Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2016

Belində qələm-davat olan adam İsa Məsihi təmsil edir. O, böyük müsibətdə xilas hökmü çıxardığı insanların, yəni böyük izdihamın üzvlərinin alnına məcazi mənada işarə qoyacaq

Oxucuların sualları

Oxucuların sualları

Hizqiyalın vəhydə gördüyü belində qələm-davat olan adam və əli toppuzlu altı nəfər kimi təmsil edir?

Onlar Yerusəlimin məhvində iştirak etmiş və Armageddonda Şeytan dünyasının məhvində iştirak edəcək səmavi ordunu təmsil edir. Nəyə əsasən demək olar ki, bu yeni izahat məntiqlidir?

Yerusəlim b. e. ə. 607-ci ildə məhv olmazdan qabaq Yehova Allah Hizqiyal peyğəmbərə vəhy verir. Allah ona əvvəlcə Yerusəlimdə baş verən murdar işləri göstərir. Sonra peyğəmbər əli toppuzlu altı nəfər görür. Onların yanında kətan paltarlı, belində qələm-davat olan bir nəfər də var idi (Hizq. 8:6—12; 9:2, 3). Bu adama şəhəri dolaşıb «şəhərdə törədilən bütün iyrənc əməllərə görə ah-nalə edənlərin alnına işarə qoy»maq buyrulur. Sonra əli toppuzlu adamlara alnında işarə olmayan insanları qırmaq əmri verilir (Hizq. 9:4—7). Bu vəhydən nə öyrənirik və belində qələm-davat olan adam kimdir?

Bu vəhy bir peyğəmbərlik idi. O, Hizqiyala eramızdan əvvəl 612-ci ildə verilmişdi. Bu peyğəmbərlik birinci dəfə nazil olandan beş il sonra, yəni e. ə. 607-ci ildə, Babil qoşunu Yerusəlimi məhv edəndə yerinə yetdi. Babillilər bütpərəst olsalar da, Yehova onların əli ilə dönük xalqını cəzalandırdı (Ərm. 25:9, 15—18). Ancaq Yehova bütün xalqı ucdantutma qırmadı. Şər insanların oduna salehlər də məhv olmadı, şəhərdə törədilən murdar əməlləri götürə bilməyən yəhudiləri Allah sağ saxladı.

Hizqiyal peyğəmbər insanların alnına işarə qoymaqda və məhvdə iştirak etmirdi. Hökmü icra etmək mələklərin üzərinə düşürdü. Bu peyğəmbərliyin sayəsində biz səmavi aləmdə baş verənləri görə bilərik. Yehova Allah mələklərə yalnız şər insanları məhv etməyi buyurmamışdı, onlara həmçinin saleh insanları xilas etməyi də tapşırmışdı *.

Əvvəllər bu peyğəmbərliyi bizim dövrlə bağlı bu cür izah edirdik: belində qələm-davat olan adam yer üzündə yaşayan məsh olunmuşları təmsil edir. İnsanlar xoş xəbərə hay verəndə isə xilas əlaməti olaraq işarələnirlər. Lakin son illər belə qənaətə gəldik ki, bu izahata dəyişiklik etmək lazımdır. Mətta 25:31—33 ayələrinə əsasən, insanlar arasında seçim etmək və hökm çıxarmaq məsuliyyəti İsa Məsihin üzərinə düşür. O, son hökmü böyük müsibətdə verəcək, «qoyunları», yəni xilas olacaq insanları, «keçilərdən», ölüm hökmü kəsilən insanlardan ayıracaq.

Bu vəhyin yeni izahatından ən azı beş şey öyrənirik:

  1. Yerusəlimin məhvinə yaxın dövrdə Hizqiyal Əşiya peyğəmbər və müasiri Ərəmya peyğəmbər kimi «gözətçi» vəzifəsini icra edirdi. Bu gün isə Yehova Allah «gözətçi» vəzifəsini az sayda məsh olunmuşdan ibarət bir qrup insana tapşırıb. Onlar Allahın xalqını ruhani qida ilə təmin edir və insanları böyük müsibət barədə xəbərdar edirlər. Məsihin evindəki qulluqçular isə onlarla birgə xəbərdarlıq işində iştirak edirlər (Mət. 24:45—47).

  2. Hizqiyal kimi Allahın müasir xalqı da insanların işarələnməsində iştirak etmir. Onlar, sadəcə olaraq, mələklərin rəhbərliyi altında  Yehovanın xəbərini insanlara çatdırırlar (Vəhy 14:6).

  3. Hizqiyalın dövründə olduğu kimi, bu gün də heç kəsin alnına hərfi mənada işarə qoyulmur. Artıq deyildiyi kimi, bu, məcazi məna daşıyır. Bəs işarələnmək üçün insan nə etməlidir? O, xoş xəbərə hay verməli, özündə məsihi xüsusiyyətləri yetişdirməli, həyatını Yehovaya həsr etməli və Məsihin qardaşlarını dəstəkləməlidir (Mət. 25:35—40). Bu addımları atan insanın alnına böyük müsibətdə xilas əlaməti olaraq işarə qoyulacaq.

  4. Belində qələm-davat olan adam İsa Məsihi təmsil edir. O, böyük müsibətdə xilas hökmü çıxardığı insanların, yəni böyük izdihamın üzvlərinin alnına məcazi mənada işarə qoyacaq. Həmin kəslər yer üzündə əbədi yaşayacaqlar (Mət. 25:34, 46) *.

  5. Əli toppuzlu altı nəfər Məsihin öz başçılığı altında olan səmavi ordusunu təmsil edir. Tezliklə onlar bütün xalqları, yəni Allaha itaət etməyən insanları və pisliyi yox edəcəklər (Hizq. 9:2, 6, 7; Vəhy 19:11—21).

Bunları başa düşməyimiz bizi daha da əmin edir ki, Yehova Allah heç vaxt pislərlə yanaşı saleh insanları da məhv etmir (2 But. 2:9, 10; 3:9). Biz həmçinin müjdəni təbliğ etməyimizin vacibliyini anlayırıq. Son gəlməzdən öncə hər kəs xoş xəbəri eşitməlidir (Mət. 24:14).

^ abz. 6 Bərux (Ərəmyanın katibi), həbəş Əbədməlik və rəhablılar xilas olanlardan idilər (Ərm. 35:1—19; 39:15—18; 45:1—5). Onların alınlarına hərfi mənada yox, məcazi mənada işarə qoyulmuşdu.

^ abz. 12 Sadiq məsh olunmuşların alnına xilas işarəsi qoymağa ehtiyac yoxdur. Böyük müsibətə qədər ölən məsh olunmuşlar sonuncu dəfə ölməzdən əvvəl möhürlənir, digərləri isə «böyük müsibət» başlamazdan bir az əvvəl möhürlənəcək (Vəhy 7:1, 3).