Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2016

Qoymayın kiminsə səhvi sizi büdrətsin!

Qoymayın kiminsə səhvi sizi büdrətsin!

«Bir-birinizi ürəkdən bağışlayın» (KOL. 3:13).

NƏĞMƏ: 121, 75

1, 2. Müqəddəs Kitabda Yehovanın xalqının artımı barədə hansı peyğəmbərlik yazılıb?

YEHOVA ALLAHIN sadiq xidmətçilərindən, Onun Şahidlərindən ibarət təşkilatın tayı bərabəri yoxdur. Bu ümumdünya təşkilat qeyri-kamil insanlardan ibarət olsa da, Allahın müqəddəs ruhu sayəsində böyüyür və çiçəklənir. Gəlin görək Yehova Allah qeyri-kamil, ancaq hazırlıq ruhu göstərən xalqı vasitəsilə hansı möhtəşəm işləri həyata keçirir.

2 1914-cü ildə axırzaman başlayanda Allahın xalqının sayı çox az idi. Lakin Yehova onların təbliğ işinə bərəkət verdi. O vaxtdan bəri milyonlarla insan Müqəddəs Kitab həqiqətlərini öyrənərək Yehovanın Şahidi olub. Bu möhtəşəm artım barədə Yehova Allah peyğəmbərlik edərək demişdi: «Ən kiçiyindən min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm» (Əşy. 60:22). Bu peyğəmbərlik məhz axırzamanda yerinə yetir. Buna görə də hal-hazırda Allahın xalqının sayı bir çox xalqın əhalisindən çoxdur.

3. Allahın xidmətçiləri insanları sevdiklərini necə göstərirlər?

 3 Axırzaman başlayandan bu yana Yehova Öz xalqına həmçinin Onun ən əsas xüsusiyyəti olan məhəbbəti inkişaf etdirməyə kömək edir (1 Yəh. 4:8). Allahın məhəbbətini əks etdirən İsa Məsih davamçılarına demişdi: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin... Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35). Yaxın keçmişdə baş vermiş böyük miqyaslı müharibələr zamanı məsihilərə bu əmrə riayət etmək xüsusilə vacib idi. Misal üçün, təkcə İkinci Dünya Müharibəsi 55 milyon insanın həyatına son qoymuşdu. Yehovanın Şahidləri isə bu qırğında iştirak etməmişdilər. (Mikə 4:1, 3 ayələrini oxuyun.) Bunun sayəsində onlar «hər kəsin qanından təmiz» oldular (Həv. 20:26).

4. Nəyə görə Yehovanın xalqının artımı diqqətəlayiqdir?

4 Dünya «bu dövrün allahı» olan Şeytanın əlində olsa da, Yehovanın xalqı günü-gündən artmaqdadır (2 Kor. 4:4). Dünyanın siyasi sistemi və kütləvi informasiya vasitələri Şeytanın əlindədir. Lakin o, müjdənin yayılmasının qarşısını heç cür ala bilmir. Vaxtının az olduğunu bilərək Şeytan insanları müxtəlif vasitələrlə həqiqi ibadətdən yayındırmağa çalışır (Vəhy 12:12).

SƏDAQƏTİMİZ SINANANDA

5. Nəyə görə insanlar bəzən xətrimizə dəyirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 Məsihi yığıncaqlarında Allaha və insanlara məhəbbət xüsusilə vurğulanır. İsa Məsih də məhz bunu demişdi. Ondan soruşanda ki, ən böyük əmr hansıdır o, belə cavab vermişdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir. İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”» (Mət. 22:35—39). Təəssüf ki, Müqəddəs Kitabda deyildiyi kimi Adəmin günahına görə hamı qeyri-kamil doğulur. (Romalılara 5:12, 19 ayələrini oxuyun.) Buna görə də, ola bilsin, hərdən yığıncaqda kimsə öz hərəkəti və ya sözü ilə xətrimizə dəysin. Bu bizim Yehovaya və Onun xalqına olan sevgimizi sınaya bilər. Belə vəziyyətdə biz necə davranacağıq? Keçmişdə yaşamış Allahın sadiq xidmətçiləri belə, sözləri və əməlləri ilə başqalarını incitmiş, onlara yara vurmuşdular. Müqəddəs Kitabın bu haqda nə dediyindən çox şey öyrənə bilərik.

Əlinin və oğullarının dövründə yaşasaydınız, onların hərəkətləri sizə necə təsir edərdi? (6-cı abzasa baxın.)

6. Baş kahin Əli hansı səhvə yol verdi?

6 Götürək baş kahin Əlini. Onun Yehovanın qanunlarına riayət etməyən iki oğlu var idi. Allahın Kəlamında yazılıb: «Əlinin oğulları yaramaz adamlar idilər, Yehovaya hörmət etmirdilər» (1 İşm. 2:12). Həqiqi ibadətin qorunub saxlanmasında Əli əsas rol oynasa da, oğulları çox ciddi günahlara yol verirdilər. Əlinin bütün baş verənlərdən xəbəri var idi, amma buna başdansovdu yanaşırdı. Nəticədə Yehova Allah Əlinin ailəsinə qarşı hökm çıxartdı (1 İşm. 3:10—14). Onun nəslindən daha heç kim baş kahin kimi xidmət etməyəcəkdi. Əgər o dövrdə yaşasaydınız, Əlinin oğullarının günahlarına göz yummağı sizə necə təsir edərdi? Buna görə Allaha xidməti dayandırardınız?

7. Davud padşah hansı ağır günahı işləmişdi və Allah bu vəziyyətdə necə davrandı?

7 Davud peyğəmbər Yehovanın «könlünə yatan adam» idi (1 İşm. 13:13, 14; Həv. 13:22). Lakin o, Badsəba ilə əxlaqsızlıq etdi. Badsəba hamilə qaldı. Bütün bunlar Badsəbanın əri Uryay müharibədə  olanda baş vermişdi. O, qısa müddətə döyüşdən qayıdanda Davud onu evinə göndərməyə çalışırdı. Düşünürdü ki, Uryay Badsəba ilə yaxınlıq edər və hamı elə bilər, uşağın atası odur. Ancaq Uryay evinə getmədi. Buna görə də Davud işləri elə düzüb-qoşdu ki, onu döyüşdə öldürsünlər. Bu cinayət Davuda baha başa gəldi, həm özünün, həm də ailəsinin başına bəlalar gətirdi (2 İşm. 12:9—12). Buna baxmayaraq, Allah Davudu bağışladı, çünki o, Allah qarşısında sidqi-ürəklə yeriyirdi (1 Pad. 9:4). Əgər Davud peyğəmbərin dövründə yaşasaydınız, baş verənlər sizə necə təsir edərdi? Davud padşahın hərəkəti sizi büdrədərdi?

8. a) Həvari Butrus verdiyi sözə necə naxələf çıxdı? b) Butrus səhv etsə də, nəyə görə Yehova onun üstündən xətt çəkmədi?

8 Müqəddəs Kitabda bu mövzu ilə bağlı başqa bir nümunə də var. Bu, həvari Butrusdur. İsa Məsih onu həvari seçmişdi. Ancaq Butrus hərdən elə hərəkətlərə yol verirdi, elə sözlər deyirdi ki, sonra peşman olurdu. Misal üçün, bir dəfə o, əminliklə demişdi ki, hamı İsadan üz döndərsə də, o, heç vaxt bunu etməz (Mark 14:27—31, 50). Bununla belə, İsa həbs olunanda, Butrus da daxil olmaqla, bütün həvarilər onu tərk etdi. Bu azmış kimi, Butrus İsanı tanıdığını belə inkar etmişdi (Mark 14:53, 54, 66—72). Bu hərəkətinə görə Butrus peşman oldu, buna görə də Yehova onu bağışladı və yenə Ona xidmət etməyə izin verdi. Əgər siz o vaxt şagirdlərin arasında olsaydınız, Butrusun hərəkəti Yehovaya sədaqətinizi sarsıdardı?

9. Nəyə görə əminsiniz ki, Allah həmişə ədalətlə davranır?

9 Yuxarıda gətirilənlər cəmi bir neçə nümunədir. Həm uzaq keçmişdə, həm də bizim dövrdə Allahın xidmətçilərinin arasından günah işləyən, başqalarını öz hərəkətləri ilə yaralayan bir çox insanın adını çəkmək olar. Ancaq əsas məsələ bu deyil, əsas odur ki, siz bacı-qardaşların səhvlərinin sizi büdrətməsinə yol verəcəksiniz? Buna görə Yehovanı və  Onun xalqını tərk edəcəksiniz? Yoxsa Yehovanın günah işləyən adama tövbə etmək üçün vaxt verdiyini və öz vaxtında hər şeyi ədalətlə həll edəcəyini düşünüb gözləyəcəksiniz? Hərdən ciddi günah işləyənlər Yehovanın mərhəmətini rədd edir və tövbə etmirlər. Belə halda Yehova günahkara vaxtı çatanda lazımi hökmü çıxaracaq. Lazım gəlsə, hətta yığıncaqdan kənar edəcək.

ALLAHA SADİQ QALIN

10. Yəhuda İskəryutun və Butrusun səhvləri ilə bağlı İsa Məsih nəyi anlayırdı?

10 Müqəddəs Kitabda Allahın bir çox sadiq xidmətçilərinin nümunəsi gətirilib. Başqalarının səhvlərinə baxmayaraq, onlar Yehovadan və Onun xalqından üz döndərməyiblər. Misal üçün, bütün gecəni dua etdikdən sonra İsa Məsih 12 həvari seçdi. Yəhuda İskəryut da onların sırasında idi. Sonradan o, Məsihə xəyanət etdi. Bu azmış kimi, hələ Butrus da onu inkar etdi. Ancaq İsa yol vermədi ki, bütün bunlar onun səmavi Atası ilə münasibətlərinə xələl gətirsin (Luka 6:12—16; 22:2—6, 31, 32). İsa başa düşürdü ki, onların hərəkətlərinə görə nə Yehova, nə də Onun xalqı günahkar deyil. Davamçıları hərdən onu kədərləndirsələr də, o, işini dayandırmadı. Bütün bunların əvəzində Yehova İsaya mükafat verdi, onu dirildib səmavi Padşahlığında Padşah təyin etdi (Mət. 28:7, 18—20).

11. Allahın Kəlamında Yehovanın müasir xidmətçiləri barədə hansı peyğəmbərlik yazılıb?

11 İsanın nümunəsi bizi Yehovaya və Onun xalqına sadiq qalmağa təşviq edir. Buna tutarlı səbəbimiz var. Biz Yehova Allahın Öz xidmətçiləri vasitəsilə bu axırzamanda nələri həyata keçirdiyini görəndə heyrətə gəlirik! Yehovanın müxtəlif millətlərdən ibarət xalqı həqiqəti dünya miqyasda təbliğ edən yeganə xalqdır. Çünki Yehova yalnız bu xalqı hidayət edir. Əşiya 65:14 ayəsində Allahın xalqının ruhani vəziyyəti bu cür təsvir olunur: «Qullarım ürək coşqunluğundan hayqıracaq».

12. Başqalarının səhvlərinə necə yanaşmalıyıq?

12 Biz çox şadıq ki, Yehova Allahın rəhbərliyi altında bu cür gözəl işlər görə bilirik. Amma Şeytan dünyası get-gedə gələcəyə bütün ümidini itirir və demək olar ki, yasa batıb. Odur ki gəlin düşünək, bir-iki nəfərin səhvinə görə Yehovanı və Onun xalqını tərk etmək nə dərəcədə ağıllı hərəkətdir? Biz Yehovaya sədaqətimizi qorumalı və Onun göstərişlərinə riayət etməliyik. Bundan əlavə, başqalarının səhvlərinə düzgün yanaşmağı öyrənməliyik.

BİR-BİRİNİZİ BAĞIŞLAYIN

13, 14. a) Nəyə görə bir-birimizə qarşı səbirli olmalıyıq? b) Hansı vədi həmişə yadda saxlamalıyıq?

13 Bacı-qardaşlarımızdan kimsə xətrimizə dəyəndə, yaxud bizi yaralayanda necə davranmalıyıq? Müqəddəs Kitabda buna dair gözəl bir prinsip var: «Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:9). Nəzərə almalıyıq ki, bəşəriyyətin kamilliyi itirməsindən nə az, nə çox düz 6000 il keçib və qeyri-kamil insanlar səhvlər etməyə meyillidirlər. Bu səbəbdən də həmimanlılarımızdan həddən artıq çox şey gözləməməliyik. Üstəlik, fikrimizi onların səhvlərinə cəmləməliyik, yoxsa Allaha xidmət bizə sevinc gətirməyəcək. Ən betəri isə getdikcə Yehovaya imanımız zəifləyəcək və Onun təşkilatını tərk edəcəyik. Bununla da həm Allahın iradəsini yerini yetirmək şərəfini,  həm də yeni dünyada əbədi yaşamaq ümidini itirəcəyik.

14 Sevincimizi və ümidimizi qorumaq üçün Yehova Allahın verdiyi vədi həmişə yadda saxlamalıyıq: «Budur, Mən yeni göylər və yeni yer yaradıram, köhnə şeylər yada düşməyəcək, daha xatırlanmayacaq» (Əşy. 65:17; 2 But. 3:13). Qoymayın başqalarının səhvləri sizi bu xeyir-dualardan məhrum etsin!

15. İsa Məsihin sözlərinə əsasən, kimsə xətrimizə dəyəndə necə davranmalıyıq?

15 Biz hələ ki cənnətdə deyilik, hələ bu dünyada yaşayırıq. Buna görə də xətrimizə dəyən olacaq. O zaman düşünməliyik: «Bu vəziyyətdə Allah mənim necə davranmağımı istəyir?» Məsələn, İsa Məsihin dediyi bir prinsipi yadımıza sala bilərik: «Əgər insanların təqsirlərini bağışlayırsınızsa, göydəki Atanız da sizi bağışlayacaq. Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq». Həmçinin İsanın bağışlamaqla bağlı Butrusun sualına verdiyi cavabın üzərində düşünə bilərik. Butrus soruşmuşdu ki, ona qarşı günah edən adamı o, neçə dəfə bağışlamalıdır, yeddi dəfə? İsa demişdi: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan». İsa Məsih demək istəyirdi ki, biz həmişə bağışlamağa hazır olmalıyıq (Mət. 6:14, 15; 18:21, 22).

16. Yusif bizə necə nümunə qoyub?

16 Kimsə bizi yaralayanda Yusifdən nümunə götürə bilərik. Yusif Yaqub peyğəmbərin Rəhilədən doğulan iki oğlundan birincisi idi. Yusifin on ögey qardaşı da var idi. Onlar onun paxıllığını çəkirdilər, çünki ataları Yusifi onlardan çox istəyirdi. Onlar Yusifə o dərəcədə nifrət etməyə başladılar ki, onu qul kimi satdılar. İllər keçdi, Misir hökmdarı Yusifin yaxşı işlərini görüb onu ölkədə ikinci adam təyin etdi. O ərazini aclıq bürüyəndə Yusifin qardaşları ərzaq almaq üçün Misirə gəldilər, amma onu tanımadılar. Yusif səlahiyyətindən istifadə edib qardaşlarından qisas ala bilərdi. Ancaq o bunu etmədi, qardaşlarının dəyişib-dəyişmədiyini yoxladı. Qardaşlarının dəyişdiyinə əmin olanda Yusif kim olduğunu onlara açdı. Sonralar isə Yusif onlara demişdi: «Narahat olmayın, mən nə sizi, nə də uşaqlarınızı ac qoymayacağam». Allahın Kəlamında bu barədə yazılıb: «Bu sözlərlə Yusif qardaşlarına ürək-dirək verib onları arxayın etdi» (Yar. 50:21).

17. Başqaları sizə qarşı günah işləyəndə, necə davranacaqsınız?

17 Hamı səhvlər etdiyi üçün, yəqin siz də kiminsə qəlbinə toxunmusunuz. Əgər belə bir şey baş veribsə, Müqəddəs Kitab məsləhətinə əməl edərək xətrinə dəydiyiniz insana yaxınlaşıb ondan üzr istəyin və aranızdakı münasibəti düzəltməyə çalışın. (Mətta 5:23, 24 ayələrini oxuyun.) Başqaları bizi bağışlayanda bizə xoş olduğu kimi, gəlin biz də başqalarını bağışlayaq ki, onlara da xoş olsun. Koloslulara 3:13 ayəsində deyilir: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız». 1 Korinflilərə 13:5 ayəsində deyildiyi kimi əsl məhəbbət «ona edilən pisliyin hesabını tutmur». Biz başqalarını bağışladığımız təqdirdə Yehova da bizi bağışlayacaq. Buna görə də kimsə bizə qarşı günah edəndə gəlin əsl məsihi kimi davranaq, Yehova Allahımız bizə mərhəmət göstərdiyi kimi, biz də ona mərhəmət göstərək. (Zəbur 103:12—14 ayələrini oxuyun.)