Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  iyul 2016

Oxucuların sualları

Oxucuların sualları

«Hizqiyal» kitabının 37-ci fəslindəki iki çubuğun birləşməsi nəyi təmsil edir?

Yehova Hizqiyal peyğəmbərə İsrail xalqının vəd olunmuş diyara qayıdandan sonra birləşəcəyini xəbər vermişdi. Bu, həmçinin Allahın xalqının axırzamanda birləşəcəyinə dair peyğəmbərlik idi.

Yehova Allah Hizqiyal peyğəmbərə iki çubuq götürüb üstünə yazı yazmağı buyurmuşdu. Peyğəmbər bir çubuğun üstünə «Yəhuda və onunla olan İsrail xalqı üçün», digərinin üstünə «Əfraimin çubuğu Yusif üçün və onunla olan İsrail evi üçün» yazmalı idi. Sonra peyğəmbər bu çubuqları birləşdirib «bir çubuq» halına gətirməli idi (Hizq. 37:15—17).

 Çubuqlardan birinin üstündəki «Əfraim» yazısı hansı mənanı daşıyır? Onqəbiləli şimal padşahlığının ilk padşahı Ərubam ən nüfuzlu qəbilə olan Əfraim qəbiləsindən idi (Qan. 33:13, 17; 1 Pad. 11:26). Bu qəbilə Yusifin oğlu Əfraimdən törəmişdi (Say. 1:32, 33). Atası Yaqub Yusifə xüsusi xeyir-dua vermişdi. Bütün bu şeyləri nəzərə alsaq, məntiqlidir ki, üzərində Əfraimin adı yazılan çubuq onqəbiləli padşahlığı təmsil edirdi. Hizqiyal iki çubuq barədə peyğəmbərliyi yazanda şimal padşahlığının əhalisinin Aşşura əsir aparıldığı vaxtdan, yəni b. e. ə. 740-cı ildən xeyli müddət keçmişdi (2 Pad. 17:6). Nəticədə, İsrail xalqının əksəriyyəti Aşşur imperiyasını əvəz edən Babil imperiyasına yayılmışdı.

B. e. ə. 607-ci ildə ikiqəbiləli cənub padşahlığı və ehtimal ki, şimal padşahlığının qalan əhalisi Babilə sürgün edilmişdi. İkiqəbiləli padşahlığı Yəhuda qəbiləsindən olan padşahlar idarə edirdi. Kahinlər də Yəhudada yaşayırdı, çünki onlar Yerusəlimdəki məbəddə xidmət edirdilər (2 Saln. 11:13, 14; 34:30). Buna görə də məntiqlidir ki, «Yəhuda... üçün» olan çubuq ikiqəbiləli padşahlığı təmsil edir.

Bu peyğəmbərlik nə vaxt yerinə yetdi, yəni çubuqlar nə vaxt birləşdi? İsraillilər məbədi bərpa etmək üçün b. e. ə. 537-ci ildə Yerusəlimə qayıdanda. Həm ikiqəbiləli, həm də onqəbiləli padşahlığın təbəələri əsirlikdən birlikdə qayıtmışdı. Daha onların arasında parçalanma yox idi (Hizq. 37:21, 22). Onlar yenidən yekdil şəkildə Yehovaya ibadət edirdilər. Əşiya və Ərəmya peyğəmbər də bu barədə peyğəmbərlik etmişdi (Əşy. 11:12, 13; Ərm. 31:1, 6, 31).

Hizqiyalın peyğəmbərliyində pak ibadətlə bağlı nə açıqlanır? Peyğəmbərlikdən məlum olur ki, Yehova Ona ibadət edənləri birləşdirəcək (Hizq. 37:18, 19). Demək olarmı ki, bu peyğəmbərlik bizim günlərdə də yerinə yetir? Bəli, demək olar. Bu peyğəmbərlik 1919-cu ildə Yehova Öz xalqını təmizləyəndə, yenidən təşkil edəndə və birləşdirəndə yerinə yetməyə başladı. Şeytanın əsrlər boyu Yehovanın xalqını parçalamaq cəhdləri boşa çıxdı.

Həmin dövrdə Allahın birləşdirdiyi xalqın əksər hissəsi Məsihlə birgə göydə padşah və kahin olmağa ümid edənlərdən ibarət idi (Vəhy 20:6). Onlar Yəhuda üçün olan çubuğu təmsil edirdilər. Lakin vaxt keçdikcə yerdə yaşamaq ümidi olan çoxlu sayda insan bu ruhani yəhudilərə qoşulmağa başladı (Zək. 8:23). Onlar Yusif üçün olan çubuğu təmsil edirdi və Məsihlə birgə hakimiyyət sürmək ümidinə malik deyildilər.

Bu gün hər iki qrup peyğəmbərlikdə «qulum Davud» adlanan İsa Məsihin rəhbərliyi altında Yehovaya birlikdə ibadət edir (Hizq. 37:24, 25). İsa Məsih duada xahiş etmişdi ki, Atası onunla və o, Atası ilə vəhdətdə olduğu kimi, davamçıları da vəhdətdə olsunlar * (Yəh. 17:20, 21). İsa peyğəmbərlik etmişdi ki, «kiçik sürü», yəni onun məsh olunmuş davamçıları «başqa qoyunlar»la bir sürüdə birləşəcək. «Onların bir çobanı olacaq» (Yəh. 10:16). İsa Məsihin sözləri Yehovanın xalqının, həm göydə, həm də yerdə yaşamaq ümidinə malik olanların arasındakı birliyi gözəl şəkildə təsvir edir.

^ abz. 10 İsa şagirdlərinə dövrün sonu barədə danışanda bir neçə məsəl çəkmişdi. İlk öncə o, «sadiq və ağıllı nökər» barədə, yəni məsh olunmuş qardaşlarından ibarət və rəhbərliyi üzərinə götürəcək kiçik bir qrup barədə danışmışdı (Mət. 24:45—47). Sonra o, əsasən göydə yaşamaq ümidinə malik olanlara aid məsəl çəkmişdi (Mət. 25:1—30). Sonda İsa məsh olunmuş qardaşlarına dəstək olacaq yerdə yaşamaq ümidinə malik insanlardan söz açır (Mət. 25:31—46). Hizqiyalın peyğəmbərliyi də bizim dövrdə, ilk növbədə, məsh olunmuş məsihilərə aiddir. Düzdür, adətən, onqəbiləli padşahlıq yerdə yaşamağa ümid edənləri təmsil etmir, amma Hizqiyalın peyğəmbərliyində təsvir olunan birlik bizə məsh olunmuşlarla yer üzündə yaşamaq ümidinə malik olanların arasındakı birliyi xatırladır.