Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2016

 BİOQRAFİYA

Yehova xidmətimə uğur verir

Yehova xidmətimə uğur verir

Zabitə dedim ki, döyüşə getmədiyim üçün artıq həbsdə yatmışam. Soruşdum: «Məni yenə həbs edəcəksiniz?» Bu söhbət məni ikinci dəfə Birləşmiş Ştatlar ordusunda xidmət etməyə çağıranda olmuşdu.

MƏN 1926-cı ildə Birləşmiş Ştatların Ohayo ştatının Kruksvil kəndində doğulmuşam. Ailədə səkkiz uşaq idik. Atamla anam dindar olmasalar da, həmişə bizə deyirdilər ki, kilsəyə getmək lazımdır. Mən Metodist kilsəsinə gedirdim. On dörd yaşım olanda keşiş il ərzində hər bazar kilsəyə gəldiyim üçün mənə mükafat verdi.

Marqaret Uolker (soldan ikinci bacı) mənə həqiqəti öyrənməyə kömək etdi

Qonşuluqda Marqaret Uolker adlı bir Yehovanın Şahidi yaşayırdı. Elə həmin vaxtlarda o, anamın yanına gəlib onunla Müqəddəs Kitab barədə danışmağa başladı. Bir gün mən də onlarla oturdum. Anam fikirləşirdi ki, onlara mane olaram, buna görə də məni həyətə göndərdi. Ancaq mən çalışırdım onların söhbətinə qulaq asım. Bir-iki dəfə bizə gəlib-getdikdən sonra Marqaret məndən soruşdu: «Bilirsən Allahın adı nədir?» Mən dedim: «Bunu kim bilmir ki? Allahın adı elə Allahdır da». O dedi: «Get Müqəddəs Kitabını götür, Zəbur 83:18 ayəsinə bax». Mən elə də etdim. Gördüm ki, Allahın adı Yehovadır. Həyətə qaçıb dostlarıma dedim: «Evə gedəndə Zəbur 83:18 ayəsini oxuyarsınız, orada Allahın adı  yazılıb». Bəli, o vaxtdan mən dərhal təbliğ etməyə başlamışam.

Mən Müqəddəs Kitabı öyrəndim və 1941-ci ildə vəftiz olundum. Üstündən çox keçməmiş mənə yığıncaqda Müqəddəs Kitab dərsini aparmağı tapşırdılar. Anamla bacı-qardaşlarımı görüşə gəlməyə təşviq etdim. Onların hamısı mənim apardığım görüşə gəlməyə başladılar. Ancaq atam həqiqətlə maraqlanmırdı.

EVDƏ TƏQİBLƏR

Mənə yığıncaqda əlavə məsuliyyətlər də həvalə etdilər. Evdə ruhani nəşrlərdən ibarət kitabxana yaratmışdım. Bir gün atam kitabları göstərib dedi: «Bu zir-zibil var ha, bunları da yığışdır, rədd ol burdan». Mən evdən çıxıb yaxınlıqdakı Zeynsvil şəhərinə (Ohayo) köçdüm. Amma evə gedib-gəlirdim, qoymurdum evdəkilərin həqiqətə marağı sönsün.

Atam anama yığıncağa getməyə mane olurdu. Hərdən onun dalınca düşür, yarı yoldan dartıb evə gətirirdi. Ancaq anam o biri qapıdan qaçıb yığıncağa gedirdi. Anama deyirdim: «Narahat olma. Axırda dalınca qaçmaqdan yorulacaq». Vaxt keçdikcə atam daha anama mane olmadı, o da davasız-şavasız yığıncaqlara getməyə başladı.

1943-cü ildə bizim yığıncağımızda Teokratik Xidmət Məktəbi keçirilməyə başladı. Mən də bu məktəbdə dərslərlə çıxış edirdim. Dərslərlə bağlı aldığım məsləhətlərin natiqlik qabiliyyətimin yaxşılaşmasına böyük köməyi dəydi.

MÜHARİBƏ DÖVRÜNDƏ BİTƏRƏFLİK

Həmin vaxt xalqlar II Dünya müharibəsinə cəlb olunmuşdu. 1944-cü ildə mən hərbi xidmətə çağırıldım. Ohayo ştatının Kolumbus şəhərində Fort Heyzə gəldim. Tibbi müayinədən keçib sənədləri doldurdum. Eyni zamanda zabitlərə bildirdim ki, döyüşə getməyəcəyəm. Onlar məni buraxdılar. Bir neçə gündən sonra zabit evimə gəlib dedi: «Korvin Robison, sizin həbsinizə order verilib».

İki həftə sonra məhkəmədə hakim dedi: «Məndən olsaydı, sənə ömürlük həbs cəzası kəsərdim. Nəsə demək istəyirsən?» Mən dedim: «Möhtərəm hakim, əslində mən din xadimi * hesab olunmalıyam. Hər kəsin evinin kandarı mənim vəz yerimdir. Mən insanlara Padşahlıq haqqında müjdəni təbliğ edirəm». Hakim andlılar məhkəməsinə dedi: «Siz bura bu cavanın din xadimi olub-olmadığına qərar verməyə gəlməmisiniz. Onun hərbi xidmətdən boyun qaçırıb-qaçırmadığına qərar vermək üçün buradasınız». Heç yarım saat keçmədi ki, andlılar məhkəməsi hökmlə geri qayıtdı. Məhkəmə məni təqsirli bildi. Hakim məni Kentukki ştatının Eşland şəhərinin federal həbsxanasında beş il həbs cəzasına məhkum etdi.

YEHOVA HƏBSXANADA MƏNİ QORUDU

İlk iki həftəni Ohayo ştatının Kolumbus şəhərindəki həbsxanada keçirdim. Birinci günüm kamerada keçdi. Yehovaya dua edib dedim: «Mən kamerada beş il qala bilmərəm. Bilmirəm nə edim».

 Səhərisi gün keşikçilər məni bayıra buraxdılar. Hündür, enlikürək bir məhbusla gəzişirdik. Bir pəncərənin yanında durub həyətə baxanda o, məndən soruşdu: «Cırtdan, nə üstdə tutulmusan?» Yehovanın Şahidi olduğumu dedim. O soruşdu: «Doğrudan? Bəs onda niyə buradasan?» Dedim ki, Yehovanın Şahidləri müharibəyə gedib adam öldürmürlər. O dedi: «Səni adam öldürməməyin üstündə tutublar, o birilərini isə adam öldürməyin üstündə. Gəl indi bunları başa düş». Mən dedim: «Demə daha».

Sonra o dedi: «Mən on beş il başqa həbsxanada yatmışam. Orada sizin nəşrlərdən oxumuşam». Ürəyimdə dua etdim: «Yehova, kömək et, qoy bu kişi mənim tərəfimdə olsun». Həmin vaxt Paul adlı bu kişi dedi: «Kimsə sənə toxunsa, qışqır. Paylarını verərəm». İş elə gətirdi ki, o bölmədə olan əlli məhbusla heç bir problemim olmadı.

Mən bitərəfliyinə görə Eşlandda (Kentukki) həbsxanada yatan Şahidlərdən biri idim

Eşlanda köçürüləndə gördüm ki, orada çoxlu yetkin qardaş yatır. Onlarla ünsiyyət mənə və başqalarına ruhani cəhətdən möhkəm qalmağa kömək etdi. Onlar bizə həftə ərzində Müqəddəs Kitabdan müəyyən parçanı oxumağı tapşırırdılar. Biz də Müqəddəs Kitab yarışı adlandırdığımız görüş üçün oxuduğumuz parçadan suallar və onların cavabını hazırlayırdıq. Orada sahə xidmətçisi də var idi. Böyük həbsxana yataqxanasında divar boyunca çarpayılar düzülmüşdü. Sahə xidmətçisi mənə deyirdi: «Robison, bu-bu çarpayılara sən cavabdehsən. Bunlar sənin sahəndir. Çalış, ora təyin olunan adamlar çıxıb getməmiş onlara şahidlik edəsən». Beləcə, biz mütəşəkkil surətdə təbliğ edirdik.

AZADLIĞA ÇIXANDA

1945-ci ildə II Dünya müharibəsi qurtardı, ancaq mən ondan sonra da bir müddət həbsdə qaldım. Ailəmdən çox nigaran idim, çünki bir dəfə atam mənə demişdi: «Səndən canımı qurtarsam, qalanlarının öhdəsindən gəlmək asandır». Amma azadlığa çıxanda xoş mənzərə ilə qarşılaşdım. Atamın təqiblərinə baxmayaraq, ailəmin yeddi üzvü yığıncaqlara gəlirdi, bacılarımdan biri isə vəftiz olunmuşdu.

1913-cü ildən Yehovaya xidmət edən məsh olunmuş qardaş Demetrius Papacorcla xidmətdə

1950-ci ildə Koreyada müharibə başladı. Amerika da bu müharibəyə qoşuldu. Mən ikinci dəfə orduya çağırıldım və Fort Hayesə gəldim. Müayinədən keçəndən sonra zabit mənə dedi: «Bu qrupda ən sağlamı sənsən».  Mən cavab verdim: «Lap yaxşı, amma mən orduda xidmət etməyəcəyəm». 2 Timutiyə 2:3 ayəsindən sitat gətirərək dedim: «Mən artıq Məsihin əsgəriyəm». Uzun sürən sükutdan sonra o dilləndi: «Gedə bilərsən».

Çox keçməmiş mən Ohayo ştatının Sinsinnati şəhərində keçirilən böyük toplantıda Beyteldə xidmət etmək istəyənlər üçün görüşə getdim. Milton Henşel qardaş dedi ki, Padşahlıq işində çox çalışmaq istəyən qardaşlar Beyteldə təşkilata böyük fayda gətirə bilərlər. Mən Beytel xidməti üçün anket doldurdum, və dəvət olundum. 1954-cü ilin avqust ayında Bruklin Beytelinə gəldim. O vaxtdan bəri Beyteldə xidmət edirəm.

Beyteldə heç vaxt işsiz qalmamışam. Bir neçə il çapxana və ofislərə baxan qazanxanada işləmişəm, mexanik kimi çalışmışam, qıfılları təmir etmişəm. Həmçinin Nyu-Yorkda toplantı zallarında da işləmişəm.

Bruklin Beytelinin ofislərinə baxan qazanxanada işləyəndə

Beytel həyatının ruhani yönü — səhər ibadəti, «Gözətçi qülləsi»nin ailəvi öyrənilməsi, həmçinin yığıncaqla xidmət etmək çox xoşuma gəlir. Düşünəndə görürsən ki, bütün bunlar Yehovanın Şahidlərinin hər ailəsində ola bilər, nəinki ola bilər, hətta olmalıdır. Valideynlər uşaqları ilə birlikdə günün ayəsini araşdıranda, müntəzəm ailəvi ibadət keçirəndə, yığıncaq görüşlərində tam iştirak edəndə, müjdəni təbliğ edəndə ailənin bütün üzvləri ruhani cəhətdən sağlam olur.

Mənim həm Beyteldə, həm də yığıncaqda çoxlu dostum var. Bəziləri məsh olunmuş idi, onlar artıq göylər mükafatını alıblar. Digərləri isə məsh olunmuş deyil. Ancaq beytellilər də daxil olmaqla, Yehovanın bütün xidmətçiləri qeyri-kamildir. Hansısa qardaşla aramızda söz-söhbət olanda, çalışıram barışım. Mətta 5:23, 24 ayələri barədə, narazılığı necə yoluna qoymalı olduğumuz barədə düşünürəm. Üzr istəmək asan deyil, amma üzr istəyəndən sonra, adətən, problem həll olunur.

XİDMƏTİMİN BƏHRƏLƏRİ

Yaşıma görə indi ev-ev təbliğ etmək mənə çətindir. Amma mən təslim olmuram. Mandarin  (Çin) dilini bir az öyrənmişəm. Küçədə çinlilərə təbliğ edirəm. Bəzən səhərlər maraqlanan insanlara 30-40 jurnal paylayıram.

Bruklində (Nyu-York) çinlilərə təbliğ edirəm

Hətta Çində təkrar söhbət də etmişəm! Bir dəfə meyvə piştaxtasının reklam kağızını paylayan üzügülər bir qız mənə baxıb gülümsündü. Mən də təbəssümlə cavab verib ona çin dilində «Gözətçi qülləsi» və «Oyanın!» jurnalı təklif etdim. O, jurnalları götürdü və adının Keti olduğunu dedi. Bundan sonra hər dəfə məni görəndə Keti gəlib mənimlə söhbət edirdi. Ona ingilis dilində meyvə-tərəvəzlərin adını öyrədirdim. Mən deyirdim, o da sözləri təkrar edirdi. Ona ayələri də izah edirdim. Ketiyə əsas təlim vəsaitini də vermişdim. Ancaq bir neçə həftədən sonra o yoxa çıxdı.

Aylar keçdi. Reklam kağızı paylayan başqa qız təklif etdiyim jurnalları götürdü. Növbəti həftə o, telefonunu mənə verib dedi: «Çindən sənə zəng var». Mən dedim: «Çində heç kimi tanımıram». Ancaq o təkid etdi, mən də telefonu götürüb dedim: «Alo, Robisondur». Xəttin o biri tərəfindən səs gəldi: «Salam, Robi. Ketidir. Mən Çindəyəm». «Çində?» «Hə, Robi. Telefonu sənə verən qız bacımdır. Sən mənə yaxşı şeylər öyrədirdin. Mənə öyrətdiklərindən ona da öyrət». Mən dedim: «Keti, əlimdən gələni edəcəyəm. Çox sağ ol ki, yerini mənə bildirdin». Ancaq çox keçməmiş Ketinin bacısı da yoxa çıxdı. Bilmirəm bu qızlar haradadırlar, amma ümid edirəm ki, onlar Yehova haqda öyrənirlər.

Həyatımın 73 ilini Yehova Allaha ibadət etmişəm. Çox xoşbəxtəm ki, O, mənə bitərəfliyi qorumağa və həbsdə sadiq qalmağa kömək etdi. Bacı-qardaşlarım da deyirlər ki, atamın təqiblərinə baxmayaraq, təslim olmamağım onlara cəsarət verirdi. Anam və altı bacı-qardaşım vəftiz olunmuşdu. Hətta axır-axırda atam da yumşalmışdı. Ölümündən qabaq bir neçə dəfə yığıncağa gəlmişdi.

İnşallah, ailə üzvlərim və dostlarım yeni dünyada dirilər. Təsəvvür edin, sevdiyimiz insanlarla əbədiyyət boyunca Yehovaya xidmət etmək bizə necə sevinc gətirəcək *.

^ abz. 14 Birləşmiş Ştatlarda din xadimləri hərbi xidmətdən azad olunurlar.

^ abz. 32 Bu məqalə çapa hazırlanarkən Korvin Robison qardaş vəfat etdi. O, sonadək Yehovaya sadiq qaldı.