda ehtiyatlı olmaq lazımdır. Çünki sizdə yanlış olaraq belə təsəvvür yarana bilər ki, hamı həddi-büluğa çatanda vəftiz olunmalıdır. Vəftizə Yehova kimi yanaşdığınıza necə əmin ola bilərsiniz? Vəftiz olunmağın nəyə görə vacib olduğu barədə tez-tez düşünün. Bu və növbəti məqalədə bunun bir neçə səbəbini görəcəksiniz.

13. Vəftiz olunmağı ürəkdən arzuladığınızı necə müəyyən edə bilərsiniz?

13 Vəftiz olunmağı ürəkdən arzuladığınızı bir neçə yolla müəyyən edə bilərsiniz. Məsələn, əgər Yehovaya xidmət etməyi ürəkdən arzulayırsınızsa, bu, özünü dualarınızda büruzə verəcək. Gün ərzində neçə dəfə Yehovaya dua edirsiniz? Bəs dualarınız nə dərəcədə konkretdir? Bundan Yehova ilə münasibətlərinizin nə qədər yaxın olduğu bəlli olur (Zəb. 25:4). Yehova çox vaxt dualarımıza diqqətimizi Müqəddəs Kitaba yönəldərək cavab verir. Buna görə də Müqəddəs Kitabı necə mütaliə etdiyinizə fikir verin. Çünki bu göstərir ki, siz həqiqətən də Yehovaya yaxınlaşmaq və sidqi-ürəkdən Ona xidmət etmək istəyirsiniz, ya yox (Yuş. 1:8). Özünüzdən soruşun: «Dualarım nə dərəcədə konkretdir? Müqəddəs Kitabı müntəzəm olaraq mütaliə edirəm?» Əgər ailənizdə ailəvi ibadət keçirilirsə, düşünün: ailəvi ibadətdə həvəslə iştirak edirsiniz? Bu suallara verdiyiniz cavabdan vəftiz olunmağı ürəkdən istəyib-istəmədiyiniz aydın olacaq.

HƏSR OLUNMAQ NƏ DEMƏKDİR?

14. Həsr olunma ilə vəftiz arasındakı fərqi izah edin.

14 Bəzi gənclər həsr olunma ilə vəftizin fərqini başa düşmür. Məsələn, bəziləri deyir ki, Yehovaya həsr olunublar, amma vəftiz olunmağa hələ hazır deyillər. Ancaq bu, necə mümkündür? İnsan Yehovaya həsr olunanda dua edib deyir ki, əbədiyyən Ona xidmət edəcək. Vəftiz olunanda isə Yehovaya həsr olunduğunu insanlara göstərir. Beləliklə,  vəftiz təklikdə dua edib özünü Yehovaya həsr etdiyini camaat qarşısında bəyan etməkdir. Vəftiz olunmazdan əvvəl Allaha həsr olunmağın nə demək olduğunu başa düşmək lazımdır.

15. Həsr olunma nə deməkdir?

15 Sadə dillə desək, özünüzü Yehovaya həsr edəndə artıq həyatınız öz əlinizdə olmur. Siz Yehovaya vəd edirsiniz ki, Onun iradəsini yerinə yetirməyi həyatınızda hər şeydən üstün tutacaqsınız. (Mətta 16:24 ayəsini oxuyun.) Əslində, hər bir vədə ciddi yanaşmaq lazımdır, o ki qalmışdı Yehova Allaha verilən vədə! (Mət. 5:33). Bəs özünüzü inkar etdiyinizi, Yehovaya məxsus olduğunuzu necə göstərə bilərsiniz? (Rom. 14:8).

16, 17. a) Özünü inkar etmək nə deməkdir? b) İnsan özünü Yehovaya həsr edəndə mahiyyət etibarilə nə deyir?

16 Tutaq ki, dostunuz sizə avtomobil hədiyyə edir. Maşının sənədlərini sizə verib deyir: «Maşın sənindir». Ancaq sonra əlavə edir: «Açarlar məndə qalacaq. Maşını da özüm sürəcəyəm». Belə «hədiyyə»yə nə deyərdiniz? Bəs dostunuz barədə nə fikirləşərdiniz?

17 İnsan həyatını Yehovaya həsr edəndə Ona deyir: «Həyatımı Sənə verirəm, mən artıq Sənə məxsusam». Yehova haqlı olaraq həmin adamdan verdiyi vədə sadiq qalmağı gözləyir. Bəs əgər bu adam imanına şərik olmayan kəslə görüşərək ikili həyat sürməyə başlasa, yaxud canla-başla xidmət etməyə, yığıncaqlara gəlməyə mane olan işə düzəlsə, onda necə? Belə adam avtomobili verib, açarları özündə saxlayan adama bənzəməz? Özünü Yehovaya həsr edən adam mahiyyət etibarı ilə Ona deyir: «Həyatım artıq mənə yox, Sənə məxsusdur. Əgər Sənin istəyinlə mənim istəyim üst-üstə düşməsə, həmişə Sənin dediyin olacaq». İsa da məhz bu cür düşünürdü. O, yer üzündə olanda demişdi: «Mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm» (Yəh. 6:38).

18, 19. a) Roza və Kristoferin sözlərindən vəftiz olunmağın insana xeyir-dua gətirdiyi necə görünür? b) Vəftiz olunmaq barədə nə düşünürsünüz?

18 Vəftiz çox ciddi addımdır. Heç kəs buna başdansovdu yanaşmamalıdır. Eyni zamanda özünü Yehovaya həsr etmək, vəftiz olunmaq böyük şərəfdir. Yehovanı sevən, həsr olunmağın mənasını başa düşən gənclər vəftiz olunmağa tərəddüd etmirlər. Vəftiz olunanlar isə heç vaxt bu qərarlarına görə peşmançılıq çəkmirlər. Roza adlı vəftiz olunmuş yeniyetmə deyir: «Mən Yehovanı sevirəm. Heç nə məni Ona xidmət etmək qədər xoşbəxt edə bilməz. Hələ heç bir qərarımın düzgünlüyünə vəftiz olunmaq qərarı qədər arxayın olmamışam».

19 Bəs məqalənin əvvəlində adı çəkilən Kristofer barədə nə demək olar? O, 12 yaşında olanda vəftiz olunmaq qərarına gəlmişdi. İndi deyir ki, bu qərarına görə çox sevinir. Kristofer 17 yaşında öncül xidmətinə başlamışdı, 18 yaşında yığıncaq xidmətçisi təyin olunmuşdu, bu gün isə Beyteldə xidmət edir. O deyir: «Vəftiz olunmaq qərarı düzgün qərar idi. Həyatım Yehova üçün, Onun təşkilatı üçün çalışmaqdan ibarətdir və bu, mənə böyük sevinc bəxş edir». Əgər siz də vəftiz olunmaq barədə düşünürsünüzsə, buna necə hazırlaşa bilərsiniz? Bu suala növbəti məqalədə cavab veriləcək.